15 İyun – Milli Qurtuluş Günündə xalqımızın və eləcə də Böyük Türk dünyasının həyatında baş verən çox əlamətdar hadisə – Şuşa Bəyannaməsinin imzalanması Türkiyə Respublikası və Azərbaycan Respublikası arasındakı dostluq və hərtərəfli əməkdaşlığın inkişafında yeni bir eranın başlanğıcını qoydu. Müzəffər Azərbaycan Ordusunun qalibiyyəti ilə bitən 44 günlük şanlı Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, uzunmüddətli inkişafa qədəm qoyulması məqsədi daşıyan bu tarixi sənəd siyasi analitiklər tərəfindən yüz il əvvəl imzalanmış Qars müqaviləsinin də əhəmiyyətini bir daha ortaya qoymaqla Naxçıvanın o dövrdə olduğu kimi, indi də bölgədəki olduqca mühüm geostrateji mövqeyini bir daha təsdiqlədi. Artıq Türk dünyasının qapısı olan Naxçıvan yüzillik siyasi proseslərin mərkəzi kimi öz adını bütün dünyaya tanıtdı.
Bu il yüzilliyi dövlət səviyyəsində qeyd olunan Qars müqaviləsinə aparan yol olduqca çətin və keşməkeşli hadisələrlə yadda qalıb. Belə ki, Cənubi Qafqaz Avropa və Asiya arasında mühüm mövqedə yerləşməklə əsrlərboyu Qərb və Şərq güclərinin maraq dairəsində olub. XX əsrin əvvəllərində baş verən mühüm hadisələr, bu bölgədə müstəqil dövlətlərin yaranması və onların gələcək statuslarının müəyyənləşdirilməsi böyük dövlətləri də ciddi şəkildə maraqlandıran məsələlərdən idi. Burada hər kəsin bir-birinə güzəştə getməmək şərti ilə daha çox nüfuz dairəsinə malik olması, gələcək istəklərini reallaşdırmaq üçün daha çox strateji əraziləri mənimsəmək kimi planları vardı. Belə taleyüklü məsələlərdən biri də indi öz əhəmiyyətini hər zamankından daha artıq şəkildə göstərən, bir zamanlar əlçatmaz xəyal kimi görünən, amma Azərbaycanın işğalçı Ermənistan üzərində şanlı Qələbəsi ilə gündəmə gələn Türk Birliyi layihəsinə ən böyük töhfə vermiş Qars müqaviləsi idi.
Böyük dağıdıcı proseslərin getdiyi, milyonlarla insanın məhv edildiyi Birinci Dünya müharibəsindən sonra Cənubi Qafqazda da mürəkkəb vəziyyət yaranmışdı. Ötən əsrin sonlarında SSRİ-nin süqutundan sui-istifadə edən ermənilərin terror əməllərinin bənzəri olaraq o zaman da böyük dövlətlərin zəifləməsindən istifadə edən bəzi qüvvələr, xüsusən azğınlaşmış silahlı erməni qrupları hər yerdə üsyanlar qaldırmaq, yeni yaranmış dövlətlərin hökumətlərinə itaətsizlik edərək xaos və qarışıqlıq törətməklə defakto olaraq əzici güclərin də dəyirmanına su tökürdülər. Təkcə Azərbaycana qarşı deyil, eləcə də Türkiyə və Gürcüstana qarşı əsassız ərazi iddiaları qaldıran ermənilər 1918-1920-ci illərdə silahlı basqınlar, dinc əhaliyə qarşı amansız hücumlar edərək minlərlə insanı qətlə yetirsələr də, öz əsl məqsədlərinə çata bilmədilər. Bu baxımdan hətta o dövrün qalib ölkələri olan İngiltərə və ABŞ kimi güc mərkəzlərində Naxçıvanın Ermənistana verilməsi planları cızılsa da, qarşı cəbhədə baş verən proseslər və ən vacibi Naxçıvan əhalisinin cəsarətli müqaviməti bütün bu məkrli planları alt-üst etdi. Çar Rusiyasının Cənubi Qafqazda oyuncaq bir erməni dövləti yaratmaq planlarının bolşevik Rusiyası tərəfindən həyata keçirilməsi, son nəticədə, elə onların özünün də işinə yarayırdı. Tarixən ermənilərin satqın xislətinə bələd olan bütün böyük dövlətlər onların vasitəsilə bu coğrafiyada möhkəmlənmək üçün özlərinə yalaqlıq edən bu insanlara da qahmar çıxırdılar. Hətta Rusiyadakı bolşevik hakimiyyəti prinsipdə onlara düşmən olan erməni daşnakları ilə bu məsələdə bir mövqedən çıxış edirdilər: tarixi Azərbaycan torpaqları olan Zəngəzur kimi Naxçıvanı da nəyin bahasına olursa-olsun, Ermənistana qatmaq!
O dövrdə, yəni 1920-ci illərin sonlarında rusların növbəti qızışdırmasından quduzlaşan ermənilərə layiqli cavab verən Türk Ordusundan aman diləyən daşnaklar Gümrü müqaviləsi ilə Naxçıvana olan iddialarından əl çəkməyə məcbur edildilər. Bununla belə, Ermənistanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi də onları bu məkrli planlarından çəkindirmədi. O dövrdə Naxçıvanın görkəmli ictimai-siyasi xadimi Behbud ağa Şahtaxtinski tərəfindən 1921-ci ilin yanvarında keçirilmiş referendumda yerli əhalinin 94 faizinin Naxçıvanın Azərbaycanın tərkibində qalmaq istəyi erməni iddialarına ən şiddətli zərbəni vurdu. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Naxçıvanın gələcək taleyini həll etmiş bu qərar ozamankı Rusiya rəhbərliyini də onunla hesablaşmağa məcbur edirdi. Bu sonrakı proseslərdə, 1921-ci ildə Naxçıvanın statusu ilə bağlı Türkiyə və Rusiya dövlətləri arasında əvvəlcə Moskvada, sonra da Qarsda keçirilmiş gərgin danışıqlarda bir daha özünü göstərirdi. Naxçıvan məsələsini gələcəyin Türk qapısı kimi görən Türkiyə rəhbərliyi nəyin bahasına olursa-olsun, Naxçıvanı güzəştə getməyəcəyini qarşıya məqsəd qoymuşdu. Danışıqlar prosesində Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında Nəriman Nərimanov və Behbud ağa Şahtaxtinskinin əvəzsiz xidmətləri öz bəhrəsini vermiş və 1921-ci ilin oktyabrında bağlanmış Qars müqaviləsinin müvafiq bəndlərinə əsasən Naxçıvan muxtar diyar kimi Azərbaycanın tərkibində qalmış, Türkiyə və Rusiya ilə yanaşı, Ermənistan da bu tarixi sənədə imza atmışdır.
Sonrakı dövrlərdə naxçıvanlıların böyük vətənpərvərliklə apardığı mübarizə, göstərdikləri qətiyyət və qəhrəmanlıq ermənilərin bitməyən torpaq həvəsini gözündə qoymuşdur. Ermənilər ən son XX əsrin sonlarında Qarabağda başlatdıqları növbəti fitnəkarlıqları zamanı da Naxçıvana olan əsassız iddialarını yenidən hay-küylə qaldırmış, amma o zaman Naxçıvanda fəaliyyət göstərən xalqımızın böyük oğlu Heydər Əliyevin qətiyyəti ilə bu dəfə də susmağa məcbur olunmuşdular.
Bu il Naxçıvanın Azərbaycan Respublikası tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə zəmanət verən Qars müqaviləsinin 100 illiyi tamam olur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı və həmin sərəncama əsasən Tədbirlər Planının təsdiq olunması bu taleyüklü müqavilənin böyük əhəmiyyətini ortaya qoymuşdur. Doğrudan da, ötən yüz ilin təcrübəsi göstərdi ki, hələ o dövrlər XXI əsrin Türk dünyası əsri olacağını öncədən görə bilən, bunun üçün hər cür fədakarlığı və riskləri gözə alan vətənpərvər insanların əməyi heç də boşa getməmişdir. Naxçıvanın Azərbaycanın tərkibində toxunulmazlığını birdəfəlik olaraq təsbit etmiş Qars müqaviləsinin imzalanmasına nail olmuş ozamankı Türkiyə və Azərbaycan rəhbərləri bir gün bu qardaş ölkələrin regionun mütləq güc sahibi olacağını, Zəngəzuru itirsələr də, Böyük Türk dünyasına pərçimlənmiş paslı erməni xəncərinin ayaq altına atılacağını yaxşı bilirdilər. Axı tarix çox zaman baş verən mürəkkəb proseslərin diktəsi altında yazılsa da, dünyanı irəli aparan cəmiyyətin iqtisadi-mədəni inkişaf meyilləri bir çox hallarda bu prosesləri, sanki tərsinə də çevirə bilir. Bu dəfə də belə oldu. Ermənilər xaricdəki havadarlarının himayəsi altında fitnə və terrorla əylənib, bu torpaqları kirlətməklə məşğul olduğu dövrdə Türk dünyası elmin, təhsilin və ən başlıcası çalışqanlığın verdiyi əzmlə ən yüksək inkişaf səviyyəsinə çatıb bütün dünyada öz sözünü dedi. Təkcə Qars müqaviləsinin bağlandığı dövrdən deyil, eləcə də ermənilərin Cənubi Qafqaza köçürülməsindən keçən müddət ərzində baş vermiş bütün erməni fitnəkarlığına və işğalçılığına birdəfəlik son qoymuş müzəffər Azərbaycan Ordusunun apardığı şanlı Vətən müharibəsi bu məsələyə son nidanı qoydu. Biabırçı məğlubiyyətə uğrayaraq, sanki özündən böyük ov udmuş ilanlar kimi qıvrılan erməni cəmiyyəti indi yüz il içərisində törətdiyi saysız-hesabsız cinayətlərə görə cavab verməklə bərabər, bir zamanlar bütün bu bölgənin inkişafında mühüm rolu olmuş Zəngəzur qapısını da yenidən açmağa məcbur edilmişdir.
Zaman sürətlə dəyişir və iki gün əvvəl Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində iki qardaş ölkənin dövlət başçıları tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsi xülyapərəst ermənilərin yüz il sonra da baş qaldıra biləcəyi hər cür təhlükəsinə qarşı etibarlı müttəfiqlik yaratmaqla, beynəlxalq aləmdə qəbul olunmuş bütün qanunlar çərçivəsində birgə əməkdaşlığın, sülh və regional inkişafın ən gözəl nümunəsi kimi diqqətləri özünə toplayıb. Böyük dövlətlərin liderləri tərəfindən Avropada keçirilən çox mühüm zirvə toplantıları ərəfəsində baş vermiş bu tarixi görüş və imzalanmış Bəyannamə bir daha göstərdi ki, Türk birliyi sarsılmazdır və kiminsə istəməməyindən asılı olmayaraq, gec-tez həyata keçiriləcək layihələr ən sonunda bütün bölgə ölkələri üçün mühüm iqtisadi faydalar gətirəcək. XXI əsrə öz möhürünü vuracaq bu layihələrin titul vərəqində isə Naxçıvanın adı böyük hərflərlə yazılacaq.
Əli CABBAROV