22 Dekabr 2024, Bazar

Bu yaxınlarda ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar olmuş hadisələrdən biri, şübhəsiz, ölkə Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” imzaladığı Qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi oldu. Alınan qərara əsasən Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər, rayonun Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verildi. Bu, təkcə adıçəkilən yaşayış məntəqələrinin deyil, muxtar respublikamızın hər bir sakini üçün çox əlamətdardır. Çünki bu yaşayış məntəqələrinin ciddi demoqrafik və sosial-iqtisadi potensialı vardır. 

Babək əhalisinin sayına görə muxtar respublikamızın ikinci böyük rayonudur. Şübhəsiz, belə geniş potensiala malik bir rayonda iki böyük kəndin qəsəbəyə, rayon mərkəzi Babək qəsəbəsinin isə şəhərə çevrilməsinin müəyyən tarixə söykənən dərin sosioloji-demoqrafik və sosial-iqtisadi zəmini vardır. Belə ki, rayonun inzibati ərazi bölgüsündə qismən, lakin çox böyük iqtisadi-siyasi əhəmiyyətə malik dəyişikliklərin edilməsində, ümumən, Naxçıvana xas olan həyat tərzi ənənələri və müstəqillik illərimizdə muxtar respublikada həyata keçirilən sosial siyasət ən mühüm amil rolunu oynayır. Naxçıvan əhalisinin tarixən şəhərləşməyə olan meyli, burada iri yaşayış məntəqələrinin yaranmasına səbəb olan oturaq həyat tərzinin hökm sürməsi, qədim İpək Yolu üzərində ticarət və mədəniyyətin inkişafı, memarlıq və arxitektura sahəsində Naxçıvan məktəbinin bütün Yaxın Şərq və Orta Asiya coğrafiyasında öz sözünü deməsi qədim diyarda şəhər və qəsəbələrin də yaranıb inkişaf etməsinə öz müsbət təsirini göstərib.

Müasir dövrdə də cəmiyyətimizdə şəhər və kənd həyat tərzi element­lərinin bir-birini təqib edərək şəhərin kəndə, kəndin də, öz növbəsində, şəhərə həm iqtisadi-mədəni inkişafda, həm də tarixə, milli dəyərlərə bağlılıqda verdiyi töhfələr, böyük nailiyyətlər göz qabağındadır. Belə ki, ölkəmiz inkişaf edib şəhər və kənd arasında yaşayış səviyyəsinin aradan qaldırılması kimi məsələlər həll olunduqca kəndlərdə qorunub saxlanılan və xalqın milli kimliyini özündə yaşadan həyat tərzi elementlərinin dəyəri də getdikcə artmaqdadır. Bu da, şübhəsiz, hər bir insan ürəyinin dərinliyində kök salmış torpağa bağlılıq və yurd sevgisi hisslərinin böyüklüyündən qaynaqlanır. Bu hisslər Naxçıvanımızın hər qarışında, şəhər-kənd demədən cənnət yaratmaq, onu abad, insanları da xoşbəxt görmək hissləri qədər alidir. Qısa zaman kəsiyində şəhər memarlığı naxışları ilə öz simasını bəzəyən Nehrəm kimi iri kəndlərimiz isə təkcə belə dəyərlərinə görə deyil, eyni zamanda muxtar respublikamızın sosial-iqtisadi həyatındakı əhəmiyyətinə, sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət, təhsil və səhiyyə sahələrindəki inkişafına görə seçilir və cazibə mərkəzi halına gəlirlər. Bütün bunlar da cəmiyyətin ümumi inkişafı fonunda təbii prosesdir.

Əhalisi 16 min 500 nəfərdən çox olan Nehrəm qəsəbəsində 3535 təsərrüfat vardır. Nehrəm Naxçıvan şəhərinə çox yaxındır. Qəsəbə Naxçıvan şəhərindən 9, Babək şəhərindən isə cəmi 4 kilometr məsafədə yerləşir. Rayon mərkəzi Babək şəhərindən keçməklə Naxçıvan şəhəri ilə bütün gün müntəzəm olaraq sərnişin nəqliyyat əlaqələri vardır.
Onu da qeyd edək ki, muxtar respublikada nəqliyyat xidmətinin müasir səviyyədə təşkili istiqamətində növbəti addım kimi Naxçıvan şəhərinin daxilində fəaliyyət göstərən 6 nömrəli marşrut xəttinin artıq Babək şəhərində də işləməsi sakinlərin mənzilbaşına vaxtında çatmalarına şərait yaradır. Qəsəbənin böyük olması rayonun ona çox yaxın olan Araz və Çeşməbasar kimi kəndlərin də onunla müəyyən dərəcədə bağlılığını yaradır.
Qəsəbə əhalisi, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olur. Nehrəmin kənd təsərrüfatına cəlb olunmuş torpaq sahəsi 3500 hektar təşkil edir. Qəsəbədəki təsərrüfatlarda 3000-ə yaxın iribuynuzlu mal-qara, 35 mindən artıq xırdabuynuzlu heyvan vardır. Nehrəmlilər tarixən torpaqlarına bağlı olublar. Müasir dövrdə də muxtar respublikamızda torpaq mülkiyyətçiləri üçün yaradılmış əlverişli şərait qəsəbə sakinlərinin sahib olduqları torpaqlardan daha səmərəli istifadə etmələrinə stimul yaradıb. Nehrəmdə mövcud olan 100-dən artıq iri ailə təsərrüfatı, demək olar ki, ilin bütün mövsümlərində bazara müxtəlif yerli kənd təsərrüfatı məhsulları təklif edirlər. Nehrəmin qovurması, ağartı, bağ və bostan məhsulları Naxçıvandan kənarda da özünə alıcı tapır. Nehrəmli torpaq mülkiyyətçiləri hər il, təqribən, 150 hektar bostanda 4500 tondan artıq qovun-qarpız əkib-becərirlər. 150 hektar üzüm, 40 hektar meyvə bağından ərsəyə gətirilən məhsullar qəsəbədəki 100 tonluq soyuducu anbarda qışa tədarük olunur. Qəsəbədəki mövcud ticarət şəbəkəsində və muxtar respublikanın, demək olar ki, hər yerində Nehrəmdə istehsal olunan məhsullar satışa çıxarılır. Qəsəbə sakinlərinin rahat alış-veriş edə bilməsi üçün mərkəzləşdirilmiş ticarət mərkəzi, bazar kompleksi, ayrıca ət bazarı, iki məişət evi və altı mağaza da Nehrəm camaatının alış-veriş etdiyi məkanlardandır.

Nehrəmdə çox sayda sənaye müəssisəsi vardır. Burada ümumi sayı 18-ə çatan mebel, kərpic, gəc, plastik tara istehsalı, avtotəmir, lavaşbişirmə və süd məhsulları istehsalı obyektləri, istixana və digər istehsal müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrin məhsulları yerli tələbatı ödəməklə yanaşı, muxtar respublikanın digər yerlərində də özünə alıcı qazanıb.
Nehrəmdə sosial həyat çox rəng­arəngdir. Qəsəbənin tarixi və bu günü arasında etibarlı körpü yaradan nehrəmlilər öz təsərrüfat və məişət ənənələrini müasir tələblər səviyyəsində qurmağı yaxşı bacarıblar. Dövlət qayğısından hər zaman yetərincə bəhrələnən qəsəbədə insanların rifah halında mühüm rol oynayan sosial-mədəni şərait vardır. Qəsəbədə muzey və əsaslı təmir olunmuş İmamzadə kompleksi, mədəniyyət evi, 8 məscid, 4 yeməkxana, 7 mərasim evi, poçt-rabitə məntəqəsi, bankomat, 1 əczaxana və 1 baytarlıq apteki modern həyat keçirən nehrəmlilərin üz tutduqları məkanlardandır. Qəsəbənin mərkəzindəki istirahət parkı asudə vaxtı mənalı keçirməyə imkan verir. Qəsəbə sakinləri və qonaqlar sərnişin nəqliyyatı baxımından da rahatdırlar. Əvvəlki dövrlərdən Nehrəm istiqamətində müntəzəm rejimlə işləmiş sərnişin nəqliyyatı buraya gəliş-gedişi həmişə asanlaşdırıb. Hazırda qəsəbəyə gələn və onu əhatə edən dairəvi 25 kilometr yol asfaltlaşdırılıb, bütün daxili yollar abadlaşdırılıb, Babək-Nehrəm, Nehrəm-Culfa, Nehrəm-Arazkənd yollarının kənarları yaşıllaşdırılıb. Bundan başqa, qəsəbədə ictimai binalara və fərdi evlərə çəkilən su və kanalizasiya xətti yaxın zamanlarda sakinlər üçün bir başqa rahatlıq da gətirəcək. Bütün bunların nəticəsidir ki, son dövrlərdə bu qədim yurd yerində 50 ev tikilib, qəsəbə müxtəlif istiqamətlərdə genişlənməkdədir.
Nehrəm səhiyyə və təhsil ənənələri, milli dəyərlərimizə sadiqliyi ilə həmişə seçilib. Böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin XIX əsrin sonlarında Nehrəmdə məktəb açıb, bacısı Səkinə xanım da daxil olmaqla, səkkiz qızı məktəbə cəlb etməsi,1896-cı ildə ilk dəfə olaraq kənd məktəbində diyarşünaslıq muzeyi yaratması buranın qədim və zəngin maarifçilik ənənələrindən soraq verir. Heç də təsadüfi deyil ki, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi Nehrəm qəsəbəsinin əsas mədəni ziyarətgahlarından biri kimi bu gün də öz dəyərini qoruyub saxlayır. Qəsəbə bütün ölkədə tanınan generalları, professor, həkim, pedaqoq və mədəniyyət xadimləri ilə məşhurdur. Buradakı 3 tam orta və bir musiqi məktəbində fəaliyyət göstərən yüzlərlə pedaqoq minlərlə şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Qəsəbədəki xəstəxana və doğum şöbəsində 6 həkim və 40-a yaxın tibb işçisi insanların sağlamlığının keşiyindədir. Dörd baytar həkim də qəsəbədəki təsərrüfatlara lazımi xidmətlər göstərir. Nehrəm bələdiyyəsində isə əsl işgüzarlıq vardır. Dövlət tərəfindən onlara verilmiş 1 xidməti minik avtomobili, 1 məişət tullantıları daşıyan yük avtomobili qəsəbə sakinlərinə xidmət göstərir.
Nehrəmin qəsəbə statusu alması yerli əhali kimi onları tanıyan hər bir kəsi sevindirib. Nehrəmlilər yaxşı bilirlər ki, qəsəbə sakini olmaq regional inkişafın bütün aspektləri baxımından çox əhəmiyyətlidir. Çünki bu onlara həm müasir qəsəbə rahatlığı, həm də şəhər mədəniyyəti baxımından gələcəkdə daha geniş imkanlar vəd edir. Bütün bunlar isə nehrəmlilərin ürəyincədir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR