Hələ qarlı qışa çox qalır. İndi Naxçıvanın dağlıq bölgələrində ot tədarükünün əsl vaxtı çatıb. Qışın bəzən 5 aydan da artıq davam etdiyi Şahbuzun Kükü, Güney Qışlaq, Biçənək, Ağbulaq, Gömür və digər dağ kəndlərinə bu günlərdə yolu düşən arandakı taxıl biçini qədər insanların ot biçininə də səfərbər olduğunu görər. Keçmişdən bu günə dağ otlarını tədarük etməkdə böyük təcrübə toplamış yerli əhali üçün ot biçini həm də həyat tərzinin bir parçası, nəsildən-nəslə ötürülən bir əmək vərdişidir.
Şahbuzun dağ kəndlərində yaşayan torpaq mülkiyyətçiləri üçün ot biçini hazırda 10-15 günlük qısa bir kampaniya olsa da, yaxın keçmişdə bu, uzun, əziyyətli iş bəzən 2 ayadək davam edib. Orta və yaşlı nəslin yaxşı yadındadır ki, əsasən, əl əməyinə əsaslanan həmin dövrdə, bəzən ailəlikcə ot biçininə çıxılar, hətta şəhərdən yaxınları da köməyə gələrdilər. Bu da təsadüfi deyildi. Axı elə ki yay girdi, al-bənövşəyi səhləblər saraldı, qantəpər, qara yarpız da çiçəklədisə, deməli, otun da biçilmə vaxtı gəlmişdir. Bir günü də boş itirmək olmaz. Hələ arada builki kimi gecikmiş yay yağışları da yağardısa, işlər bir az da yubanacaqdı.
Otun tamamilə əllə biçildiyi, kəndliyə çatan torpaqların da, əsasən, yal-yamac olduğu bir dövrdə bu həyəcan da təbii idi. Oturub gözləmirdilər. İndiki gənclərin əksəriyyəti kərəntinin nə olduğunu bilməsələr də, 20-30 il bundan qabaqkı balaca uşaqlar da oraq, kərənti, çəkic, zindan, xart, qavara, yaba, dırmıq, lay, xotma, xorum, haça ağacı, bağ, bəndəm kimi ot biçinində hər gün işlədilən kəlmələri vurma cədvəli kimi əzbər bilirdilər. Ot biçininə, əsasən, kiçik dəstələr halında çıxan kəndlilər üçün səhərin sübhündən axşamın alaqaranlığınadək çəkilən bu zəhmətli iş bir çox hallarda əsl sosial dəstək nümunəsi idi.
Vacib işi çıxan, yaxud xəstəxanaya getməli olan dəstə üzvləri bir-birinə əvəzsiz olaraq kömək edər, son məhsulu da halallıqla bölərdilər. Həm də püşklə! Biçin başlayandan keçən həftələr boyunca əməlli-başlı bir-birinə qaynayıb-qovuşan o insanlar üçün ağır iş öz yerini vaxtaşırı olaraq təşkil olunan kabablı-məzəli çöl qonaqlıqlarına da verərdi. İri yemişan kolunun, yaxud bulaq başındakı söyüd ağacının altında böyük bir ailə kimi nahar yeməyinə toplanmış köhnə biçinçilər yağlı oğlaq kababından nuş edib, yarpızlı, kəklikotulu ocaq çayından da içəndən sonra yenidən işə başlayardılar. Mobil telefonun olmadığı həmin zamanlarda hər səhər uzaqdan-uzağa bir-birini haraylayıb uğurlu iş avadanlığı arzulayan insanların səmimi salamları, nisbətən yaşlı biçinçilərin nağıl etdiyi köhnə xatirələri, bəlkə də, qaraçıraq zamanında yaşamış insanlardan yaşadılıb gələn və hər gün təkrar edilən bir atalar sözü dəyərindəki ibrətamiz kəlmələri, baməzə adamların şux zarafatları, işə ayaq çatdırmayan tənbəl gənclərin bir-birinə qarışan qəhqəhələri və bir çoxlarının, hətta Bakıya göndərmək üçün topladığı nəfis ətirli dərman otları dəstələri o dövrdə ot biçininə qatılanların yaxşı xatırladığı təəssüratlardandır. Sıldırım yamaclardan üzüaşağı çəkilmiş bir neçə min metr uzunluqdakı kanat məftillərlə ot bağlarının ildırım sürətilə sürüşdürülərək düz yerlərə endirilməsi isə o dövrün əsl yeniliyi idi. Xülasə, ot biçini zamanı hər işi qol gücünə görsə də, 80-90-ların kənd sakinləri, son nəticədə, evindəki kiçiktutumlu “Orsk” soyuducusunda ilboyu təzə ət və ağartı məhsullarının olacağından əmin idi.
Artıq zəmanə dəyişilmiş, iqtisadi və sosial həyatın bütün sahələrində olduğu kimi, ot biçinində də yeniliklər, yeni texniki avadanlıq və maşınlar öz sözünü deməkdədir. Əgər əvvəlcə ot biçininə qatılan hər ailə öz yardımçı təsərrüfatının ehtiyacı üçün verilən ərazilərlə kifayətlənirdisə, hazırda ən yaxşı suvarılan, münbit torpaqlar Şahbuz kəndlisinin ixtiyarındadır. Başqa sözlə, Naxçıvanda zamanında aparılmış torpaq islahatı, torpaqların kəndliyə verilməsi öz sözünü deyib, kəndli torpağının əsl sahibi olub. Bu isə kəndlərdə iri ailə təsərrüfatlarının yaranmasına, onların fərdi təsərrüfatlardan istehsalçıya çevrilməsinə, bazarın bol heyvandarlıq məhsulları ilə dolub-daşmasına səbəb olub. Muxtar respublikamızda daxili bazarın yerli məhsullarla təmini istiqamətində aparılan işlər, dövlətin kəndliyə kredit dəstəyi, lizinq yolu ilə ən müxtəlif yeni kənd təsərrüfatı texnikalarının satışı torpaq mülkiyyətçilərinin də işini asanlaşdırıb. Artıq keçmişdə 10 nəfərin bir həftədə gördüyü işi indiki otbiçənlərlə bir gündə görmək olur. Belə otbiçən texnikanın sayı isə təkcə Kükü kəndində xeyli çoxalıb, demək olar ki, hər bir iri təsərrüfatçıda vardır. Qiyməti münasib, iş məhsuldarlığı da kifayət qədər yüksək olan yeni texnika ilə işləyən kəndlilər bu dəfə Dib Yurddan Təhnəliyədək bütün ərazinin otunu bir-iki həftəyə biçib qurtarır, qışa tədarük edirlər. Beləcə, ilboyu Gurbulağın gur suyundan, Dərələyəzin güney yamaclarına yağan yağmurdan doyunca içib Şahbuz dağlarının boy atmış yamyaşıl, çiçəkli otlarından bəslənən quzuların ətindən hər kəs dadacaq.
Əli CABBAROV