Hər dəfə Şahbuzdan, onun gözəlliklərindən söhbət düşəndə, heç şübhəsiz, dağların qoynunda səngərlənmiş, tarixi keçmişi və bugünkü inkişafı ilə hamının marağını çəkən iri kəndlərin adları ilk sırada gəlir. Biçənək, Ağbulaq, Kükü, Keçili, Badamlı, Nursu… İlin istənilən vaxtında Şahbuza gəldiyimizdə, sanki bir-birinə arxa-dayaq kimi səf tutmuş sərkərdə dağların zirvəsinə doğru qıvrılaraq aparan yollar boyunca yerləşən bu kəndlər haqqında qonaqlarımıza ağızdolusu danışacağımız hekayələr vardır.
Keçili Şahbuzun 22 kəndindən biri, rəsmi statistikaya görə, ən böyüyüdür. Əhalisi 2 min nəfərdən artıq olan bu kənd rayon mərkəzi Şahbuz şəhərindən 18, Naxçıvan şəhərindən isə 50 kilometr məsafədədir. Keçilinin adı təkcə muxtar respublikamızda deyil, onun hüdudlarından kənarda da yaxşı tanınır. Yetirmələri ilə yanaşı, füsunkar təbiəti, saf suları, havası və bugünkü inkişafı barədə danışdıqda Keçili kəndi buraya səfər etmək istəyənlərdə əsl turist motivi yaradır. Kənd, sözün əsl mənasında, Şahbuzun gəzməli, görməli yerlərindən biridir.
Keçili tipik dağ kəndidir. Burada kəndə məxsus ibtidai gözəllikləri özündə saxlayan, bununla yanaşı, müasir cəmiyyətin inkişaf elementlərini də özündə əks etdirən hər cür ecazkar mənzərəyə rast gəlmək mümkündür. Dünyanın heç bir şəhərtipli yaşayış məntəqəsində qarşılaşmayacağımız sadə və bənzərsiz kənd panoramı, yamyaşıl həyətləri, sanki onları Günəşdən də qısqanırmış kimi dövrələyən lalətək qıpqırmızı həmərsin “çəpər”ləri, bir dəqiqədən sonra adamın barmağını donduran bumbuz bulaqlar və bütün kənd əhalisinin bir ailə kimi bir-birini yaxşı tanıdığı sosial həyat Keçilidə öz axarı ilə davam edir.
Burada hamı torpaq mülkiyyətçisi, dədə-babadan qalmış bağ-bağatın sahibi, ata yurdunun əbədi sakinidir. Yurd demişkən, keçililər yurd-yuvalarına çox bağlı insanlardır. Harada yaşamaqlarına baxmayaraq, Keçilidə dünyaya göz açanlar öz kəndlərinin havası ilə nəfəs alır, bir-biri ilə ünsiyyətdə bu səmimiyyəti saxlayır, kənddəki yenilikləri bir anda bir-birləri ilə paylaşır, çətin anlarda mənəvi dəstək olurlar. Bu, dövlət məmurundan, tanınmış ziyalısından tutmuş sadə təsərrüfatçıya qədər bütün keçililərin alışdıqları həyat tərzidir. Odur ki, Keçiliyə gələrkən buradakı qonaqpərvərliyi öz gözləri ilə görmək istəyənləri bir də kəndin ilk baxışda adi gözlə görünməyən mənzərəsi ilə tanış etmək çox yerinə düşər.
Keçili çox güclü potensialı olan turizm məkanıdır. Şahbuzun digər dağ kəndləri kimi, Keçilinin də özünəməxsus cazibədarlığı və təbii turizm ehtiyatları vardır. Dəniz səviyyəsindən 3200 metr hündürlükdəki Camalqala, Aracı, Üçqardaş, Soltanbud, Tap, Qaradağ zirvələri, hər kəsin tanıdığı Çınqıllı bulağı ilə yanaşı, Qoşabulaq, Kəklikbulaq, Qumlubulaq, Daşbulaq, Muncuqlubulaq buraya təşrif buyuran qonaqlara və turistlərə həvəslə təqdim olunacaq cazibə elementlərindəndir. Əgər bu səyahət yaz və yay aylarında olarsa, onda keçililərin mətbəxində mühüm yer tutan ələyəz, şıppır, əvəlik, cacıq, sobu, baldırğan, çaşır, gicitkən, quzuqulağı, çöl kəvəri, mərövcə, göbələkdən dadmaq mümkündür. Onda səyahətçilər bir daha inanacaqlar ki, dağ adamlarına xas olan belə polad kimi gümrahlığın bir səbəbi də məhz bu yerlərin min illər əvvəlki kimi ekoloji cəhətdən təmiz qida məhsulları və büllur kimi saf havasıdır. Naxçıvan marketlərində böyük alıcı tələbatı görən Çınqıllı suyunu bulağının gözündəcə bir qoşa ovuc içib dərindən nəfəs aldıqca insan bu dünyanın ən gözəl yerinin məhz burada, Naxçıvanda olduğuna bir daha inanır.
Şahbuzun ucqar dağ kəndi kimi Keçilinin dünəni və bu günü arasında böyük fərq vardır. Bunu yerli sakinlərlə yanaşı, bu kəndə ilk dəfə gələnlər də açıq görə bilərlər. Burada yaradılmış müasir sosial infrastruktur, məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, 2011-ci ildə bu kənddə baş vermiş torpaq sürüşməsi zamanı evləri zərər görmüş ailələr, habelə şəhid ailəsi üçün tikilmiş mənzillər kəndin çox qısa bir müddətdə nə qədər yeniləndiyini bir daha göstərir. Keçilidə hazırda tikilməkdə olan mərasim evi, yaradılmış sosial xidmətlər, gün ərzində 6 dəfə ictimai nəqliyyat vasitəsilə rayon mərkəzi və Naxçıvan şəhəri ilə əlaqə əhalinin kollektiv rifahının ödənilməsində və başqa sözlə, şəhərlə kənd yaxınlaşmasında mühüm rol oynayır. Şübhəsiz, torpağa bağlı insanların yaşadığı yurd yerində yeniliyə qovuşmaqdan gözəl həyat tərzi ola bilməz. Belə bir həyat keyfiyyətinə görə Keçili kənd sakinləri dövlətimizə həmişə minnətdardırlar.
Keçililər çox qoçaqdırlar. Bu kəndin sakinləri təbiətin buraya bəxş etdiyi hər neməti qazanca çevirməyi yaxşı bacarırlar. Əkinçilik və bağçılıqda yaxşı təcrübə toplamış bu kənddəki 452 təsərrüfatda və 8 ailə təsərrüfatında bəslənən 1500-dən artıq iribuynuzlu, 14 min xırdabuynuzlu heyvan, 6 mindən çox quş, 1500-dən artıq arı ailəsi keçililərə ilboyu bol qazanc gətirir. Burada rayondakı istehsal sahələrindən biri olan Çınqıllı suyu müəssisəsində dağların büllur kimi saf, təmiz suyu qablaşdırılaraq naxçıvanlıların və diyarımıza gələn qonaqların ürəyinə sərinlik gətirdikcə Şahbuzun şöhrəti də hər yerə yayılır. Təsərrüfatçılıqdakı dülgərlik, nalbəndlik, yüngül dəmirçilik sahəsindəki sənətkarlıq bacarıqları ilə yanaşı, keçililər elm, təhsil, mədəniyyət və sənət sahələrində də öz sözlərini deyirlər. Keçili kəndinin yetirdiyi ziyalıların siyahısında 70-ə yaxın hüquqşünas, onlarla elm adamı, 50-yə yaxın həkim, yüzlərlə müəllim, mühəndis, jurnalist, səfir, diplomat və müxtəlif peşə sahibləri vardır. Keçililər deyirlər ki, bu gün burada, dağlar qoynunda doğulub boya-başa çatan, elm-təhsil yollarında uğurlar qazanan gənclər də gələcəkdə kəndin müsbət ənənələrini davam etdirəcək, müstəqil Azərbaycanın layiqli vətəndaşları olacaqlar.
Əli CABBAROV