22 Dekabr 2024, Bazar

Cəmiyyətin bütün inkişaf mərhələlərində elmi biliklərin rolu əsas olub. Tarixboyu əldə olunmuş elmi nəticələr sayəsində bəşəriyyət Daş dövründən kosmos və internet erasınadək uzunmüddətli yol keçib, daha dərin elmi araşdırmalar üçün yeni zəmin formalaşıb. Müasir qloballaşmanın bir səbəb-nəticə təzahürü kimi elmi nailiyyətlərin həm ümumbəşəri sərvətə, həm də bir rəqabət vasitəsinə çevrilməsi bu vacib sahəyə olan diqqəti həmişə ön planda saxlayır.

 

Ölkəmiz qazandığı elmi nailiyyətləri ilə dünya miqyasında özünəlayiq yer tutur. Tarixən azərbaycanlı alimlər bu gün də cəmiyyətin müxtəlif sahələrində tətbiq olunan elmi yeniliklərə imza atıb, tibb, fəlsəfə, astronomiya, riyaziyyat, qeyri-səlis məntiq, mədənşünaslıq kimi sahələrdə mühüm kəşflər edib, memarlıq, pedaqogika, tarix, coğrafiya, ədəbiyyat və digər sahələrdə dərin miras qoyublar. Yaxın keçmişdə də Azərbaycan alimlərinin adları kosmik fəzanın tədqiqi, tibb və elektronikanın inkişafı ilə paralel səslənib, ölkəmiz dünyanın neft akademiyası statusuna yiyələnib. Odur ki, bu gün dünyada Azərbaycan elmi deyəndə həm elmi dəyərləri zənginləşdirən, həm də dünya elminin nailiyyətlərini sürətlə tətbiq edən bir ölkə başa düşülür. Məhz cəmiyyət və elm arasındakı üzvi əlaqələrin nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən keçən dövr ərzində qarşılaşdığı bütün xarici təhlükələri və qlobal çalxantıları çox az zərərlə aşıb, hərtərəfli inkişafa doğru inamla irəliləməkdədir.
Qədim Naxçıvan təkcə Azərbaycanın deyil, dünyanın elm və düşüncə mərkəzlərindəndir. Hələ İslam Mədəniyyətinin çiçəkləndiyi erkən orta əsrlərdə və hətta ondan əvvəlki dövrlərdə belə, naxçıvanlı alimlər dəqiq və humanitar elm sahələrindəki şöhrəti ilə dünyada tanınıblar. Bu ənənə Naxçıvanın bütün tarixi inkişaf mərhələlərində davam edib və özünün muxtariyyət tarixi ərzində burada təşəkkül tapmış elm-təhsil müəssisələri güclü kadr potensialına malik mühüm mərkəzlər kimi tanınmağa başlayıb. Belə ki, təkcə son illərin statistikasına baxsaq, görərik ki, hazırda muxtar respublikada 40 nəfərdən artıq elmlər doktoru, 300-dən çox fəlsəfə doktoru fəaliyyət göstərir. Ötən əsrin 70-ci illərindən başlayan və Azərbaycanın dövlət müstəqilliyi dövründə muxtar respublikada elm və təhsilin inkişafına ayrılan diqqət nəticəsində Naxçıvanda, demək olar ki, istənilən elm sahəsi üzrə yerli mütəxəssislər formalaşmış, naxçıvanlı elm xadimlərinin əsərləri dünyanın nüfuzlu elmi jurnallarında yayınlanmaqdadır.

Elmin inkişafının son nəticəsi onun insan rifahına necə xidmət etməsi, iqtisadi inkişafa hansı töhfə verməsi ilə qiymətləndirilir. Bu mənada, elmin iqtisadiyyata, istehsalata tətbiqi üzrə prioritetlərə baxdıqda müasir dövrdə gələcəyə yönəlmiş dəqiq proqnozların verilməsi, istehlak bazarının tələbatlarının müəyyənləşdirilməsi, regionun istehsal imkanlarının üzə çıxarılması, mövcud resurslardan maksimum səmərə və rasionallıqla istifadə olunması, alternativ iqtisadi imkanların araşdırılması kimi məsələləri görürük. Bu istiqamətlərdə aparılan elmi tədqiqatların nəticələrinin bazar iqtisadiyyatı şəraitində necə tətbiq olunması isə ümumi inkişafdan xəbər verir. Bu isə başda dövlət olmaqla, cəmiyyətdəki bütün institusional qurumları və ayrı-ayrı fərdləri də dərindən maraqlandırır. Sahibkarlar, yerli və xarici investorlar, istehsalçı, istehlakçı, kredit alan və kredit təklif edənlər, sığortaçı və vasitəçi kimi bütün iqtisadi fəaliyyət subyektləri üçün faydalı olan elmi nəticələr istifadə olunduqda, nəticədə, rəqabətqabiliyyətli son məhsul və xidmətlər əldə olunur. Dəqiq və texniki elmlərdə, informasiya texnologiyaları, humanitar inkişaf sahələrində də cəmiyyətin artan tələbi bu gün dünənkindən daha çox həcmdə elmi biliklərin əldə olunması, onların ümumiləşdirilib istifadəsi üçün nəhəng miqdarda işlər tələb edir. Bütün bunlar isə şübhəsiz, ölkəmizin iqtisadi və sosial inkişaf prioritetlərinə dərindən bələd olan və eyni zamanda da dünyadakı proseslərdən yaxşı baş çıxara bilən milli kadrların fəaliyyəti, elmi təhlil, analiz və təkliflərinin yekunlaşdırılması ilə mümkündür.
Elmin istehsalata tətbiqi bu iki vacib sahənin hər birinin inkişafına xidmət edən əsas səbəb-nəticə faktorudur. Başqa sözlə, istehsalda elmi-innovativ yeniliklər tətbiq olunduqca, elmin də maliyyələşməsi üçün əlverişli bazar imkanları yaranır. Bu mənada, elmi nəticələrin, yeni texniki avadanlıqların və texnoloji üsulların xaricdən baha qiymətə idxalı yerinə onların milli və yerli imkanlarla əvəz olunması iqtisadi təhlükəsizliyin təmininə və daxili bazarın da inkişafına mühüm təkandır. Çünki təcrübə göstərir ki, dünyanın aparıcı ölkələri qazandıqları elmi dəyəri çox yüksək olan ideya və məhsulları məhz uzun müddət öz milli maraqları üçün istifadə etdikdən sonra onu başqalarına satmaq haqqında düşünürlər. Bu da, əslində, ilk baxışda göründüyü kimi xəsislik deyil, sadəcə, hər kəsin böyük xərc və çətin yollarla qazandığı beyin məhsulundan bəhrə görmək hissidir. Bu xərclər isə kifayət qədərdir. Belə ki, müasir dövrdə dünyanın tanınmış innovasiya yönümlü firmalarının təkcə elmi araşdırmalara ayırdığı xərcləri keçmiş sovet dövlətinin kosmik proqramlara ayırdığı nəhəng xərclərlə müqayisə etmək olar. Şübhəsiz, bu səbəbdəndir ki, indi hər birinin aktivlərinin dəyəri 1 trilyon ABŞ dollarına çatan “Apple” və “Amazon” kimi firmaların birgə gücü Rusiya kimi nəhəng dövlətin ümumi daxili məhsulunun həcmindən artıqdır. Bu isə bir daha elmin, beyin məhsulunun bazar iqtisadiyyatında qazana biləcəyi dəyərin nə qədər yüksək, nə qədər qeyri-məhdud olduğunu göstərir.
Hazırda cəmiyyətimizdə ən müxtəlif istiqamətlərdə elmi araşdırmalar aparılmaqdadır. Burada qarşıya qoyulmuş əsas vəzifə konkret problemlər üzrə elmi nəticələr əldə etmək və tətbiq olunmaq üçün iqtisadiyyatın müxtəlif sahələrinə təkliflər verməkdir. Ancaq son dövrlərdə elmin iqtisadiyyata tətbiqi baxımından kifayət qədər arzu­edilən nəticələrin əldə olunmaması, yeni texnologiya və innovativ yeniliklərin, əsasən, xaricdən idxal edilməsi və bəzi sahələrdə müasir texnologiyadan baş çıxaran kadr çatışmazlığı hələ də özünü göstərməkdədir. Buna görə də dövlətimizin elmə və təhsilə ayırdığı bu qədər qayğı və diqqətin, xalqımızın elmə və maarifə olan tarixi bağlılıq ənənələrinin artıq hamımıza lazım olan gözəl bəhrələr verməsi üçün çox çalışmalı, yeni elmi ideyaların real həyatda tətbiqinə geniş meydan verməliyik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamında da məhz əsas vəzifə kimi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılması, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsi, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanması, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək verilməsi qarşıya qoyulub. Bütün bunlar elm, təhsil və iqtisadi münasibətlərdə kök salmış bu yeni düşüncədə cəmiyyətimizin vaxtı çatmış sosial sifarişi kimi diqqəti cəlb edir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vurğuladığı kimi: “Bundan sonra da muxtar respublikada elm və təhsilin inkişafı əsas istiqamət kimi götürü­ləcəkdir. Bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazır­lığı diqqətdə saxlanmalı, elmin istehsalatda tətbiqinə nail olunmalı, tədqiqatların əhatə dairəsi genişləndirilməli, Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyası sürətləndirilməlidir”.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR