Yaşadığımız dövr cəmiyyətin sürətli inkişafı və buna müvafiq olaraq yeni tələbatların yaranması ilə xarakterizə olunur. Elmi nailiyyətlərin və texnoloji yeniliklərin sürətlə insan həyatına tətbiq olunması sosial həyatın ən aparıcı sahəsi olan təhsilin qarşısında da mühüm tələblər qoyur. Bu baxımdan qabaqcıl təhsil üsulları ilə hazırlanan bacarıqlı kadrların həyatımıza yeni keyfiyyət dəyişiklikləri gətirməsi bir aksiom kimi artıq hər kəsin qəbul etdiyi reallıqdır. Ona görə də ali və orta ixtisas təhsili qarşısında qoyulmuş prioritetlər cəmiyyətimizdə öz aktuallığını qorumaqda, həmişə diqqət mərkəzində qalmaqdadır. Muxtar respublikamızda da ali və orta ixtisas təhsili ocaqlarının günün tələbləri səviyyəsində yenidən qurulması, ən müasir tədris avadanlıqlarının alınıb gətirilməsi kadr hazırlığının səviyyəsinə öz təsirini göstərmiş, ali təhsil almaq üçün Naxçıvana üz tutan əcnəbi tələbələrin sayında ciddi artım olmuşdur.
Təhsil ən vacib və mürəkkəb sahələrdən biridir. Cəmiyyətin bütün inkişafı məhz təhsillə bağlı olduğu üçün burada görülən hər bir iş və həyata keçirilən hər bir yeni islahat da dünyəvi inkişafla ayaqlaşmaq üçün atılan bünövrədir. Buna görə də ötən dövrdə təhsildə qarşıya qoyulmuş vəzifələrin uğurlu həllini muxtar respublikamızda əldə olunmuş nailiyyətlərin ümumi bir göstəricisi kimi də qiymətləndirmək mümkündür. Cari ilin oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Bu günədək muxtar respublikada 200-dən artıq ümumtəhsil məktəbi daxil olmaqla, 300-dən çox təhsil müəssisəsi tikinti və yenidənqurmadan sonra istifadəyə verilmiş, təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, məktəblər ən müasir avadanlıqlarla təmin olunmuşlar. Muxtar respublikanın ümumtəhsil məktəblərində 50 min 590 şagirdin təhsili ilə 6 min 751 müəllim məşğul olur. Ümumtəhsil məktəblərinin informasiya təminatı 6000-ə yaxın kompüter, 650-dək elektron lövhə, laboratoriyalar, fənn kabinələri və digər texniki avadanlıqları əhatə edir”.
Göründüyü kimi, müasir təhsil infrastrukturunun yaradılması və yenidən qurulması istiqamətində muxtar respublikamızda həyata keçirilmiş işlər təkcə bugünkü tələbatın ödənilməsi deyil, gələcək perspektivlər üçün də nəzərdə tutularaq öz həllini tapıb.
Cəmiyyətdə baş verən bütün yeniliklərə, elmi-texniki sahələrdəki innovasiyalara çox həssas olan təhsil həm də səbir və uzunmüddətli əmək tələb edən mürəkkəb sosial-iqtisadi münasibətlər sistemidir. Bu mənada, ali və orta ixtisas təhsili sahəsində mövcud olan münasibətlər təkcə gələcəkdə cəmiyyətdə yaxşı mövqe tutmaq və yaxud güclü karyera qurmaqla məhdudlaşmayıb ali məqsədlərə çatmaq prinsipləri üzərində tənzimləndikdə daha səmərəli nəticələr verir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu gün ali təhsil pillələrində hazırlanan kadrların cəmiyyətin müxtəlif sahələrində və elə təhsilin özündə göstərdiyi araşdırmaçılıq, yeni düşüncə və rasional idarəetmə, son nəticədə, dayanıqlı inkişafa öz töhfəsini verən əsas amillərdəndir. Bu mənada, gələcəkdə tutduğu istənilən vəzifədə gördüyü işlərlə təkcə öz maddi imkanlarını deyil, hər vasitə ilə ölkəmizin milli sərvətinin artırılmasına çalışan, qurulub yaradılanları, maddi və maliyyə resurslarını qənaət və rasionallıqla istifadə edən, intellektual potensialdan bəhrələnməyə maraqlı olan kadrlarımızın hazırlanması müasir təhsilimizin qarşısında qoyulmuş əsas vəzifələrdəndir.
Müasir dövr qloballaşmanın cəmiyyətin bütün sahələrinə nüfuz etməsi və təhsilin də bu fenomendən öz payını alması ilə xarakterizə olunur. İnformasiya texnologiyalarının sürətli inkişafı, yeni nəsil kommunikasiya vasitələrinin ictimai həyatın bütün sferalarına yayılması təhsil sahəsində də öz sözünü deyir. Xüsusən araşdırmaçılıq və yeni biliklər qazanılması sahəsi olan ali təhsil mərhələsində bu texnologiyaların tətbiqi klassik təhsil ənənələri ilə yenilikçilik arasında obyektiv təzadlar və bəzən də problemlər yaradır. İnterneti biliklər əldə etməyin bir vasitəsi deyil, asan elm mənbəyi kimi qəbul edən əzbərçi gəncliklə, elmin yalnız kitablarda axtarılmasını israr edən orta və yaşlı nəsil arasındakı disputların ortaq həllinin tapılması müasir ali təhsilimizdəki həllivacib məsələlərdəndir. İnternetin sonsuz imkanlarından gənclərin formalaşmaqda olan düşüncələrinin və milli şüurunun zədələnmədən istifadə olunması üçün onlara düzgün istiqamət verilməsi ali məktəblərdəki professor-müəllim heyətinin qarşısında duran vəzifələrdəndir. Eləcə də ötən əsrin 80-90-cı illərinin məhdud bilikləri ilə kifayətlənib, gənclərin qaynayan potensialına uyğunlaşmaqda “sinifdə qalan” və müasir sürətli informasiya anlayışını, sadəcə, bir neçə messencerlə qavramaqla kifayətlənən bəzi ali məktəb müəllimlərinin də qısa bir zamanda yeni əsrin yeni tələbatlarına uyğunlaşmasının vaxtı çoxdan çatıb.
Təhsil vətənpərvərlik, gəncliyə və gələcəyə sevgi, həm də fədakarlıq sahəsidir. Bu sahədə özünü təsdiq etmiş alim və pedaqoqlarımızın təcrübəsi sübut edir ki, bu gün təhsildə göstərilən hər cür prinsipiallıq sabah cəmiyyətimizdəki mühüm idarəetmə pillələrində daha layiqli kadrların yerləşməsinə imkan yaradacaq. Xüsusən bazar iqtisadiyyatı şəraitində müasir menecmentin tələblərinə cavab verən belə hərtərəfli kadrlar qlobal rəqabət şəraitində işləməklə ölkəmizin iqtisadi potensialının artırılmasına, mədəniyyətimizin və turizm potensialımızın təbliğinə operativ qərarlar verəcəkdir. Bu mənada, ali təhsil müəssisələrində yetişdirilən və milli ideologiyamızı hərtərəfli mənimsəmiş gənc kadrlarımız ölkə mənafeyini hər şeydən üstün tutan, dünyanın harasında olursa olsun, Azərbaycan üçün yaşamağı və çalışmağı bacaran insanlar olmalıdırlar. İxtisasından asılı olmayaraq, bu insanlar ölkəmizin bugünkü uğurlarına sevinənləri, eləcə də qlobal təhdidləri görüb qiymətləndirməyi bacaran mütəxəssis kimi yetişməlidirlər. Muxtar respublikamızın ali məktəblərində mövcud olan düşüncə sahiblərinin, araşdırmaçıların elmi potensialının gənc nəslin qazancına çevrilməsi üçün indi ən əlverişli şəraitin, maddi-texniki bazanın mövcud olduğunu nəzərə alsaq, heç bir ali məktəb tələbəsinin də bu biliklərə yiyələnməkdə, necə deyərlər, bəhanəsi olmamalıdır.
Ali məktəb, universitet funksional olaraq elmi nəticələrin müəyyənləşdirildiyi, bu nəticələrin gənc nəslə öyrədildiyi və ictimai həyatın müxtəlif sahələri, xüsusən də özəl sektorla qarşılıqlı əməkdaşlığın qurulduğu mühüm bir institusional təsisatdır. Bu mənada, üçüncü funksiya bazar iqtisadiyyatı şəraitində yaşamaq və işləmək şərtlərinə uyğunlaşmaq baxımından daha çox əhəmiyyətlidir. Belə ki, elmin istehsala, cəmiyyətin tələblərinin ödənilməsinə yönəlmiş inkişafı onun özünümaliyyələşməsində mühüm irəliləyişdir ki, bunu da müasir dünyada mövcud olan yüksək texnoloji şirkətlərlə universitetlərin sıx əməkdaşlığında görürük. Muxtar respublikamızda mövcud olan elmi potensialın startap hərəkatı ilə iqtisadiyyatın müxtəlif sahələrində praktik təsdiqini tapması üçün görülən işlər isə lap yaxında dünyada ilk olacaq layihələrin reallaşmasına imkan yaradacaq. Buna çox istəkli olan gəncliyimizin dinamizmi də belə deməyə əsas verir.
Və nəhayət, təhsil dövlətçiliyimizin möhkəmləndirilməsi üçün milli şüura və ensiklopedik biliklərə malik intellektin yetişdirilməsi sahəsidir. Düşüncə və əməlində onlara bu günləri nəsib etmiş ulu öndərimizə sədaqət ruhunu gördüyümüz bugünkü Azərbaycan gəncliyinə – ali məktəb tələbələrinə baxdıqda onlara qol-qanad verən rəhbərinin ardınca həmişə cəsarətlə addımlayacaqlarına, əldə etdikləri qazanclarını sabah xalqımızın sərvətinə çevirəcəklərinə inanırıq. Bir universitet müəllimi olaraq Naxçıvanda ali təhsil alan tələbələrin gözlərindəki sabaha inamı, addımlarındakı qətiyyət və ürəklərindəki doğma məktəblərə məhəbbəti daim görmək belə deməyə əsas verir.
Əli CABBAROV