22 Dekabr 2024, Bazar

İqtisadi inkişafın əsas şərti kimi makroiqtisadi sabitliyin qorunması və bu məqsədlə bank sektoru tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlər həmişə diqqəti cəlb edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlığı ötən dövr ərzində də uğurla təmin olunub. Sərfəli faiz dərəcələri ilə verilən kreditlər ümumi iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, məşğulluğun təmin olunmasında mühüm rol oynayır.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 noyabr 2019-cu il tarixə yerli iqtisadiyyata yönəldilən kredit qoyuluşunun həcmi 159 milyon 848 min manata çatıb ki, burada özəl bankların payı 83,8 ­faizdir.
Aparılan təhlillər göstərir ki, cari ilin yanvar-oktyabr aylarının nəticələri, ümumilikdə, muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları üçün uğurlu olub. Bankların ən mühüm vəzifələrindən biri olan iqtisadiyyata kredit qoyuluşunda müsbət dinamika qorunub saxlanılıb. Belə ki, ötən 10 ay ərzində Naxçıvan Muxtar Respublikasında verilmiş kreditin ümumi məbləği 113 milyon 407 min manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 2,6 dəfə çoxdur. Verilmiş kreditlərin 7 milyon 172 min manatı sənaye, 10 milyon 122 min manatı kənd təsərrüfatı, 3 milyon 703 min manatı tikinti, 83 milyon 786 min manatı kommunal və istehlak, 4 milyon 960 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə və digər sahələrə yönəldilib. Bu dövrdə verilən kreditlərin struktur tərkibinə baxdıqda isə ilk sırada 73,8 faizlə istehlak kreditlərinin, 6,3 faizlə sənayenin, kənd təsərrüfatı və ipoteka üzrə kreditlərin həcminin müvafiq olaraq 8,9 və 4,4 faizlə olduğunu görməkdəyik.
Kreditlərin dinamikasına gəldikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə verilmiş kreditlərin həcmində tikinti sahəsi üzrə, təxminən, 5,5, arıçılıq üzrə 1,7, sənaye sahəsi üzrə isə, təqribən, 1,4 dəfə, kənd təsərrüfatı üzrə, ümumilikdə, təxminən, 2 dəfə artım olub.
Təhlil olunan dövrdə bankların fəaliyyətinin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da xeyli irəliləyiş görünməkdədir. Belə ki, 1 noyabr 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda mövcud olan fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyon 344,9 min manat, o cümlədən milli valyuta ilə 8 milyon 423,4 min, xarici valyuta ilə isə 921,5 min manat həcmində təşkil edib. Banklara qoyulan əmanətlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyuta ilə, təqribən, 1,6 dəfə artması, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcminin isə bir o qədər azalması bank-maliyyə sistemindəki sabitlikdən xəbər verir.
Nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirməklə bu sahədə çevik idarəetmənin həyata keçirilməsinə və şəffaflığa imkan yaradır. Bu baxımdan muxtar respublikamızda əhaliyə müasir səviyyəli, keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi həyata keçirilən əsas tədbirlərdəndir. Bu sahədə görülmüş işlərlə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən verilən məlumatda o da bildirilir ki, bəhs olunan dövrdə nağdsız ödənişlərin həcmi 4 milyon 387 min manatdan artıq olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,6 dəfə çoxdur.
Yekun olaraq onu göstərmək mümkündür ki, ümumilikdə, muxtar respublikanın bank sektorunda dayanıqlı inkişaf təmin olunub. Bu, bank qurumlarının real sektorun dəstəklənməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi istiqamətində verilmiş tapşırıqlara əməl etmələri sayəsində mümkün olub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR