30 Dekabr 2024, Bazar ertəsi

Ölkə gənclərində vətənpərvərlik ruhunun gücləndirilməsi, fiziki dözümlülüyün artırılması məqsədilə sentyabr ayının 5-də start verilən “Marş İrəli” hərbi simulyasiyalı layihənin dördüncü mövsümünün sonuncu günündə iştirakçıların diyarımız və layihə haqqındakı fikirləri maraq doğurur.


İlk həmsöhbətimiz Çinar Hacıyev deyir ki, bu gün artıq “Marş İrəli” layihəsinin sonuna çatdıq. Bunun üçün, həqiqətən, çox təəssüflənirəm. Beş günün bəxş etdiyi fiziki, mənəvi gözəlliklər haqqında çox danışa bilərəm. Ən başda ona görə şad oldum ki, Naxçıvan kimi səliqə-sahmanın, gözəlliyin və sakitçiliyin hökm sürdüyü bir şəhərdə olaraq, naxçıvanlılar kimi qonaqpərvər insanları tanımaq fürsəti qazandım. Bu məni çox sevindirdi. Həqiqətən də təlim çərçivəsində yaradılan qayda-qanun sanki əsgərlik təəssüratı yaradır. Keçirilən təlimlər, komando oyunları, qrup məşqləri insanın fiziki gücünə güc qatmaqla yanaşı, onda ruh yüksəkliyi də oyadır. Hər bir təlimin ayrıca üstünlüyü var. Amma məndə ən çox maraqdoğuran təlim məqsədilə gecə yarısı verilən həyəcan siqnalı oldu. İnanırsınızmı, siqnalı eşitdiyim anda özümü sanki müharibədə hiss etmişdim. O səs məni, qrup yoldaşlarımı və digər layihə iştirakçılarını şirin yuxudan oyadıb, bir sırada topladı. Bununla yanaşı, fiziki təlimlərin böyük nizam-intizamla keçirilməsi, qrup daxilində qayda-qanunun hökm sürməsi burada maraqlı bir fəza yaratdı. Layihənin verdiyi başlıca mənəvi zövqlər isə burada qazandığımız dostluq münasibətləri oldu. Hərb sənətində adını hər dəfə eşitdiyimiz “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarının əyani sübutunu mən burda gördüm, yaşadım. Burdan ayrılmağıma baxmayaraq, “Marş İrəli” layihəsinin həmişə ağlımda şirin xatirə kimi qalacağına inanıram. Son olaraq bütün gənclərimizə müraciət edərək demək istəyirəm ki, əllərindən gəldiyi qədər bu cür təlimlərdə fəal iştirak etsinlər. Mən ilk əvvəl tərəddüd etsəm də, sonra belə bir inam formalaşdı ki, bu təlim qazandığımız böyük Qələbədən sonra bizə aşılanan mənəviyyatın, ruh yüksəkliyinin təminatçısı olacaq. Elə düşündüyüm kimi də oldu. İnanıram ki, bundan sonra da fəal bir gənc kimi çalışdığım qədər bu cür təlimlərdə iştirak edəcəyəm.

“Marş irəli” layihəsi mənim ilk təlim təcrübəm idi” deyən, həmsöhbətimiz Almaz Abdullayeva bildirdi ki, məktəbdə oxuduğum vaxtlarda bir çox təlimlərdə, layihələrdə iştirak etsəm də, “Marş İrəli” hərbi simulyasiyalı layihə mənim beynəlxalq səpkidə qatıldığım ilk təlim idi. Düşünürəm ki, bu cür layihələrin həqiqətən də biz gənclərə qazandırdığı üstünlüklər çoxdur. Beş gün müddətində bütün təlim iştirakçılarının qayda-qanunlara tam şəkildə tabe olması, ard-arda oyunların, fiziki məşqlərin keçirilməsi vətənpərvər ruhda gənclik formalaşdırmanın ən gözəl nümunəsidir. Artıq bu gün layihənin sonuna çatdıq. Təlimə qatıldığım ilk günlərdə bu qədər maraqlı və mənalı vaxt keçirəcəyim ağlımın ucundan belə, keçməzdi. Amma indi təəssüf hissi keçirirəm ki, digər “Marş İrəli” layihələrində iştirak edə bilməmişəm. Bəlkə də, Naxçıvanın mühiti buranı belə maraqlı və səmimi edib. Amma tam əminliklə deyə bilərəm ki, bundan sonra belə layihələrin daimi və fəal iştirakçısı olacağam. Bu günlərdə bir çox maraqlı xatirələrim də olub. Onlardan da söhbət açmaq istəyirəm. Sözsüz ki, yurdumuzun hər daşı, torpağı əzizdir bizim üçün doğmadır. Bu mənada, hər bir diyarın özünəməxsus milli mentaliteti və xüsusiyyətləri var. Naxçıvanın insanları isə qayğıkeşlikləri, səmimi münasibətləri ilə yaddaşlarımızda yaşayacaq. Keçirilən ekskursiyalarda isə diqqətimi cəlb edən Döyüş şöhrəti Muzeyi ilə tanışlıq oldu. Bakıda olarkən mən Hərbi Qənimətlər Parkında da olmuşam. Biri rəşadətli Ordumuzun qazandığı əbədi Zəfəri, digəri isə dəyanətli Azərbaycan Ordusunun gücünü təmsil edir. Buradan qayıtdıqdan sonra bütün bu müsbət təəssüratlarımı yoldaşlarıma, rəfiqələrimə danışacağam. İnanıram ki, onlar da mütləq növbəti layihələrdə iştirak edəcək, əsl Azərbaycan qadını kimi, gənc vətənpərvər kimi öz iradələrini nümayiş etdirəcəklər. Amma bircə arzum var ki, növbəti təlimimiz Qarabağda, Şuşada keçirilsin. Bəlkə də, bir gənc kimi həyatda ən böyük arzum, istəyim budur desəm, yanılmaram.

Növbəti həmsöhbətimiz Elnar Məmmədov deyir ki, Naxçıvan öz qüdrətini, vüqarını başıqarlı dağlarından alıb. Burada yoldaşlarımızla etdiyimiz maraqlı söhbətlərin əsasında elə məhz Naxçıvanın təbiət gözəllikləri dayanırdı. Həqiqətən də bir çox maraqlı, gəzib-görməli yerləri ilə Naxçıvan bu yurda üz tutanların daim marağına səbəb olur. Həmişə buraya istirahət üçün gəlməyi planlaşdırsam da, ağlıma belə gəlməzdi ki, bir layihənin təşkilatçılığı ilə burada olacağam. Artıq beş gündür, buradayıq. Bu gün isə layihənin sonuna çatdıq. Həm sevincliyəm, həm də təəssüflənirəm. Sevincliyəm ona görə ki, ailəm üçün darıxmışam, amma bu mühitdən də ayrılmaq istəmirəm. Qazandığımız dostluqlar, əldə etdiyimiz maraqlı və mənalı təcrübələr, biliklər insanın dünyagörüşünə çox müsbət təsir bağışlayır. Bir şeyi də qeyd edim ki, bu gün həm bir Azərbaycan gənci, həm də müstəqil bir dövlətin vətəndaşı kimi şadam, sevincliyəm ki, rəşadətli Ordumuzun əldə etdiyi zəfər hər birimizin simasında xoşbəxtlik yaratdı. Bunun nəticəsidir ki, dövlətimiz tərəfindən biz gənclərin vətənpərvər ruhda formalaşması üçün bir sıra silsilə tədbirlər keçirilir. Bu mənada, həmin tədbirlərin davamı kimi təşkil olunan “Marş İrəli” hərbi simulyasiyalı layihə də sırf gənc nəslin Vətənə sədaqət ruhunda yetişməsi üçün böyük rol oynayır. Xüsusilə də düşmənlə həmsərhəd olan Naxçıvanın müdafiə qüdrəti, vətənpərvər oğullarının hərbi xidmətdə necə əzmkarlıq, iradə ilə doğma torpaqlarımızın keşiyində dayanması insana inanılmaz sevinc və iftixar hissi bəxş edir. Artıq beş gündür ki, layihədə fəal iştirak edirik. Burada bizlərə göstərilən diqqət isə, sözün əsl mənasında, təqdirəlayiqdir. Vaxtımızı səmərəli keçirmək üçün təşkil olunan komando oyunları, hərbi təlim məşqləri həm maraqlı, həm də faydalıdır. Bununla yanaşı, Naxçıvanın bir çox gəzib-görməli yerlərinə ekskursiyaların təşkil olunması həm də dünyagörüşümüzü formalaşdırır. Artıq təlimə yekun vursaq da, bir daha qatılacağım günü səbirsizliklə gözləyir və inanıram ki, hər bir layihə bizi əsl vətənpərvərlik məfkurəsində formalaşdırmaq yolunda müsbət rola malikdir.

Məcid RƏŞADƏTOĞLU

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR