Elə ki iyul ayının sonları, avqustun əvvəlləri təqvimə qədəm qoydu, bazarlarımızda, mağazalarımızda turşməzə tamı, min bir dərdə dərman olan, faydaları ilə seçilən zoğalın uzaqdan “gəl-gəl” deyən gözəlliyi ilə rastlaşırıq. Elə biz də bu minvalla, ötən günlərdə bu meyvənin sorağı ilə, illərdir, onu öz bağında yetişdirən satıcılarla həmsöhbət olmaq üçün bazarın yolunu tutduq. Bazara daxil olduğumuz andan əllərdə qış azuqələrimizin əvəzedilməz təamı olan zoğalı görmək bu meyvənin faydalarından, ona olan tələbatdan yerindəcə xəbər verirdi.
İlk həmsöhbətimiz bazarda öz təsərrüfatının nemətlərini satmaqla ailəsinin dolanışığını təmin edən 55 yaşlı Ordubad rayon sakini Eldar Məmmədov oldu. Eldar kişi 20 ildən çoxdur ki, bağında bu meyvənin yetişdirilməsi ilə məşğuldur. Onun şirin söhbətindən hiss olunur ki, bu il də bol məhsula sahib olub.
“Uca Yaradan Naxçıvanın zəngin, münbit torpağından heç bir varını əsirgəməyib”, – deyir Eldar kişi. İllərin ona qazandırdığı təcrübəyə söykənərək zoğalın yetişdirilmə qaydasının sirlərindən söhbət açır: – Bağ salıb, məhsul yetişdirmək çətin, məsuliyyətli, bir o qədər də zəhmət tələb edən bir işdir. Bu işə yeni qol qoyan, tam təcrübə əldə etməyən kəslər böyük bir vəsait xərcləyib meyvə bağı salmaq istəsələr də, çox vaxt bu təşəbbüsləri arzu etdikləri kimi nəticələnmir. Çünki hər tingin, hər bitkinin öz dili var, – oğlum. O dili tutmaq üçün çalışmalısan ki, püxtələşib yaxşı nəticə əldə edə biləsən.
Eldar əmi deyir ki, bizim həyətimizdə zoğal ağacları lap əvvəllərdən olub. Atamız uzun illər bağçılıq-bostançılıqla məşğul olaraq öz halal çörəyini həyətinin bəhərini satmaqla qazanıb, bizi böyüdüb, boya-başa çatdırıb. Heç yadımdan çıxmaz, onun zoğal ağacları ilə etdiyi o sirli və şirin söhbətlər. Uşaq olduğumuz üçün həmişə maraqlı gələrdi. Anamıza deyərdik ki, axı atamız bağdakı ağaclarla nə danışır? Özündən soruşanda isə deyirdi ki, övladlarım, bu ağacların da öz dili, feili var. Gərək onların da nazını çəkib, dərdinə həmdəm olasan. Kənardan baxana elə gəlir ki, biz öz-özümüzə danışırıq. Amma ağaclarımız bizi başa düşür, bilir onları nazlayıb, əzizləyirik. Ağaca nə qədər yaxşı nəvaziş etsən, nə qədər qayğı ilə yanaşsan, sənin üzünü ailə-uşaq yanında bir o qədər ağ edər. Bağa gərək baxasan ki, bağ ola. Yoxsa qol qoyduğun işə əzab-əziyyət kimi yanaşsan, sözsüz ki, el içində də, ailə qarşısında da, Allah yanında da başıaşağı olarsan. Halal ruzi qazanmaq üçün alın təri tökmək, hər çətinliyə qatlanmaq lazımdır. Zamanla tökdüyün bu zəhmət tərinin əvəzini, sözsüz ki, qazandığın bol qazancın timsalında görəcəksən.
Eldar Məmmədov qeyd edir ki, elə atamdan eşitdiyim, yaddaşımda həmişəlik şirin xatirə kimi qalan bu kəlmələrin həqiqətini 20 ildir ki, ruzisini yediyim o zoğal bağlarının bəhərində görürəm. Onların “başına dolanır”, qulluğunda durur, “nazlarını çəkirəm”. Bu faydalı bitkinin yetişdirmə üsullarına, bir çox sirlərinə yiyələnmişəm. Bağımda hazırda 30 zoğal ağacım var. Hər il onlardan, təxminən, 300 kiloqrama yaxın zoğal əldə edir, bazara çıxarıram. Məhsul bol olduqda, qiymətlər də hər kəsin büdcəsinə uyğun olur, yaxşı da alıcı kütləsi qazanırıq. Belə də olmalıdır. Çünki söhbət meyvə cənnəti adlanan, Azərbaycanın incisi sayılan Ordubad zoğalından gedir...
Müsahibimiz bu meyvənin yetişdirilmə qaydalarından söhbət açaraq deyir ki, diyarımızda zoğal ən çox Ordubad rayonunda yetişdirilir. Digər rayonlarla müqayisədə Ordubadın təbii şəraiti bu bitkinin yetişdirilməsinə böyük imkan yaradır. Zoğalın müxtəlif sortları var. Amma təsərrüfatçılar Naxçıvanda daha çox cır və irimeyvəli hibrid, armudu, qabığı nazik qırmızı zoğala üstünlük verirlər. Çünki bu sortların xüsusiyyəti, iqlimə uyğunlaşma qabiliyyəti digər növlərə nisbətən daha əlverişlidir. Bununla yanaşı, digər sortlarla müqayisədə mürəkkəb aqrotexniki qulluq tələb etmir. Sadəcə, kifayət qədər qulluq bəs edir ki, yaxşı məhsul əldə edəsən. Təsərrüfatçı deyir ki, zoğal ağacı yayda digər ağaclara nisbətən daha tez çiçəkləyir və ilin bu dövrlərində bar verdiyinə görə el arasında ona “şeytanaldadan” da deyirlər.
Eldar əmi ilə başladığımız bu şirin söhbəti yekunlaşdırıb, elə yerindəcə adını çəkdiyimiz Ordubad zoğalından alıb evin yolunu tuturam. Hələ işimiz çoxdur. Oxucularımıza bu səxavətli meyvənin yetişdirilməsindən danışıb, illərdir, qız-gəlinlərimizin qış azuqəsi kimi ondan hazırladığı mürəbbədən, kompotdan danışmasaq olmaz.
Budur, evə çatmışam. Qapıda məni ailəmizin ağbirçək nənəsi Roza Ələkbərova qarşılayaraq əlimdəki zoğal dolu çantanı alıb deyir: “Bəh-bəh, qadasını aldığım nə gözəl bazarlıq edib, görüntüsündən, ətrindən bilinir ki, Ordubad zoğalıdır”.
Nənəmizlə birgə zoğaldan mürəbbə və kompot hazırlamaq, oxucularımızı da bu meyvədən alınan qış azuqələrinin sirləri ilə yaxından tanış etmək üçün ocağın başına keçirik.
Müsahibimiz əvvəlcə zoğalları yaxşıca yuyub təmizlədikdən sonra mürəbbə üçün hazır vəziyyətə gətirir. Elə söhbətimiz də buradan başlayır. Nənəmiz deyir ki, qış fəslinin qonaqlı-qaralı süfrələrinin bəzəyi, əsasən, zoğal mürəbbəsi və kompotudur. Bəzən zoğalın mürəbbəsini hazırlamağa yeni başlayan xanımlar qabaqcıl təcrübədən xəbərsiz olduqları üçün onun gilələrini bir dəfəyə axıradək qaynatmaqla, əslində, faydalı tərkibini xeyli zəiflədirlər. Onun insan orqanizmi üçün faydalı olan birləşmələri məhv olur. Bütün xanımlar bilir ki, mürəbbələrin “şahı” sayılan zoğal soyuqdəymənin əlacıdır. Hələ keçmiş zamanlarda, bizlər xəstə olarkən ana-nənələrimiz zoğal, alça kimi meyvələrlə dərdimizə əlac edərdi. Ordubadın adla deyilən, vitaminlə zəngin olan zoğalı isə xüsusilə immunitet, şəfa mənbəyidir. Çox keçməzdi ki, faydasını da görər, sağalardıq. Nənəmiz mürəbbənin hazırlanma qaydasından söhbət açaraq deyir ki, zoğalın çəyirdəkli mürəbbəsi üçün (bəzən çəyirdəksiz zoğal mürəbbəsi hazırlayanlar da olur) 1 kiloqram meyvəyə 1,2-1,5 kiloqram şəkər tozu və 2 stəkan su qatdıqdan sonra, əvvəlcə, şəkər tozu və sudan şərbət hazırlayıb iki hissəyə bölürük. Mürəbbəni hazırlayacağımız ləyənə mürəbbəlik zoğalın hamısını töküb hazırlanan şərbətin yarısını əlavə edərək vam odda qaynara düşənə qədər bişiririk. Qaynara düşən kimi ocağın üzərindən götürüb kənara qoyaraq 6-8 saat soyuduruq. İkinci dəfə qaynadılanda şərbətin qalığı da əlavə edilir. Yenə 6-8 dəqiqə müddətində qaynadıqdan sonra oddan götürüb, 5-6 saat soyudulur. Üçüncü qaynama prosesində isə mürəbbənin üzərinə yığılan köpüyün hamısı, ehtiyatlı bir şəkildə yığılmalıdır. Bununla da mürəbbənin, necə deyərlər, ağır prosesi yekunlaşır. Geridə isə onu vam odda, ara-bir nəzarət etməklə bişirib yekunlaşdırmaq qalır.
Həmsöhbətim deyir ki, mürəbbə şirəsi şəffaf rəng alıb meyvələr qabın dibinə çökəndə ocaqdan götürülməlidir. Mürəbbə daha ətirli və təravətli olsun deyə, ocaqdan götürülməyinə az qalmış zövqdən asılı olaraq ləyənə 5-6 ətirşah yarpağı və azacıq vanil əlavə etmək olar. Bunu rəndələnmiş limon qabığı və qoz ləpəsi ilə əvəz edənlər də olur. Mürəbbəmiz bişib soyuduqdan sonra onu təmiz bankalara yığıb sərin yerdə saxlamaq lazımdır. Bununla da mürəbbənin hazırlanma prosesi yekunlaşır.
Mürəbbənin bişirilmə qaydası ilə oxucularımızı tanış etdikdən sonra keçid alırıq zoğalın hər dərdə dava olan kompotunun hazırlanma prosesinə. Nənəmiz bu məqamda bir faktı diqqətə çatdıraraq deyir ki, zoğalın digər giləmeyvələrlə (qırmızı alça, gilas, gilənar) müqayisədə rəngi çox da tünd olmur. Bəzi xanımlar elə düşünür ki, zoğalın miqdarı az olduğu üçün belədir. Bu fikirlə onlar kompot edəcəkləri bankalara lazım olandan daha çox zoğal əlavə edirlər. Nəzərə alsaq ki, zoğal çox kalorili və turşməzə meyvədir, bu hal təzyiq xəstəsi olanlara ciddi problemlər yarada bilər. Ona görə bankaya bir dolu ovucdan artıq zoğal əlavə etməsinlər ki, insan səhhətində hansısa narahatlıq yaratmasın.
“Zoğalın kompotunu hazırlamaq mürəbbə və cemə nisbətən daha sadədir”, – deyən Roza nənə qeyd edir ki, bir ovuc dolusu, təqribən, 20-30 ədəd zoğalı (bankanın ölçüsünə görə dəyişir) bir litrlik bankalara yığıb üzərinə iki çay fincanı qədər şəkər tozu əlavə edib aldığı qədər qaynamış su ilə doldururuq. Daha sonra bankaların ağzını hava keçirməyəcək şəkildə yaxşıca bağladıqdan sonra qaynar suya yerləşdirib, təxminən, 15-20 dəqiqə qaynadırıq. Kompotun rənginin bir az dəyişib, tündləşdiyini gördükdə onu sudan çıxarıb bir daha banka ağızlarının yaxşı bağlandığına nəzarət etdikdən sonra onları da mürəbbə kimi sərin yerdə saxlamaq lazımdır. Bununla da kompotun da hazırlanma prosesi yekunlaşır. Geridə isə qış uzunu onları şad-xürrəm, deyə-gülə ağzışirin yemək qalır.
Bəli, əziz oxucularımız. Müsahiblərimizin səmimi söhbətlərindən də görünür ki, insanın əziyyətinə dəyər verən səmimi, xoşbəxt bir ailəsi olduqdan sonra heç bir çətinlik onu yorub-usandırmır, bezdirmir. Hətta turş meyvənin ağızbüzən dadı belə, onların çöhrəsindəki təbəssümlə baldan da şirin olur insana. Ocaqda bişən zoğal mürəbbəsindən yeyib, somavar çayından içə-içə bir anlıq başqa bir düşüncənin sehrinə dalıram. Düşünürəm ki, Uca Yaradan bu torpaqdan heç bir varını əsirgəməyib. Yurdumuzun insanlarına min adda, min bir dadda zəngin, səxavətli, faydalı nemətlərini verməklə onlara sonsuz rəhmət bəxş edib. Elə mövzumuzda da adını çəkdiyimiz yurdumuzun zoğal barı kimi.
Məcid RƏŞADƏTOĞLU