Füsunkar təbiəti, zəngin flora və faunası ilə daim bu yurda üz tutanları özünə heyran qoyan Naxçıvanımız həm də geniş turizm infrastrukturuna sahibdir. Ötən illər ərzində bu sahədə məqsədyönlü addımların atılması turizm potensialının yaxşılaşdırılması, istirahət zonalarının yaradılması istər yerli, istərsə də əcnəbi turistlərin buraya axınını sürətləndirir. Bu mənada, son dövrlər Ağbulaq İstirahət Mərkəzi ən populyar ekoturizm məkanlarından birinə çevrilib.
Ağbulaq İstirahət Mərkəzi muxtar respublikamızda ilk kənd turizm infrastrukturunun yaradıldığı məkandır. Bu ünvan dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Dərələyəz və Zəngəzur dağ silsilələri arasında yerləşir. Adını büllur kimi saf, təmiz, eyniadlı bulaqdan götürən Ağbulaq İstirahət Mərkəzi gözəl təbiəti ilə fərqlənir. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illərində burada “Araz” pioner düşərgəsi də fəaliyyət göstərib. Dörd bir tərəfdən dağlarla əhatə olunan bu məkan bütün fəsillərdə öz gözəlliklərini, naz-nemətlərini üzə çıxarır.
2013-cü ildə kənddə aparılan kompleks quruculuq işləri, yolların abadlaşdırılması, eləcə də turistləri qarşılaya biləcək xidmət obyektinin – Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi turizm sahəsində yeni mərhələnin başlanğıcı oldu. 2 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarət olan mərkəzdə ikimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Havanın ideal təmizliyi, oksigen bolluğu, yayda yaşıllığı ilə gözoxşayan, qışda isə ağ örpəyin cəlbedici mənzərəsi insanların əhvali-ruhiyyəsinə müsbət təsir göstərir, onlarda xoş ovqat yaradır. Bölgənin füsunkar təbii şəraiti, dəniz səviyyəsindən hündürlüyü, həmçinin bitki örtüyü və canlı aləmi ərazidə müxtəlif istirahət proqramları təşkil etməyə hərtərəfli şərait yaradır. Ağbulaq kəndində aparılmış quruculuq işləri və geniş infrastruktur yenilənməsi də yerli sakinlərin rahat yaşayışı ilə bərabər, buraya gələn turistlərin mənalı istirahətini təmin edir. Ona görə də müxtəlif yaş və məşğuliyyət kateqoriyasından asılı olmayaraq, buraya gələn turistləri bir-birindən maraqlı istirahət günləri gözləyir.
Mərkəz son illərdə qədim diyarımıza gələn qonaqların, tələbə və məktəblilərin ən çox üz tutduqları ünvanlardan birinə çevrilib. Hər il mərkəzdə gənclərin “Yay məktəbi” təşkil olunur, onlar arasında müxtəlif intellektual və idman yarışları keçirilir. Həftənin şənbə, bazar günləri isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzinə yollanması artıq ənənə halını alıb. Qeyd edək ki, bundan əvvəl – iyunun 5-6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, 12-13-də Naxçıvan Muxtar Respublikası Səhiyyə və Vergilər nazirliklərinin, iyunun 19-20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları həftəsonu istirahətlərini burada keçiriblər. İyunun 26-27-də Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da Ağbulaq İstirahət Mərkəzində olublar.
İstirahətə tam mənəvi haqqı çatan bu qonaqlarla həmsöhbət olmaq, onların təəssüratlarını öyrənmək üçün biz də bu ünvanın yolunu tutduq. Əvvəla, onu qeyd edək ki, mənəvi haqqı çatan dedikdə yanılmırıq. Çünki Vətənin keşiyində dayanmaq şərəfli olduğu kimi, bir o qədər də çətin missiyadır. Onlar üçün yaradılan bu şəraitin, göstərilən diqqətin sevincini çöhrələrindəki təbəssümdə görmək bizi daha da qürurlandırdı.
İlk həmsöhbətimiz Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti Röyal Məmmədov deyir ki, Naxçıvan zəngin ənənələri, qədim tarixi, füsunkar təbiəti ilə insanın ruhunu oxşayır. Hər bir yaşayış məntəqəsində olduğu kimi, Ağbulağın da Ulu Tanrı tərəfindən və insan əli ilə yaradılan gözəllikləri məndə bu məkan haqqında daha da zəngin təəssüratlar yaratdı. Kəndlərimiz müasirləşərək gözəl görkəm qazanıb. Bir vaxtlar ucqar dağ kəndlərinin belə mənzərəsini xəyalımıza da gətirə bilməzdik. Ancaq indi burada gördüklərimiz reallığı ortaya qoyur. Belə bir deyim var ki, insan amili öndə duran yerdə xəyallar hər zaman həqiqətə çevrilir. Bu reallıqları, həqiqətən də, muxtar respublikamızın istənilən bölgəsində görmək mümkündür. Hazırda bizim dayandığımız, mənzərəsi ilə göz qamaşdıran Ağbulaq kimi. Bu ünvan, həqiqətən də, insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün ideal məkandır. Ləziz təamları, saf və təmiz havası insanda xoş təəssürat yaradır.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun qrup komandiri Maqsud Quliyev deyir ki, Naxçıvan öz gözəlliyini, vüqarını qarlı dağlarından alıb. Yurdumun bir çox yerlərində olsam da, doğulub boya-başa çatdığım bu torpağın hər daşı-qayası əzizdir mənə. Ağbulağa gələrkən yolboyu göz gəzdirdiyim ətraf kəndlərin yeniləşməsi və inkişafı, əsrarəngiz təbiəti, hamar yolları, bir-birindən gözəl, yaraşıqlı evlər, həyət-bacalarda yaradılan səliqə-sahman insanın diqqətini çəkməyə bilməz. Zirvəsi gözlə görünməyən, dağlarla əhatə olunan bu mərkəzdə havanın isti olmasına baxmayaraq, istirahətimiz çox maraqlı keçir. Və gördüklərimə söykənərək deyə bilərəm ki, buranın sakinlərinin yurd yerlərinə daha çox bağlanmalarının səbəbi həm təbii gözəlliklər, həm də dövlət qayğısı ilə yaradılan yeniliklərdir.
“Bu gün bizim üçün ikiqat sevincli gündür”, – deyən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu Zamin Hacıyev qeyd edir ki, 44 günlük şanlı Vətən müharibəsi xalqımıza Böyük Qələbə, xoşbəxtlik, yurdumuza əbədi bayram gətirdi. Naxçıvanın füsunkar mənzərələrinə, başıqarlı dağlarına tamaşa etdikcə xəyalımızda bir anlıq Şuşanın, Kəlbəcərin yaşılörpəkli, vüqarlı dağları canlanır. Ana yurdumuzun ayrılmaz bir parçası olan Naxçıvanımız isə, sözün həqiqi mənasında, bir təbiət muzeyidir. Bu gün Ağbulaq İstirahət Mərkəzində ölkəmizin hər bir vətəndaşı diqqət mərkəzindədir. Bunun üçün mən bütün kollektiv adından başda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olmaqla, bizə diqqət göstərən Həmkarlar İttifaqı nümayəndələrinə, Ağbulaq İstirahət Mərkəzinin kollektivinə öz dərin minnətdarlığımı bildirirəm.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti Urfan Əliyev deyir ki, bu möcüzəvi məkanın sehrinə qapılmamaq mümkün deyil. İnsanı, sözün həqiqi mənasında, özünə cəlb edir. Ağbulağa çatdığımız andan etibarən, sanki ruhumuz pərvazlanıb, könlümüz dincəlib. Həqiqətən, Naxçıvanın təbiəti insanı valeh edir. Yol boyunca uzanan sıra dağlar, dağların qoynunda hər cür şəraitlə təchiz olunmuş yaşayış məntəqələri, kəndlər, yaraşıqlı məktəb binaları və bunun kimi neçə-neçə gözəl mənzərələr. Bu füsunkar təbiət möcüzəsinin hər daşından, qayasından şahidi olduğu tarixin izləri görünür, Memar Əcəminin, Kalbalı xan Kəngərlinin, Cəmşid Naxçıvanskinin, Hüseyn Cavidin fəxarət dolu həyat izləri duyulur. Naxçıvan bu yurdun bəxtəvər insanlarına Tanrının ən gözəl nemətidir.
Müsahiblərimizin dilindən bu cür müsbət təəssüratları eşitdikcə biz də qürurlanır, sevinirik. Dağların qoynunda diyarımızın zəngin təbiətindən, insanlara olan səxavətindən danışa-danışa zamanın necə gəlib-keçdiyinin fərqinə də varmadıq. Dəyərli qonaqlarımızı bu cür gözəl ünvanlarda bir daha görmək, onlarla həmsöhbət olmaq diləyi ilə...
Məcid RƏŞADƏTOĞLU