22 Dekabr 2024, Bazar

Tarixin inkar ediləbilməz gerçəkliyidir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, həmin siyasət nəticəsində soydaşlarımız öz dədə-baba torpaqlarından zorla sürgün edilmişdir. XX əsrin 80-ci illərindən etibarən erməni daşnaklarının heç bir ağla və məntiqə söykənməyən “dənizdən-dənizə Ermənistan yaratmaq” iddiası ilə başlatdıqları növbəti işğalçılıq siyasəti isə 1992-ci ildə Xocalı şəhərini külə döndərdi. Həmin gecə 366-cı motoatıcı divizyanın köməyi ilə dinc əhaliyə divan tutan ermənilər 20-ci əsrin tarixinə ağır bir faciə yazdılar. Bu faciədə 613 nəfər zülm və sitəmlə qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itgin düşmüşdür. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, Azərbaycan tarixinin qədim zamanlarından müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə “Xocalı-Gədəbəy mədəniyyəti” kimi düşmüşdür. Tarixi abidələrinin zənginliyi ilə seçilən bu qədim diyar erməni işğalından sonra dağıdılmış, bütün memarlıq abidələri, o cümlədən, tarixi qədimliyi ilə seçilən Xocalı qəbiristanlığı məhv edilmişdir.

            Bu məqamda bir neçə il bundan əvvəl, Bərdə şəhərində olarkən Xocalı soyqırmının canlı şahidi Zənurə xanımla söhbətimizi xatırlayıram. O danışırdı ki, ermənilər 1988-ci ildən evlərimizi, yollarımızı ara-ara atəşə tutur, bəzən də böyük artirellyalar ilə Xocalını bombardman edirdilər. 1991-ci ildən isə Xocalı artıq blokada vəziyyətinə düşdü. Bütün şəhər və digər rayonlarla o cümlədən, Bakı ilə əlaqəmiz tamam kəsildi. Buradakı çörək zavodu fəaliyyətini dayandırdığına görə həftədə bir dəfə helikopter aeroporta enib kiçik təlislərdə külfət sayına görə bizə çörək verib gedirdi. Fevralın 24-də atışma müvəqqəti olaraq dayansa da, 25-i saat 11-12 radələrindən artıq şiddətlənməyə başladı. Zülmət küçələri tanklardan, toplardan, pulemyotlardan çıxan işıqlar aydınladırdı. Güc-bəla ilə özümüzü Qarqar çayına çatdırdıq, tək ümidimiz Kətik meşəsi ilə gedib Ağdama çatmaq idi. Meşədə 2 gün yol getdik, çünki yolu itirmişdik. Ağdama çatmağımıza 10-ca dəqiqə qalmış əsir düşdük.

          Söhbət zamanı Zənurə xanım əsirlikdə olarkən yaşadığı faciələrədn, gördüyü işgəncələrdən, insanların başına açılan müsibətlərdən də danışdı: “Bizi meşədən Əsgəran şəhərinin köhnə polis idarəsinin zirzəmisinə gətirdilər. Həmin zirzəmidə kişili-qadınlı, uşaqlı, bəlkə də, yüzdən çox adam var idi. Zirzəminin divarında balaca bir pəncərə var idi. Pəncərədən boylanıb çölə baxdıqda sanki, qorxulu bir film izləyirdik. Bizi burda 2 gün saxladıqdan sonra Ağdam sərhədinə əsirlərlə dəyişməyə gətirdilər”.

          Beləliklə, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalıda genosid aktı həyata keçirtdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı 7 min əhalidən burada yalnız 3 minə yaxın adam qalmışdı. Bir ilə yaxın zaman ərzində blokada vəziyyətində olduğu üçün insanlar şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.

Xocalı soyqırmına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırım aktı kimi qeyd edilməyə başlandı. Xocalı faciəsini “həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi” adlandıran ulu öndər Heydər Əliyevin səyi nəticəsində soyqırım aktı lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Görkəmli dövlət xadimi Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqey, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin  törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun müddət dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqlarında vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Xocalı soyqırmı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquq uyğun olaraq sivilizasiyalı dünya tərəfindən məhkum olunmalıdır”. Bu da yetməzmiş kimi rəhbərlik bu faciəni xalqımızdan 3 gün gizlətmişdir.

         Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin dövlət-xalq-ordu birliyindən doğan dəmir yumruqla Ermənistanın başından vurduğu zərbə onları yatdıqları şirin yuxudan oyatdı. Bu Qələbə ilə 30 illik həsrətdən sonra beşiyi Şuşa qalası, laylası “Qarabağ şikəstəsi” olan əzəli-əbədi Qarabağ öz sahiblərinə qayıtdı. İllərdir, beynəlxalq təşkilatların səsləndirdiyi saxta “Xocalıya ədalət!” şüarı altında bərpa edə bilmədiyi ədaləti Azərbaycan xalqının rəşadətli ordusu 44 gündə qazandı və erməni işğalçılarına gecə ilə biabırçı şəkildə hərbi təslim aktını imzalatdı. O müdhiş gecədə Xocalıda körpə uşaqların ah-naləsi, minbir əzab-əziyyətlə öldürülən şəhidlərin pak qanı üzərində qurmaq istədikləri qondarma rejimin barrikadalarını dağıdan ordumuz tarixə bu qələbəni qızıl hərflərlə yazdı. Erməni daşnakları son nəfəslərində belə öz çirkin xislətlərini gizlətmədi, gedərkən ev-eşiklərinə od vuraraq bir daha bu torpaqlara qayıda bilməyəcəklərini anladıqları üçün öz meyitlərini belə məzardan çıxardıb özləri ilə apardılar.

    Eşidirsənmi, Xocalı? Artıq “Qarabağ şikəstəsi” yanıq dildə oxunmur. 30 ildən sonra Gövhər ağa məscidindən “Allahu Əkbər” sədası ucalır. Görürsənmi, Xocalı? Şuşa qalasından üç boyalı, üç mənalı və hər mənasında bir tarix yatan Azərbaycan Bayrağı dalğalanır. Gözün aydın, zəfərin daim olsun, gələcəyi əbədi nura qərq olan Azərbaycanım!

 

Məcid ƏKBƏROV

    

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR