22 Dekabr 2024, Bazar

Xalqımızın qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan, milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilən Novruz ən qədim bayramlarımızdan biridir. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynamışdır. Ömrünü torpağa bağlamış əkinçi əcdadlarımız hər yazın gəlişini, həyatın yeniləşməsini səbirsizliklə gözləmiş və sevinclə qarşılamışlar. Bu sevinc bir çox bayramlarda, mərasimlərdə təcəssüm etmişdir. 

 Novruz adət-ənənə, mərasim sistemi olaraq elə bir qlobal humanizm məzmununa, elə tarixi qədimliyə və mədəni-mənəvi zənginliyə malikdir ki, bu sistemin içində xalqların milli adət-ənənə tarixi öz əksini tapır. Novruz bayramı keçmiş zamanlardan üzübəri yazın gəlişi, otların cücərməsi, təbiətin oyanması və digər təbiət hadisələri ilə müşayiət edilib. Dərin kökləri ilə Azərbaycan mədəniyyətinin uzaq keçmişindən xəbər verən Novruz bayramı xalqımızın həyatında özünəməxsus yer tutur. Xalqımız bu bayramı çox yüksək səviyyədə keçirir.

Yeni gün anlamını verən Novruz xalq təqvimi ilə Çilləbeçənin axırında, yəni qışın bitib yazın girdiyi, gecə ilə gündüzün bərabərləşdiyi gün mart ayının 20-21-i keçirilir. Həmin gün bayram bütün evlərdə xüsusi olaraq qeyd olunur. Həyətlərdə od qalamaq isə Novruz bayramının əsas simvollarından hesab edilir. Od Günəşin, istiliyin yerdəki rəmzi sayıldığı üçün insanlar Novruz bayramında od qalamaqla qışın bütün qada-bəlasından xilas olduqlarına inanırlar. Xalq arasında belə bir inanc da var ki, odu insanlara Günəş bağışlayıb. Bayramda odun rəmzi kimi yumurtaları qırmızı rəngə boyamaq, səməninin ortasına qırmızı parça bağlamaq, Kosanın qırmızı paltar geyinməsi də məhz bu inamla bağlıdır.

Novruz adət-ənənələrinin zənginliyi ilə də digər bayramlardan fərqlənir. Yumurta toqquşdurmaq, papaq atmaq, xoruz döyüşdürmək, səməni cücərtmək kimi maraqlı adətləri xalqımız illərdir, qoruyub saxlayır. Babək rayon sakini Roza nənə deyir ki, Novruz çox mübarək bayramdır. Bayrama bir neçə həftə qalmış insanlar ev-eşiklərini təmizləyər, bayram üçün hazırlıq görərlər. Bayram günündə evlərdə süfrə açılar və süfrəyə növbənöv şirniyyatlar, çərəzlər və bir çox bayram nemətləri düzülər. Yeməklər arasında bayram aşı mütləq olmalıdır. Aş süfrəyə gətirilərkən ailə üzvlərinin sayına görə süfrəyə şam yandırıb qoyurlar. Gün batan kimi uşaqlar bir yerə cəm olub, dəstələnib qapı-qapı gəzib bayram payı yığarlar.
Bayram tonqalı üzərindən atlanarkən hər dildə bu kəlmələr səslənər:

Ağırlığım, uğurluğum odlara
Yazda mənlə hoppanmayan yadlara.

Müsahibimiz deyir ki, bayram ərəfəsində yeni gəlin köçmüş qızlara bayram xonçası aparılır. Hər xonçada isə adətə uyğun olaraq yeddiləvin olmalıdır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirniyyatın müxtəlif növlərindən aparır. Şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddiləvin” yaxud da “yeddi lövün” adı verilmişdir. Bununla yanaşı, el arasında bir neçə ayinlər də var ki, məhz Novruz bayramı ərəfəsində həyata keçirilir. Həyətdə bar verməyən ağacın dibinə xına basdırılır və ağacın gövdəsinə bayram aşının yağı çəkilir. Bayram tonqalının külü yığılaraq bala verməyən heyvanların üzərinə səpilir. İnanılır ki, bu ayinlə ağaclar bar, qısır, heyvanlar isə bala verəcək. Digər bir ayində isə niyyət edən şəxs bayram axşamı ayaqqabısını hündür bir yerə atır. Sabah gedib ayaqqabıya baxır, əgər ayaqqabı düzdürsə, niyyəti qəbul olacaq, yox, əgər ayaqqabı düz deyilsə, niyyəti qəbul olmayacaq.
Milli dəyərlərimizi və adətlərimizi bu gün də qoruyub yaşadan, özünəməxsus adətləri ilə seçilən Ordubad rayonunda Novruz adətlərindən biri də “Xan bəzəmə” mərasimidir. Hər il Novruz bayramında Ordubadda üç gün “Xan” bəzəyirlər. Bir nəfərin əməlli-başlı “əsl” xan kimi geyindirirlər. Başına tac qoyurlar. Meydanda hündür bir taxt düzəldib “Xan”ı oturdurlar. İki nəfər balaca uşaq “Xan”ı yelpiklə yelləyir. Kim istəyir könüllü ona nökər, qulluqçu olur.
Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. “Xan” əmr verir. Hamı çalıb oynayır. Hərə öz qabiliyyətini nümayiş etdirir. Burada “Təlxək”lər də olur. Onlar “Xan”ı güldürməyə çalışırlar. “Xan” isə gülməlidir. Əgər gülsə, onu suya basırlar, təzə “Xan” seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər “Xan” üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır, yox, əgər bunu bacarmırsa, taxtdan salınır. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, etnoqraf Asəf Orucov deyir ki, Novruz bayramında bir çox ölkələrdə mərasimlər təşkil olunsa da, “xanbəzəmə” oyununa daha çox Naxçıvan regionunda rast gəlinir.

Novruz bayramı həm də özünəməxsus atributları ilə zəngindir. Səməni cücərdilməsi bu atributlar içərisində yaşı çox qədimlərə dayanan adətdir. Baharın gəlişini simvolizə edən səmənini il təhvil olandan sonra süfrəyə qoymaq isə təbiətin canlanmasından xəbər verir. Bayram ərəfəsində bütün evlərdə səməni göyərdilib süfrələrə qoyurlar. Səməni ilə bağlı daha bir adət səməni halvası bişirməkdir. Bu günlərdə Ordubadda qonağı olduğumuz evin sahibi Almaz xanım bizə bu milli mətbəx nümunəsi haqqında da məlumat verərək dedi ki, səməni halvasını bişirmək asan olmadığı üçün bunu hər adam yox, xüsusi səriştəsi olan qadınlar bişirə bilərlər. Bunun üçün böyük tabaqlara buğda töküb isladırlar. Buğda göyərib, rişələri bir-birinə yapışdıqdan sonra onu parça-parça doğrayıb əzərlər. Onun ağrəngli rişəsini sıxıb qablara yığarlar. Sonra ona bir qədər su qatar, ocaq qurub mis qazanlarda qaynadarlar. Bişənə yaxın rəngi yavaş-yavaş qızarar. Onun içinə qoz, fındıq tökərlər. Halva hazır olduqdan sonra ailə üzvləri niyyət edib qazana bir ədəd şəkər atar, qapağının üzərinə isə ayna və daraq qoyarlar. Gecə hamı oturub gözləyər ki, filankəsin səmənisi qəbul olacaq, ya olmayacaq. Əgər səməni şirin çıxsa, demək qəbul olunub, əgər şirin deyilsə, deməli, qəbul olmayıb. Rəvayətə görə, Nuh Peyğəmbər gəlib halvadan tamsınar (dadar), saçını darayıb həmin ocaqdan ayrılar. İnanca görə sözügedən ayin baş tutarsa, aynanın üzərinə barmaq izləri düşər və həmin il evdə ruzi-bərəkət çox olar. Novruzda bişirilən şirniyyatlar içərisində Ordubad paxlavasının, şəkərburasının, qozlu Ordubad dürməyinin öz yeri, öz dad-tamı var.
Naxçıvanın bütün bölgələrində Novruz axşamının səhəri günü ağsaqqalları, ağbirçəkləri görmək adəti uzun illərdir, yaşamaqdadır. Ancaq bir sıra rayonlarımızda, kəndlərimizdə bu adət-ənənə Novruz günü deyil, ilin son çərşənbəsi günü olur. Səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedər, evə su gətirər, həmin suyu həyət-bacaya səpərlər. Sonra cavanlar bir alma ilə də olsa, qonşuları, ağbirçəkləri yad edər, onlara bayram təbrikləri çatdırar, yaslıları yasdan çıxararlar.
Almaz xanım deyir ki, bayram günü milli mətbəximizin növbənöv nemətləri hazırlanaraq süfrələrə düzülür. Çərşənbə günü hər evdə çoxlu yumurta boyayar, onların bayramçalıq kimi qonşu uşaqlarına verərlər. Çərşənbə günü kən­dlərimizin çoxunda Novruz günündə olduğu kimi plov bişirərlər. Plovun üz-gözünü isə zövqə görə fərqli hazırlayarlar. Kimisi əti göy-göyərti ilə bişirib plovun yanına qoyar, kimisi də ətin yanına qovrulmuş, bişirilmiş ərik, almaxara, xurma, şabalıd və sair qoyar ki, buna el arasında “şirin plov” da deyərlər. Adətən, həmin gün evlərdə aş mütləq bişirilsə də, bəzi bölgələrdə fərqli yemək növlərinə də yer verilir. Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Sədaqət Nemətova deyir ki, Şərur rayonunun Çərçiboğan kəndində mütləq Novruz bayramı günü daş küftəsi hazırlanmalıdır. Bu ənənə kənddə illərdir ki, davam etdirilir.
Milli dəyərlərinə hər zaman sadiq qalan xalqımız milli birlik bayramımız olan Novruzu qoruyaraq əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürüb. Qeyd edək ki, milli adət-ənənələrimizi, dəyərlərimizi qoruyub saxlamaq baxımından hər zaman nümunə sayılan Naxçıvanda insanları daim sevgiyə, yoldaşlığa, paylaşmağa çağıran Novruz bayramı ümumxalq şənliyi səviyyəsində qeyd olunur. Qədim diyarımızın sakinləri milli kökə və adət-ənənələrə qırılmaz tellərlə bağlı olduğu üçün diyarımız bu Novruzda həm də torpaqlarımızın ərazi bütövlüyünün tamamilə bərpa olunmasının, tarixi Qələbənin sevincini yaşayır, bu Qələbədə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan, xalqımızı öz halal torpaqlarına qovuşduran igid, qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad edilir, onların məzarları ziyarət edilir, doğmalarına baş çəkilir, adlarına ehsanlar verilir. Həmişəyaşar el bayramımız Novruz xalqımızın həyatsevərlik, birlik, həmrəylik, ana təbiətə, doğma yurda, torpağa bağlılıq rəmzi kimi milli ruhumuzda hər zaman yaşayacaq:

Bahar gəlir, aləmə nur ələnir,
Çöllər, düzlər yaşıl dona bələnir,
Qız, gəlinlər deyib-gülüb, əylənir
Xoş gəlibdi yurdumuza Novruzum.

P.S. Sovet imperiyasının tərkibində olduğumuz müddətdə Novruza “dini bayram” damğası vurularaq bayramın təşkil edilməsinə icazə verilmirdi. Ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından sonra apardığı məqsədyönlü siyasət nəticəsində milli birlik rəmzimiz olan Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlandı. Uğurlu siyasətin nəticəsidir ki, 2009-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Qərarına əsasən Novruz çoxmillətli nominasiya kimi Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildi. 2010- cu ildə isə BMT Baş Assambleyasının iclasında mart ayının 21-i “ Beynəlxalq Novruz Günü” elan edilib.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR