Budəfəki yazımızın mövzusu mənfur düşmənlə üz-üzə məğrur dayanaraq, dosta fəxarət, düşmənə gözdağı olan yurd yerimiz Şərur rayonunun Havuş kəndidir. Bu yaşayış məntəqəsi haqqında çox eşitmişəm. Ötən əsrin səksəninci illərinin sonlarında kənd adamlarının əsl sərhədçi ömrü yaşamaları, düşmən qabağında qəlblərində yurda sevgi, məhəbbət hissləri ilə məğrur dayanmalarını da bilirəm. Ancaq kəndə ilk dəfədir ki, getmək imkanı qazanmışam. Bir-birini əvəz edən, hamısı da son illərdə quruculuq tədbirlərindən öz bəhrələrini alan kəndlərdən keçirik. Gördüklərimiz qəlbimizə bir hərarət gətirir. Axura kəndindən sonra sıldırım qayaların qoynunda ilan kimi qıvrılan yolla həmin ünvana çatmağa tələsirik. Bu yerdə yadıma bir şeirin misraları düşür:
Xınalı kəkliyin nəğməsi bol-bol,
Çeşmələr çağırır, gəl mehmanım ol,
Görən hara qalxır dolanan bu yol?
Çılğın qayaların mehi nə xoşdur –
Bura Havuşdur.
Vüqarlı dağları geridə qoyaraq irəlilədikcə burada yaşayan insanlara rəğbətimiz artır. Sərt iqlim şəraitində ömür sürənlərin həyat tərzi məndə daha da maraq oyadır. Budur, uzaqdan dağların qoynunda qərar tutmuş Havuş, kəndi mənfurlardan qoruyan Silahlı Qüvvələrimizin hərbçiləri görünməkdədir. İnsanların burada, düşmənlə bir addımlıq məsafədə arxayın yaşamasının əsas səbəbini anlamaq heç də çətin deyil. Kəndə yaxınlaşırıq. Bizi ilk qarşılayan kəndin girişində yerləşən və təmir olunaraq insanların istifadəsinə verilən “Şırnalı bulaq” olur. Bulağın buz kimi suyundan içdikdən sonra yolumuza davam edirik. Artıq mənzilbaşına çatmışıq.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Camalov ilə kəndlə tanışlığımız başlayır. O deyir ki, Havuş rayon mərkəzindən, təxminən, 30-35 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 2 min metr hündürlükdə yerləşir. 57 sakin əl-ələ verərək, əsasən, heyvandarlıq və arıçılıqla məşğul olur. Onlar həyətyanı sahələrində tərəvəz əkib-becərir, müxtəlif meyvə sortları yetişdirirlər. Kənddə hektarlarla cəviz, alma bağı vardır. Əkin üçün az əlverişli olan torpaqlarımızın, demək olar ki, çox hissəsindən otlaq və biçənək kimi istifadə edirlər. Bununla da gün-güzəranlarını yaxşılaşdırırlar.
Arzuman Camalov deyir ki, muxtar respublikamızda aparılan abadlıq-quruculuq tədbirləri bizim Havuşdan da yan keçməyib. Son zamanlarda burada aparılan quruculuq işləri, sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər bir vaxtlar kənddən köçüb başqa ünvanlarda məskunlaşan sakinlərin yenidən doğma yurd-yuvaya qayıtmasına geniş imkanlar açıb. Kənddə tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir ki, bu da ucqar dağlıq ərazidə yaşayan insanlara olan qayğının bariz nümunəsidir.
Yeni ünvanlarda yaradılan şəraitlə tanış olmaq istəyimi bildirirəm. Həmin ünvanlardan biri müasir məktəb binasıdır. Yadıma ümummilli liderimizin “Təhsil millətin gələcəyidir” deyimi düşür. Məktəbin direktoru Mehman Həsənovla həmsöhbət oluruq. Əvvəlcə ondan kəndin etimologiyası barədə soruşuram. Deyir ki, gözəl təbiəti, bumbuz bulaqları, fauna və florası zəngin olan yurd yerimizin tarixi xeyli qədimə dayanır. Bunu ən qədim yaşayış məskənlərindən biri sayılan Havuş mağarası da sübut edir. Kənddə “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ilə səsləşən “Qız qalası” (el arasında “Qız evi”), “Tamaşalıq”, “Sarıbulaq”, “Gəlin qayası”, “Çıraqxana”, “Hellangələn”, “Dəlikdaş”, “Xangəldi”, “Təkarmud”, “Havuş piri” kimi yer adları da var. Vüqarla sıraya düzülən dağlardan axıb gələn gur şəlalə isə Havuşa ayrı bir gözəllik verir. Məktəbimizə gəldikdə isə burada istər müəllimlər, istərsə də şagirdlər üçün lazımi şərait yaradılıb. Məktəb 60 şagird yerlikdir. Uşaqlarımızı vətənpərvər ruhda tərbiyə etmək üçün əlimizdən gələni edirik. Çünki gələcəkdə Vətənimizin müdafiəçiləri olacaq gənclərdə vətənpərvərlik hissləri formalaşdırmaq ilk olaraq məktəbin üzərinə düşür. Pedaqoji kollektiv bu vəzifənin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edir. Bu istiqamətdə sinifdənxaric və məktəbdənkənar tədbirlərə geniş yer veririk. Mehman müəllim onu da qürur hissi ilə xatırladır ki, Azərbaycan Ordusunun sentyabr ayının 27-də erməni silahlılarına qarşı əks-hücum əməliyyatlarına başlaması və tarixi Qələbə qazanması məktəbimizdə, həmçinin kənddə sevinc hissi ilə qarşılandı. Bununla bağlı yığıncaq keçirdik, şəhidlərimizə rəhmət dilədik, qazilərimizə sağlamlıq arzuladıq. Uşaqlar ordumuzu, qələbəmizi tərənnüm edən şeirlər söylədilər.
Məktəbdə təhsil alan şagirdlərlə də görüşdük. 8-ci sinif şagirdi Əfruz İbrahimova deyir ki, biz bu kənddə yaşamağımızla qürur duyuruq. Burada bizim yaxşı təhsil almağımız üçün hər cür şərait yaradılıb. Şəhər məktəblərində olduğu kimi, elektron lövhəli sinif otaqlarımız var. Digər məktəblərdə təhsil alan yaşıdlarımızla distant qaydada fikir mübadiləsi apara bilirik. Məktəbimizdə müxtəlif fənn laboratoriyaları da yaradılıb. Mənim ən çox sevdiyim fənn isə Azərbaycan tarixidir. Çünki biz gözümüzü açandan mənfur düşmənlərimizin tarixboyu xalqımızın başına gətirdikləri fəlakətləri eşidərək böyümüşük. Tarixən yaşadığımız bütün ağrı-acılar onlara nifrətimizi daha da artırıb.
Sonra kəndlə tanışlığımızı davam etdirir, sakinlərlə görüşmək üçün onların evlərinə üz tuturuq. Buradakı hərbi hissənin əsgərləri ilə yerli əhalinin səmimi münasibətlərini gördükcə xalq-ordu birliyinin bir daha şahidi oluruq. Üz tutduğumuz evdə bizi Pəri İbrahimova qarşılayır. Salamlaşıb hal-əhval tuturuq. İlk sualımız belə olur: – Mənfurlarla üz-üzə yaşayırsız. Bu sizi qorxutmur ki?
Pəri xanım çox məntiqli cavab verir: – Qorxsaq burada niyə yaşayırıq? 1990-cı illərin hadisələrində bu yerlərdə güllə yağışından baş qaldırmaq mümkün deyildi. Mənfur düşmənin hücumları nəticəsində yaşayış evlərimiz dağıdılırdı. Lakin həmin vaxtlarda belə, kənd sakinləri heç bir yerə tərpənmədən kəndimizin müdafiəsinə qalxdılar. Bu gün Havuşda yaradılan şərait düşmənə gözdağıdır. İndi biz evlərimizdə rahat şəraitdə yaşayırıq. Ucqar yaşayış məskəni olmasına baxmayaraq, evlərimiz mavi yanacaqla, fasiləsiz enerji ilə təmin olunub. Bir zamanlar şəhərlə kənd arasındakı olan kəskin fərq illərdir ki, aradan qaldırılıb. Heç bir çətinliyimiz yoxdur. Heyvan saxlayır, müxtəlif meyvələr yetişdiririk. Havuşda yetişdirilən meyvələr öz dad-tamı ilə məşhurdur. Yabanı halda bitən əppəkli, qaraca, yemişan, dağarmudu, həmərsin, kəklikotu, qantəpər, digər meyvə və dərman bitkiləri isə min bir dərdin dərmanıdır ki, həmin nemətləri yayda toplayır, qurudur, qış aylarında da istifadə edirik.
Bu yurd yerinin zəhmətkeş, məğrur insanları ilə söhbət məndə böyük qürur hissi yaratdı. Kəndi tanıyana qədər muxtar respublikanın bir neçə sərhəd yaşayış məntəqəsində olmuş, həmin ünvanlarda yaradılan şəraiti görmüşdüm. Demək istəyirəm ki, bu gün qədim diyarımızın hər bir kəndi, qəsəbəsi, rayon mərkəzi hərtərəfli qayğı əhatəsindədir. Bu sırada sərhəd kəndləri öndə gedir. Həmin ünvanlarda yaşayan sakinlərdə qurub-yaratmaq əzmini yüksəldir. Havuşlular da eləcə…
Telli MƏMMƏDOVA