Qədim diyarımız Naxçıvan bir qərinəyə yaxındır ki, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Şərur rayonu da bu inkişafdan öz payını alıb. Yaxın günlərdə bölgənin Qarabürc kəndində yaradılan şərait də bunun əyani sübutudur. Bu kəndə ezamiyyətə gedərkən hamar, qara örtüklü yollarla ünvana doğru irəlilədikcə düşünürəm ki, abad yol iqtisadiyyatın göstəricisidir.
Bəli, bu gün muxtar respublikamızda istənilən ucqar dağ və sərhəd kəndlərinə belə, üz tutduqda yolların rahatlığına heyran olmaya bilmirsən. Ənənəmizə sadiq qalaraq yola düşməzdən əvvəl kəndin adı haqqında araşdırma da aparmışdım. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun “Naxçıvanın oykonimləri” kitabından öyrənmişdim ki, bu ad Qaraburc qalasının adı ilə bağlı yaranıb. “Qara” və “burc” tərkib hissələrindən ibarət olan adın birinci tərəfi “böyük, nəhəng”, ikinci tərəfi isə “qala, səngər” mənalarında işlənərək “böyük, nəhəng qala” anlamını verir. Bu barədə düşüncələrdən sürücünün səsi ayırır məni: – Gəlib çatdıq, bu da Qarabürc. Kənd ilk baxışdan insanı heyran edəcək mənzərə ilə qarşılayır. Ötən ay istifadəyə verilən kənd və xidmət mərkəzlərinin və məktəbin görüntüsü bu yurd yerinə füsunkar bir gözəllik bəxş edib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sücəddin Orucovdan aldığımız məlumata görə, burada 590 sakin yaşayır. Sakinlər heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Yurd yeri qoçaq insanların məskənidir. Lakin uzun müddət burada müasir infrastrukturun olmaması insanların yaşayışına öz təsirini göstərirdi. Dövlətimizin qayğısı nəticəsində bizim kəndimiz də firavan günlərinə qovuşdu. Burada 2 mərtəbəli kənd mərkəzi tikilib istifadəyə verilib. Binada polis sahə, baytarlıq məntəqələri, bələdiyyə, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və poçt bölməsinin fəaliyyəti üçün geniş şərait yaradılıb. Həmçinin kənd mərkəzində insanların sağlamlığının qeydinə qalmaq üçün feldşer-mama məntəqəsinə də yer ayrılıb.
Kənd mərkəzindən sonra müasir təhsil şəraiti yaradılan məktəblə tanış oluruq. Məktəbin direktoru Zülfiqar Məmmədov bildirir ki, əvvəlki məktəb təlim-tədris prosesi üçün aşağı səviyyədə idi. Bu səbəbdən də əziyyətimiz az olmurdu. Lakin bu gün gördüyünüz şəraiti izah etmək üçün sözün gücü çatmır. 120 şagird yerlik 3 mərtəbədən ibarət olan təhsil ocağında fizika və kimya-biologiya laboratoriyaları, şahmat kabinəsi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı istifadəmizə verilib. Yəni ən yüksək səviyyədə təhsil almaq üçün hər cür şəraitimiz var. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məktəbimizin açılışında demişdir: “Pedaqoji kollektivin formalaşması, yaradılan şərait imkan verir ki, növbəti tədris ilində Qarabürc kənd ümumi orta məktəbi tam orta məktəbə çevrilsin. Bunun üçün lazımi tədbirlər görüləcək. Müəllimlərin üzərinə düşən vəzifə isə yaradılanlardan istifadə etməklə tədrisin səviyyəsini yüksəltmək, vətənpərvər gənclərin yetişdirilməsinə diqqəti artırmaqdır. Məktəbdəki əyani vəsaitlər imkan verəcəkdir ki, tədris şagirdlərə əzbərləməklə deyil, qavrama yolu ilə öyrədilsin. Ötən tədris ilində məktəbin 9-cu sinif bazasından iki şagirdin Heydər Əliyev adına Hərbi Liseyə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunması məktəbin nailiyyətidir”. Məktəbimizin pedaqoji kollektivi bu dəyərli fikirlərlə qürur duymaqla yanaşı, həm də onu fəaliyyət proqramına çeviriblər.
Məktəbdəki şərait bizdə də böyük sevinc hissi yaradır. Təhsil ocağının qazandığı uğurlarla tanış olmaq istəyirik. Öyrənirik ki, məktəbin şagirdləri test-sınaq imtahanlarında, fənn olimpiadalarında, müxtəlif idman yarışlarında, müsabiqələrdə fəallıq göstərirlər.
Xidmət mərkəzində yerləşən ərzaq mağazasından alış-veriş edərək evinə gedən Asif Ağayevlə tanış oluruq. 65 yaşlı Asif dayı müxbir olduğumuzu bilən kimi böyük sevinclə əlindəki ərzaqları göstərərək deyir: “Ay qızım, evimizin qarşısındaca yerləşən mağazada hər şey var. Çox asanlıqla kənd sakinləri bu xidmət mərkəzindən lazım olanları əldə edə bilirlər. Elə kənd mərkəzindəki xidmətlər də ürəyimizcədir. Bütün bunlar biz sakinlərə göstərilən diqqət və qayğının nümunəsidir. Yollarımıza baxanda isə insanın ürəyi lap dağa dönür. Çünki bir vaxtlar yolumuzun bərbadlığı səbəbindən əziyyətimiz çox olub. Maşınlarımız kəndə gedib gəlməkdə problemlərlə üzləşirdi. Artıq bu çətinliklər yaşanmır”.
Asif dayı ilə söhbət edə-edə onun evinə yaxınlaşırıq. Burada bizi evin xanımı Cəmilə xala qarşılayır. Cəmilə xala öz həyətində ocaq qurub qış tədarükü görür – Naxçıvan qovurması hazırlayır. Elə söhbətimizə ocaq başındaca davam edirik. Adı dillər əzbəri olan qovurmanın hazırlanma qaydasını danışan Cəmilə xala deyir ki, qışa hazırlığın ən son mərhələsi qovurma mövsümüdür. Lakin buna hazırlıq erkən yazdan başlayır. Mart ayında doğulan quzulardan ən yaxşısı seçilir və payıza kimi bəslənilir. Elə ki vaxtı gəldi, həmin heyvan kəsilib soyulur. Lakin onu qovurmalıq üçün hər adam doğraya bilməz. Kəndlərimizdə bu işi bilənlər vardır ki, qovurma hazırlananda onlar mütləq köməyə çağırılırlar. Ət doğrandıqdan sonra yaxşıca yuyulur. Bu arada bir kənarda heyvanın quyruğu doğranıb, qazana yığılıb ocağa qoyulur ki, əriməkdə olsun. Ət yuyulduqdan sonra onu böyük qazanda qaynamağa qoyuruq. Lakin işimiz bununla bitmir. Əsas məsələ də elə buradan başlayır. Çünki ət qaynara düşdümü, diqqətli olmaq lazımdır ki, onun kəfi tam yığılsın. Əks halda təngovun rəngi qaralar və əti kəf basar. Qaynayıb bişdikdən sonra suyunu süzüb əti qızartmaq üçün ləyənə tökürük. Diqqət etmək lazımdır ki yaxşı qızarsın və duzu yerində olsun. Qızardıqdan sonra əti əvvəlcədən hazırlanmış qovurma qablarına yığıb öz yağını da üstünə tökürlər. Çünki onun yağı özünü basmalıdır. 15-20 gündən sonra qovurma tam dadın alır.
Cəmilə xala ilə söhbətimizdə onu da öyrənirik ki, o, qış hazırlığında qovurma ilə kifayətlənməyib, müxtəlif turşular, yeməklər də hazırlayıb.
Bu zəhmətkeş ailə ilə sağollaşarkən öyrənirik ki, kənddə ailə təsərrüfatçıları da var. Onlardan biri də Qəşəm Kərimovdur. Onun yaşadığı evə üz tuturuq. Təsərrüfat başçısı deyir ki, 15 ildən artıqdır, sahibkarlıqla məşğul olur. 8 hektar ərazidə meyvə bağı salan Qəşəm müəllim onun 5 hektarında alma, 3 hektarında isə ayrı-ayrı meyvə sortları yetişdirir. Payızda yığılan məhsulun böyük əksəriyyətini Naxçıvan şəhərində ənənə halını almış kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında və elə bağındaca satan bu zəhmətkeş insan 80 tonluq soyuducu anbar da tikdirib. Deyir ki, payızda qalan məhsulu bu anbarda qışa saxlayır. Beləliklə, bazarlarımızda qıtlıq yaranmamasına öz töhfəsini verən Qəşəm müəllim təkcə bununla da kifayətlənmir. Belə ki, o, icarəyə götürdüyü torpaqlarda qarğıdalı və buğda əkini ilə də məşğul olur. Təkcə cari ilə 31 hektar sahədə qarğıdalı, 10 hektar sahədə buğda əkən sahibkar yaxşı yaşamağın sirrini zəhmətdə görür: “Ay qızım, atalarımız boş yerə deməyiblər ki, iş insanın cövhəridir. İşləməyən dişləməz. Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir. Xoşbəxtliyin açarı zəhmətdə, alın tərindədir. Səadətə, xoş günlərə gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir. Mən ata-babalarımdan belə görmüşəm. Onlar altı da, üstü də qızıl olan torpaqdan bərk-bərk yapışıblar. Mən də bu gün övladlarıma bunları öyrətməyə çalışıram. Elə bilirəm buna nail olmuşam ki, onlar da torpaqdan ikiəlli yapışıblar. Dövlətimiz sağ olsun, bizim üçün istənilən şəraiti yaradıb. İstər toxum, gübrə sarıdan, istər sahibkarlıqla məşğul olmaq istəyən kəndlilərə subsidiyaların verilməsində, istərsə də istehsal etdiyimiz məhsulların yarmarkalara çıxarılmasında heç bir çətinliyimiz olmur. Kəndli də daha nə istəyə bilər ki…”
Sahibkarla şirin söhbətə dalıb zamanın necə keçdiyinin fərqinə varmadan günün sonuna yaxınlaşırıq. Artıq qayıtmağın vaxtıdır. Sevinirik, qürur duyuruq ki, doğma Vətənimizdə belə qurub-yaradan əllər və Asif dayı, Cəmilə xala, Qəşəm müəllim kimi yaradılan şəraitdən istifadə edərək yurduna, ocağına bağlı insanlarımız var.
Telli MƏMMƏDOVA