Sülhsevər siyasəti ilə dünya ölkələrinə nümunə olan respublikamızda müstəqilliyimizin qorunması və mənfur ermənilərin elan olunmamış müharibə nəticəsində işğal etdikləri torpaqlarımızın geri qaytarılmasında güclü Milli Ordunun yaradılması dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilib, bu sahədə mühüm nailiyyətlər qazanılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu dövlətçilik siyasəti nəticəsində yaradılmış və hazırda ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə hərtərəfli inkişaf edən Milli Ordumuz regionun ən güclü ordusuna çevrilərək digər ölkələrin ordularına nümunə kimi göstərilir.
Məlum olduğu kimi, sentyabr ayının 27-si saat 600 radələrindən etibarən mənfur düşmənlər yenidən atəşkəs rejimini pozaraq ordumuzu və cəbhəboyu ərazilərdə yerləşən kəndlərimizi atəşə tutmağa başladılar. Ordumuzun çevikliyi sayəsində adekvat cavab tədbirləri görüldü və bu gün Ali Baş Komandanın göstərişi ilə işğal altındakı torpaqlarımızın azad olunması yolunda genişmiqyaslı əməliyyatlar aparılır. Ölkə rəhbərinin iradəsi əsasında Milli Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminatı və müasir standartlar səviyyəsində qurulması qələbənin uzaqda olmadığını göstərir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkə ərazisində qismən səfərbərlik elan edilməsi də insanlar arasında böyük sevincə səbəb olmuş, minlərlə gənc könüllü şəkildə Vətənin müdafiəsinə qalxmışdır. Elə biz də bütün bunlar barədə məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutduq. Xidmətin Səfərbərlik şöbəsinin baş zabiti Nurlan Məhərrəmovdan aldığımız məlumata görə, həmin sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da ehtiyatda olan yüzlərlə hərbi rütbəli zabit Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin komplektləşdirilməsi üçün hərbi xidmətə yola salınıb.
Müsahibim bildirdi ki, 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də çox vacib addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan ordumuz öz bacarığını döyüş meydanında bir daha sübut edir. Hər bir Azərbaycan vətəndaşı müzəffər ordumuzun sıralarına qoşularaq əldə silah mənfur düşmənin başını əzməyə can atır. Yaşından, peşəsindən asılı olmayaraq, vətəndaşlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə çoxsaylı müraciətlər edərək cəbhəyə yollanmaq istəyirlər. Bütün bu müraciətlər qeydiyyata alınır.
Azərbaycanda xalq, ordu və dövlətin birgə fəaliyyətinin ən uğurlu nümunəsi var. Bunun nəticəsidir ki, hazırda gedən döyüşlərdə Azərbaycanın igid oğulları torpaqlarımızı mənfur düşmənlərdən azad edir, həmin ərazilərdə üçrəngli şanlı bayrağımızı dalğalandırır, bunları edərkən dövlətimizin və xalqımızın hər bir üzvünün dəstəyini daim hiss edir.
Bütün bu birgə işin, həmrəyliyin, yüksək əhval-ruhiyyənin nəticəsidir ki, Azərbaycan Ordusu işğal altında olan bəzi ərazilərimizi artıq azad edib və dayanmadan düşmənə sarsıdıcı zərbələr endirərək irəliləyir.
Məlumdur ki,bu günlərdə düşmən təxribat törətmək məqsədilə bir sıra şəhərlərimizi, kəndlərimizi atəşə tutur, mülki vətəndaşlarımızı hədəf alır. Amma buna baxmayaraq, həmin ərazilərdə yaşayanların yüksək əhval- ruhiyyəsi Ermənistan tərəfini ciddi təşvişə salır.
Sevindirici haldır ki, ölkə daxilində və xaricdə yaşayan həmvətənlərimiz vətənpərvərlik nümayiş etdirir, Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak edir, müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələri faktlar əsasında susdururlar.
Müsahibimin sözlərinə görə, birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun bu cür yüksək səviyyədə olduğu bir ölkədə hansısa problemlərdən, yaxud onların həllinin çətinliklərindən danışmaq qeyri-mümkündür. Əminik ki, dövlətimizin uğurlu siyasəti, müdrik xalqımızın ruh yüksəkliyi, mərdliyi, inam və Vətən məhəbbəti, güclü ordumuz sayəsində bu ciddi mübarizənin öhdəsindən gələcək, Qarabağımızı işğaldan azad edəcəyik.
Digər bir müsahibimiz isə ehtiyatda olan hərbi rütbəli Mahir Hüseynovdur. Qarabağ müharibəsinin canlı şahidi olan müsahibim deyir ki, indiki ordumuzla ovaxtkı ordumuzu yanaşı qoymaq mümkün deyil. Çünki 1992-ci ildə güclü, vahid nizami ordumuz yox idi. Bu gün isə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Ali Baş Komandanımız Azərbaycanın Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyəcəyini hər zaman qətiyyətlə bəyan edir: “…Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar.” Dövlət rəhbərimizin bu qətiyyəti xalqımızın vəhdətinə, getdiyimiz yolun düzgünlüyünə, cəmiyyətdəki vətənpərvərlik ruhuna, ordumuzun getdikcə yüksələn qüdrətinə əsaslanır.
“Sizin üçün vətənpərvərlik nədir?” – sualıma zabitimizin verdiyi qürurverici cavabla yazımı yekunlaşdırmaq istəyirəm.
– Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu, sözdə deyil, əməldə olmalıdır. Bu gün hər birimiz Mübariz, Polad, İlqar və digər oğullarımız kimi sinəmizi sipər etməyə hazırıq. Vətənpərvər olmaq Vətənin qanadı olmaq deməkdir. O qanad da nə qədər güclü olsa, Vətən o qədər ucalacaq, yüksəklərdə olacaq deməkdir.
Telli MƏMMƏDOVA