22 Dekabr 2024, Bazar

İnsanlar həyatlarının digər dövrünə nisbətən tənhalığı ahıl yaşda daha çox hiss edirlər. Ahıl insanlarsız isə həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır.  Ahıl insan hər bir ailənin möhkəmliyi, mənası deməkdir, cəmiyyət üçün də əvəz­olunmazdır. Yaşlıların bilik və bacarıqlarından, həyat təcrübəsindən bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq baxımından çox zəruridir. Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir. Yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir.

Tarixboyu xalqımız ahıllara və yaşlı insanlara hər zaman dərin ehtiramla yanaşıb, onlar daim qayğı və nəvazişlə əhatə olunublar. Belə qədim ənənələrin zamanın sınağından çıxaraq bizim dövrümüzədək gəlib çatması və bu gün də həmin dəyərlərin yüksək səviyyədə yaşadılması sevindirici haldır. 

Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşmış, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Bu gün də ölkəmizdə ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması ahıllara göstərilən davamlı dövlət qayğısının ifadəsidir.

Muxtar respublikamızda da sosial-iqtisadi inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” onların sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamlılığını təmin edib.
Muxtar respublikada 1941-1945-ci illər müharibəsi veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Müharibə iştirakçıları minik avtomobilləri ilə təmin edilir, onların yubileyləri qeyd olunur, sosial müdafiələrinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Tənha ahıllara göstərilən dövlət qayğısının daha bir nümunəsi Şahbuz şəhərində yerləşən Ahıllar Evidir. Onlara göstərilən qayğının şahidi olmaq, yaradılan şəraiti görmək üçün adıçəkilən ünvana üz tuturuq. Öyrənirik ki, 3 mərtəbədən ibarət olan binada sakinlər üçün görüş, istirahət, idman, əmək terapiyası, həkim otaqları, kitabxana fəaliyyət göstərir. Təkcə 1000-ə yaxın audiomaterial olan kitabxananın fondunda Ahıllar Evinin başqa millətdən olan sakini Violetta Nikolayevnanın xahişi nəzərə alınaraq fransız, rus, ingilis və türk ədəbiyyatından da nümunələr toplanılıb. Sakinlərin istirahət otağı ilə tanışlıq zamanı burada şahmat oynayan Məhərrəm və Mustafa baba ilə həmsöhbət oluruq. 88 yaşlı Məhərrəm baba bildirir ki, ömrünün 60 ilini müəllimlik peşəsinə həsr edib.
O deyir ki, artıq 18 ildir, Ahıllar Evinin sakiniyəm. Burada sakinlərin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb. Sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bizim sağlamlığımızın qorunmasına, tibbi reabilitasiyamıza xüsusi önəm verilir. Belə ki, protez-ortopedik və müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmağımız üçün səyyar xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. Ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər də təşkil olunur. Bütün bunlardan əlavə bizi muxtar respublikanın gəzməli-görməli yerlərinə gəzintiyə də aparırlar.
Ahıllar Evinin 90 yaşlı sakini Zeynəb nənə ilə də görüşürük. O da burada yaradılan şəraitdən ağızdolusu danışır. Müsahibim deyir ki, burada işləyənlərin hər biri onlarla öz valideynləri kimi davranır, qayğılarına qalırlar. Hətta bu yaxınlarda Ahıllar Evinin rəhbərliyi tərəfindən Zeynəb nənənin 90 illik yubileyi təşkil olunub və sakinlər arasında qeyd edilib. Həmçinin hər həftəsonu onlara həyətyanı sahədə yerləşən istirahət guşəsində samovar çayı ilə çay süfrəsi təşkil olunur.

Zeynəb nənə və digər sakinlərlə sağollaşmaq vaxtıdır artıq. Lakin diqqətimizi çəkən başqa bir məqam burada yaşayan hər bir sakinin çöhrəsində gördüyümüz ifadədədir. Anasından ayrılan körpələrə bənzəyirlər, sanki onlar. Bizi öpüb bağırlarına basan yaşlı nənələr, babalar öz nəvələri kimi əzizləyir, şirin sözlər deyirlər. Görünür, dövlət qayğısı sayəsində heç bir maddi-mənəvi tələbata ehtiyacı olmayan insanların qəlblərini yalnız övlad həsrəti sızladır. Uca Allah müqəddəs “Qurani-Kərim”də belə buyurmuşdur: “Bilin ki, sizin mal və övladlarınız sınaqdırlar (vasitələrdir) və yanında böyük hökmdarlıq olan Allahdır”.

Çənə əl üstündə, əl çomaq üstə
Qocalar əyləşir tin başlarında
Sinə bayatılı, könül şikəstə,
Ömür varaqlanır yaddaşlarında.

Bu günümüzdə də, dünənimizdə də hər bir azərbaycanlı ailəsi üçün ata-anaya, yaşlı nəslə məhəbbət, hörmət, valideynlərə diqqət və qayğı əsas amil olub. Amma, təəssüf ki, bəzən bunun əksi də olur. Bəzən valideynlər övlad qayğısından kənar qalaraq belə ünvanların sakinlərinə çevrilirlər. Böyüyüb boya-başa çatdırdığı övladından soyuq münasibət görmək, yeməyib yedirdiyi, geyinməyib geydirdiyi, hər əzabına qatlaşdığı övladından laqeydlik görməyin necə bir əzab olduğunu övladından bu münasibəti görənlər bilər. Bu mənada, yaxşı ki onların ümid yeri olan ünvanlar var. Və dövlətimiz hər bir yaşlı, ahıl sakinə belə ünvanlarda böyük qayğı göstərir. Bu insanların yeganə ehtiyacı övlad sevgisinədir. Harada yaşamasından asılı olmayaraq, tənha, kimsəsiz ömür sürən bu ahıllara məhz bu yaşında diqqət, qayğı göstərilməsi vacibdir.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR