22 Dekabr 2024, Bazar

Zaman-zaman öz işğalçılıq planlarından əl çəkməyən erməni daşnakları 1990-cı ildə də Azərbaycanın bir çox bölgələrindən, o cümlədən Naxçıvan istiqamətindən öz mənfur arzularına çatmaq üçün cəhdlərə başlamışdılar. Elə bir vaxt  idi ki, əli silah tutan hər kəs ön cəbhəyə yollanırdı. İdris Məmmədov da bir qarış torpağımız düşmən işğalı altına keçməsin deyə, könüllü şəkildə ön cəbhəyə üz tutanlardan idi…

Bu gün şəhidin hələ sağlığında qələmə aldığı Vətən yanğılı şeirlərini oxuduqca, onun haqqında deyilənləri eşitdikcə, həqiqətən də, ürəyi Vətən eşqi ilə döyünən bir Vətən oğlunun göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm. Təəssüf ki, övlad itkisinə uzun müddət tab gətirə bilməyən İmgülsüm nənə və Ələsgər babanın qürurlu və nisgilli söhbətlərini dinləmək mənə nəsib olmayıb.
Yaxın günlərdə “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən 1992-ci il tarixli nömrəsində dərc olunan bir müsahibə diqqətimi çəkir. Şəhidin atası Ələsgər baba həmin illərdə qəzetimizə verdiyi müsahibədə deyir: “Ata kimi o günləri xatırlamaq mənim üçün çox ağırdır. Hərdən fikirləşirəm ki, yazıya pozu yoxdur. Doğrudan, çətin, ağır günlər idi. Ortada namus, qeyrət məsələsi dururdu. Belə bir vaxtda mən övladımı gözləyə idim, sən uşağını qoruya idin, bəs sərhədlərimizi o cür azğın düşmənlərdən kim qorumalı idi? Əgər o vaxtlar, doğrudan da, əli silah tutan igid oğullarımız olmasaydı, indi, bəlkə də, vəziyyət tamam dəyişərdi. Belə halda qurban da verilməli, qan da tökülməli idi. Bircə təskinliyim ondadır ki, İdris dünyasını dəyişəndən sonra hamının əzizinə, övladına çevrildi, bir də ki bu yolda canını fəda edənlər, şəhid olanlar elə hamımızın əzizi, övladı deyilmi?”

Atalarını itirəndə Günayın 4, Elnurun isə 3 yaşı olub. Oğlu Elnur Məmmədovun dediklərindən:
– Atamı itirəndə mən çox balaca idim. Nə baş verdiyini dərk etmirdim. Ən çox da küçədə ataları ilə zaman keçirən uşaqları görəndə için-için yanırdım. İllər necə keçdi bilmədim, yaşımdan da tez böyüdüm. Həmin illərdə də, indi də təsəlli tapdığım yer Şəhidlər xiyabanı oldu. Hər zaman məni düşündürən başqa bir sual da olub. Görəsən, o sağ qalsa idi, necə olardı həyatım? Təsəllim bircə şəhidlərin ölməzliyidir. Atam yaşasaydı, bu gün 62 yaşını qeyd edəcəkdik. Ailəmizdə onun adını daşıyan övladım böyüyür. Bir valideyn kimi, onu adına layiq böyüdüb, əsl vətənpərvər olmağı üçün əlimdən gələni edirəm. Bir neçə il bundan öncə Sədərək rayonunda yaşayan, həmin günlərin canlı şahidi olan Tofiq Nəsirovla həmsöhbət olmuşdum. O, mənə döyüş zamanı Naxçıvanın bütün bölgələrindən, həmçinin şəhərdən gələn könüllü dəstələrin necə qəhrəmanlıqla vuruşduğunu danışaraq bildirmişdi ki, atamı da elə şəhid olduğu bölgədən o çıxarıb.

Bu vaxt ermənilər bir neçə istiqamətdən kəndə hücum etmişdilər. Atılan bombalardan birinin Tofiq Nəsirovun həyətinə düşməsi nəticəsində iki övladı şəhid olmuşdu.
Elnur deyir ki, İmgülsüm nənəm həmişə o ağrılı-acılı günlərdə bütün el-obanın yığışıb şəhid ailələrinə dayaq olmasından, onları öz doğmaları kimi ağır-əziz tutmalarından danışardı.
İdris Məmmədovun vaxtilə yaşadığı məhəllə onun adını daşıyır, barelyefi vurulub həmin küçəyə. Açılış mərasimində ümummilli liderimiz Heydər Əliyev iştirak edib.
Bu gün barelyefdən baxan məğrur baxışlar, sanki yenə də əvvəllərdə olduğu kimi, yaşıdlarını ürəyinin istisinə çağırır. Elə bil indicə onlara olub-keçənlərdən söhbət açacaq. Kim bilir, bəlkə də, öz ciyərparalarını, həm də uğrunda qurban getdiyi torpağı qorumağı onlara vəsiyyət edəcək.
Uğrunda qurban getdiyin Vətənin bu günündən söhbət açmaq istəyirəm sənə, şəhidim. Artıq Azərbaycan müstəqillik qazanaraq günü-gündən inkişaf edib, çiçəklənən bir respublikaya çevrilib. Vətən torpağı düşmən tapdağına keçməsin deyə, sən sinəni sipər etdiyin zamanlarda pərən-pərən, əli silahsız olan ordumuz isə bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daim yüksəlir. Artıq bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələn ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Bundan başqa, sənin davamçıların olan minlərlə gənc könüllü olub, ordu sıralarında döyüşmək, torpaqlarımızı işğaldan azad etmək niyyətindədirlər.

Bu gün istər dövlətimizin ordu quruculuğu istiqamətində apardığı uğurlu siyasət, dövlət-ordu-xalq birliyi, istərsə də qardaş Türkiyə ordusu ilə birgə keçirilən uğurlu hərbi təlimlər onu göstərir ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.
Bu gün paytaxt şəhərimizin Şəhidlər xiyabanında uyuyanlar müqəddəs bir amal uğrunda canlarını qurban vermişlər. Torpağın bölünməzliyi həm də qeyrət, namus rəmzi kimi onlar üçün müqəddəs olmuşdur. Bu bölünməzlik uğrunda qurban gedənlərin əksəriyyəti ev, ocaq, ailə başçısıdır. Qardaş, oğul, atadır. Nəhayət, öz haqqını müdafiə edən böyük bir xalqın övladıdır. Şəhidlər ölməzdirlər. Onların ruhu həmişə uzaq səmalardan belə, doğma torpaqlarımızın üzərində dolaşır, onun keşiyini çəkir. O cümlədən doğma Naxçıvanımızın ilk şəhidlərindən olan İdris Məmmədov da bu gün nəinki öz ailəsi, həm də bütün naxçıvanlılar üçün əziz və hörmətlə yad edilən bir qəhrəmandır.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR