30 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhər qəbiristanlığının yerləşdiyi küçədən keçirəm. Buradan elə-belə ötüb getmək mümkün deyil. Qırmızı qərənfil və əklillərin dövrəyə aldığı məzarlar hər kəsi şəhidlərimizin ruhuna hörmət və ehtirama çağırır. Elə məni də. Dəmir qapıdan içəriyə daxil oluram. Bir azca irəli gedən kimi onlar qarşılayır təbəssümlə, cəsur, qürurlu, başı dik duruşla...

Salam, Vətənimizin qəhrəman oğulları! Gözünü qırpmadan canını fəda edən ərənlərimiz! Qəlbinizin dərinliklərindən süzülüb dilə gəldi “Ya Qarabağ, ya ölüm!” şüarı. Bir anda bütün Azərbaycanın himninə çevrilən bu şüarla atıldınız müharibəyə qorxmadan, çəkinmədən, tərəddüd belə etmədən. Şanlı Vətən müharibəsində hiyləgər düşmənlə döyüşdünüz. Biriniz Suqovuşanda, biriniz Şuşada, biriniz Laçında, biriniz Zəngilanda, biriniz Cəbrayılda, biriniz Füzulidə, biriniz Qubadlıda...Yorulmadınız, sınmadınız, əyilmədiniz, sona qədər getdiniz. Sərkərdə məharətli, bir aslan qədər cəsarətli, qeyrətli, məğrur davranışınızla düşməni geri oturtdunuz Naxçıvan torpağının vətənpərvər, igid oğulları...

30 ilə yaxın idi, könlümüz sızlayır, Qarabağ həsrəti, Qarabağ dərdi ürəyimizi göynədirdi. Hər bir qarışı cənnət olan Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Füzulimiz, Qubadlımız, Zəngilanımız illərdir, yolumuzu gözləyirdi. Şanslı sayıram sizi ki o torpaqlara ilk ayaq basan məhz siz oldunuz, əziz şəhidlərimiz. O yerlərin havasını uddunuz, suyundan içdiniz. Bir çoxunuzun da bir gün o yerlərdə yaşamaq arzusu var idi. Qarabağımız cənnətməkandır axı...

Vətənpərvər insanlar yetişdirən Naxçıvanımızda təhsil aldınız. Böyüklərinizin öyüd-nəsihətləri ilə tərbiyələndiniz. Arzunuz idi hərbçi olmaq, Vətənimizin keşiyində dayanmaq. Hərbi təhsilinizi müvəffəqiyyətlə bitirib çətin, məsuliyyətli və şərəfli peşə sahibi oldunuz. Bir çoxunuz ali hərbi təhsil alaraq Azərbaycan Ordusunun sıralarına qatıldı. Sizə inandıq. Torpaqlarımızın işğaldan azad olunacağı günü səbirsizliklə gözlədik. “Öldü var, döndü yox!” deyərək yollandınız müharibəyə. O müharibə ki başladığı ilk dəqiqələrdən sona qədər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı sizin, minlərlə sizin kimi qeyrətli, vətənpərvər oğulların sayəsində. Hansı ki Vətəni özlərinə can bilib, son damla qanını da bu torpaqda qoyub getdilər. İndi məzarlarınız yan-yanadır. Əsgərlər Xansu Qurbanov, İbrahim İbrahimov, baş leytenantlar İsmayıl Vəliyev, Elnur Zeynalov, Fuad Əlizadə, Raqib Hüseynov, “Naxçıvan canavarı” ləqəbli leytenant Vəli Quliyev, mayor Sadiq Həsənov, kapitan Aşur Cəmiyev uyuyur bu məzarlarda. 44 günlük müharibə zamanı Naxçıvanımıza bir-birinin ardınca şəhidlərimiz gətirildi. Siz də onların içərisindəydiniz. Bütün Naxçıvan uca tutdu sizi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri şəhidlərimizin qarşılanmasında şəxsən iştirak etdi... Burada kapitan Aşur Cəmiyevin qardaşı Azər Cəmiyevin yazdığı şəhidin adının baş hərflərindən ibarət bu misraları oxuyuram: Azərbaycan torpaqları uğrunda getdin. Şücaət, mərdlik, igidlik etdin, Uğrunda Vətən üçün canından keçdin. Rahat uyu, şəhidim Aşur qardaşım...

Hərəsi bir yaşda idi onların – 20, 24, 28, 34... Ömürlərinin bahar çağları idi. Bir anda, sanki payız gəldi, o ömür yarpaqları saraldı, qopdu, düşdü. Bu yarpaqlar indi Zəfər yolundadır. Onlara nə külək, nə də çovğun toxuna bilər. Zəfər yolu ən müqəddəs yoldur. Siz bu yolu açdınız, qurdunuz, yaratdınız, əziz şəhidlərimiz. İndi fəxrlə irəliləyirik bu yolda, saralıb düşən o yarpaqlar da həmişə sizi xatırladır bizə. Sonu aydınlıq olan bu yoldan övladlarınız, gələcəyin vətənpərvər gəncləri keçir. Hansı ki onların da müəllimisizsiniz. Vətəndaş kimdir, hansı hisslərlə yaşamalıdır? – onlar bunu sizdən öyrənirlər...

Gündə onlarla adam gəlir bu qəbiristanlığa sizi ziyarət etməyə. Ürəyi qanayan, lakin başı dik, qürurlu valideynləriniz gəlirlər. “Vətən sağ olsun!” – deyib, məzar daşlarını qucaqlayıb öpürlər, amma sizdən doymurlar. Qəhrəmanlıq haqqında hekayənizi, Qarabağımızda cəsarətlə vuruşub, düşməni necə xar etdiyinizi elə hey söyləyir, hamı ilə paylaşmaq istəyirlər. Sizin kimi vətənpərvər övladlar yetişdirib, böyütdükləri üçün hamı da onlara minnətdardır. Onu da deyim bilin ki, muxtar respublikamızda sizin ailələrinizə böyük ehtiram göstərilir, onlar daim diqqətdə saxlanılır. Bu ölüm, adi ölüm deyil. Əzizlərimiz Vətən, torpaq uğrunda canından keçənlər ölmürlər, əbədilik qazanırlar. Siz də min illər keçsə belə, yenə xatırlanacaqsınız. Şeirlərdə, hekayələrdə, dastanlarda, məqalələrdə, tarixdə, ürəklərdə yaşayacaqsınız. Rahat uyuyun məzarınızda. İndi sizin övladlarınız böyüyür. Bu o deməkdir ki, həyatda sizin varisləriniz – Vətənin qəhrəman övladları yetişir. Həmin övladlar ki atalarının xatirələrini yaşadacaq, hər yerdə onları anacaqlar, ataları ilə daim fəxr edəcəklər...

Vətən qədrini canından daha əziz bilən şəhidlərimiz Allah sizə rəhmət eləsin!

Güntac Şahməmmədli

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR