30 Dekabr 2024, Bazar ertəsi

Həmsöhbətim 1967-2001-ci illərdə “Şərq qapısı” qəzetində fəaliyyət göstərən qadın jurnalistlərimizdən biri Sadiqova Xuraman İsmayıl qızıdır (Xuraman Məmmədova). Yazacağım məqalə üçün qəzetin 90-cı illərdəki səhifələrini vərəqləyəndə Xuraman Sadiqova imzasına, necə deyərlər, hər addımbaşı rast gəldim. Qəzetin uzun illər məhsuldar işçisi olmuş bu xanımı axtarıb tapdım. Çox çətin olmadı. O, hazırda bu gün bizim də hər nömrəsini maraqla izlədiyimiz “İki sahil” qəzetində çalışır. 

Söhbətimizə keçməzdən əvvəl Xuraman xanım haqqında qısaca məlumat vermək istərdim. O, 21 sentyabr 1951-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Naxçıvan şəhərindəki 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə qəbul olunub və 1974-1975-ci tədris ilində həmin ali məktəbin məzunu kimi “Şərq qapısı” qəzetində oxucu olaraq fəaliyyətə başlayıb. Sonrakı illərdə qeydiyyatçı, ədəbi işçi, baş ədəbi işçi kimi fəaliyyətini davam etdirib. Çalışqanlığı və işə məsuliyyəti nəzərə alınaraq qəzetin Sosial həyat şöbəsinə müdir təyin edilib. Onun yaradıcılığında üstünlük təşkil edən publisistik yazılarda cəmiyyətdə baş verən hadisələrin işıqlandırılması, dövlətçilik maraqlarının qorunması, ailə, məişət məsələləri, sadə insanların əməyə bağlılığı, onların qazandıqları nailiyyətlər, milli adət-ənənələrin təbliği, gənclərin peşəyönümü üzrə istiqamətləndirilməsi, elm, mədəniyyət və incəsənət kimi aktual məsələlər öz əksini tapmaqla vaxtilə özünə oxucu rəğbəti qazanıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2002-ci ildə Bakı şəhərinə köçən Xuraman Məmmədova həmin vaxtdan etibarən “İki sahil” qəzetində fəaliyyətini davam etdirir. Xuraman xanım muxtar respublikamızda gedən abadlıq, quruculuq, inkişaf proseslərini daim izləyir və çalışdığı qəzetdə işıqlandırır. Elə jurnalist peşəkarlığının nəticəsidir ki, onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb, həmçinin Həsən bəy Zərdabi mükafatı laureatıdır.

– Xuraman xanım, sizinlə həmsöhbət olduğum üçün çox şadam. Əvvəlcə, “Şərq qapısı” qəzeti ilə bağlı fikirlərinizi öyrənmək istərdim...
– Sağ olun, mən də şad oldum. XX əsrin əvvəllərində, 1921-ci il noyabr ayının 9-da böyük mütəfəkkirlər yetişdirən Naxçıvanda “Cavanlar həyatı” adı ilə ilk mətbu orqan kimi nəşrə başlayan, “Füqəra səsi” ilə yoluna davam edən “Şərq qapısı” qəzeti ulu öndər Heydər Əliyevin təbirincə desək, tarixi nailiyyətimiz olan müstəqillik illərində demokratiyanın əsas şərtlərindən olan söz, mətbuat azadlığının təbliği, plüralizmin qorunması istiqamətində böyük yol keçərək obyektivliyi, operativliyi ilə fərqlənmişdir.
– Siz burada uzun illər çalışmışsınız. Yaddaşınızdakı hansı xatirələri bizimlə bölüşə bilərsiniz?
– Bəli, 55 illik jurnalistlik fəaliyyətimin 35 ili həmişəcavan olan “Şərq qapısı” qəzeti ilə bağlı olduğu üçün özümü xoşbəxt sayıram. Onu da qeyd edim ki, redaksiyada birgə çalışdığım Afət Məmmədovla ailə həyatımın təməli də elə bu qəzetdə qoyulub. Bu baxımdan illərdən bəri çalışdığımız kollektivin əməkdaşları ilə bağlı hadisələri xoş xatirə kimi yad edirik. Redaksiyada yaradıcılıqla bağlı apardığımız müzakirələr, hər səhər keçirilən beşdəqiqəlikləri, şirin xatirələri yada salır, həyatdan köçənləri rəhmətlə anırıq. – Maraqlıdır, jurnalistlik fəaliyyətiniz, qəzetlə əməkdaşlığınız necə başladı?
– Atamın yolunu davam etdirmək üçün jurnalist olmaq istəmişəm. Bu da səbəbsiz deyil. Hələ orta məktəbdə oxuyanda “Şərq qapısı” qəzetinin Məktublar şöbəsinin müdiri olan atamın yanına gələndə yaranan bu maraq məni jurnalist peşəsinə bağladı. Bu qəzetdə çalışdığım 35 il mənim üçün həyat məktəbi oldu. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdəki fəaliyyətim isə mənim üçün siyasi hazırlıq, yaradıcılıq məktəbi oldu. Qəzetlə bağlı ən xoş, yaddaqalan xatirələrim də o illərə söykənir. Qeyd edim ki, həmin vaxt qəzet redaksiyasında səmimi, işgüzar kollektiv formalaşmışdı.
– Beləliklə, “Şərq qapısı”nın həyatında da yeni dövr başlandı...
– Bəli, Moskvadan Bakıya, sonra Naxçıvana qayıdışı ilə bütünlükdə ölkədə baş verən hadisələri uzaqgörən zəkası, dövlətçilik təcrübəsi ilə təhlil edən, Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə tarixi xidmətlər göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən görkəmli dövlət xadiminin 1990-1993-cü illərdəki siyasi fəaliyyətinin ensi­klopediyası olan “Şərq qapısı”nın həyatında da yeni dövr başlamış, qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizi düçar olduğu bəlalardan xilas etmək qüdrətinə malik, tanınmış dövlət xadiminin xilaskarlıq missiyasını, liderlik məharətini işıqlandırmış, ulu öndərin tarixi xidmətlərinin təbliği yolunda inamla addımlamışdır.
“Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm” söyləyən ulu öndər üçün bu qəzet ideoloji tribuna, Naxçıvandakı fəaliyyətinin yaddaş xronologiyasıdır. Torpaqlarımızın Ermənistan silahlıları tərəfindən işğal olunduğu bir dövrdə Naxçıvanın qorunması birbaşa ulu öndərin siyasi iradəsi, qətiyyəti ilə bağlıdır.
– Ulu öndərin Naxçıvana gəlişi ilə bağlı yaranan mənzərəni öz gözlərinizlə görməniz yaradıcı insan kimi jurnalistika fəaliyyətinizə necə təsir etdi?
– 1990-cı ilin 22 iyul günü tarixə təkcə naxçıvanlıların deyil, bütünlükdə Azərbaycan xalqının yaddaşında ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının başlanğıcı kimi yazılıb. Həmin gün doğma ocağı Naxçıvana qayıdan dahi şəxsiyyəti həmyerliləri böyük sevinclə qarşıladılar. Dahi liderlə Naxçıvan şəhərindəki mərkəzi meydanda keçirilən görüşə 100 minə yaxın həmyerlisi toplanmışdı. Müdrik şəxsiyyətin ümidverici sözləri jurnalist kimi sonrakı fəaliyyətimizdə qəzetimizin bütün əməkdaşlarına bələdçi oldu. O illərdə nəinki ölkə, hətta xarici ölkələrin jurnalistləri belə, Azərbaycanın ictimai-siyasi həyatında baş verənləri, Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyətini öyrənmək üçün Naxçıvana gəlir, bu müdrik şəxsiyyətlə görüşür, Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, artıq siyasi və hərbi qələbə nəticəsində həll edilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri zəngin dövlətçilik təcrübəsinə malik ulu öndərdən öyrənirdilər. O illərdə hakimiyyətdə olan AXC – Müsavat cütlüyünün muxtar respublikaya, Ali Məclisin Sədri, ulu öndər Heydər Əliyevə qarşı qərəzli münasibəti, qısqanclığı bəlli idi. Ulu öndərə xalqın məhəbbətini özlərinin məhvi kimi anlayan səbatsızların ümummilli liderə təzyiqlərinin əsasında da layiq olmadıqları kreslolarını itirmək qorxusu dayanırdı. Bir gün Litvadan gələn müxbirlərdən ilk onu soruşdum ki, nə üçün bura gəlibsiniz? “Gəldik, bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik. Bilirsiniz, indi Azərbaycanda ən böyük dəyişikliklər Naxçıvanda gedir. Bunu biz eşitmişik, ona görə də Naxçıvana gəlmişik”, – dedi. Ulu öndərin dövlətçilik təcrübəsini, uzaqgörən siyasətini təsdiqləyən belə etiraflar çoxdur. Onun ideyalarını təbliğ etdiyim, o tarixi anların şahidi olduğum üçün özümü xoşbəxt hesab edirəm. Onun sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının, müzakirə olunan məsələlərin hər biri tarixi əhəmiyyəti ilə seçilməklə, gələcəyimizin etibarlı qarantı idi. Bu möhtəşəmlikdən təşvişə düşənlərin qəzetimizin əməkdaşlarına təzyiqlərinin bir səbəbi də ulu öndərin bütün siyasi fəaliyyətinin qəzetdə işıqlandırılması, əməkdaşlarımızın sevimli liderləri ətrafında sıx birləşmələri, onun siyasətini dəstəkləmələri idi. Bu yerdə bir hadisəni xatırladım... Növbəti iş günü yenicə başlamışdı. Çiynində avtomat olan bir nəfər redaksiyaya gələrək ulu öndər Heydər Əliyevi müdafiə etdiyimiz üçün hamını qorxutdu. Hətta güllələyəcəyi ilə təhdid etdi. O vaxtlarda qəzetin redaktor müavini olan rəhmətlik Elxan Əliyev ağsaqqal kimi onlara səhv etdiklərini söylədi, dövlətçiliyə xəyanət yolundan çəkinməklərini tövsiyə etdi. O dövrdə muxtar respublikada bütün hadisələr ulu öndərin ideyaları, tövsiyələri əsasında cərəyan etdiyi üçün onun cəsarəti, xalq üçün göstərdiyi fədakarlıq hamı üçün nümunə idi. Ulu öndərin təşəbbüslərinin, xalqa xidmətinin nümunələri olan və müstəqilliyimizin əbədiliyinin təminatına yönəldilən tarixi qərarlar, həyata keçirilən tədbirlər demək olar ki, bütün yazılarımızın ana xəttini, ideyasını təşkil edirdi. Qəzetimizin bütün əməkdaşları silahları olan qələmləri ilə ulu öndərin ətrafında sıx birləşir, onun siyasətinin təbliği üçün var qüvvə ilə çalışırdılar.
– Bəs siz nə vaxtsa ümummilli lider Heydər Əliyevlə görüşmək şərəfinə nail ola bildiniz?
– …1992-ci il oktyabr ayının 5-i idi. Ali Məclisin iclas salonunda ulu öndərin təşəbbüsü ilə Türkiyədə təhsil almağa göndərilən bir qrup naxçıvanlı gənclə görüş keçirildi. Sonra Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə onlarla görüşə gələcək ulu öndəri foyedə gözləyirdik. Yüksək intellektə və qeyri-adi zəkaya malik olduğunu hər məqamda, görüşlərdə, məntiqli çıxışı ilə təsdiqləyən, gənclərin hamisi olduğunu onlara sevgisi ilə bildirən görkəmli dövlət xadimi foyeyə daxil olan kimi hamı ilə görüşdü, hal-əhval soruşdu. Kimlərin hansı təşkilatı təmsil etməsi ilə maraqlandı. Sonra mənə müraciətlə “Gəl görək, jurnalist xanım, bu uşaqlara xeyir-dua verək”, – dedi. Naxçıvanlıların yadında olar. Erməni silahlılarının qəfil hücumu nəticəsində yaralanan yerli sakinlərin müalicə üçün Türkiyəyə göndərilməsini təşkil edən ulu öndər onların səhhəti ilə maraqlanırdı. Xəstələri yolasalma mərasimində iştirak etdiyim üçün yaralıların, onların ailələrinin ulu öndərə minnətdarlıq dolu sözlərinin də şahidi oldum. O ağır illərdə bir nəfər kimi xilaskarlarının ətrafında birləşən naxçıvanlıların hər biri, o cümlədən qadınlar torpaqları uğrunda canından keçməyə hazır əsgər idilər. Qadınlar cəmiyyətinin bir qrup üzvü ilə birlikdə əsgərlərə mənəvi dəstək olmaq üçün dəfələrlə cəbhə bölgələrində olmuşam. Bir dəfə Sədərəyə getmişdik. “Əjdaha”, “Mil”, “Ucubiz” yüksəkliklərində növbə çəkən əsgərlərlə görüş keçirdik, şəraitləri ilə maraqlandıq. Ozamankı iqtidarın səbatsızlığı üzündən dağınıq, ordu adlandırmaq belə, mümkün olmayan əsgərlərin ərzaqla təminatı, şəraiti ürəkaçan səviyyədə deyildi. Maraqlandıq, dedilər ki, kəndin lap kənarında yerləşən ikimərtəbəli ev (əgər səhv etmirəmsə, ev sahibinin adını Sabir dedilər) çörək zavodunun müdirinin şəxsi evidir. Hərbi hissənin istifadəsinə verib. Əsgərlərlə görüşdə təhlükəsizliyin təminatı baxımından bizə dedilər ki, 4-5 nəfər bir yerdə durmayın. Ermənilər həmin dəqiqə atəş açırlar. Amma heç kim nə qorxdu, nə də çəkindi. Orada rastlaşdığımız bir rus zabitinin sözləri indi də xatirimdədir. O bildirdi ki, illərdən bəridir, bir çox şəhərlərdə xidmət etmişəm. Yeganə xalq sizsiniz ki, atəş gələn tərəfdən uzaqlaşmaq əvəzinə, güllə səsi eşidilən səmtə qaçırsınız, kiməsə kömək etməyə can atırsınız. Bu, multikultural ənənələrə sadiq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin nümunəsidir. Belə humanist xarakterə, xeyirxah əmələ malik bir xalqın nümayəndəsi olduğumuz üçün qürur duyduq.
– Hər an düşmən silahının açılacağı gözlənilən cəbhə bölgəsindən xatirələriniz, yəqin ki, çox olar...
– İcazə verin birini də bölüşüm sizinlə. Əsgərlərlə növbəti görüşümüz Yuxarı Buzqov kəndində oldu. Bu hərbi hissə, demək olar ki, ermənilərlə üz-üzə mövqedə yerləşirdi. Hamının “RAF” adlandırdığı 12 nəfərlik balaca avtobusla kəndə gedəndə yolda heç bir nəqliyyat vasitəsilə rastlaşmadıq. Ermənilərin hücumlarının intensivləşdiyi, əlavə tələfata yol verilməməsi üçün yollar bağlanmışdı. Bizimlə birgə olan göz həkimi Elmira Əliyeva (indi haqq dünyasındadır) dedi ki, ermənilər yolumuzu kəssələr, özümüzü qorumaq üçün heç nəyimiz yoxdur. Aramızda nisbətən cəsur olan rəhmətlik şairə Elmira Qasımovanın “Narahat olmayın, məndə tapança var” sözləri ani təlaşımıza son qoydu. Elmira xanımın həyat yoldaşı hərbçi olduğu üçün onun dediklərinə inandıq və sakitləşdik. Əsgərlərlə görüşüb Naxçıvana qayıtdıqdan sonra Elmira xanım bildirdi ki, mənim silahım yox idi. Sizi təşvişdən qurtarmaq üçün belə dedim. Yəni “deyilən sözə özündə inam yaratmaq həqiqət qədər güclü hissdir” sözlərinin hikməti o anda sınandı.
– Xuraman xanım, o çətin və məşəqqətli illərin şahidi kimi həmin tarixi sınaq dövrü ilə müqayisədə muxtar respublikamızın bu günü necə görünür?
– Muxtar respublikanın təhlükəsizliyini təmin edən, insanları üzləşdikləri çətinliklərdən qurtarmaq üçün bütün imkanlardan istifadə edən ulu öndərin ən yaxşı köməkçisi, daim onunla birgə olan, bu gün onun siyasətini, Vətən, xalq üçün gördüyü işləri davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xidmətləri əvəzsizdir. Ümummilli lider Heydər Əliyev məktəbinin yetirməsi kimi ulu öndərin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin ölkənin daha da qüdrətlənməsi naminə müəyyənləşdirdiyi konseptual proqramlar, islahatlar muxtar respublikanın iqtisadi inkişafı, qüdrətlənməsi, ən ucqar kəndlərin simasının dəyişilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, mədəniyyətin, incəsənətin inkişafı məramına xidmət edir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun fədakarlığı sayəsində bu qədim diyar gündən-günə gözəlləşir, müasirləşir, inkişaf edir. Bu ilin may ayında muxtar respublikaya səfəri zamanı Naxçıvanda aparılan quruculuq işlərini yüksək dəyərləndirən, bir neçə obyektin açılışında iştirak edən, görülən işlərlə bağlı məmnunluğunu Azərbaycan Televiziyasına müsahibəsində belə ifadə etmişdir: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir... Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir” Prezident cənab İlham Əliyev bu qədim diyarın daim cavanlaşan, müasirləşən simasını muxtar respublika rəhbərinin Vətənə sədaqəti, insanlara qayğısı kimi qiymətləndirir.
– Naxçıvanlı jurnalistlər Ali Məclis Sədrinin diqqət və qayğısını daim öz üzərlərində hiss edirlər...
– Ali Məclis Sədrinin mətbuatın inkişafına göstərdiyi diqqət yüksək səviyyədə olmaqla demokratik islahatların tərkib hissəsi olan azad sözə göstərilən qayğıdır. “Şərq qapısı” qəzetinin birəsrlik yubileyinə hazırlığın yüksək səviyyədə təşkili bu diqqətin ifadəsidir. Doğma ocağım Naxçıvana hər gəlişimdə, ilk növbədə, mənim üçün hər zaman əziz olan “Şərq qapısı” qəzeti redaksiyasına da baş çəkir, keçmişləri xatırlayır, yaradıcı kollektivin rahat işləməsi üçün yaradılan şəraitlə qürur duyuram. 2010-cu ildə qəzet üçün yeni binanın istifadəyə verilməsi, ən müasir informasiya texnologiyaları ilə təmin olunması sevindirici haldır. Bütün əməkdaşların rahat çalışması üçün yaradılan şərait qəzetin simasını dəyişmişdir. Bir zamanlar qurğuşun iyi verən mətbəənin əvəzinə ən müasir çap ləvazimatları ilə təmin olunan yeni mətbəənin təşkili, qəzetin rəngli nəşrinə başlanılması milli mətbuata, yaradıcı insanlara, informasiyaların obyektivliyinə və operativliyinə göstərilən diqqət və qayğıdır. Bütün bunlar isə qəzetin daha peşəkar səviyyədə nəşrə hazırlanmasına öz müsbət təsirini göstərir. Qəzeti müntəzəm izləyən bir jurnalist kimi son illərdə “Şərq qapısı”nın səhifələrində aktual və jurnalistika baxımından peşəkar yazıların dərc olunması, ictimai-siyasi təhlili məqalələrin hazırlanması, xüsusilə gənc qəzet əməkdaşlarının uğurları məni çox sevindirir. – Doğma qəzetlə bağlı son sözünüz?
–…İllər arxada qalıb. 100 illik tarixi olan doğma qəzetimin 35 ilində imzam olduğu üçün fəxr edirəm. Ulu öndər Heydər Əliyevin “Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesi gedir” sözləri bu gün artıq reallıqdır. Dünya sivilizasiyasına böyük töhfələr verən Naxçıvan ziyalılarının ideoloji tribunası olan “Şərq qapısı” qəzeti isə bu yüksəlişin aynası, bu günümüzü gələcək nəslə çatdıracaq birəsrlik yaşı olan tarixdir. Bu tarixə dəyər verib yüzillik yubileyin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalanması isə muxtar respublika rəhbərinin jurnalistikaya, mətbuata böyük dəyər verməsinin, ulu öndər Heydər Əliyevin muxtar respublikada mətbuat sahəsindəki ideyalarının da sədaqətlə davam etdirilməsinin ifadəsidir.
–Maraqlı müsahibə üçün çox sağ olun.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR