22 Dekabr 2024, Bazar

Qoca Şərqin qapısı Naxçıvan ən qədim yaşayış məskənlərindən, İslam sivilizasiyasının əsas mərkəzlərindən biri, elm, mədəniyyət beşiyidir. Bu diyarın hər daşı, hər qayası canlı tarixdir və araşdırma apardıqca, daha dərinlərə vardıqca aydın görünür ki, bu tarixin içərisində möcüzələr də çoxdur. “Əshabi-Kəhf  Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi Naxçıvandakı möcüzələrdən biridir. 

Bunu təkcə mən demirəm, dəfələrlə buraya gələn xarici qonaqların dilindən eşitmişəm. Naxçıvan şəhərindən, təqribən, 12 kilometr məsafədə Haçadağ və Nəhəcir dağlarının arasında yerləşən bu müqəddəs ocaq tarixiliyi, dini inancların zənginliyi ilə seçilir və hər il buraya onlarla turist ziyarətə gəlir. Adı ərəb dilindən tərcümədə “mağara sakinləri” mənasını verən səcdəgahın girişi güneydən başlayıb quzey istiqamətə, dağın içərisinə doğru uzanıb gedir.

Ölkəmizdə ən böyük pirin müqəddəsliyi dini kitabımız “Qurani-Kərim” in on səkkizinci – “Əl-Kəhf” surəsində qeyd olunur. Müqəddəs məkan haqqında daha geniş məlumatı isə naxçıvanlı alim Hacı Qadir Qədirzadənin “Əshabi Kəhf: müqəddəslik, tarixilik və inancların genezisi” kitabından öyrənmək olur. Kitabda göstərilir ki, “Qurani-Kərim”in 18-ci surə, 17-ci ayəsində belə açıqlanır: “Baxsaydın, günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin…” Məhz Naxçıvandakı Əshabi-Kəhfdə içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür. Yəni mağara şimal-cənub istiqamətindədir. Mağaranın nə vaxt yaranması ilə bağlı rəvayətlərdə onun təqiblərdən qorunmaq üçün qaçanların sığındıqları zaman yarandığı söylənilir: “Allahın hökmü ilə dağ yarıldı və onlar orada gizləndilər”. Müqəddəs kitabda deyilir: “Mağaraya sığının ki, Rəbbiniz sizə rəhmətini yaysın”. Mağaranın quruluşu, təbii-coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir”.

Əshabi-Kəhfə piyada getmək bu gün də çox savab sayılır. Buranı ziyarət etməzdən əvvəl qurban kəsilir. Qurban hər hansı bir şəxsin niyyət etdiyi arzunun gerçəkləşməsindən sonra kəsilir. Ziyarətgahın ətrafında natəmizlik olmasın deyə, qurbanın kəsilməsi üçün ayrıca yer düzəldilib. Kəsilən qurban daha sonra qohum-qonşuya pay edilir. Xalq arasında belə bir deyim də var ki, qurban əti ən azı yeddi evə verilməlidir. Qurbankəsmədən sonra mağarada müqəddəs yerlər ziyarət edilir. İlk baxışda sərt qayalar altından sızıb gələn bulaq diqqəti cəlb edir. Əshabi-Kəhfin aşağısındakı qaynayıb, köpüklənən mineral bulaq şəfalı sudur. Daxili yüksələn formada olan mağarada pilləkənlər vasitəsilə məscid və “Cənnət bağı”na çıxılır. Üzüyuxarı doğru baxdıqca sıldırım və sərt qayaların quruluşu insanın marağına səbəb olur. Məscidə ancaq namaz qılanlar və nəziri olanlar girirlər. Məscidin qarşısındakı “Qara daş”ı və “Damcıxana”nı isə ziyarət etməmək olmaz. Ziyarətçilər qara daşı müqəddəs hesab edir və niyyət edib ona daş yapışdırırlar. Bəzən xəstələr qara daşın yanında yatır, bununla da nicat tapacaqlarına inanırlar. “Damcıxana” məscidin yuxarı tərəfində, bir neçə metr hündürlükdə yerləşir. Bu yerin sirli xüsusiyyəti ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, tavanından daim su dammasıdır. Burada hər hansı bir arzusu olan niyyət edib, gözləyir. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez hasil olacağı kimi yozulur. Damcı düşməzsə niyyətin qəbul olunmayacağına inanılır.

Əshabi-Kəhf möcüzəsi haqqında danışılası məqamlar çoxdur. Onu deyə bilərəm ki, ziyarətçilər üçün hər bir şərait yaradıldığı bu əfsanəvi yer günahlardan təmizlənməyə, insanı saflaşmağa, bütün ruhi iztirablardan xilas etməyə qadirdir. Həmçinin insanlara xeyirxah əməllər aşılayan, dualarının daha tez Allaha çatdığı, Uca Yaradana bir addım daha yaxın olduğumuz müqəddəs səcdəgahdır. Şərqin ən məşhur ziyarətgahlarından olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi həm də Naxçıvanın nə qədər qədim tarixə malik olduğunun, xalqımızın min­illərboyu yaşadılmış milli və mənəvi dəyərlərinə bağlılığının göstəricisidir. Necə deyərlər, min eşitməkdənsə, bir görmək yaxşıdır. Elə isə gəlin və bu gözəlliyi öz gözlərinizlə görün...

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR