22 Dekabr 2024, Bazar

Bahar həyatın əlvan tonunu gün keçdikcə dəyişir. Bağ-bağçalarımız müxtəlifrəngli gül-çiçəklərlə bəzənir. Hər bitki, hər çiçək özünəməxsusluğu ilə seçilir. Bir gül var ki, gözəlliyi, ətri ta uzaqlardan hamımızı valeh edir. Bu, qızılgüldür. Bəs qızılgülü digər güllərdən qiymətli edən təkcə ətridirmi? Bu suala cavab tapacağıq.

Min illərdir, əkilib-becərilən qızılgül cinsinin dünya florasında 600-ə qədər növü və minlərlə müxtəlif sortları yetişdirilir. Bir çox ölkələrin milli gülü olan qızılgülün çiçəklərindən alınan efir yağı qızıldan qiymətli sayılır, məhz bu məqsədlə də becərilir. Məlumat üçün bildirək ki, efir yağlarının istehsalı üzrə lider ölkələr siyahısında Fransa, Bolqarıstan, Türkiyə, İran, Çili və İndoneziyanın adı çəkilir. Azərbaycanda bu sahə orta əsrlərdə inkişaf etməklə sanballı gəlir mənbəyinə çevrilib. Bu gün də ölkəmizdə gülçülük sahəsinə və güldən hazırlanan efir yağına xüsusi diqqət göstərilir və istehsal olunan yağ xaricə ixrac edilir. Şəki-Zaqatala bölgəsi bu baxımdan, xüsusilə seçilir. Bu güldən ətriyyatda, konserv sənayesində, ətirli çayların hazırlanmasında və təbabətdə geniş istifadə edilir. Qızılgüldən hazırlanan gül mürəbbəsi, gülqənd, gül suyu və gülab milli kulinariyamızda geniş yer tutur. Qızılgül yağının, qızılgül dəmləməsinin müalicəvi vasitə kimi istifadəsi davam etdirilir.
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda qızılgül çox qədim zamanlardan əkilib-becərilir. Diyarımızın iqlim şəraiti kənd təsərrüfatı sahəsində müxtəlif qızılgül növlərinin yetişdirilməsinə imkan verir. Muxtar respublikamızda qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi, xüsusilə diqqətdə saxlanılır. Son illər Ordubad rayonunun Əylis, Dəstə, Düylün və digər kəndlərində qızılgül kolları əkilir, ailə təsərrüfatçıları ondan müxtəlif məhsullar əldə edirlər. Bu qiymətli bitkidən fayda götürənlərdən biri də Ordubad rayon sakini Afət Məmmədovadır. Bildirim ki, müsahibim gözəl gülab hazır­layır. Lakin onun hazırlanma qaydasına keçməzdən əvvəl qızılgül barədə ətraflı məlumat alırıq. Təsərrüfatçı qeyd edir ki, qızılgül isti sevən bitkidir. Günəş yaxşı düşən yerdə bu gül çox məhsuldar olur. Əsasən, bağlarda, həyətyanı sahələrdə becərilir və may, iyun aylarında çiçəkləyir. Qızılgülün ləçəklərini səhər tezdən əl ilə toplayırıq. Ləçəklər vaxtında yığılmazsa, sola, tələf ola bilər. Bu gülün ən yaxşı xüsusiyyəti yığıldıqdan bir-iki gün sonra çiçəklədiyi üçün məhsuldar olması, yenidən toplanılmasının mümkünlüyüdür. Topladığımız qızılgülü ləçəklərə ayırır, ondan mürəbbə, gülqənd, gül suyu və gülab hazırlayıram. Bunların hamısı sağlamlığımız üçün olduqca faydalıdır. Ümumiyyətlə, qızılgül həm cana dərmandır, həm də gəlir əldə etmək baxımından əlverişlidir.
Gülabın hazırlanma qaydasından danışan müsahibim deyir ki, tərkibi su və qızılgüldən ibarət olan gülab, əsasən, buxarlanma üsulu ilə hazırlanır. İndi xüsusi aparatlarımız var ki, məhsul onunla daha asan başa gəlir. Əvvəlcə ocağın üzərinə adi mis qazan qoyur, dörd kiloqram qızılgül ləçəyini içərisinə yığır, üstünə altı litrdən çox su tökürük. Ocağın altını qalayırıq. Bu qarışım saatlarla qaynayır. Bu zaman yaranan buxar gülab damlalarına çevrilir və aparatın borusu vasitəsilə balona yığılır. Dolan balonu dəyişərkən yenidən qazana gül və su əlavə edirik. Gülab suyu ilə dolu qabları gətirib günəş yaxşı düşən yerə qoyuruq. Əvvəlcə əldə etdiyimiz məhsul, adətən, iysiz olur, lakin 10, 15 gün saxlandıqdan sonra tamını və ətirini alır. Uzun müddət qalması üçün şüşə qabda saxlamaq daha məqsədəuyğundur. Ancaq həmin qabın ağzını möhkəm bağlamaq lazımdır ki, ətri itməsin. Afət xanım deyir ki, gülab ürəyin dərmanıdır. Onun sakitləşdirici xüsusiyyəti vardır və bu ürək döyüntüsünü azaldır, mədəni möhkəmləndirir, stresi aradan qaldırır, göz xəstəlikləri, eləcə də başağrısı üçün faydalı hesab edilir. Onu çaya qarışdırmaqla içmək, eyni zamanda paxlava və digər şirniyyat məhsullarının, müxtəlif xörəklərin hazırlanmasında istifadə etmək olar. Toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, hüzr mərasimlərində gülabdan istifadə isə bizdə nənə-babalarımızdan qalma adətdir.
Müsahibim onu da bildirir ki, hədislərimizdə qızılgül ən üstün cənnət güllərindən hesab edilir. Gülabı əlinə və üzünə çəkib Allaha həmd, Peyğəmbərə salavat göndərmək insanın daxili aləmini saflaşdırır, zənginləşdirir, onu çətinliklərdən uzaqlaşdırır. Qızılgülü qoxladıqda, kiməsə təqdim etdikdə və aldıqda xoş təəssürat, müsbət ruh bəxş edir. Bir sözlə, bu gülün hər baxımdan faydası çoxdur. Ondan səmərəli istifadə etmək isə bizim öz əlimizdədir.
Beləliklə, ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi muxtar respublikamızda əsas istiqamətlərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın icrası bu işdə mühüm rol oynayır. Gələcəkdə diyarımızda gülçülüyün inkişafında yaranan yeni imkanlar hesabına gülab və gül yağının istehsalı artacaq, bu məhsullar özünə xarici bazarda da yer tuta biləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR