22 Dekabr 2024, Bazar

Ölkəmizdə dövlət siyasətinin tərkib hissəsini təşkil edən abadlıq, quruculuq işləri muxtar respublikamızda da günümüzün reallığıdır. Ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına diyarımızın ucqar və sərhəd kəndləri gözəl, abad, müasir yaşayış məntəqəsinə çevrilib. Bu il fevral ayının 5-də Ordubad rayonunun bir-birinə qonşu olan Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən yeni sosial obyektlər məskunlaşmanın artmasını, insanların həyat səviyyəsinin yaxşılaşmasını təmin etməklə bərabər, diyarımızın inkişafına, dövlət-xalq birliyinin möhkəmlənməsinə, kənd turizminin inkişafına da müsbət töhfələrini verir. Biz də Yuxarı Əndəmicdə həmin gün istifadəyə verilmiş kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası ilə tanış olduq, bu yaşayış məntəqəsindəki yenilikləri sakinlərin dilindən dinlədik. 

İlk növbədə, bu yurd yerinin ziyalısı Əyyar Səfərovla həmsöhbət oluruq. Kəndin tarixinin qədimliyindən danışan müsahibim deyir ki, Yuxarı Əndəmicin əhalisi qədim zamanlarda daha çox dağətəyi yerlərdə məskən salıblar. Torpaqlardan, ancaq əkin, öz yaşayışlarını təmin etmək üçün istifadə edib, əkinçiliyi, bağçılığı, meyvəçiliyi, heyvandarlığı inkişaf etdiriblər. Əhalinin sayı artdıqca, tələbat böyüdükcə kənd sakinləri torpaq sahələrində evlər tikməyə başlayıblar. Kənd, beləcə, yavaş-yavaş böyüyüb, məskunlaşma artıb. Kəndin əvvəlki adı Yuxarı Əndəmiç olub, 2003-cü ildən Yuxarı Əndəmic adlanıb. Bu gün Əndəmic “Azərbaycanın incisi” sayılan Ordubad rayonunun gözəl təbiəti, meyvəli bağları, sərin sulu bulaqları, təmiz havası, torpağına bağlı zəhmət adamları, ziyalıları ilə seçilən, milli-mənəvi dəyərləri qoruyub yaşadan kəndlərindən biridir. Kəndimiz Dübəndi çayının üzərində yerləşir. Əhali bu çaydan əkilən torpaq sahələrini suvarmaq, çay çeşmələrindən isə içməli su kimi istifadə edirlər. Dübəndi çayı kəndi iki yerə bölür. “Güləman” adlanan hissədə daha çox əkin sahələri, kəndin əsas hissəsində isə yaşayış binaları, həyətyanı təsərrüfat sahələri yerləşir. Əndəmic kəndi qədimdən türklərin yaşadığı ərazi olub, adının mənası da zəhmət çəkən, zəkalı insanların yaşadığı ərazi deməkdir. Bir də bu kəndin adı “üç ev” mənasını verir. Bu da onunla bağlıdır ki, “Güləman” adlandırdığımız yerdə əvvəllər yaşayış məskəni olub, orada bir neçə ailə yaşayıb, əkinçilik, heyvandarlıqla məşğul olublar. Bu gün də eyni ərazidə həmin uçuq tikililər qalır.

Müsahibim bildirir ki, Yuxarı Əndəmic kəndi həm arxeoloji, həm də memarlıq abidələri baxımından zəngindir. Yuxarı kənd qəbiristanlığı XVI-XIX əsrlərə aid tarixi-arxeoloji abidədir. XIV-XVI əsrlərə aid Güləman məscidi insanların müqəddəs ziyarətgah, pir yeridir. XVIII əsr memarlıq abidəsi Meydan məscidi kəndin mərkəzində yerləşir. Sovetlər dövründə bu məscid anbara çevrilib, dini kitablar, hər şey məhv edilib. Sonralar kənd əhalisinin köməkliyi ilə yenidən, əsaslı şəkildə qurulub, dini ibadətlər və mərasimlər üçün hər cür şərait yaradılıb. XIX əsr memarlıq abidəsi olan Yuxarı küçə məscidi əvvəlki görkəmi saxlanılmaqla yenidən təmir və bərpa edilib, bu gün hüzr mərasimlərinin keçirilməsi üçün də istifadə olunur. XVIII-XIX əsrlər memarlıq abidəsi olan Süd məscidinin yanından süd çeşməsi axır. Dağın içindən çıxan çeşmə möcüzədir, hamını təəccübləndirir. Çeşmənin suyu haradan mayalanıb gəlir, – bu, bir sirdir. Kəndimizdə əsrlərlə yaşı olan 2 kəhriz vardır. Yuxarı kəhrizin 8, Kərim çeşməsinin 16 quyusu vardır. Bu kəhrizlərin suyu 20 metrdən çox dərinlikdən quyularla gəlir. Yuxarı Əndəmicdə Güləman məscidi ilə üzbəüz, çayın kənarında qədimdən su dəyirmanı olub. Vaxtilə Baba kişi işlətdiyi üçün bu dəyirman “Babanın dəyirmanı” adı ilə tarixə düşüb. Görkəmli publisist, dramaturq Əbülfəz Qasımovun “Mənim çörəkli dünyam” povestində ondan geniş bəhs olunur. Xüsusilə müharibə vaxtı Ordubad şəhərinin özündən, kəndlərindən arpa, buğda gətirib bu dəyirmanda üyüdüb, dolanışıqlarını təmin ediblər.
Kəndin müasir görkəmindən danışan müsahibim qeyd edir ki, bu gün Yuxarı Əndəmic dövlətimizin qayğısı ilə abadlaşıb, müasir kəndə çevrilib. Yollara asfalt döşənib, insanların rahatlığı təmin olunub, üçmərtəbəli kənd mərkəzi istifadəyə verilib. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı fəaliyyət göstərir. Beləliklə, kənd sakinləri rayona getmədən lazımi sənədləri buradan ala, kommunal xidmət haqlarını ödəyə, kitabxanadan istifadə etməklə asudə vaxtlarını səmərəli keçirə bilirlər. Həmçinin kənddə xidmət mərkəzi də tikilib. Yuxarı Əndəmic-Nüsnüs avtomobil yolu abadlaşdırılıb, insanların rahat gediş-gəlişi təmin olunub, rayon mərkəzi və digər kənd­lərlə əlaqəmiz təmin edilib. Bütün bu yaradılanlar kəndin simasını gözəlləşdirib, insanlara böyük sevinc hissi, yaşayıb-yaratmaq əzmi bəxş edib. Bu gün dövlətimizin qayğısı ilə kəndimizdə insanların elektrik, qaz, su, telefon, internet xidməti ilə bağlı heç bir problemi yoxdur. Muxtar respublika rəhbərinin qayğısı ilə həyata keçirilən bütün bu abadlıq işləri, xidmət sahələri – hamısı kənd sakinlərinin həyat şəraitinin yaxşılaşmasına, sosial problemlərinin həllinə, onların məşğulluğunun artırılmasına xidmət edir. Onu da deyim ki, Əndəmicin füsunkar təbiət mənzərələri, tarixi tikililəri buraya turistləri də cəlb edir, digər ölkələrdən qonaqlar kəndimizə gəlir, qalır və gəzirlər.
Sözün qısası, bu gün kəndimizdə yaradılan şərait dövlətimizin, qurucu rəhbərimiz Ali Məclis Sədrinin kənd adamlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Kəndimizin sakinləri, ziyalılarımız adından muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.

Öyrənirik ki, uca dağların qoynunda yerləşən Yuxarı Əndəmicdə insanlar çox zəhmətkeşdir, əkib-becərir, bağ-bağçalar salır, müxtəlif növ meyvə ağacları yetişdirir, əkinçiliklə, heyvandarlıqla, arıçılıqla, limonçuluqla məşğul olurlar. Həmsöhbət olduğumuz təsərrüfatçı Qurban Məmmədov da onlardan biridir. Müsahibim kənddə qurulub-yaradılanlardan sevinclə, qürurla danışır. Onun dediklərindən:
– Kəndimizin dünənini yaxşı xatırlayıram, bu gün ötən dövrün çətinliklərindən heç bir əsər-əlamət qalmayıb, bütün məsələlər öz həllini tapıb. Məhz bunun nəticəsidir ki, kəndli də öz torpağının sahibinə çevrilib, ona bağlanıb, əkib-becərir, öz məhsulunu əldə edir, rahatlıqla satışa çıxara bilir. Uzun illərdir, heyvandarlıqla məşğulam. İribuynuzlu və xırdabuynuzlu heyvan saxlayıram. Hazırladığımız ağartı məhsullarını istifadə edir, pay verir və sata bilirik. Müsahibim deyir ki, Əndəmicdə limonçuluq geniş yayılıb. Bilirsiniz ki, Ordubad limonu görünüşü, rəngi, dadı, tamı və xoş ətri ilə seçilir. Havanın, suyun saf və təmiz, torpağın isə faydalı elementlərlə zənginliyi limonu da qiymətli edib. Həmçinin bizim kənddə payızın gözəl meyvəsi xurma da yetişdirilir. Onun həm təzəsindən, həm də qurudulmuşundan istifadə edirik. İndi səfalı yaz gəlib. Torpağın oyanan, şumlanan, əkilən vaxtlarıdır. Odur ki, vaxtımızın çox hissəsi əkin sahələrində işləməklə keçir, bundan da çox xoşbəxtik, çünki əminik ki, çəkdiyimiz zəhmət hədər getməyəcək, şirin bəhrəsini verəcək.
Kənddə olarkən həkim ambulatoriyasına da baş çəkdik. Burada 40 ildən çoxdur ki, həkim işləyən Münəvvər Bəhlulova ilə həmsöhbət olduq. O bildirdi ki, muxtar respublikada yeni səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açıb. Kəndimizdə istifadəyə verilən həkim ambulatoriyası da insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Ambulatoriyada hər cür şərait yaradılıb. Əvvəllər şəraitimiz yaxşı deyildi. Bir otağımız vardı, qışda isidə bilmirdik. İndiki şəraitimiz çox gözəldir. Ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, peyvənd, qeydiyyat otaqları, aptek vardır. Müəssisə lazımi tibbi avadanlıqlarla təchiz olunub, eyni zamanda istilik sistemi quraşdırılıb. Buradakı aptek kənd əhalisinin dava-dərmana olan ehtiyacını ödəyir. Əvvəl dərman almaq üçün rayon mərkəzinə gedən kənd sakinləri bu gün lazımi dərmanları buradan asanlıqla əldə edə bilirlər. Biz də çalışırıq ki, kənd sakinlərinin sağlamlığı üçün əlimizdən gələni edək.
Bu gün muxtar respublikamızın hər bir yaşayış məntəqəsində yaradılan xidmət mərkəzləri həm məşğulluğun təmin olunmasında, həm də ailə təsərrüfatları üçün geniş imkanlar açır. Yuxarı Əndəmicdə yaradılan xidmət mərkəzi də onlardan biridir. Buradakı bərbərxana, gözəllik salonu, ət satışı, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri ilə tanış oluruq. Mağaza sahibi Elməddin Qasımovla həmsöhbət oluruq. O deyir ki, mağazamızda, əsasən, yerli, xüsusilə də ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışına üstünlük veririk. Həmçinin burada digər xidmət sahələrinin fəaliyyəti üçün də nümunəvi şərait yaradılıb, kəndin 6 sakini işlə təmin olunub. Bütün bunlar kənd əhalisinin rahatlığına, yaşayışının təmin olunmasına əlverişli imkanlar açır. Yaradılan şəraitdən istifadə edərək kəndin inkişafına töhfə vermək isə hər birimizin borcudur.
Beləliklə, muxtar respublikamızda daha bir kəndə yenilik, gözəllik bəxş edildi. Müdriklərdən biri deyir ki, əsas məsələ gələcəyi uzaqdan görmək deyil, onu qurub yaratmaqdır. Qurulub, yaradılan isə güclü iradənin, əzmkarlığın, zəhmətin, qabiliyyətin nəticəsində ortaya çıxır və tarixdə öz yerini tapır, Vətəninin tərəqqisinə, insanlığa xidmət edir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR