22 Dekabr 2024, Bazar

Şərqin qapısı Naxçıvanda rəssamlıq sənətinin tarixi Gəmiqaya təsvirlərindən başlayır, XII əsr memarlıq məktəbinin təsiri ilə inkişaf edir, XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli ilə zirvəyə yüksəlir, Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının, sonralar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılması, fəaliyyəti ilə daha da zənginləşir, inkişaf edir. Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi özünün 54 üzvü ilə birgə günümüzün real mənzərəsinin yaradılmasında, tariximizin və milli dəyərlərimizin təbliğində mühüm rol oynayır. Məhz səmərəli fəaliyyətinin nəticəsidir ki, Ali Məclisin Sədri cənab Vasif Talıbov 2021-ci il 2 mart tarixdə “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Biz də 50 il ərzində keçilən bu tarixi yola bir daha nəzər salmaq üçün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva ilə həmsöhbət olduq.

– Ülviyyə xanım, əvvəlcə Rəssamlar Birliyinin dünəninə qısaca nəzər salaq.

– Xalqımızın böyük oğlu, ulu öndərimiz Heydər Əliyev hakimiyyətinin hər iki dönəmində muxtar respublikamızda hər bir sahəyə ayrıca diqqət və qayğı göstərib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılması da ümummilli liderin adı ilə bağlıdır. Hələ 1970-ci ildə muxtar respublikada kifayət qədər rəssamın mövcudluğu onların yerli təşkilatda birləşmələrinə zəruri şərait yaratmışdı. Həmin ilin sonunda muxtar respublika rəssamları bu məsələ ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının sədrinə müraciət etmiş, Rəssamlar İttifaqının İdarə Heyəti bu təşəbbüsə tərəfdar çıxaraq məsələni respublika rəhbərliyinə və SSRİ Rəssamlar İttifaqına çatdırmışdı. Nəhayət, ümummilli liderimizin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yaradılmışdır. O dövrün tanınan, seçilən rəssamlarından olan Məmməd Qasımov təşkilatın ilk sədri olub. Həmin dövrdə təşkilatda 10 rəssam fəaliyyət göstərib. Onların bir çoxunun fəaliyyəti teatr rəssamlığı ilə sıx əlaqəli idi. Bu gün onların içərisində həyatda qalan tək boyakar-rəssamımız Məmməd Şirzadovdur ki, o da Türkiyədə bizi təmsil edir, Afyon Kocatəpə Universitetinin professorudur. 1971-1976-cı illərdə Şəmil Mustafayev təşkilatın sədri olub və o dövrdə təşkilatın üzvlüyünə heç kim qəbul edilməyib. 1976-1987-ci illər Abuzər Qardaşbəyov sədr seçilib. O vaxt təşkilata 12 nəfər rəssam üzv seçilib. 1987-1989-cu illərə kimi Mircəlil Seyidovun sədrliyi dövründə təşkilata 7 nəfər üzv qəbul olunub. Onlar İsmayıl Əliyev, Sabir Mehdiyev, Telman Abdinov, Məhəmmədəli Ələkbərov, Aydın Rəcəbov və başqaları idi. Bu rəssamlarımızdan bir çoxu hazırda fəaliyyətini davam etdirir. 1989-1999-cu illərdə təşkilata Babək Abazərli rəhbərlik edib.

– Ötən əsrin 90-cı illərinin təlatümlü dövrü, yəqin ki, təşkilatın da fəaliyyətinə təsirsiz ötüşmədi. Təşkilat bu böhranlı vəziyyətdən necə xilas oldu?
– Bəli. Təşkilat 90-cı illərin çətin dönəmində fəaliyyətini dayandırmalı olmuşdu. Lakin ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələr, eləcə də rəssamlıq da inkişafın yeni mərhələsinə qədəm qoydu. Həmin dövrdə 2 nəfər rəssam üzvlüyə qəbul edildi. 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüs və qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı müstəqil bir yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrildi. Birliyə 2000-2011-ci illərdə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev sədrlik etdi. Həmin dövrdə 15 rəssam birliyin üzvlüyünə qəbul olundu. Bu gün də öz fəaliyyətini davam etdirən rəssamlarımız içərisində Rafael Qədimov, Əli Səfərli, Həsən Qurbanov, Səyyad Bayramov, Həbibə Allahverdiyeva, Anar Əliyev, Sabir Məmmədov, Həmzə Sadiqov, Fikrət Babayev, Cavid İsmayılov və digərləri vardır. 2011-ci ildən bu günədək Rəssamlar Birliyinə sədrlik edirəm. Ötən dövr ərzində birliyə 26 nəfər üzv qəbul edilib. Onlar bu gün müasir Naxçıvanımızı layiqincə təbliğ və təmsil edirlər.
– Naxçıvanlı rəssamların yaradıcılığı həmişə diqqətçəkən olub. Onları sənətkarlıq baxımından hansı xarakterik cəhətlər fərqləndirir?
– Rəssamlar Birliyinin 2011-ci ildə 40 illik yubileyi ərəfəsində Bakı şəhərində Naxçıvan rəssamlarının sərgisi keçirildi. Dünyaca tanınmış Xalq rəssamı Tahir Salahov orada dedi ki, Naxçıvan rəssamlarının “görmə qabiliyyəti” pozulmayıb, onların “görmə qabiliyyəti” təmizdir və yaradıcılıqlarına yad ünsürlər təsir etməyib. Həqiqətən də, böyük qiymətdir. Bizim rəssamlarımız bu gün də yaradıcılıqda klassik üslubu qoruyub saxlayırlar. Niyə, çünki görkəmli rəssam Bəhruz Kəngərlinin davamçılarıyıq. Həmçinin rəssamlarımızın özlərinəməxsus üslubları vardır və həmin üslublar bu gün dünyada qəbul olunandır. Məsələn, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məhəmmədəli Ələkbərov abstraksiya janrında çalışır. Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun üslubu, rəngləri, işığı fərqlidir. Xalq rəssamı Hüseynqulu Əliyev təsviri sənəti mükəmməl şəkildə davam etdirir. Azərbaycan Respublikasının Əməkdar rəssamı Həsən Qurbanov yaradıcılığında həm klassik üslubu qoruyur, həm də özünəxas üslubu ilə seçilir. Onun əsərlərində daha çox Naxçıvan mənzərələrini görmək mümkündür. Bizim portret janrında işləyən rəssamlarımız da kifayət qədərdir. Onu da qeyd edim ki, bu gün Rəssamlar Birliyində Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunu müvafiq ixtisaslar üzrə bitirmiş rəssamlarımız üstünlük təşkil edir. Onların içərisində Cavid İsmayılov, Həbibə Allahverdiyeva, Fizzə Quliyeva, Şəmsiyyə Zalova, Həbib Allahverdiyev, Murad Babayev, Arzu Novruzov, Ruslan Zamanov, Ələkbər Ələkbərov kimi rəssamlar var. Həqiqətən də, onlar müasir dövrün yaxşı tanınan rəssamlarındandır. Bir çox rəsm festivallarında, simpoziumlarda özlərini doğruldublar, yaradıcılıqlarını sevdirə biliblər.

– Ülviyyə xanım, sizin də çox fərqli, maraqlı üslubunuz var...
– Belə deyirlər (gülümsəyir). Akademik İsa Həbibbəyli əl işlərimə “müasir miniatür” deyir. Türkiyə və digər ölkələrin rəssamları yaradıcılığımda impresionizm, sürrealizm cərəyanlarının təsirindən danışırlar. Demək olar ki, rəssamlıqda mövcud olan bütün cərəyanlara müraciət edirəm. Sonda ortaya çıxan rəsm əsəri isə tamamilə mənim reallığımdır. Ümumiyyətlə, muxtar respublika rəssamlarının yaradıcılığı hər yerdə diqqəti cəlb edir. Naxçıvanda yaradılan şəraitin nəticəsidir ki, biz rəssamlar işləyə və yaradıcılığımızı göstərə bilirik. Diyarımızda rəssamlarımıza hörmət, diqqət, qayğı yüksək səviyyədədir.
– Rəssamlıq istedadına malik olan uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, bu sahədə kadr hazırlığı prosesi necə aparılır?
– Bu gün muxtar respublikamızda rəssamlığa maraqlı olan kifayət qədər uşaq, yeniyetmə və gənclərimiz vardır. Birliyin və rəssamların tanıdılması, gənc istedadların üzə çıxarılması üçün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yerləşən uşaq yaradıcılıq mərkəzlərində birlik üzvləri tərəfindən mütəmadi olaraq ustad dərsləri keçilir. Bununla yanaşı, hər il balaca rəssamların əl işlərindən ibarət “İRS” adlı sərgi təşkil edilir. Naxçıvan Rəssamlar Birliyində də mütəmadi olaraq qonaq rəssamların tələbə və həvəskar rəssamlara ustad dərsləri vasitəsilə bu sənətin sirlərini öyrətmələrinə çalışırıq. Müxtəlif rəsm dərnəkləri fəaliyyət göstərir ki, bu dərnəklərdə gələcəyin rəssamları hazırlanır. 1971-ci ildən ötən əsrin sonlarına kimi gənc rəssamlar Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə çətinliklə qəbul olunurdular. 2000-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının səmərəli fəaliyyəti nəticəsində həvəskar-gənc rəssamların ixtisas təhsillərinə diqqət artırıldı, yerli rəssamların yaradıcılıq ezamiyyətlərinə göndərilməsi işinə başlanıldı. Biz xüsusi fitri istedada malik gənc rəssamları Rəssamlar Birliyinə üzv qəbul edirik, onlar bu sahədə püxtələşəndən sonra Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul oluna bilirlər. Ötən ilin noyabr ayında birliyimizin nəzdində ilk dəfə olaraq Gənc rəssamlar bölməsi yaradıldı. Buraya üzv olan və yaxud üzv olmaq istəyən gənclər professional rəssamlarımızla bir yerdə işləyir, onların sərgiləri keçirilir. Bu gün həmin bölmədə 25 nəfər gənc təmsil olunur. Onu da xüsusi olaraq qeyd edim ki, muxtar respublikamızda gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün də hərtərəfli şərait mövcuddur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi, rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları açılıb. Həmin ixtisaslar Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq Rəssamlar Birliyinin hamiliyinə verilib. Burada təhsil alan tələbələr üçün ustad dərsləri, maraqlı müsabiqələr, sərgilər təşkil edilir. Onların bir çoxu bu gün Gənc rəssamlar bölməsində fəaliyyət göstərirlər.
–Naxçıvan şəhərində incəsənət sahəsində də beynəlxalq tədbirlər keçirilir, eyni zamanda naxçıvanlı rəssamların xarici ölkələrdə iştirakı təmin olunur…
– Bəli, muxtar respublikada rəssamlıq sənətinin inkişafına göstərilən diqqət və qayğının bir nümunəsi də 2012-ci ildən etibarən hər iki ildən bir təşkil edilən “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalıdır. IV Beynəlxalq Rəsm Festivalı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuşdu və çox maraqla qarşılandı. Bu festivalda dünyanın müxtəlif ölkələrindən – Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Ukrayna, Rusiya, Finlandiya, Sloveniya, Misir, Oman, Polşa və digərlərindən rəssamlar iştirak edir, onlar öz fırçaları ilə Naxçıvanı tərənnüm edirlər. Bu həm diyarımızın təbliğində, həm də rəssamlar arasında sənət mübadiləsinin aparılması işində əhəmiyyətli rola malikdir. Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda mütəmadi olaraq yerli sənətkarların maraqlı sərgiləri, eyni zamanda beynəlxalq sərgilər keçirilir. Bu gün respublikada fəaliyyət göstərən yaradıcı təşkilatlarla səmərəli əməkdaşlıq edirik. Rəssamlar Birliyinin üzvləri Azərbaycan Rəssamlar İttifaqı tərəfindən keçirilən sərgilərdə iştirak edir, eyni zamanda naxçıvanlı rəssamların sərgiləri mütəmadi olaraq Bakı şəhərində, digər xarici ölkələrdə təşkil edilir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın 2018-ci ildə Türkiyə Respublikasında keçirilən “Dənizlərimiz və rənglərimiz” adlı beynəlxalq sualtı rəsm sərgisində Naxçıvandan olan yeganə azərbaycanlı qadın kimi iştirakı, eləcə də gənc rəssamlarımızdan Həbib Allahverdiyevin, Murad Nurlunun, Arzu Novruzovun və birliyin digər üzvlərinin Türkiyə, İran və başqa ölkələrdə təşkil edilən rəsm sərgilərində iştirakı başlıca uğurlarımızdandır. 2019-cu ildə Art Ankara V Müasir İncəsənət Sərgisində iştirakımız uğurlu olub. Bu yaxınlarda Atatürk Universiteti ilə rəssamlığın inkişafına töhfə verəcək maraqlı bir konfrans baş tutacaq. Həmçinin mən UNESCO yanında Rəssamlar Birliyinin üzvüyəm və beynəlxalq təşkilat tərəfindən keçirilən sərgilərdə də iştirak edirik.
– Ötən dövr ərzində muxtar respublika rəssamları hərtərəfli diqqət və qayğı ilə əhatə olunub...
– Muxtar respublika rəhbərinin qayğısı sayəsində rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülüb, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilib, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılıb, rəssamlarımıza fəxri adlar verilib, onların albom-kataloqları nəşr olunub. Bu gün muxtar respublikanın 1 Xalq rəssamı, 5 Azərbaycan Respublikasının, 9 Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 1 Əməkdar incəsənət xadimi vardır. Naxçıvan şəhərində Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin adını daşıyan muzey fəaliyyət göstərir. Bu gün Azərbaycanın heç bir yerində rəssamın adını daşıyan muzey sırf özünəməxsus olmur. Ancaq bizdə muzey rəssamın həm adını daşıyır, həm də onun əsərləri ictimaiyyətə nümayiş olunur, təbliğ edilir. Bu, çox gözəl bir addımdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə böyük rəssamımız Bəhruz Kəngərlinin 120, görkəmli rəssam Şamil Qazıyevin 110, tanınmış rəssam İbrahim Səfiyevin isə 120 illik yubileyləri təntənəli şəkildə qeyd edilib. Bütün bunlar naxçıvanlı rəssamların həyat və yaradıcılığının daha geniş şəkildə təbliğində, ictimaiyyətə, sənətsevərlərə, müasir gəncliyə layiqincə tanıdılmasında mühüm rol oynayıb. “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəsm Festivalının keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Rəssamlar Birliyinə 15 min manat vəsait ayrıldı. Bunun özü Naxçıvanda rəssamlıq sənətinin inkişafına göstərilən dövlət qayğısının ən böyük nümunəsidir.
– Bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi keçiriləcək. Bununla bağlı hansı tədbirlər planlaşdırılıb?
– Əvvəlcə qeyd edim ki, Ali Məclis Sədrinin 2011-ci il iyulun 23-də imzaladığı Sərəncam ilə birliyin 40 illik yubileyi geniş şəkildə qeyd olundu. Həmin dövrdən artıq 10 il keçir və qürurluyuq ki, 50 illik yubileyimizi qeyd etməyə hazırlaşırıq. Muxtar respublika rəhbəri tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam bir daha muxtar respublikamızda rəssamlıq sənətinə verilən qiymətin, diqqətin və rəssamlarımıza böyük qayğının ifadəsidir. Buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə rəssamlarımız adından dərin minnətdarlığımı bildirirəm. Artıq bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında aidiyyəti qurumlarla birgə “Naxçıvanda rəssamlıq sənətinin inkişafı” mövzusunda konfrans keçirilməsi, “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının təşkili, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illiyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi, Naxçıvan rəssamlıq məktəbinin tanınmış nümayəndələri haqqında ensiklopedik nəşrin hazırlanması, həmçinin muxtar respublika rəssamlarının əsərlərindən ibarət sərgilərin açılması nəzərdə tutulub.
Sonda isə onu deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi biz rəssamların məbədidir. Bu gün Bəhruz Kəngərli adına Sərgi Salonuna 400 əsər yerləşir. Bu illər ərzində birlik tərəfindən 1000-ə yaxın sərgi və tədbir keçirilib. Minlərlə rəsm əsəri çəkilib nümayiş olunub, yüzlərlə rəsm əsəri satılıbdır. Bu, böyük bir tarixdir. Biz bu tarixi qoruyub saxlayacaq və gələcək nəsillərə ötürəcəyik. Bundan sonra da muxtar respublikamızda rəssamlıq sənətinin inkişafı üçün əlimizdən gələni edəcəyik.
– Maraqlı müsahibə üçün təşəkkür edir və bu ümdə məramımızın gerçəkləşdirilməsində uğurlar arzulayırıq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR