Babək rayonunun Qahab kəndindən olan Hünər Qasımov zamanla ailə təsərrüfatını inkişaf etdirərək sahibkara çevrilib. Kənd təsərrüfatının, demək olar ki, bütün sahələri ilə – əkinçilik, arıçılıq, bağçılıq, taxılçılıq, o cümlədən heyvandarlıqla məşğul olan müsahibim deyir ki, Naxçıvanda ailə təsərrüfatlarının inkişafına davamlı dövlət dəstəyi göstərilir. Bu dəstək hesabına mən də öz fəaliyyətimi genişləndirmişəm. 2013-cü ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli şərtlərlə kredit götürərək Qahab kəndində “Böyük dağ” süd məhsullarının istehsalı müəssisəsini açdım. Onda özümün 30 baş iribuynuzlu mal-qaram var idi. 2019-cu ildə 7 min manat kredit götürüb arı ailəsi almışam, hazırda 30 arı ailəsinə qulluq edirəm. Bu sahəyə də dövlət dəstəyi göstərilir, hər arı ailəsinə görə subsidiya verilir. Diyarımızda ailə təsərrüfatçıları üçün yaradılan şəraitdən bəhrələnərək ötən il fermer təsərrüfatımızı yaratmışıq. Belə ki, yenidən kredit götürərək 50 metr uzunluğunda, 14 metr enində böyük fermer təsərrüfatı tikmişəm.
“Hünər” fermer təsərrüfatında hazırda 61 iribuynuzlu mal-qara, 250 baş xırdabuynuzlu heyvan saxlayırıq. Ailə üzvlərimlə birgə bir neçə ildir ki, ağartı məhsullarının istehsalı ilə məşğuluq. İstehsal etdiyimiz məhsulları Naxçıvanın satış obyektlərinə təqdim edirik. Bu məhsulların keyfiyyətinə söz ola bilməz. Muxtar respublikanın zəngin təbiəti, təmiz havası və suyu hesabına belə keyfiyyətli məhsullar ərsəyə gətirə bilirik.
Müsahibim heyvanların yem tədarükündən danışaraq bildirir ki, qaba yemlər heyvanların qışlama dövrü rasionlarının əsas tərkib hissəsini təşkil edir. Heyvandarlıq təsərrüfatının tələbatının ödənilməsi üçün ötən il 2 hektar sahədə yonca əkmişəm. Digər qüvvəli yemlər də tədarük etmişəm. Hazırda fermada sağmal heyvanlar gündəlik sağılır, qatıq və süzmə, qaymaq, ayrandan şor hazırlanır. Yaz fəsli gələndə, aprel ayının əvvəllərindən heyvanları aparacağıq Culfa rayonu ərazisindəki Kola dərəsinin, Nəhəcir dağının ətəklərinə. Təsərrüfatçı deyir ki, vaxtilə heyvandarlıqla məşğul olanlar çətinliklərlə qarşılaşırdı. İndi obalara gedən yolların rahatlığı, o cümlədən yüksək dağlıq ərazilərdə yerləşən hərbi hissələrdə xidmətin uğurla yerinə yetirilməsi mənim kimi digər heyvandarların da yaylaqlarda rahat və təhlükəsiz yaşamasına imkan verir.
Hünər Qasımov onu da bildirir ki, heyvandarlıq təsərrüfatında süni mayalanma, eləcə də heyvanların yemlənməsi, bəslənməsi və saxlanması zootexniki qaydalara uyğun həyata keçirilir. Süni mayalanma heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayır və bu yolla doğulan hər buzova görə dövlətimiz tərəfindən 100 manat məbləğində subsidiya verilir. Həmçinin fermamızdakı heyvanlar mütəmadi olaraq baytar müayinəsindən keçirilir, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür.
Müsahibim heyvandarlıqla yanaşı, həm də uzun illərdir, əkinçiliklə məşğuldur. Əkinçilik təsərrüfatının ən qədim və aparıcı sahəsi sayılan taxılçılıqla məşğul olan təsərrüfatçı 21 hektar sahədə payızlıq taxıl səpini həyata keçirib. O, deyir ki, əlverişli təbii-coğrafi şərait, taxıl sahələrinə vaxtında göstərilən lazımi qulluq, sahələrin suvarılması, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsi imkan verir ki, bu sahədən bol məhsul əldə edək, əhalinin ehtiyac və tələbatının ödənilməsinə töhfəmizi verək.
Sahibkar bələdiyyədən də 3 hektar yararsız torpaq sahəsi götürüb yararlı hala salaraq 1 hektar sahədə yonca, 2 hektarda taxıl, yarım hektarda isə müxtəlif meyvə ağacları əkib. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 3 texnoloji avadanlıq alıb. Müsahibim hər il muxtar respublikamızda keçirilən müxtəlif festival və yarmarkalarda iştirak edir. Bal, qovurma, qatıq, qatıqaşı, kərə, şor və digər keyfiyyəti ilə seçilən məhsulları rahatlıqla alıcılara təqdim edə bilir. Hünər Qasımov muxtar respublikamızda fəaliyyətinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi.
Bu gün Naxçıvanda bütün sahələrə, o cümlədən əhalinin yaşayışını təmin edən kənd təsərrüfatı sahəsinə göstərilən dövlət qayğısı Hünər Qasımov kimi zəhmətkeş adamları öz yurduna daha sıx tellərlə bağlayır. Onlar dövlətin diqqət və qayğısı hesabına çəkdikləri zəhmətlə doğma Naxçıvanımızın inkişafına layiqli töhfələrini verirlər. Belə insanların əməyi isə dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.
Güntac ŞAHMƏMMƏDLİ