22 Dekabr 2024, Bazar

Doğma məmləkətimiz, ana yurdumuz, babalarımızın, dədələrimizin əmanəti, tariximiz, azadlığımız Vətəndir... Vətən təkcə müəyyən sərhədləri olan coğrafi bir məkan yox, uğrunda canımızdan keçərək qanlar tökdüyümüz, üzərində gözümüzü dünyada açdığımız müqəddəs torpaqdır. Vətən həm də “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə müqəddəs amal uğrunda döyüşə atılan, düşmənə sinə gərən qeyrətli oğulların, şəhidlik zirvəsinə yüksələnlərin məskənidir...

Bu gün doğma Vətənimiz Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, müasir maddi-texniki bazaya, silahlara malik olan güclü nizami ordusu vardır. Ordumuzun sıralarında qulluq edən əsgərlərimiz bir vaxtlar torpaqlarımızın azadlığı uğrunda qorxmadan mübarizəyə atılan, yaralanan, sağlamlığını itirən, şəhid olan cəsur ataların övladlarıdır… Bu gün ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda şəhid ailələrinə, müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdudlaşmış şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir, müvafiq kateqoriyadan olan insanlara mənzil və minik avtomobilləri verilir, sağlamlıqlarının qayğısına qalınır, onlar müalicəyə göndərilirlər.
Tofiq Mehdiyev də dövlətin diqqət və qayğısı ilə əhatə olunmuş müharibə veteranlarımızdan biridir. 1959-cu ildə Babək rayonunun Nehrəm kəndində (indiki qəsəbə) anadan olan Tofiq müəllim 1980-1998-ci illər arasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növü olan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edib. Müsahibim həmin vaxtları belə xatırlayır:– Naxçıvan həmişə Azərbaycanın strateji və diqqəti cəlb edən bölgəsi olub. Xəyanətkar qonşumuz ermənilər dəfələrlə bu diyarı ələ keçirmək, öz ərazilərini bu torpaqlar hesabına genişləndirmək iddiasında olublar. Ermənilərin hücumlarına məruz qalan Sədərək, Babək rayonunun Buzqov-Gərməçataq kəndlərində gedən döyüşlərdə hərbçi kimi iştirak etmişəm. Erməni-rus hərbi birləşmələrinin 1988-ci ildən başlayan silahlı hücumlarını, Kərki kəndinin işğalını, Sədərəyin mühasirəsini yaxşı xatırlayıram.

Ağır sınaqla üz-üzə qalan Sədərəkdə atılan top mərmiləri ilə neçə-neçə evlər, ictimai, inzibati binalar, sosial obyektlər dağıdıldı. O vaxt Naxçıvanın müxtəlif bölgələrindən köməyə gələn oğullarımız Sədərək uğrunda birləşdilər. Çoxlu şəhidlər verdik, yaralananlar oldu. Yaralılar arasında dostlarım da var idi. O dəhşətli anları göz önünə gətirəndə qəlbim sızlayır. Həmin dövrdə Naxçıvana gələn ulu öndər Heydər Əliyevin Sədərək əhalisini daha dözümlü və əzmkar olmağa, düşmən qarşısında mətanətlə dayanmağa səsləməsi, məğrur əsgərlərimizin gücü, birliyi ilə Sədərək düşmən hücumundan xilas oldu. Artıq sədərəklilər üçün 90-cı illərin o dəhşətli, əzab dolu günləri geridə qalıb. Bu gün müzəffər ordumuzun məğrur əsgərləri Naxçıvanın qeyrət qalası olan Sədərəyin keşiyini çəkir. İndi yurdumuzu etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordumuz vardır. Onların vətənpərvərliyini, cəsarətini, torpaq sevgisini, bacarıqlarını, hərbi biliklərinin zənginliyini, yüksək peşəkarlığını gördükcə ürəyimiz açılır, qəlbimizi qürur hissi bürüyür. Yaxşı xatırlayarsınız, ötən illərdə ordumuzun Naxçıvan istiqamətində uğurlu Günnüt əməliyyatına imza atması göstərdi ki, bu gün əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Biz də dövlətimizin sadiq əsgəri, təcrübəli döyüşçüsü kimi silaha sarılmağa, işğal altında olan torpaqlarımızı azad etməyə hər zaman hazırıq.
İştirakçısı olduğu döyüşlərdən sonra sağlamlığını qismən itirən Tofiq müəllim dövlətimizin müharibə veteranlarına göstərdiyi qayğıdan razılıqla danışır: – Bu gün müharibə veteranlarına böyük qayğı var. Mən də evlə təmin olunmuşam, Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıram. Bizə göstərilən qayğıya görə dövlətimizə minnətdaram.
Səngərlərdə mərd oğullarımızla çiyin-çiyinə, birgə döyüşən, yaralanan igidlərə yardım edən qadınlarımız da az olmayıb. Müharibə veteranı Kəmalə Hüseynova da belə cəsur qadınlarımızdan biridir. 1957-ci ildə Babək rayonunda anadan olan Kəmalə xanım Naxçıvan Tibb Kollecini müvəffəqqiyyətlə bitirib. Uşaq vaxtlarından Vətənə sevgisi, hərbi sahəyə marağı onu 1990-1993-cü illərdə Naxçıvan hərbi hissələrinin pozisiyasında hərbi tibb bacısı kimi işləməyə qədər gətirib çıxarır. Kəmalə xanım o illəri belə xatırlayır: – O vaxt qızğın döyüşlərin getdiyi Sədərək bölgəsinin “Cin təndiri”deyilən ərazisində qəfil erməni əsgəri ilə üz-üzə gəldim. Onunla mübarizəyə atıldım, bir neçə dəfə mənə atəş açıldı, bu güllələrdən qurtulmaq üçün özümü tikanlı kolların içərisinə atdım. Ardı-arası kəsilməyən düşmən güllələri neçə-neçə mərd oğullarımızı şəhid etdi, neçəsi yaralandı. Xatirimdədir, xəsarət alanlar arasında Bakı şəhərindən olan Firudun adlı oğlan da var idi. Onun yaralandığını görəndə güllə yağışına baxmayaraq, özümü önə atdım, vaxtında onu hərbi hissəyə çatdırıb, ölümdən qurtardım. Şərur rayonunun Maxta kəndindən olan yaralı bir əsgəri hərbi hospitala çatdırdım, lakin artıq gec idi, o, şəhidlik kimi uca bir zirvəyə yüksəldi. O qanlı-qadalı günlər artıq geridə qalıb. Amma həmin günlər olmasaydı, bu günümüzün qədrini bilməzdik. O döyüşlərdə iştirak edən el­oğullarımızın şücaətini, qətiyyətini bu gün qədim Naxçıvanın keşiyində inamla dayanan, muxtar respublikamızın müdafiəsində ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirən cəsur oğullarımız davam etdirir. Bu gün dövlətimizlə, ordumuzla, rəhbərimizlə fəxr edir, qürur duyuruq. Cənab Prezidentimizin sərəncamı ilə bizə aylıq təqaüdün ayrılması da ümummilli liderimizin yoluna böyük sədaqətin, veteranlara göstərilən dərin hörmət və ehtiramın nəticəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir”.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri sırasında xidmət edən, keçmiş döyüşçülərin, qəhrəmanlarımızın yolunu davam etdirən gənc hərbi qulluqçular kifayət qədərdir. Vüsal Abdurahmanov da onlardan biridir. O, 1984-cü il dekabrın 24-də Şəkinin Baş Göynük kəndində anadan olub. Həmin kəndin tam orta məktəbində təhsil alıb. 2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və motoatıcı ixtisasına yiyələnib. 4 ildir ki, Əlahiddə Ümumqoşun Orduda xidmət edir. Nümunəvi xidməti ilə taqım komandirindən idarəetmə heyətinin zabitinə qədər yüksəlib və ona vaxtından əvvəl mayor hərbi rütbəsi verilib. Ölkəmizdə və xaricdə təşkil olunan bir neçə beynəlxalq səviyyəli kurs və təlimlərdə iştirak edib. Naxçıvan şəhərindəki hərbi şəhərcikdə xidməti mənzillə təmin olunub.
O deyir: – Hərbçi olmaq, Vətənin müdafiəsində dayanmaqdan müqəddəs vəzifə ola bilməz. Təhsil aldığım illər ərzində arzuladığım və sevdiyim peşənin sirlərinə yiyələnmək üçün hər zaman fəallıq göstərmişəm. Bu peşənin məsuliyyətini yaxşı dərk edirəm. Naxçıvanda xidmət etməkdən isə ayrıca qürurluyam. Hazırda Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan müxtəlif hazırlıq kurslarında, hərbi qulluqçuların peşəkarlığının artırılması üçün kurs və təlimlərdə qazandığım bilik və bacarığı kursant və əsgərlərlə bölüşürəm. Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, qadın hərbi qulluqçu, gizir, ehtiyat zabit hazırlığı, zabit heyətinin ixtisasdəyişmə və təkmilləşdirmə kursları keçirilir. Bu kurslar hərbi qulluqçu olmaq istəyən gənclərin hərbi-nəzəri biliklərinin və praktik vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Hərbi xidmət keçən gənclər vətənpərvər, mərd, cəsur olurlar. Verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir, döyüş növbələrində ayıq-sayıq xidmət edirlər. Bu gün qürurla, demək olar ki, hər bir hərbi qulluqçu işğalda olan torpaqlarımızı düşmən tapdağından azad etmək və onlardan qisas almaq üçün tam hazırdır.
Artıq ordumuzun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir. Nərgiz Qədimbəyli də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində xidmət edən gənc qadın hərbi qulluqçularımızdandır. Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Kitabxanaçılıq ixtisası üzrə ali təhsil alsa da, hərbi sahəyə marağı onu Naxçıvan Qarnizonu Qoşunları sırasına qatılmağa həvəsləndirir. Əvvəlcə qadın hərbi qulluqçu hazırlığı kursunda iştirak edib. Kursu kargüzarlıq ixtisası üzrə birinciliklə başa vuraraq xidmətə başlayıb. O deyir ki, dövlətimizin diqqət və qayğısı sayəsində cəmiyyətin ictimai-siyasi həyatında qadınlarımızın fəallığı artıb. Hərbi hissələrdə də nümunəvi xidməti ilə seçilən hərbçi qadınlarımız çoxluq təşkil edir. Vətənpərvərlik, qəhrəmanlıq, fədakarlıq, torpağa, xalqa, dövlətə sevgi hissləri hərbçi qadınlarımızı bu peşəyə cəlb edir. Bütün qadınlar, analar kimi hərbi qulluqçu olan, mülki vəzifələrdə işləyən qadınlar da torpaqlarımızın işğaldan azad ediləcəyi günün intizarındadır. Son illər muxtar respublikamızda qadın hərbi qulluqçularının fəaliyyəti üçün müasir xidmət şəraitinin yaradılması bu sahənin arzusunda olan qadınların istəyini gerçəkləşdirib. Yaradılan şəraitin nəticəsidir ki, hərbçi olmaq istəyən qadınlar Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən kurslara cəlb edilir, təlimlərdə bilik, bacarıq və peşəkarlıq qazanırlar. Müxtəlif ixtisaslar üzrə hazırlanan qadın hərbi qulluqçular birləşmə və hissələrdə ixtisaslarına uyğun vəzifələrə təyin edilir, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadını bu gün də mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir, vəzifə borclarını şərəflə yerinə yetirir.
Müharibə veteranlarımız və gənc hərbi qulluqçularımızla söhbətimizdən belə bir nəticəyə gəlmək olar ki, müharibə şəraitində yaşayan ölkəmizdə, eləcə də onun dilbər guşəsi, nəfəs-nəfəsə dayandığı mənfur düşmənimiz ermənilərin iştah dişini məğrurluğu, əzəməti ilə sındıran qədim diyarımız Naxçıvanda ordu quruculuğu sahəsində atılan addımlar ordumuzda ruh yüksəkliyini hər keçən gün daha da artırır, gələcək zəfərlərə, qələbələrə stimul verir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri bir daha göstərir ki, Azərbaycan Ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR