22 Dekabr 2024, Bazar

Nəğməkar şair, dramaturq İslam Səfərli 12 fevral 1923-cü ildə Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. O, mənalı ömrünə böyük bir sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qala bilib. Sənətkarın zəngin yaradıcılıq irsi bu gün də incəsənət adamlarının müraciət etdiyi əsas mənbələrdəndir. “Ana”, “Yadıma düşdün”, “Nə vaxta qaldı”, “Aylı gecələr”, “Ay qaşı, gözü qara qız”, “Bir xumar baxışla”, “Qonaq gəl bizə”, “Bakı, sabahın xeyir!”, “Bir könül sındırmışam” kimi sözlərində ürək və qəlb çırpıntılarının, sevgi və poetik hüsn­rəğbətin duyulduğu, şirin, axıcı və gözəlliklərlə dolu əbədiyaşar mahnılara necə qulaq asmaya bilərik? Onun belə poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnib. İndinin özündə də bu mahnılar dillər əzbəridir və sevilə-sevilə dinlənilir. Şairin bir çox şeirlərinə bəstələnmiş mahnılar Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin qızıl fondunu təşkil edən əsərlər sırasında yer alır. 

İslam Səfərli ilk şeirlərini 17 yaşında ikən yazıb. Məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib, müxtəlif cəbhələrdə döyüşüb, həmçinin müharibə əleyhinə mübarizəsini qələmi ilə davam etdirib. Müharibə bitdikdən sonra Vətənə qayıdan İslam Səfərli yaradıcılığı ilə tezliklə ədəbi aləmdə tanınır və sevilir. Oçerk, novella, libretto və kino­ssenari, məqalələr də yazır, xarici ədəbiyyatdan uğurlu tərcümələr edir. Onu insanlara ən çox sevdirən isə dərin duyğularla yazdığı şeirləri olur. Əsasən, heca vəznində yazan görkəmli şair, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şeirində bu vəznə sədaqətini, məftunluğunu bəyan edir. Onun güclü, romantik pafoslu şeirlərində çox dərin bir səmimiyyət duyulur. Bu şeirlərdəki şirinliyin, axıcılığın əsas səbəbi də şairin özünün dediyi kimi poetik ruhuna arxalanması idi.

“Bağrıma basmışam Azərbaycanı – Araz bir qolumdur, Kür bir qolumdur”, – deyən İslam Səfərli Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı tükənməz ilhamla tərənnüm edib. Azərbaycan İslam Səfərli şeirinin ana mövzusu olmaqla, onun sönməz Vətən eşqinin möhtəşəm bir nümunəsidir:
Əlvan naxışlısan, doğma məkanım,
Sənə qurban canım, Azərbaycanım!
Naxçıvan elinin hər qarışı nəğməkar şairin yaradıcılığında öz bədii təsvirini tapıb. Bu vurğunluğu biz “Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım”, “İki Culfa”, “Əbədiyyət nəğməsi”, “Araz burulub keçir”, “Tanış gözlər”, “Gəlmişəm”, “Batabat bulağı”, “Qızlar bulağı”, “Badamlı”, “Görüş yeri”, “Naxçıvanın duzu, qızı, qarpızı...” , “Həsrət nəğməsi”, “Şərur düzləri”, “Çex qızının məhəbbəti”, “Qoşa söyüd”, “Ordubad” və digər şeir və poemalarında aydın görürük. Şair qələmə aldığı əsərlərində “Şeirin, sözün Vətəni, xoş baharlı Naxçıvanım” deyərək ayın seyrə gəldiyi Qızlar bulağını, “Narzan” kimi qiymətli olan “Badamlı”sını, yurdumuzun gözəlliklərinin bir parçası olan Xal-xal meşəsini, Naxçıvanın dərdlərə dərman duzunu, Araz dərdini, bu diyarın göy tarlalı Şərurunu, dalğalarla qucaqlaşan Arpaçayını, “böyük aləm” dediyi doğulduğu Şəkərabad kəndinin təbiətini, Batabatın qəlb ovsunlayan gözəlliyini, Əlincənin əzəmətini, Bəhruz Kəngərli kimi sənətkarlarını, Koroğlu, Babəktək qəhrəman oğullarını, xumargözlü qızlarını yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə tərənnüm edib. Şair “Şərqin şöhrəti” (böyük ədib Cəlil Məmmədquluzadəyə), “Sevib yaşatdı” (Turan Cavidə), “Naxçıvan yadigarı” (“Naxçıvan yadigarı” mənzərə albomunun müəllifi rəssam Bəhruz Kəngərliyə) şeirlərində isə bu qədim diyarı elm və mədəniyyət ocağı, böyük sənətkar­lar yurdu kimi məhəbbətlə təsvir edir.
Azərbaycan poeziyasında Naxçıvan haqqında şeir silsiləsinin görkəmli yaradıcısı hesab olunan İslam Səfərlinin bu qəbildən olan şeirlərini oxuduqca bizə bir daha aydın olur ki, onun üçün Naxçıvan xatirələrinin qorunub saxlandığı ata-baba yurdu kimi doğma, həm də yaradıcılığında ömrü boyu ilham aldığı torpaq kimi əzizdir. Onun “Naxçıvanım”şeiri isə doğma diyarımıza həsr edilmiş dolğun, gözəl poetik nümunə kimi xoş təsir bağışlayır. Bu şeirdə şairin Naxçıvan torpağının vurğunu olduğunu hər bəndin hər misrasında hiss edirik:

Çöllərindən keçən mənəm,
Söz qoşmamış keçən mənəm,
Sularından içən mənəm,
Mənim barlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

...Gör nə çalır könül simi:
-Şeirə verdim mən eşqimi.
Mirzə Cəlil, Bəhruz kimi,
Sənətkarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.

Şairin “Naxçıvanın duzu, qızı, qarpızı...” adlı şeirindəki ifadələr artıq zərbi-məsələ çevrilib. “Azərbaycan torpağının bərəkətli guşəsi”, – deyə bəhs etdiyi Şərur elini vəsf edərkən “Naxçıvanın Şəruru var, Şərurun da qüruru var” misraları ilə diqqəti çəkən şair mərcangözlü Batabat yaylağı haqqında yazdığı şeirdə isə Batabatı özünəməxsus şəkildə təsvir edərək oxucuda da həmin məkan haqqında heyranedici təsəvvür yaradır:

Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyirdib yuxarı
Yalmanına yata-yata gəlmişəm,
Mərcangözlü Batabata gəlmişəm.

Şairin “Naxçıvan yadigarı” adlı mənzərələr silsiləsi Azərbaycan realist təsviri incəsənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərliyə həsr olunub. Bu şeirində o, doğma diyar haqqında mənalı, ümumiləşmiş bir mənzərə tablosu yaradır. “Nə vaxta qaldı”, “Döyüşçünün xəyalı”, “Təhsil illəri” şeirlərində isə doğulub boya-başa çatdığı Şəkərabad kəndindəki ata-baba ocağını təsvir edir, uşaqlıq və gənclik illərini xatırlayır, bu poetik nümunələrdə onun doğma yurdu üçün qəribsədiyi hiss olunur.
Şair təkcə qədim diyarı Naxçıvanı yox, bütövlükdə, doğma Vətənimizin hər bir qarışını ürəkdən sevib, yaradıcılığında ölkəmizin ayrı-ayrı guşələrini məhəbbətlə təsvir edib, indi də sevilə-sevilə oxunan şeir dünyası formalaşdırıb.
Şair dramaturgiya sahəsində də qələmini sınayıb, bir-birindən gözəl nümunələr yaradıb. Onun “Dar ağacı”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Yadigar”, “Xeyir və şər” dramları, “Qayın arvadı, xayın arvadı” komediyası və bir çox radio pyesləri indi də sevilən əsərlər sırasındadır. “Göz həkimi” pyesi isə ona dramaturq kimi ən böyük şöhrəti qazandırıb. Onun pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulub.
İslam Səfərlinin xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Doğma yurdu Naxçıvanda görkəmli şair və dramaturqun 90 illik yubileyi geniş şəkildə qeyd edilib, həyat və yaradıcılığına həsr olunmuş kitab və jurnallar işıq üzü görüb, Naxçıvan şəhərindəki küçələrdən birinə onun adı verilib.
İslam Səfərli uzunsürən xəstəlikdən sonra, 1974-cü ildə həyatdan çox erkən köçməsinə baxmayaraq, işıqlı dünyada öz izini qoyan sənətkarlarımızdan biridir. Onun qələmə aldığı aşağıdakı misralar bunu bir daha təsdiq edir:

Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq –
Mənə qalan bu olacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR