Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında “2020-ci ilin 6 ayının yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edən nazir Tapdıq Əliyev bildirib ki, 2020-ci ilin birinci yarımilində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 310 milyon 168 min 700 manat olub ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutub. 2020-ci ilin 6 ayı ərzində sənaye məhsulu istehsalının həcmi 1 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 1,4 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 3,4 faiz, xarici ticarət dövriyyəsi 1,6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 18,2 faiz artıb. Diqqətə çatdırılıb ki, muxtar respublikada cari ilin birinci yarısında qaynaq çubuğu, su əsaslı boya, plastik səbət, mineral sular, soyuducu anbar, istixana, heyvandarlıq təsərrüfatlarını əhatə edən 12-si özəl investisiyalı olmaqla, 81 istehsal və xidmət sahəsi istifadəyə verilib, yeni yaradılan sahələrdə 352 iş yeri açılıb. Bundan başqa, xalçatoxuma, kömür istehsalı, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, bağçılıq, quşçuluq, arıçılıq təsərrüfatları, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 38 sahənin yaradılması davam etdirilir.
Nazir qeyd edib ki, cari ilin ötən dövrü ərzində fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” və “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli cəmiyyətləri, eləcə də yenidən qurulan “Badamlı” Mineral Sular Zavodu yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığının əyani ifadəsidir. Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni müəssisənin və Duzdağda yeni şaxtanın tikintisi gələcəkdə bu məhsula olan tələbatın yüksək səviyyədə ödənilməsinə və Naxçıvan duzunun şöhrətinin qorunub saxlanılmasına şərait yaradacaqdır.
Vurğulanıb ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulu istehsal edilib, 152 milyon 23 min 700 ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunub. Yeni isehsal sahələrinin yaradılması istiqamətində cari ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 62 layihənin maliyyələşdirilməsinə 7 milyon 42 min manatdan çox güzəştli kreditlər ayrılıb. Ailə təsərrüfatlarının çoxsahəli fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə 26 ailə təsərrüfatına 231 min 600 manat dövlət maliyyə dəstəyi göstərilib, Türkiyə Respublikasında keçirilən kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların virtual sərgisində ailə təsərrüfatlarının iştirakı təmin olunub. Cari ilin ilk 6 ayında əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2700 ton olan 2 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb.
Nazir qeyd edib ki, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılıb, 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Cari ilin ilk yarımilində 8 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri isə davam etdirilib. Təsərrüfat subyektlərinə 2020-ci ilin 6 ayı ərzində 260 min 600 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 8,1 faiz çoxdur.
Vurğulanııb ki, etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2020-ci ilin ilk yarımilində muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
“İxrac ili” elan olunan 2020-ci ilin 6 ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil edib. Ticarət əməliyyatlarının 86,5 faizi ixracın, 13,5 faizi idxalın payına düşüb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi artıb, 162 milyon 571 min 500 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 11 ölkəyə ixrac olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində cari ilin birinci yarısının yekunlarına dair kollegiya iclasını nazir Mayis Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər İcra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 282 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Aparılan əkin işlərində, ümumilikdə, 206 min 560 meyvə, meşə, həmişəyaşıl, üzüm tingi, bəzək və gül kolları əkilib.
Qeyd olunub ki, torpaq-iqlim şəraitinə uyğunlaşması, mürəkkəb relyefli ərazilərdə səmərəliliyi əsas götürülərək müəyyən sahələrdə 120 hektarda toxumla əkin aparılıb, 687 kiloqram həmərsin, yemişan, badamça, iydə toxumları əkilib.
Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində yaz mövsümündə 10 hektarı üzüm olmaqla, 88 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salınıb.
Bildirilib ki, muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara olan tələbatın davamlı təmin edilməsi məqsədilə 2,5 hektardan çox ərazidə toxum səpini və qələm kökləndirmə işləri icra olunub, 40 min üzüm, 15 min iydə qələmləri əkilib. Mövsüm ərzində bərpa işlərinin aparılması məqsədilə 5 mindən çox dibçəkdə ting yetişdirilib. Dövlət Meşə Fondu torpaqlarında və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində 2471 ədəd müxtəlif cır meyvə ağaclarına calaq vurulub.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə hazırlanmış tədbirlər planı çərçivəsində “Ekoloji könüllülər” layihəsinə start verilib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncağı giriş sözü ilə müəssisənin direktoru Behruz Əzimov açaraq görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib.
Qeyd olunub ki, hesabat dövründə muxtar respublika əhalisinin, idarə, müəssisə və təşkilatların neft və maye qaz məhsullarına olan tələbatını təmin etmək üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən ilin sonunadək muxtar respublikaya 40 min ton “A-92” markalı benzin, 120 min ton dizel yanacağı, 22 min ton bitum, 11 min ton mazut, 1200 ton müxtəlif yağlar, 5 min 500 ton maye qaz gətirilməsi nəzərdə tutulub. İlin ilk altı ayı ərzində muxtar respublikaya 14 min 749,9 ton “A-92” markalı benzin, 20 min 322,1 ton dizel yanacağı, 4 min 432,5 ton bitum, 7 min 629,7 ton mazut, 29,2 ton müxtəlif növ yağlar gətirilib.
Bildirilib ki, alınan yanacaq muxtar respublikaya İran İslam Respublikasını keçməklə və Bakı-Gürcüstan-Türkiyə marşrutları üzrə daşınır. 2020-ci ilin ilk 6 ayı ərzində Gürcüstan-Türkiyə xətti ilə 3 min 461,5 ton dizel yanacağı və 865,1 ton “A-92” markalı avtobenzin olmaqla, ümumilikdə, 4 min 326,6 ton neft məhsulları daşınıb. İran İslam Respublikasından keçməklə 17 min 85,1 ton dizel yanacağı, 13 min 736,1 ton “A-92”, 4 min 432,5 ton bitum, 7 min 629,7 ton mazut, 29,2 ton müxtəlif növ yağlar olmaqla, ümumilikdə, 42 min 912,6 ton neft məhsulları gətirilib.
Vurğulanıb ki, müəssisə tərəfindən hesabat dövründə ümumi dövriyyəsi 32 milyon 254 min manat olan müxtəlif növ neft məhsulları satılıb ki, bu da 14 min 473 ton avtobenzin, 21 min 722,8 ton dizel yanacağı, 4 min 432,5 ton bitum, 5 min 263,2 ton mazut, 29,2 ton müxtəlif növ yağlardan ibarətdir. Cari ilin 6 ayı ərzində müəssisə satışdan 366 min manat mənfəət əldə edib ki, bu vəsaitdən 99 min 160 manat mənfəət vergisi hesablanaraq büdcəyə ödənilib.
Diqqətə çatdırılıb ki, boruların, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması daim nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Müəssisəyə yanacaq daşıyan avtomaşınlar tam saz vəziyyətdədir, kifayət qədər yanacaq ehtiyatı yaradılıb. Hazırda müəssisənin anbarlarında 2005 ton “A-92” markalı benzin, 4 min 128 ton dizel yanacağı, 3216 ton mazut ehtiyatı vardır.
Sonra müəssisə əməkdaşları məruzə ətrafında çıxış ediblər.