Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, I dərəcəli miqrasiya xidməti qulluqçusu Zakir Məmmədov bildirib ki, bu gün muxtar respublikada çoxcəhətli tərəqqi, eləcə də turizmin kompleks şəkildə və davamlı inkişafı, ən önəmlisi təhlükəsizliyin mütləq surətdə qorunması əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müxtəlif məqsədlərlə bu diyara gəlmələrinə geniş imkanlar yaradıb.
Xidmətin əməkdaşı Qiyas Paşayev diqqətə çatdırıb ki, bu gün Dövlət Miqrasiya Xidmətində müasir standartlara cavab verən texniki avadanlıqların quraşdırılması və elektron xidmətlərin göstərilməsi məqsədilə mərkəzi serverlər sisteminə qoşularaq Naxçıvan Muxtar Respublikası “Еlektron hökumət” portalına inteqrasiya olunması əhaliyə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər daha da müasirləşdirilib, asanlaşdırılıb.
Qiyas Paşayev əcnəbilərin olduğu yer üzrə qeydiyyatı və inzibati məsuliyyəti ilə bağlı elektron müraciət qaydalarının əhəmiyyətindən danışaraq məlumatları slayd vasitəsilə əyani şəkildə nümayiş etdirib.
Sonra muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxana nümayəndələri keçirilən bu cür maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıblar.
Qarşılıqlı diskussiya şəklində davam edən müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə bukletləri təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti