22 Dekabr 2024, Bazar

Vergi qanunvericiliyi sahəsində kompleks tədbirlərin nəticələrinə və gözləntilərinə nəzər yetirsək, görərik ki, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi, xüsusilə optimal vergi sisteminin tətbiq edilməsi, nümunəvi vergiödəyicilərinə güzəştlərin təqdim olunması, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişaf etdirilməsi istiqamətlərində Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi aktualdır.

2020-ci il yanvar ayının 1-dən qüvvəyə minən Vergi Məcəlləsində, ümumilikdə, 60 maddədən ibarət olmaqla, 154 maddə və yarımmaddəsində dəyişikliklər edilib. Onlar əsas yeddi istiqaməti – ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə birləşdirir.
Qəbul edilən dəyişikliklərə uyğun olaraq sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq olunması istiqaməti üzrə Vergi Məcəlləsində mühüm dəyişikliklər edilib. Belə ki, elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilib, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankı elektronlaşdırılıb. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılıb.
Quş ətinin satışının əlavə dəyər vergisindən azad edilməsi müddəti – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə artırılıb. Əlavə olaraq quş ətinin satışı ilə yanaşı, heyvan ətinin də satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Heyvan və quş ətlərinin kəsilmə və dondurulma əməliyyatları istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinin təqdim edilməsinə əlavə dəyər vergisindən azadolma şamil olunmur.
Cari il yanvar ayının 1-dən fiziki şəxslər tərəfindən yaşayış sahəsinin vergidən azad olmaqla, təqdim edilməsinə tələb olunan 5 illik qeydiyyat müddəti 3 təqvim ilinə endirilib. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən fiziki şəxslərin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Bu baxımdan 3 ildən artıq müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğunuz mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Digər bir güzəşt isə fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyata düşüb-düşməməsindən asılı olmayaraq, həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetrə qədər sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il martın 18-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə başlanılıb. Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri məhz bununla bağlıdır. Belə ki, 1 yanvar 2020-ci il tarixdən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 1 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
Dəyişikliklərdən biri də sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılmasıdır. Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərə münasibətdə bu şəxslərin ödəyəcəyi aylıq sabit məbləğ 30 manatdan 20 manata, fərdi foto, audiovideo xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslərə münasibətdə isə 30 manatdan 15 manata endirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR