İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarının müdafiəsi yolunda şəhid olanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın və dövlətin borcudur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq”. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Həmçinin şəhid ailələrinə də hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzillər verilir. 26 İyun Silahlı Qüvvələr Günündə Naxçıvanda şəhid ailələrinə yeni mənzillərin təqdim olunması da bu tədbirlərin davamıdır.
"Vətənə, torpağa və xalqa sevginin ən ali məqamı şəhidlikdir",- deyən Ali Məclisin Sədri bildirmişdir ki, İkinci Qarabağ müharibəsində igid oğullarımız torpaqlarımızı işğaldan azad edərək böyük Qələbə qazanmış, qəhrəmanlıq və şücaət göstərərək ən ali məqama - şəhidlik zirvəsinə yüksəlmiş, ailələrinə isə şəhid adının şöhrətini qazandırmışlar.
Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmiş, şəhid ailələrinə yeni mənzillərdə xoş və rahat həyat arzulamış, mənzillərin orderlərini şəhid ailələrinə təqdim etmişdir.
Şəhid ailələri dövlətin onlar üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
Maral Cabbarova demişdir: "Ali Məclisin Sədri hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərmişdir. Həyat yoldaşım şəhid Seymur Cabbarov 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmuşdur. O, liseyə göstərilən qayğıdan, Ali Məclis Sədrinin liseyin buraxılışlarında iştirak etməyindən həmişə fəxrlə danışırdı. Həyat yoldaşım Azərbaycanın bir çox bölgələrində-Beyləqan, Ağcabədi, Gəncə, Gədəbəy, Fizulidə nümunəvi zabit kimi xidmət etmişdir. Düşmən tapdağı altında olan torpaqlarımızın azad olunmasında şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Mən fəxr edirəm ki, şəhid yoldaşıyam. Qürur duyuram ki, yoldaşım Vətən uğrunda şəhid olub. Şəhid ailələrinin kədəri çoxdur, lakin qürurumuz kədərimizdən üstündür. Mən şəhidlərimiz qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, şəhid ailələri adından dövlətimə minnətdarlıq edirəm".
Əzizə Vəliyeva demişdir: "Həyat yoldaşım şəhid Etibar Cəfərov Naxçıvan şəhərində və Azərbaycanın digər bölgələrində 20 il xidmət etmişdir. Həyat yoldaşımın xidməti dövründə ailəmiz Kəngərli rayonunun Qıvraq qəsəbəsində xidməti mənzillə təmin olunmuşdu. Bu gün isə onun ailəsinə dövlətimiz mənzil verir. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunmuşdur. Bir oğlumuz var. O da istəyir ki, atasının yolunu davam etdirsin. Heydər Əliyev adına Hərbi Liseyə sənədlərini təqdim edib ki, təhsil alaraq Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət göstərsin".
Nərmin Ələkbərova demişdir: "Çətin dövrümüzdə də, bu gün də Ali Məclisin Sədri həmişə yanımızdadır. Bunun üçün bütün şəhid ailələri adından minnətdarıq. Həyat yoldaşım şəhid Bağır Ələkbərov Əlahiddə Ümumqoşun Orduda və Türkiyə Respublikasında keçirilən bir sıra kurslarda iştirak etmişdir. "Qış Təlimi-2019"da Azərbaycanı layiqincə təmsil etmiş, sertifikata layiq görülmüşdür. 2018-ci ildə Günnüt əməliyyatında da uğurla iştirak etmişdir. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak etməyi arzulayırdı. 2020-ci ilin oktyabrında Naxçıvandan müharibəyə göndərilən xüsusi təyinatlı dəstələrin sırasında o da var idi. Hadrutun azad olunması uğrunda şəhid oldu. Prezidentimiz tərəfindən "İgidliyə görə", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Fizulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Mən bütün şəhid övladlarına can sağlığı və atalarının adına layiq olmalarını arzulayıram".
Səbahət Ağayeva demişdir: "Həyat yoldaşım Vüqar Ağayev Naxçıvanda 1996-cı ildən 2016-cı ilədək hərbi xidmət keçmiş, təqaüdə buraxılmışdır. Təqaüddə olmasına baxmayaraq Vətənin dar günündə köməyinə yollandı. Ötən il Vətən müharibəsində o, könüllü olaraq cəbhəyə gedərək Qubadlı rayonunun Çardaqlı kəndi istiqamətində gedən göyüşlərdə şəhid oldu". Səbahət Ağayeva göstərilən diqqətə görə ailə üzvləri adından minnətdarlıq etmişdir.
Şəhid anası Ruhəngiz Gözəlova demişdir ki, qürur duyuram ki, oğlum şəhid olub, qürur duyuram ki, Vətənə sədaqətlə xidmət edən, bayrağını sevən oğul böyütdüm. Göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlığımı bildirirəm.
Şəhidlərin ailə üzvləri Səma Meydanova, Aygül Mədətli, Ayşən Salahova, Əfsanə Orucova, Çinarə Əhmədova, Aysun Quliyeva, Gülay Novruzlu, Səmurə Qureşli və şəhid atası Bahaddin Hətəmov da göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq etmişlər.
Tədbir çay süfrəsi arxasında davam etmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Şərur, Babək, Şahbuz və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulmuş, lazımi kommunal şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti