22 Dekabr 2024, Bazar

    

      Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

          Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpa olunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, külək, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir.

          İyunun 18-də Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilmişdir.

          Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

       

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək demişdir ki, 2019-cu il avqustun 26-da Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə Çin Xalq Respublikası Ticarət Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına mobil elektrik stansiyalarının verilməsi haqqında  imzalanmış müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasına 2 dəst 200 kilovat gücündə “İSUZU” markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəş su qızıdırıcısı, 6 dəst 10 kilovatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyası qurğusu verilmişdir. Naxçıvan Dövlət Universitetində Elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin biliklərinin təcrübə ilə daha dərindən mənimsəmələri, yeni texnologiyalarla yerində tanış olmaları üçün universitet şəhərciyində 1 ədəd 10 kilovat gücündə “Külək-Günəş Hibrid Elektrik Enerjisi Mənbəyi” və 1 dəst günəş su qızdırıcısı quraşdırılmışdır. Digər 5 dəst külək turbinlərinin və günəş panellərinin təyinatları dəyişdirilərək Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinəyararsız ərazidə komplektləşdirilərək 1,1 meqavatlıq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilmişdir.

          Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Külək-Günəş Hibrid Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik etmiş, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək demişdir: Muxtar respublikanın ərazisində ilk dəfə olaraq Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilir. Hər bir ölkənin inkişafının əsas göstəricisi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Enerji harada varsa, orada inkişaf var, həyat var. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu da imkan verir ki, həm əhalinin, həm də sənayenin və iqtisadiyyatın digər sahələrinin enerji təminatı davamlı olsun. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin ucuz qiymətə elektrik enerjisi istehsal etməsi imkan verəcək ki, gələcəkdə elektroenergetika sahəsi daha da inkişaf etdirilsin. Culfa rayonunun ərazisi həm küləkli, həm də günəşlidir. Sınaq məqsədilə yaradılan elektrik stansiyası gələcəkdə növbəti külək elektrik stansiyalarının qurulması üçün əsas verəcəkdir.

      

Ali Məclisin Sədri demişdir: Yeni elektrik stansiyası Culfa rayonunda enerji tələbatının 10 faizdən çoxunu ödəyəcəkdir. Gələcəkdə yeni stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaqdır. Stansiyada yeni iş yerləri də açılmışdır ki, bu da yeni mütəxəssislərin yetişməsinə, gələcəkdə digər stansiyaların yerli mütəxəssislər tərəfindən idarə olunmasına imkan verəcəkdir. 

          “Külək-Günəş Hibrid Elektrik stansiyaları ucuz enerji istehsalı deməkdir. Muxtar respublikanın günəş və külək potensialından səmərəli istifadə olunarsa, elektrik enerjisinə olan tələbat tamamilə bərpa olunan enerji hesabına təmin ediləcəkdir”, – deyən Ali Məclisin Sədri  Çin Xalq Respublikası tərəfindən qrant layihəsi olaraq muxtar respublikaya verilən və alınan əlavə avadanlıqlar hesabına 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası qurulduğunu qeyd etmiş,  Çin dövlətinə və Çinin Azərbaycandakı səfirliyinə hörmət və ehtiramını bildirmişdir.

          Sonra stansiyaya baxış olmuşdur. Bildirilmişdir ki, stansiyanın layihələndirilməsi və qurulması Energetika Xidmətinin mütəxəssisləri, tikinti-quraşdırma işləri isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən qısa müddətdə və yüksək keyfiyyətlə aparılmışdır. Burada hər birinin gücü 280 vatt olan 3520 müasir alüminium çərçivəli günəş paneli, 50 kilovat gücü olan 20 invertor, 11 ədəd 10 kilovat gücü olan invertor-controller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılmışdır. Daxilində 10/0,4 kilovoltluq transformator, 10 kilovoltluq qapalı paylayıcı və 0,4 kilovoltluq paylayıcı və idarəetmə otaqları inşa edilmişdir. Alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemləri üçün kabel xətləri çəkilmiş, ərazi çəpərlənmiş, stansiya 10 kV-luq “6 saylı şəhər” hava elektrik verilişi xəttinə qoşulmuşdur. Burada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulmuşdur. Külək potensialını ətraflı araşdırmaq üçün daha 7 ədəd 10 kilovatlıq külək turbini sifariş olunub gətirilmiş və 6-sı quraşdırılmışdır. Ümumilikdə, stansiyada 11 külək turbini quraşdırılmışdır.

          Ali Məclisin Sədri yeni qurulacaq Culfa yarımstansiyasının layihəsinə baxmış, işlərə başlanılması barədə tapşırıq vermişdir.

          Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

* * *

          Həmin gün Ali Məclisin Sədri Culfa rayonunun Yaycı kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihənin hazırlanması barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR