22 Dekabr 2024, Bazar

Son 25 ilin hər anında müşahidə etdiyimiz bu mənzərəyə ötən ayın xronikasında da nəzər salaq

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Ulu öndər ölkəmizin hər yerində abidələrin bərpa olunmasını, yaşadılmasını tövsiyə edirdi. Muxtar respublikamız zəngin tarixə malikdir. Burada əldə olunan maddi mədəniyyət nümunələri Naxçıvan ərazisində Qədim Daş dövründən başlayaraq bu yurdun ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir. Tədqiqatlar göstərir ki, əcdadlarımız Naxçıvan ərazisində hələ eramızdan əvvəl yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür. Bəli, dahi şəxsiyyətin uzun illərdən bəri digər sahələrdə olduğu kimi, keçmişimizin yaşadılması ilə bağlı ideyalarına sədaqət Naxçıvanın hərtərəfli, həm də qədimliyinin qorunması ilə müasir müstəvidə inkişafına səbəb olmuşdur. Bunu ötən ayın xronikasında da müşahidə etdik. 

 Qədim yurdumuzda insanların zaman-zaman formalaşdırdığı məişət mədəniyyətinin izlərini özündə yaşadan abidələrdən biri də buzxanalardır. Keçmişdə buza olan tələbatı ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı, həm də zaman-zaman tarixi və mədəni irsimizin abidəsinə çevrilən buzxanaların Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı ilə bərpası mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızdakı abidələrə yeni həyat verilməsi işinin davamı olaraq mayın 5-də Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş, abidədə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraiti yaradılmışdır. Ali Məclisin Sədri tədbir iştirakçılarını ölkə əhəmiyyətli tarixi abidəmiz olan Naxçıvan şəhər buzxanasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: “Abidələri yaşatmaq xalqın tarixini, mədəniyyətini, dəyərlərini yaşatmaq deməkdir. Bu gün tariximiz təkcə kitablarda deyil, eyni zamanda abidələrdə yaşayır. Xalqımızın neçə əsr bundan əvvəlki təfəkkürünün məhsulu olan abidələri qorumaq, bərpa edərək yaşatmaq, gələcək nəsillərdə tariximiz və qədim mədəniyyətimiz haqqında təsəvvürlər formalaşdırır”. 

Həm muxtar respublika sakinlərinə, həm də qonaqlarımıza xidmət göstərəcək bu məkan, eyni zamanda onları diyarımızın qədim tarixi ilə də tanış edəcəkdir.
Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında hər zaman muxtar respublikamızın özünəməxsus yeri, mövqeyi olmuşdur. Elə ötən əsrin 1941-1945-ci illərində İkinci Dünya müharibəsində bütün azərbaycanlılar kimi, Naxçıvanın igid övladları da ölkəmizi təmsil edərək faşizm üzərində böyük qələbənin qazanılmasında şücaət göstərmişlər. Muxtar respublikada müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır. Hər il burada faşizm üzərində qələbə günü qeyd edilir, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir, onlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri və mənzillərlə təmin olunurlar.
May ayının 9-da tarixi qələbənin 75-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da qeyd olunmuşdur. Həmin gün Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək abidə önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirmişdir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Vətən müdafiəçiləri cəmiyyətimizdə ən hörmətli adamlardır. Bu adamlara qayğı göstərmək, onların problemlərini həll etmək hamının borcudur”. Ulu öndərimizin hər bir kəlamı fəaliyyət proqramına çevrilən muxtar respublikamızda Vətənimizin müdafiəsi zamanı sağlamlıqlarını itirən şəxslər hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sağlamlıqlarının bərpası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və minik avtomobilləri ilə təmin olunması hər an diqqət mərkəzində saxlanılır. Elə mayın 9-da – faşizm üzərində Qələbənin 75-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının su­verenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ Lifan-330” markalı minik avtomobillərinin təqdim edilməsini də bu qayğının davamı kimi dəyərləndirmək olar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə avtomobillə təmin olunanlara təşəkkürünü bildirmiş və avtomobillərin açarlarını onlara təqdim etmişdir.
Ulu öndərimizin anadan olduğu gün hər il ölkəmizdə onun əziz xatirələri ilə anılır. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş, daha sonra Heydər Əliyev Muzeyinə gələrək böyük şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışdır. Heydər Əliyev Muzeyinin əməkdaşları ilə görüşən Ali Məclisin Sədri onlara təşəkkürünü bildirərək demişdir: “Heydər Əliyev Muzeyi Azərbaycanda ümummilli liderimizin sağlığında – 1999-cu ildə yaradılan ilk muzeydir. Muzeyin ilk ziyarətçisi də ümummilli liderimiz Heydər Əliyev olmuş, dahi şəxsiyyət muzeyin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Ötən dövrdə muzeyin fondu xeyli zənginləşmiş, mühüm tədbirlər keçirilmişdir. Muzeyin yeni eksponatlarla zənginləşdirilməsi bundan sonra da diqqətdə saxlanılmalı, internet saytı yenilənməli, virtual fəaliyyət təmin olunmalı, ziyarətçilərə ətraflı məlumat verilməli, dahi şəxsiyyətin həyat və fəaliyyəti təbliğ olunmalıdır”.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə təməlini qoyduğu quruculuq prosesi uzun illərdir ki, muxtar respublikamızda ardıcıl şəkildə və yüksək səviyyədə davam etdirilir. Mayın 10-da Naxçıvan şəhərində yeni quruculuq ərməğanı olan Sahil Parkının istifadəyə verilməsi bu siyasətin uğurla həyata keçirilməsinin növbəti təsdiqi oldu.
Açılış mərasimində iştirak edən Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində 20 hektarlıq yeni parkın istifadəyə verildiyini bildirmiş, ulu öndərin doğum günü və yeni parkın açılışı münasibətilə muxtar respublika sakinlərini təbrik etmişdir. 
Kənd təsərrüfatının inkişafı, xüsusilə də ərzaq təhlükəsizliyinin təminatı əsas prioritet olan muxtar respublikamızda son illər qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası aqrar sahənin yeni mərhələdə sürətli irəliləyişinə stimul yaratmışdır. Təbii ki, kənd təsərrüfatının əsas sahələrindən biri əkinçilikdirsə, digəri heyvandarlıqdır. Bu iki sahənin inkişafının paralel aparılması isə həmişə səmərəsini göstərmişdir. Elə buna görə də heyvandarlıqda damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Naxçıvanda yaradılan Süni Mayalanma Mərkəzi isə heyvandarlı­ğın inkişafında yeni mərhələnin əsasını qoymaqdadır. Mayın 12-də Ali Məclisin Sədri Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanmış, muxtar respublikada süni mayalanma işinə ciddi diqqət yetirilməsi, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafında rayonlaşma aparması, ərazilərə uyğun heyvanların saxlanılmasının elmi əsaslarla öyrənilməsi, sahibkarlar və əhalinin maarifləndirilməsi, xüsusilə də heyvandarlığın inkişafında əsas məsələlərdən biri olan təbiətə ziyan vurulmaması ilə bağlı tapşırıqlar vermiş, muxtar respublikada təbiətin qorunmasının birinci məsələ olduğunu bildirmişdir.
Sözsüz ki, heyvandarlıq sahəsində muxtar respublikamızda yaradılan bu mərkəz heyvanların cins tərkibinin yaxşılaşmasına, bunun sayəsində isə insanların gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına, baytarlıq təbabəti üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərin təcrübələrini genişləndirmələrinə, mütəxəssis kimi formalaşmalarına şərait yaradacaqdır.
Məlum olduğu kimi, ötən ilin sonundan etibarən pandemiya inkişaf etmiş dünya ölkələrində belə, minlərlə insanın həyatlarını itirmələri ilə nəticələnmiş, dünya iqtisadiyyatına ciddi ziyan dəymiş, insanlar sosial problemlərlə üzləşməli olmuşlar. Ölkəmizdə əsaslı qabaqlayıcı tədbirlər pandemiyanın gətirəcəyi təhlükələrin qarşısını xeyli alsa da, bir sıra çətinliklər yaşandı. Muxtar respublikamızda da bu təhlükənin ilk günlərdən qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılmış və “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilmişdir. Fərmanda verilən tapşırıqlardan irəli gələrək fond üçün xüsusi xəzinə hesabı açılmış, vəsaitlərin fonda qəbulu və cəmləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilmişdir. Açılmış xəzinə hesabının rekvizitləri ictimaiyyətə təqdim edilmiş, rəsmi internet saytı fəaliyyətə başlamış, ianə edən fiziki və hüquqi şəxslər, həmçinin vəsaitlərin ümumi həcmi barədə məlumatlar yerləşdirilmişdir. Ötən dövrdə fonda 437 hüquqi və 569 fiziki şəxs tərəfindən, ümumilikdə, 5 milyon 47 min 189 manat vəsait köçürülmüşdür. Fondun vəsaitlərindən 3 milyon 326 min 861 manatı koronavirusla mübarizə tədbirlərinə xərclənmişdir. Ali Məclis Sədrinin sərəncamı ilə belə tədbirlərdə iştirak edənlərə mükafat və müddətli əlavələr ödənilmişdir. Hazırda fondda qalan vəsait pandemiya ilə mübarizə tədbirlərinə xərclənməkdədir.
Ötən ayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı daha bir tədbir keçirilmiş, bu məqsədlə alınmış yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunmuşdur. Ali Məclisin Sədri tədbirdə iştirak etmiş, muxtar respublikada pandemiya ilə mübarizə tədbirlərini həyata keçirənlərə – səhiyyə işçilərinə, gigiyena və epidemiologiya mərkəzlərinin kollektivlərinə, daxili işlər orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, baytarlıq təbabəti işçilərinə, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkürünü bildirmişdir.
Muxtar respublikamızda quruculuq coğrafiyasının ildən-ilə genişləndirilməsi artıq diyarımızın bütün bölgələrini abad yurd yerinə çevirmiş, insanların rahat yaşayışına, rifah halının yüksəlməsinə səbəb olmuşdur. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri burada yaşayan insanlara verilən dəyər olmaqla yanaşı, həm də yeni-yeni abad ünvanların yaranması ilə nəticələnmişdir. Mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi növbəti belə ünvanlardan biridir. Həmin gün Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evinin açılması isə sakinlərin yeni texnologiyaların imkanlarından və müasir rabitə xidmətindən istifadəsinə yaradılan şəraitdir. Hər iki tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılışı bildirən lentləri kəsmiş, görülən işlərlə tanış olmuş və demişdir: “Ölkəmizdə həyata keçirilən dövlət proqramlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da yeni proqramlar qəbul olunaraq icra edilir. Bu gün Culfa şəhərinin Heydər Əliyev prospektinin, rayonda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evinin istifadəyə verilməsi də dövlət proqramları çərçivəsində görülən işlərdir”.
İllər sonra da cari il may ayının 18-ni Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərinin sakinləri kompleks quruculuq işlərinin başa çatdırılıb yeni sosial obyektlərin onların istifadəsinə verildiyi gün kimi xatırlayacaqlar. Həmin gün Muğancıq-Mehrabda 244 şagird yerlik məktəbin, Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəliyin yerləşəcəyi kənd mərkəzinin, Muğancıq-Mehrabda xidmət mərkəzinin istifadəyə verilməsi bu kəndlərin sakinlərini uzun illər qarşılaşdıqları sosial qayğılardan azad etmişdir. Məmmədsabir kəndində kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının sakinlərin istifadəsinə verilməsi onlara nə qədər sevinc bəxş etmişsə, Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunu abad görmək bu kəndlərin insanlarına ikiqat sevinc yaşatmışdır. Çünki abad yurd insanın rahat yaşayışı deməkdirsə, abad yol vaxt itkisinin, təhlükənin qarşısının alınmasına töhfədir.
Açılış mərasimlərinin hər birində iştirak edən Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüş, onları təbrik etmiş, təhsil, səhiyyə, mədəniyyətin, kənd təsərrüfatının inkişafı, torpaqların əkilməsi, qurulub yaradılanların qorunması ilə bağlı aid orqanlara və kənd sakinlərinə tövsiyə və tapşırıqlarını vermişdir. Yaşadıqları kəndlər muxtar respublikanın abad kəndləri sırasına qoşulduğu üçün sakinlər dövlətimizə minnətdarlıqlarını bildirmişlər.
Muxtar respublikamızın iqtisadiyyatının əsasında kənd təsərrüfatının özünəməxsus yeri olduğu üçün bu sahə daim diqqətdə saxlanılır. Mayın 21-də muxtar respublikada yaz-tarla işlərinin vəziyyətinin müzakirə edilməsi, yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış keçirilməsi aqrar sahədə görülən ardıcıl işlərin davamıdır. Ali Məclisin Sədri tədbirdə iştirak etmiş, yeni texnikaların bu sahədə təcrübəsi olan şəxslərə təqdim olunması və onlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir.
Muxtar respublikamızın zəngin su ehtiyatlarına malik olması diyarımızı ölkəmizin əsas mineral su ixracatçısına çevirmişdir. Bu gün Naxçıvanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaratmışdır. “İxrac ili”ndə “Badamlı” mineral suyunun şöhrətinin geri qaytarılması, bu məqsədlə Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodunun tikilərək mayın 22-də istifadəyə verilməsi görülən işlərin davamıdır.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş və demişdir ki, “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə başlanılmışdır. Həmin il Badamlı qəsəbəsindən Naxçıvan şəhərinə qədər su xətti çəkilmiş və yeni zavod istifadəyə verilmişdir. Xarici bazarda “Badamlı” suyuna tələbatın artması yeni zavodun tikilməsini zəruri etmişdir. Eyni zamanda mineral su ixracına sertifikat verən təşkilatların rəylərində də qeyd olunur ki, mineral sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır”. Bütün bunların muxtar respublikanın ixrac imkanlarının artırılmasına və məşğulluğun təminatına mühüm töhfə olmasını, zavodda 72 nəfərin işlə təmin edilməsini vurğulayan Ali Məclisin Sədri fəaliyyətin səmərəli qurulmasının gələcəkdə yeni iş yerlərinin açılmasına və digər təbii sərvətlərimizdən də səmərəli istifadəyə imkan verəcəyini bildirmişdir.

Muxtar respublika rəhbəri kollektivlə görüşmüş, onlara qurulan avadanlıqların qorunması, suyun keyfiyyətli istehsalı və zavodun səmərəli fəaliyyəti üçün çalışmaları, mütəxəssis kimi formalaşmaları, ərazidə yaşıllaşdırma işlərinin davam etdirilməsi, istehsal və laboratoriya sənədlərinin zavodun internet saytında yerləşdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasının çağırılması haqqında” 2020-ci il 20 may tarixli Qərarına əsasən mayın 23-də Ali Məclisin növbəti sessiyası keçirilmiş, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi kimi məsələlər verilmişdir. Ölkə qanunvericiliyinə əsasən Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyi səsə qoyulmuş və o, Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir. Sessiyada müzakirə olunan ikinci məsələ ilə əlaqədar hazırlanmış qanun layihəsi oxunmuş və səsə qoyularaq qəbul edilmiş, üçüncü məsələ ilə bağlı İntizam Komissiyası yaradılmış, komissiyaya Ali Məclisin deputatları sırasından 5 üzv seçilmişdir.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq demişdir: “Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin ötən dövründə həyata keçirilən tədbirlər, xüsusilə də insanların sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və iqtisadi sabitliyin qorunması ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Qarşıdakı dövrdə də ümummilli liderimizin yoluna sədaqət muxtar respublikada kompleks inkişafa səbəb olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Liderin vəzifəsidir xalqı qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir... Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”.

Muxtar respublikamızda həyata keçirilən quruculuq və digər tədbirlərin təqdirolunası tərəfi ondan ibarətdir ki, burada həmin tədbirlər bölgələr arasında o qədər dəqiqliklə bölünmüşdür ki, heç bir rayon müasir sosial-iqtisadi inkişafdan geridə qalmır. May ayında Şərur və Kəngərli rayonlarında kompleks quruculuq işlərinin aparılması dediklərimizi bir daha sübut edir. Şərurlular kimi, kəngərlilər də ötən ay yaşadıqları bölgənin bir hissəsinin abadlaşdırılması, həyatlarına müasir inkişafın daxil olması sevincini yaşadılar. Mayın 27-də – Respublika Günü ərəfəsində Kəngərli rayonunda “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin rayon filialının yaradılması, yeni içməli su və kanalizasiya sistemlərinin qurulmağa başlanılması və Şahtaxtı kəndindəki Şərq hamamının bərpa olunması müstəqilliyimizin bəhrəsi, bu bəhrədən rayonlarımıza düşən paydır.

Həmin gün Kəngərli rayonunda olan Ali Məclisin Sədri muxtar respublikada maliyyə sahəsində aparılan islahatlar və bank sektorunun inkişafına göstərilən qayğı nəticəsində yaradılan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının açılışında iştirak etmiş, rayonda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxmış, muxtar respublikanın qədim yaşayış məntəqələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamında aparılan bərpa işləri ilə maraqlanmışdır.

May ayının ilk quruculuq ərməğanı, həm də qədimliyi ilə müasir cəmiyyətimizə bəxş edilən Naxçıvan şəhərindəki buzxananın, son quruculuq töhfəsi kimi isə Şahtaxtı kəndindəki Şərq hamamının bərpa olunması milli dəyərlərimizə və mədəni irsimizə sahiblik nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Buzxana və hamamlar məişətimizin ən vacib atributları olmaqla yanaşı, həm də qədim dövrlərə aid abidə kimi naxçıvanlıların mədəni səviyyəsini, idrak və məfkurəsinin zənginliyini təsdiq edir. Və bu gün muxtar respublikamızda dünənimizin yaşadılması ilə bugünkü inkişafın paralel aparılması bir daha sübut edir ki, babalarımızın, atalarımızın yolunu davam etdirən oğullar var. Tarixi yaşadanları, el qədrini bilənləri isə tarix özü yaşadır, belə insanların qiymətini zaman özü verir.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR