Bu, ötən ayın mənzərəsində də aydın görünür
Muxtar respublikada illər öncə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və gələcəyə hesablanmış inkişaf strategiyasının yeni və müasir müstəvidə həyata keçirilməsi 30 illik blokada Naxçıvanının sosial-iqtisadi modelini yaratmışdır. Bu modeldə iqtisadiyyatın, onun əsas tərkib hissəsi olan sənaye və kənd təsərrüfatının dinamik inkişafı, ərzaq və enerji təhlükəsizliyi, genişmiqyaslı layihələr, quruculuq işləri, həyata keçirilən islahatlar, təhsil, səhiyyə, mədəniyyət sahələrində yüksəktempli inkişaf, insanların məşğulluğunun və asudə vaxtının səmərəliliyi istiqamətində görülən işlər fonunda başlıca hədəfin əhalinin rifahı olduğu aydın şəkildə görünür. Muxtar respublikanın inkişafı ilə sakin qayğısının eyni xətlə paralel yüksəlişini ötən illərin hər birinin xronikasında izləmək mümkündür. Bunu aprel ayının mənzərəsində də gördük.
Muxtar respublikada yaşıllıqların artırılması ötən illərin prioritet məsələlərindən ən başlıcası olmuşdur. Blokadanın ilk illəri təbii qazın və elektrik enerjisinin olmaması səbəbindən kəsilərək oduncaq kimi istifadə edilən ağaclar diyarımızın yaşıl örtüyünə ciddi ziyan vurmuşdu. Ötən illər yüz hektarlarla meyvə bağı və yaşıllıq zolaqlarının salınması, iməciliklər zamanı yeni ağacların əkilməsi, təmizlik və səliqə-sahman işlərinin görülməsi ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunmasına öz töhfələrini vermiş, nəticədə, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlara çevrilmişdir. Çünki yaşıllıq, ilk növbədə, mədəniyyət, insan sağlamlığının ən mühüm şərtlərindən biridir.
Bu gün muxtar respublikamızın inkişaf səviyyəsini göstərən amillərdən biri də ekoloji məsələlərə münasibətdir. Aprelin 4-də keçirilən iməcilikdə bunun bir daha şahidi olduq. Həmin gün muxtar respublikada, ümumilikdə, 17 hektardan artıq yeni meyvə bağı və yaşıllıq zolaqları salınmış, 11 min 500 ting əkilmişdir. Bu ilin yazında muxtar respublikada 262 hektar sahədə meyvə bağlarının salınması, 109 mindən artıq müxtəlif meyvə tinglərinin əkilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmiş, yaz əkini mövsümündə meyvə bağlarının salınmasının davam etdirilməsi və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.
Muxtar respublikada aqrar sahədə həyаtа kеçirilən uğurlu siyasət əhаlinin kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunmаsına, kənd təsərrüfаtının bütün sаhələrinin inkişаfına geniş imkanlar açmışdır. Kənd təsərrüfatının yüksək sürətlə inkişafı isə əkin dövriyyəsinə yeni torpaq sahələrinin qatılmasını zəruri etmişdir. Əkin üçün yararsız hesab edilən və uzun illər istifadəsiz qalan torpaq sahələrinə yeni suvarma kanallarının çəkilməsi, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Nəticədə, torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlər bol məhsul istehsal edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir, bazarın tələbatı yerli istehsal hesabına ödənilir.
Həyata keçirilən tədbirlərin davamı kimi yeni nasos stansiyaları tikiləcək, təzyiqli boru xətləri çəkiləcəkdir ki, bununla Kəngərli rayonunda və Naxçıvan şəhərində 14 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq, 5 min hektar torpaq sahəsinin isə su təminatı yaxşılaşdırılacaqdır. Aprelin 4-də Ali Məclisin Sədri nasos stansiyalarının layihəsinə baxmış, həyata keçiriləcək tikinti işləri ilə maraqlanmış, tikintiyə başlanılması və keyfiyyətlə aparılması, nasos stansiyalarını nəzərdə tutulan vaxtda istismara verilməsi və əkinəyararlı torpaqlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir.
Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sırasında strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluq da diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq məqsədilə ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir.
Məlum olduğu kimi, ötən ilin dekabr ayında dünyada yayılmağa başlayan, cari il mart ayının sonlarında isə ölkəmizdə müşahidə edilən koronavirus infeksiyası sərhədlərin bağlanması ilə dövlətləri bir sıra çətinliklərlə üz-üzə qoydu. Ötən dövr kənd təsərrüfatının inkişafını, ərzaq təhlükəsizliyini, ən əsası isə idxaldan asılı olmamağın vacibliyini meydana çıxardı və belə hadisələrə həmişə hazırlıqlı olmağın zəruriliyini ortaya qoydu. Muxtar respublikada aqrar sahənin həqiqətən böyük əhəmiyyətə malik olması nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan ağır blokada şəraitində olmasına rəğmən bu çətin sınaqdan uğurla çıxmağa müvəffəq olmuşdur. Bu gün muxtar respublikamızın belə bir şəraitdə də heç bir iqtisadi problemlə üzləşməməsi iqtisadi strategiya baxımından nümunə gücündədir. Bu, aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleksin istifadəyə verilməsi tədbirində Ali Məclis Sədrinin çıxışında da xüsusi vurğulanmışdır: “Dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı mütləq inkişaf etdirilməlidir. Bu gün dünyada o ölkələr pandemiya ilə rahat mübarizə apara bilirlər ki, həmin ölkələrdə ərzaq təhlükəsizliyi təmin olunub. Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Ona görə də kənd təsərrüfatı inkişaf etdirilməlidir ki, ölkədə digər sahələrin inkişafı da təmin olunsun. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı qarşıdakı illərdə də məhsul bolluğu yaradacaqdır. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əhalinin məşğulluğu təmin olunsun, məhsul istehsalı daha da artsın. Bunun üçünsə, şərait yaradılmalı, mütərəqqi suvarma üsulları tətbiq olunmalı, müasir texnikalar alınıb gətirilməli və yüksək keyfiyyətə malik məhsuldar toxumlardan istifadə olunmalıdır. Bu gün istifadəyə verilən “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan tələblərə cavab verən toxumçuluq təsərrüfatıdır. Təsərrüfat müasir texnikalarla təmin olunub, kollektiv formalaşıb və əkin sahələrində mütərəqqi suvarma sistemləri qurulub”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamış, toxumçuluq təsərrüfatının qurulmasında əməyi olanlara təşəkkür etmiş, keyfiyyətli toxum sortlarının yetişdirilməsi, bazarın qorunması, toxuma və qüvvəli yemə olan tələbatın yerli istehsal hesabına ödənilməsi, aid qurumlarla birlikdə məhsuldar toxum sortlarından istifadə ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.
Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və muxtar respublikamızda da illərdən bəri böyük vüsət alan quruculuq siyasəti illər öncə ilə bu gün arasında qürurverici bir fərqin yaranmasına səbəb olmuşdur. Diyarımızın elə bir bölgəsi yoxdur ki, quruculuqla abadlığa qovuşmamış olsun. Bu, muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan, həm də kompleks inkişafı təmin edilən Şərur rayonunun simasında da aydın görünür. Aprelin 12-də Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqlarının və “Çomaxtur” elektrik yarımstansiyasının istifadəyə verilməsi, Şərur şəhərində yeni avtovağzalın inşa olunmasına və rayonun 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına başlanılması bölgənin daha da inkişafını şərtləndirən amillərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin gün Şərur rayonunda olmuş, tədbirlərdə iştirak etmişdir. Mərasim evinin binasında yaradılan şəraitlə tanış olan Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada mərasim evlərinin tikintisi geniş vüsət almışdır. Bu gün də Şərur şəhərində yeni mərasim evi istifadəyə verilir. Binada yas mərasimlərinin keçirilməsi ilə yanaşı, həm də rayon dini icması üçün lazımi şərait yaradılmışdır. Mərasim evlərinin tikintisi üçün iş adamları və sakinlər tərəfindən göstərilən təşəbbüs dövlət tərəfindən dəstəklənir, şərait yaradılır, köməklik göstərilir. Bütün bunlar da ölkəmizdəki inkişafın, sabitliyin və dövlət-xalq birliyinin nəticəsidir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, dini dəyərlərimiz qorunub saxlanılmalıdır”.
Dayanıqlı elektrik enerjisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etməyin mümkün olmadığını, ona görə də muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlərin görüldüyünü, yeni günəş və su elektrik stansiyalarının tikildiyini, yarımstansiyaların qurulduğunu, elektrik xətlərinin çəkildiyini bildirən muxtar respublika rəhbəri “Çomaxtur” elektrik yarımstansiyasına baxmış, muxtar respublika energetiklərinə təşəkkür etmiş, yarımstansiyanın istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırmışdır.
Ali Məclisin Sədri Şərur şəhərində yeni avtovağzalın tikintisinə başlanılması və avtomobil yolunun qurulmasında mühəndis-texniki tələblərə əməl olunması, tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan abidələr diyarı, hər daşı, hər qayası qədimlərdən xəbər verən bir tarixdir. Son illər Ali Məclis Sədrinin imzaladığı dövlət sənədlərinə əsasən tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlərin davamı kimi, Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunmuşdur.
Aprelin 15-də türbədə aparılan bərpa işləri ilə maraqlanan Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən diyardır” fikrini xatırladaraq tariximizi yaşadan abidələr sırasında 850 il bundan əvvəl memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş, el arasında isə “Atababa günbəzi” kimi tanınan Yusif Küseyir oğlu türbəsinin özünəməxsus yeri olduğunu vurğulamışdır. Muxtar respublika rəhbəri türbənin bərpaçılarına təşəkkürünü bildirərək demişdir: “Tarixi abidələri qoruyub saxlamaq onu tikməkdən daha çətindir. Yusif Küseyir oğlu türbəsi tikildiyi dövrdən bugünə qədər qorunub saxlanılmışdır. Bərpadan sonra isə abidəyə ikinci həyat verilmişdir. Abidələrin pasportlaşdırılması, onların qorunması və bərpası vacib məsələdir. Çünki abidələr xalqımızın daş pasportudur. Tarixi abidələr xalqın neçə yüz il bundan əvvəl hansı mədəniyyətə malik olduğunu təsdiq edir. Ona görə də abidələr qorunmalı, ilkin görkəmi saxlanılmaqla bərpa olunmalı və gələcək nəsillərə çatdırılmalıdır”.
Muxtar respublikamızda tarixi abidələr qədər milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması da həmişə diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında dini abidələrin bərpası xüsusi yer tutur. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir. Aprelin 15-də Ali Məclis Sədrinin Ordubad şəhərindəki XVII-XVIII əsrlərə aid olan Cümə məscidinin bərpa layihəsi ilə tanış olması və bərpa işlərinə başlanılması istiqamətində verdiyi müvafiq tapşırıqlar bu qədim diyarın yenidən həyat verilən tarixi abidələri və milli dəyərlərimizə həssas münasibət fonunda deməyə əsas verir ki, bəli, tarixi yaşadanları tarix özü yaşadacaq.
Ötən ay muxtar respublikanın hərtərəfli inkişafına xidmət edəcək dövlət sənədləri imzalanmışdır. Bunlardan biri, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 17 aprel tarixli Fərman və bu fərmanla təsdiq edilmiş nazirliyin yeni əsasnaməsi muxtar respublika üçün böyük əhəmiyyətə malik olan bu sahənin inkişafını daha da stimullaşdıracaqdır. Digəri isə ötən ay muxtar respublikada daha yeni bir dövlət qurumunun publik hüquqi şəxsə çevrilməsidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti yaradılmış, həmin fərmanla xidmətin nizamnamə və strukturu təsdiq edilmişdir. Bununla muxtar respublikada sığorta işi sahəsində də fəaliyyətin təkmilləşdirilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin təşkilati-hüquqi formasının və strukturunun mövcud tələblərə uyğunlaşdırılması təmin olunmuşdur ki, bu da iqtisadiyyatının tərkib hissəsi olan sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsini şərtləndirən amildir.
Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “...Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var”.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu dövlət başçısının həyata keçirdiyi uğurlu tədbirlər sayəsində bu gün böyük inkişaf yolundadır. Bu, strateji ərazidə yerləşən muxtar respublikamızda da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olmuşdur. Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir. Həmin tədbirlərin davamı olaraq aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınmış 10 “Qazel” markalı yük, eləcə də “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunmuşdur. Ali Məclisin Sədri cənab Vasif Talıbov yeni avtomobillərə baxmış, onlardan təyinata uyğun istifadə olunması barədə tapşırıqlar vermiş, yeni avtomobil və texnikaların təqdim olunması münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Sərhəd yaşayış məntəqələri muxtar respublikada hərtərəfli qayğı ilə əhatə olunan bölgələrdir. Bu baxımdan coğrafi mövqeyinə görə mühüm strateji bölgədə yerləşən Sədərəyə daim diqqət göstərilmiş, rayonun sosial-iqtisadi inkişafı sürətləndirilmiş, geniş quruculuq işləri aparılmışdır. Rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilmiş, məşğulluq təmin edilmişdir. Yeni içməli su və kanalizasiya sistemlərinin qurulması da bu sahədə görülən işlərin davamıdır. Aprelin 23-də muxtar respublika rəhbəri Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxmış, sistemlərin dövlət vəsaiti hesabına qurulduğunu bildirmiş, tikinti işlərinin keyfiyyətlə aparılması, vaxtında başa çatdırılması barədə tapşırıqlar vermiş və demişdir ki, Sədərəkdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaqdır. Ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində görülən bu işlər Sədərək rayonunu müasir yaşayış məntəqəsinə çevirəcək, əhali təmiz və dayanıqlı içməli su ilə təmin olunacaq, məskunlaşma artacaqdır.
Sədərəkdə yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi bu yerin alınmaz qala olması ilə yanaşı, həm də Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsini, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması sayəsində istənilən tapşırığın uğurla yerinə yetirilməsini təsdiq edir. Artıq Sədərək rayonunda işğaldan azad edilən torpaqlar minalardan təmizlənərək əkin dövriyyəsinə qatılmışdır. Aprelin 23-də Ali Məclisin Sədri həmin ərazilərdə olmuş, görülən işlərlə maraqlanmış, bu işlərdə əməyi olanlara təşəkkür edərək demişdir ki, həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildən etibarən bu ərazilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Ötən dövrdə ərazinin minalardan təmizlənməsinə başlanılmış, meliorativ tədbirlər görülmüş, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Hazırda ordumuz tərəfindən ərazilər tam nəzarət altında saxlanılır ki, bu da əkin işlərinin rahat şəkildə həyata keçirilməsinə imkan verir. Bundan sonra nəzarət altındakı digər ərazilərdə də işlər davam etdirilməli, minalardan təmizlənməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, Sədərək rayonunun əkinəyararlı torpaqlarının sahəsi genişləndirilməlidir.
Həmin gün muxtar respublika rəhbəri Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksində ötən ildən başlayaraq aparılan yenidənqurma işləri ilə maraqlanmış, şəxsi heyətlə görüşmüş, ərazinin bundan sonra da etibarlı müdafiə olunacağına və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmişdir. Ali Məclisin Sədri Sədərəkdə müdafiənin ön xəttində də olmuş, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti və xidmətin təşkili ilə maraqlanmış, müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirmiş, xidmətin təşkili, eləcə də döyüş hazırlığının və intizamın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Bəli, 30 il əvvəlki Naxçıvanla 30 il sonrakı Naxçıvan arasındakı müqayisəolunmaz fərq, təbii ki, burada yaşayan əhalinin də həyatında əsaslı dəyişikliklərə səbəb olmuşdur. İlk növbədə, sabitlik, təhlükəsizlik, daha sonra isə muxtar respublikanın quruculuq xətti və hərtərəfli dinamik inkişafı, zəhmət adamından aliminədək hər bir insana xüsusi qayğı ilə yanaşılması, islahatların aparılması, yeni iş yerlərinin yaradılması, əhali rifahının əsas prioritet olması Heydər Əliyev siyasətinin uğurlu davamının göstəriciləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi:“Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.
Mətanət Məmmədova