22 Dekabr 2024, Bazar

Qapalı suvarma şəbəkələri isə ikinci həyatdır


Suyun canlı aləmin varlığındakı rolundan günlərlə danışmaq olar. Bunu, sadəcə, iki kəlmə sözlə ümumiləşdirib deyirlər ki, su həyatdır. O olmayan yerdə həyat mövcud ola bilməz. Su tək gün ərzində ehtiyac duyulduqca stəkanı doldurub içmək deyil. Nəfəs aldığımız havada, qəbul etdiyimiz qidaların hər birinin tərkibində, bizi əhatə edən ətraf aləmin hər kiçik zərrəsində müxtəlif faizdə su vardır. Lakin, çox təəssüf ki, bu gözəl nemət dünyanın hər yerinə heç də eyni dərəcədə paylanmayıb. Yer kürəsinin 2/3-si sudan ibarət olsa da, hazırda elə dünyada böyük problemlərdən biri də su qıtlığıdır. Qlobal istiləşmə XXI əsrin insanını su sarıdan “imtahana çəkir”, çətin sınaqlarla üz-üzə qoyur. Dünya ölkələrinin əksəriyyətində bir ovuc su həsrəti ilə yaşayanlar var. Onlar su əldə etmək üçün evlərindən minlərlə kilometr uzaqlaşmalı olur, iki-üç gün istifadə edəcəkləri su üçün bir həftə vaxt sərf edirlər.

 Həyatımızda su…

Su qıtlığı ilə bağlı eşitdiklərimizə, xəbərdar olduqlarımıza əsasən deyə bilərik ki, Ulu Yaradanın muxtar respublikamıza böyük səxavətlə bəxş etdiyi saf, təmiz, bənzərsiz sular, 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələri, çaylar, göllər bizim tale payımızdır. Düzdür, dünyadakı qlobal istiləşmə ilə əlaqədar diyarımızda da 20-30 il bundan əvvəlki su bolluğu yoxdur. Bir zamanlar nənə-babalarımızın dediyi kimi, adamboyu hündürlükdə göy gurlamasına bənzər şaqqıltıyla axan, köpüyü, sanki ərşə qalxan, lal gecələrin sükutunu tar-mar edən, yazda yaxın düşə bilmədiyimiz, qışda isə donub kəndlərimizin o tayı ilə bu tayı arasında bəyaz körpüyə çevrilən, uşaqlıqda kəndə qonaq gedərkən böyüklərimizdən “ondan uzaq dur!” kimi ciddi xəbərdarlıq aldığımız çaylarımızda indi sular çox zəif, ahəstə, sakit axır. Lakin yenə də, şükürlər olsun ki, su sarıdan olmazın əziyyətini çəkən insanlardan çox fərqli bir məkanda yaşayırıq. O məkan ki su qədim dövrlərdən burada dədə-baba arxları, quyular, saysız-hesabsız kəhriz, su dəyirmanları olub. Müasir dövrümüzdə isə su Naxçıvanda bərpa olunan, yenidən qurulan, tikilən, yaradılan 337 kəhriz, 102 nasos stansiyası, 820 subartezian quyusu, 31 su anbarı, 5 su dəyirmanı, 20 faizədək yaşıllıq sahəsi, evlərimizi nura qərq edən 5 su elektrik stansiyası, bir də ki, illərdən bəri su həsrətli, cadarlaşmış 5 min hektaradək torpağa ikinci həyat verən qapalı suvarma şəbəkələridir.

Qapalı suvarma şəbəkələrinin yaradılması zərurəti

“Qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması vacib məsələdir. Çünki muxtar respublika əhalisinin sayı ilbəil artır, həyətyanı torpaq sahələrində evlər tikilir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması üçün yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasını zəruri edir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi ərazi uzun müddətdir əkilməyən münbit torpaqlardır. Su təminatından sonra bu ərazilərin əkilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Torpağa həyat vermək, onu əkin dövriyyəsinə qaytarmaq xeyirxah işdir. Eyni zamanda bu, insanlara həyat vermək deməkdir. Çünki bol məhsul istehsalı muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, həm də əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasına xidmət edir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qapalı suvarma şəbəkələrinin yaradılması zərurətinin tam mahiyyətini açan bu dəyərli fikirlərindən sonra illər öncənin Naxçıvanına da qısa bir səyahət yerinə düşər ki, blokadanın bir qərinəlik zaman kəsiyində çox ilklərə imza atdığımız, indi böyük inkişafının sahibinə çevrildiyimiz bu gözəl diyarımızı o dövrlərlə müqayisə edə bilək. Hər kəs yaxşı xatırlayar ki, blokadanın ilk illərində yerli meyvə-tərəvəzə, kənd təsərrüfatı məhsullarına həsrət qalan bazarlarımızda, əsasən, qonşu ölkələrdən gətirilən, necə istehsal edildiyindən, hansı şəraitdə becərildiyindən xəbərsiz olduğumuz, sağlamlığımıza qənim kəsilən məhsullar yer alırdı. Həmin məhsullar muxtar respublikaya hansı məcburiyyətdən gətirilirdisə, biz də onları eyni məcburiyyətlə alıb evlərimizə aparır, istifadə edirdik. Lakin insan sağlamlığı həmişə ən vacib amil olan muxtar respublikamızda bu, həlli ən yaxın perspektivə hesablanmış məsələ idi. Elə buna görə də bir-birinin ardınca qəbul olunan əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları təhlükəsiz və keyfiyyətli ərzaqla təminata, idxaldan asılılığın aradan qaldırılmasına yönəlmiş dövlət sənədləri kimi mühüm əhəmiyyət kəsb etmişdir. Həmin dövlət pro­qramları kənd təsərrüfatı məhsulları istehsalının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, sahibkarlığın inkişafına stimul olmuşdur. Daha sonra meyvəçiliyin və tərəvəzçiliyin, kartofçuluğun, taxılçılığın, arıçılığın inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı imzalanan sənədlər torpaqlardan səmərəli istifadə olunması, investisiyaların yatırılması, müxtəlif servis mərkəzlərinin yaradılması, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsini qarşıya qoymuşdur. Nəticədə isə taxıl, kartof və digər kənd təsərrüfatı məhsullarının əkin sahələri ildən-ilə genişləndirilmiş, arıçılıq inkişaf etdirilmiş, daxili bazarın məhsul təminatında idxaldan asılılıq azaldılmış, tələbat yerli istehsal hesabına ödənilmişdir. Ailə təsərrüfatlarına dəstək, onların inkişafı üçün hərtərəfli dövlət qayğısı, belə təsərrüfatların genişlənməsinə, məşğul əhalinin artmasına, üstəlik də, yeni sahibkarlıq subyektlərinin yaranmasına səbəb olmuşdur. Bu isə, öz növbəsində, təbii ki, əkinəyararlı torpaq sahələrinin genişləndirilməsini tələb edirdi. Münbit, lakin uzun illər su problemi səbəbindən əkilməyən torpaq sahələrində yeni suvarma şəbəkələrinin qurulması bu zərurətdən yarandı…

5 ilə 5 min hektaradək

Bəli, meliorasiya və irriqasiya tədbirlərinin davam etdirilməsi nəticəsində 2014-cü ildən muxtar respublikamızda başlanan qapalı suvarma şəbəkələrinin tətbiqi ilk olaraq Kəngərli rayonunun Böyükdüz, Xok və Kərki kəndlərində 600 hektar əkilməyən torpaq sahəsinə yeni həyat bəxş etdi. Bunun ardınca yeni sistemlə 2015-2019-cu illərdə Babək rayonunun Nehrəm, Culfa rayonunun Bənəniyar, yenə də Kəngərli rayonunun Böyükdüz, Xok və Yurdçu, Şahbuz rayonunun Türkeş kəndlərində su təminatı olmayan və uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatıldı ki, bununla da diyarımızda 5 ilə, ümumilikdə, 5 min hektaradək torpağa ikinci həyat verildi.

Bu gün muxtar respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min hektara yaxını suvarılan ərazilərdir. Ona görə də suvarılan torpaqların sahəsinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Ali Məclis Sədrinin də dediyi kimi, hazırda muxtar respublikada əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Lakin muxtar respublikanın ehtiyat taxıl fondu kənardan alınır. Mütərəqqi suvarma sistemlərinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə bu problem də tamamilə həll olunacaqdır. Muxtar respublikanın illik taxıla olan tələbatı 150 min tondur. Buna görə də taxıl sahələrinin genişləndirilməsinə diqqət yetirilməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, əkilən torpaqların məhsuldarlığı artırılmalıdır.
Ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə də əhalinin məşğulluğunda meliorasiya və su təsərrüfatı sahəsinin də müstəsna rolu vardır. Elə bu səbəbdən də iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən muxtar respublikada aqrar, o cümlədən meliorasiya və su təsərrüfatı sahəsində aparılan islahatlar, geniş­miqyaslı layihələrin icrası illərdən bəri bu sahənin inkişafı ilə nəticələnir. Bütün bunlar isə məhsul istehsalının ildən-ilə artmasına və muxtar respublikada əsası hələ illər öncə qoyulan ərzaq təhlükəsizliyinin təmin olunmasına geniş imkan yaradır. Elə 5 min hektaradək ərazini əhatə edən qapalı suvarma şəbəkəsi üçün coğrafiyası, iqlim və əkin xüsusiyyətləri, ərazi etibarilə ilkin olaraq seçilmiş torpaqlarda bu yeni sistemin tətbiqini meliorasiya və irriqasiya sahəsində aparılan uğurlu işlərin davamı kimi dəyərləndirmək olar. Bu gün diyarımızda bol və keyfiyyətli məhsulun hasil olmasına rəvac verən su nasos stansiyalarının, anbarların, kəhrizlərin siyahısına əlavə edilən qapalı suvarma şəbəkələri layihəsi davam etdirildikcə hələ neçə hektarlarla torpaq “yeni həyata” qədəm qoyacaqdır. Ərazilərin daimi su təminatı, torpaqların münbitliyi və məhsuldarlığı burada ikinövbəli əkinlərin aparılmasına da imkan verəcəkdir.

Mahiyyət etibarilə…

Mütərəqqi suvarma şəbəkələrinin mahiyyəti dünənlə bu gün arasına körpü salaraq çox böyük reallıqları ortaya qoyur. O reallıqlar ki onların şahidi olan bizlər üçün çox böyük əhəmiyyətə malikdir. Məsələn, bir vaxtlar torpaqlar da yerində idi, biz də burada yaşayırdıq. Lakin həmin torpaqlar bizim ola-ola, əsl reallıqda, bizim deyildi, özgənin idi. Blokadanın ilk illərinin əzablı-əziyyətli, acınacaqlı günlərində iş dalınca üz tutmuşduq qonşu ölkələrə. İllər sonra – xoş günlər acıların qalibi olduqca bizə də firavanlığı töhfə etdi. Beləliklə, aqrar islahatla torpaqlarımızın sahibi olduq. Torpaq sahibi olmaqla elimizə, evimizə qayıtdıq. Bu torpaqlarda özümüzə iş yeri tapdıq. Bununla mənəvi cəhətdən sağlamlaşdıq, artıq özümüzün olan torpaq blokadadan aldığımız zərbələrin “təbibi” oldu, bizə şəfqət verdi, ruhumuz yeniləndi. Əkdik-becərdik, torpaqlarımız taxıl zəmilərinə, meyvə bağlarına, kartof, soğan, kələm sahələrinə, qarpız, pomidor, xiyar, göyərti bostanlarına çevrildi, süfrələrimizdə qıtlığı bolluq əvəzlədi. Meyvə-tərəvəz sarıdan olmazın əziyyətini çəkdiyimiz o illəri geridə qoyduq. Məhsulumuz artdı, bərəkət bağladı. Bu dəfə onu bazarlarımıza apardıq, idxal məhsulları sıxışdırıb aradan çıxardıq. Gəlirimiz artdı, evlərimizi, həyətlərimizi təmir etdik, yeni avadanlıqlar, maşın aldıq. Kəndlərimizin quruculuq ərməğanları ilə tikdiyimiz evlər həmahəng olduqca bundan mənəvi zövq aldıq, yurdumuza daha böyük istəklə bağlandıq.

Torpaq sevgisi zəhmətlə əl-ələ verib bizi ailə təsərrüfatçılarına çevirdi. Maşın-texnika, gübrə, su, subsidiya, kreditlər, ehtiyacımız olan nə varsa, onunla təmin edildik və ailəliklə işə başladıq. Bir də baxdıq ki, festival qalibi olmuşuq, məhsullarımızın sərgisi açılıb, evdə istehsal etdiyimiz məhsullar nəfis şəkildə qablaşdırılıb. Görəndə ki, artıq biz sərbəst şəkildə məhsul istehsal edirik, əvvəl kiçik, sonra isə böyük sahibkarlara çevrildik. Bütün bunlara, təbii ki, ümummilli liderimiz Heydər Əliyevin, ölkə və muxtar respublika rəhbərlərinin qayğısı, vətəndaşa verilən dəyərlə, dəstəklə, gerçəkləşdirilən layihələrlə nail olduq. Bir zamanlar, yuxarıda da qeyd etdiyim kimi, bazarlarımıza idxal olunan, harada, necə, hansı su ilə becərildiyini bilmədiyimiz məhsulların yerini indi təmiz, bol oksigenli havada, saf sularla ərsəyə gələn məhsullar alıb. O məhsullar ki indi onlar həm də ixrac məhsullarına çevrilib.
Qapalı suvarma şəbəkələrinin qurulması isə muxtar respublikamızda görülən işlərin növbəti mərhələsidir. Bu mərhələ artıq əlavə torpaq sahələrinə ehtiyacı ortaya qoymuşdu. Əkin dövriyyəsinə yeni torpaq sahələri qatılmalı idi ki, əhalinin tələbatı ödənilə bilsin. Yeni suvarma şəbəkələrinin qurulmasını da məhz bu, reallaşdırdı. Ali Məclisin Sədri çıxışlarından birində deyir ki, su həyatdır, əkilə bilən torpaqdır, əkilə bilən torpaq iş yeridir, insanların məşğuliyyətidir. Məşğuliyyət yaxşı dolanışıq, firavanlıq, sağlamlıqdır, eyni zamanda bolluqdur, bazarların yerli məhsula olan tələbatının ödənilməsidir, ailə təsərrüfatlarının inkişafıdır, bu inkişaf isə, ümumilikdə, muxtar respublikanın iqtisadiyyatına töhfədir.


Susuz həyat olmasın…

Mütəxəssislərin hesablamalarına görə, bir dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit (qırmızı qan kürəciyi) məhv olur, elə o qədəri də yaranır. Su nə qədər təmiz olsa, onun iştirakı ilə yaranan və yaşayan qan maddəsi daha təmiz və sağlam olar. Su özü ilə gətirdiyi “çirkab” vasitəsilə qanı korlayır – orqanizmdə mutagen dəyişikliklər yaradır və DNT-lərə (genlərə) yazılmış “genetik informasiya”nı dağıdır. Bəli, buradan da belə bir nəticəyə gəlmək olar ki, insana həyatımızda böyük rolu olan suyun bolluğundan çox, onun saflığı, təmizliyi daha vacibdir.

Muxtar respublika sakinlərinin, hər birimizin evindən 24 saat axan su min kilometrlərlə uzaqdan – dağların zirvəsindən, bulaqların gözündən çəkilib gətirilib. Məişətdə də saf sulardan istifadə edirik, tarlalarımız, zəmilərimiz, bostanlarımız da saf sularla suvarılır. Ona görə də bu diyarın yetirdiyi, bitirdiyi hər bir nemət dad-tamı ilə fərqlənir. İnsanları sağlamdır, uzunömürlüdür. Çirkli sulardan istifadə, əkinlərin çirkab sularla suvarılması səbəbindən dünyanın bir sıra dövlətlərində infeksion xəstəliklərin yayılmasının baş alıb getməsini nəzərə alsaq, bu kiçik, lakin günəşli, aranlı-dağlı, safsulu diyarımız qədər gözəl məkan yoxdur…
Susuz həyat olmasın. Çünki bütün canlı aləmin ona ehtiyacı var. Su həyatdır, həyatın özüdür…

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR