22 Dekabr 2024, Bazar

Yeni ilin ilk ayının nailiyyətləri belə deməyə əsas verir


Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində tarixin arxivinə verdiyimiz 2019-cu il də muxtar respublikamızın ictimai-siyasi, ­sosial-iqtisadi, mədəni həyatında böyük uğurlarla yadda qaldı. Sabitlik, davamlı inkişaf və tərəqqi burada insanların rahat yaşayışının təmin olunması ilə yanaşı, mühüm sosial infrastruktur tədbirlərinin həyata keçirilməsi ilə nəticələnmişdir ki, bu da ölkəmizdə insan amilinə verilən dəyərin ifadəsidir. Bu ifadə isə daha əhəmiyyətli bir məsələni – 30 il blokada şəraitində yaşayan bu yerin sakinlərinin qarşılaşdıqları bütün çətinliklərin dövlət qayğısı ilə həllini, yaranan bütün problemlərin böyük cidd-cəhdlə yerindəcə həll olunmasını, bir də sahib olduqları bugünkü inkişaf etmiş muxtar respublikanı ortaya qoymaqla ötən illərin Naxçıvanının ümumi mənzərəsini yaradır. Bu mənzərəni yeni ilin ilk ayının nailiyyətləri daha da zənginləşdirir.

Yeni ilə necə başlasan, elə də davam edər deyiminə əsasən naxçıvanlıların son 25 illik zaman çərçivəsində illəri uğurla başlayıb nailiyyətlərlə yola saldıqlarına nəzər salsaq, 2020-ci ilin də onlar üçün müvəffəqiyyətlərlə dolu olacağını əminliklə söyləmək olar. Elə yeni ili muxtar respublika sakinlərinin böyük ruh yüksəkliyi ilə qarşılamaları, yanvarın 1-də Naxçıvan şəhərində Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük səmimiyyətlə iştirakı, sakinlərin bayramını təbrik etməsi, burada ictimai iaşə xidmətinin təşkili ilə maraqlanması və uşaqlara hədiyyələr verməsi muxtar respublikanın inkişafında rəhbərlə əhali birliyinin ən başlıca amil kimi dayandığını bir daha sübut edir.
Yeni ilin ilk günlərində ən diqqət­çəkən məsələlərdən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 7 və 8 yanvar tarixlərində imzalanan fərmanlar və sərəncam oldu. Struktur islahatı, idarəetmənin təkmilləşdirilməsi və muxtar respublika iqtisadiyyatının inkişafının təhlükəsiz təmin edilməsi üçün “Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”, “Aqrar Sığorta Fondunun yaradılması barədə” fərmanlar və uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə “Ordubad Rayon Uşaq Xəstəxanasının yaradılması haqqında” Sərəncam muxtar respublikada 2020-ci il üçün də yeniliklər və innovasiyaların tətbiqi mahiyyətini daşıyır.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”. Bu gün müstəqil Azərbaycanda Sərhəd Qoşunları fəaliyyət göstərir və ölkəmizin sərhədləri etibarlı qorunur. Strateji əhəmiyyəti nəzərə alınan muxtar respublikamızda əsasını ulu öndərimizin qoyduğu sərhəd zastavalarının yaradılması işi sonrakı illərdə Ali Məclisin Sədri tərəfindən davam etdirilmişdir. Yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin daha bir təzahürüdür. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərhədçiləri salamlamış, onların ailə üzvləri ilə görüşmüşdür. 3-cü Sərhəd Zastavası üçün yeni xidməti və yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: “3-cü Sərhəd Zastavası 1981-ci ildə – Sovetlər Birliyi dövründə yaradılmışdır. Üç ölkənin sərhədinin kəsişdiyi ərazidə yerləşən zastavada heç vaxt bu cür xidməti şərait olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ərazinin vacibliyi nəzərə alınmış, zastavanın fəaliyyətinin təmin olunması sahəsində işlər görülmüşdür. Sovetlər Birliyi dövründə Sədərək rayonu ərazisindəki birinci sərhəd zastavası və Ordubad istiqamətindəki iki zastava Naxçıvan Sərhəd Dəstəsinə tabe deyildi. Lakin ­ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində Ordubad və Sədərək istiqamətlərində olan zastavalar Naxçıvan Sərhəd Dəstəsinin tabeliyinə verildi və onlar üçün xidməti şərait yaradıldı”.
Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, 3-cü Sərhəd Zastavası əsaslı şəkildə yenidən qurulmuşdur. Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün istirahət yerləri, sinif otağı, silah, rabitə və digər xidməti otaqlar, yeməkxana, mətbəx və ərzaq anbarı yerləşir. Ərazidə sərhədçi ailələri üçün 12 mənzilli 2 mərtəbəli xidməti yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri, xidməti heyvanlar üçün yardımçı bina və helikopter meydançası inşa edilmişdir.
“Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli peşədir”, – deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, şəxsi heyətə xidmətdə uğurlar arzulamışdır.
Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada enerji, ərzaq, müdafiə və informasiya təhlükəsizliyi təmin olunmuşdur. Bu gün hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. Geniş quruculuq işləri aparılır, müasir kənd infra­strukturu yaradılır. Bütün bunlar isə insanların sosial rifah halının yüksəlməsinə xidmət edir.
Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi həm 2020-ci ilin ilk quruculuq ərməğanları, həm də vənəndlilərə yeni il hədiyyəsi kimi yadda qalmışdır. Həmin gün kənddə müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş, hərtərəfli şərait yaradılmış 432 şagird yerlik məktəbin, uşaq musiqi məktəbinin, həkim ambulatoriyasının, dövlət qurumlarının birgə fəaliyyəti üçün yeni kənd və 9 nəfərin işlə təmin olunduğu xidmət mərkəzlərinin açılışı olmuş, rayonun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Ali Məclisin Sədri Vənənd kəndi­nin sakinləri ilə görüşmüş, kəndin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə onları təbrik etmiş, bu gün kənd xidmət mərkəzində satılan məhsulların 90 faizinin yerli istehsal olduğunu, muxtar respublikamızda 2019-cu ildə elan olunmuş “Ailə təsərrüfatları ili”nə bu kəndin xüsusi töhfə verdiyini, təsərrüfatların inkişaf etdiyini vurğulamış, bütün bunlara görə sakinlərə təşəkkürünü bildirərək demişdir: “Vənənd muxtar respublikamızın böyük kəndlərindəndir. Kənddə aparılan quruculuq işləri həcminə görə bir rayonda görülən işlərə bərabərdir. Artıq kənddə bütün sahələr üzrə müasir iş şəraiti yaradılıb. Yaxşı iş şəraiti olan yerdə isə yüksək əhval-ruhiyyə, dövlətə və sabaha inam olur. Bir sözlə, Vənənd müasir Azərbaycan kəndinin nümunəsidir. Ona görə də yaradılanlar qorunmalı və onlardan səmərəli istifadə olunmalıdır”.
Muxtar respublikada quruculuq işlərinin coğrafiyası genişləndirilib. İndi artıq kəndlərimizdə insanların təkcə müasir sosial obyektlərə olan tələbatı ödənmir, həm də onların ən yeni texnologiya ilə dünyaya çıxışı, informasiya təminatı yaxşılaşdırılır. Yanvarın 13-də Ordubad rayonu ərazisində 12 televiziya və 10 radio yayımını təmin edən Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binasının ən son müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilməsi, burada 150 metrlik qüllədə mobil rabitə baza stansiyalarının, televiziya və radio vericilərinin şüalandırıcıları, anten-fider sistemləri qurulması, radio-rele avadanlıqlarının qəbul­edici-verici çanaq antenlərin montaj olunması ərazidə teleradio yayımlarının kəsintisiz həyata keçirilməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov stansiyanın açılışında iştirak etmiş, kollektivə təbriklərini çatdırmış, binada yaradılan şəraitlə maraqlanmış və demişdir ki, muxtar respublikamızda bu sahənin inkişafı da diqqətdə saxlanılmış, 2018-ci ildə İbadulla Radio-Televiziya Verici Stansiyası yenidən qurulmuşdur. Vurğulanmışdır ki, istifadəyə verilən Dəstə Radio-Televiziya Verici Stansiyasında avadanlıqları yaxşı öyrənmək, onlara düzgün xidmət göstərmək kollektivin qarşısında duran əsas vəzifədir. Vurğulanmışdır ki, bəzi ölkələrdə analoq yayımdan rəqəmsal yayıma keçidə yenicə başlanılmışdır. Lakin muxtar respublikada bir neçə il bundan əvvəl tam rəqəmsal yayıma keçilmişdir. Ali Məclisin Sədri kollektivə avadanlıqlara yaxşı xidmət göstərməyi, onları qorumağı tövsiyə etmişdir.
Muxtar respublikamız tarixi keçmişimizin, adət-ənənələrimizin qorunub yaşadıldığı unikal diyardır. Ötən illərdə buradakı qədim tarixi mədəniyyət abidələrinin bərpası, onların pasportlaşdırılması, muzeylərin yaradılması, xalq yaradıcı­lığı, sənətkarlığı istiqamətində görülən işlər Naxçıvanın dünəni ilə bu günü arasında əbədi bir körpü yaratmışdır. Muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması da tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb.
Ruzi-bərəkət rəmzi kimi məişət mədəniyyətimizin ayrılmaz parçası olan su dəyirmanları həm də taxılçılığın inkişafının təzahürüdür. Taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı yaranan adət-ənənələr onun əhəmiyyətini bu günədək qoruyub saxlamışdır. Ordubad rayonunun Darkəndində su dəyirmanının bərpası da tarixi keçmişimizə verilən dəyərin daha bir göstəricisidir.
Yanvarın 13-də Ali Məclisin Sədri cənab Vasif Talıbov su dəyirmanının açılış mərasimində iştirak etmiş, kənd sakinləri ilə görüşmüş, onları təbrik edərək demişdir ki, vaxtilə su dəyirmanından bu ərazidə yaşayan insanlar istifadə etmişdir. Ötən əsrin 90-cı illərinin acı nəticələri bu cür abidələrimizə də təsir etmiş, su dəyirmanlarının fəaliyyəti dayanmışdır. Lakin bir neçə ildir ki, muxtar respublikamızda su dəyirmanlarının bərpasına başlanılıb. Muxtar respublikamızın bütün ərazisində müasir dəyirmanlar fəaliyyət göstərir. Lakin su dəyirmanlarında istehsal edilən una ehtiyacı olan insanlar var. Ona görə də su dəyirmanlarının bərpası diqqətdə saxlanılır.
30 ilə yaxın blokada şəraitində yaşayan Naxçıvanın yeni inkişaf mərhələsi ulu öndərin ən yaxın çevrəsində zəngin dövlətçilik məktəbi keçən, böyük təcrübəyə yiyələnən, onun davamçısı olmaq etimadı qazanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilmişdir. O inkişaf mərhələsi ki, 25 il bundan əvvəl söylənilən “Mənim ayrıca bir fəaliyyət pro­qramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm” prinsipinə əsaslanaraq əməli xidmətlə, bir də yüksək vətənpərvərlik, yorulmaz fəaliyyət, böyük iradə və əzmlə Naxçıvanı hərtərəfli tərəqqiyə qovuşdurmuşdur.
Ömrünün 25 ilini blokada vəziyyətində yaşayan Naxçıvanın ən çətin vaxtlarından inkişaflı, tərəqqili bu gününədək həsr edən cənab Vasif Talıbovun yanvar ayında 60 yaşı tamam oldu. Bu münasibətlə Prezident cənab İlham Əliyev Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” 2020-ci il 13 yanvar tarixdə Sərəncam imzalamışdır. Bu sərəncam Ali Məclisin Sədri cənab Vasif Talıbovun şəxsində ölkə başçısı tərəfindən, ümumilikdə, naxçıvanlılara verilən yüksək dəyərdir.
Ali Məclis Sədrinin vurğuladığı kimi, bu gün Azərbaycan dövləti qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirənlərə, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda sağlamlığını itirənlərə, şəhid ailələrinə, eləcə də Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə mənzil və avtomobillər təqdim olunur. Bu insanların dövlətimiz qarşısındakı xidmətləri nümunə gücündədir. Mənzil və avtomobillərin təqdim olunması isə dövlətimizin ərazi bütövlüyünün qorunmasında həyatını və sağlamlığını itirmiş şəxslərə göstərdiyi qayğının, ölkəmizdəki dövlət-xalq birliyinin daha bir ifadəsidir. Bu qayğının davamı olaraq yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilmişdir. Ali Məclisin Sədri cənab Vasif Talıbov mənzil və avtomobillə təmin olunanları təbrik etmiş, avtomobillərin açarlarını, fərdi yaşayış evləri və mənzillərin orderlərini təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. 2019-cu ilin dekabr ayından isə Culfa rayonunda icbari tibbi sığortaya keçidlə bağlı işlərə başlanılmış, rayon mərkəzi xəstəxanasında yenidənqurma işləri görülmüş, müasir tibbi avadanlıqlar quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 16 yanvar tarixdə Sərəncam imzalamışdır. Həmin gün Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilmişdir. Ali Məclisin Sədri tədbirdə iştirak etmiş, icbari tibbi sığortanın tətbiqi münasibətilə rayon əhalisini və tədbir iştirakçılarını təbrik etmişdir.
Həmin gün Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə də keçirilmişdir. Ali Məclisin Sədri rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması, görüşlərin keçirilməsi, sakinlərə ətraflı məlumatların verilməsi, həmçinin göstərilən tibbi xidmətin keyfiyyətinin daim diqqətdə saxlanılması, qaydalara əməl edilməsi, nizam-intizamın gücləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda da qeyd olunduğu kimi, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Yanvarın 20-də ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da 20 Yanvar faciəsinin növbəti ildönümü anılmışdır. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlmiş, buradakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Tədbirdən sonra Ali Məclisin Sədri şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilən, ümumilikdə, fondunda xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilən 2 minə yaxın eksponat olan Xatirə Muzeyində olmuşdur.
Ali Məclisin Sədri Xatirə Muzeyində məktəblilərin iştirakı ilə açıq dərslərin keçilməsi və qəhrəmanlıq tariximiz barədə gənc nəslin məlumatlandırılmasının vacibliyini vurğulamışdır.
Muxtar respublikanın ictimai, sosial-iqtisadi, mədəni inkişafında iştirak edən insanların əməyinin qiymətləndirilməsi, yubileylərinin keçirilməsi diqqətdə saxlanılan əsas məsələlərdəndir. Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanda musiqi sənətinin inkişafında xidmətlərinə görə “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin ke­çirilməsi haqqında” imzaladığı ­Sərəncam da belə insanlara verilən dəyərin növbəti təzahürüdür.
Muxtar respublikada aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Kənd təsərrüfatının inkişafında əsas sahələrdən biri də baytarlıq təbabəti və baytarlıq xidmətinin təşkilidir. Ali Məclis Sədrinin də vurğuladığı kimi, baytarlıq xidmətinin düzgün təşkili həm əhalinin təsərrüfatının, əmlakının qorunmasına, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına, insanların sağlamlığına, onların keyfiyyətli heyvandarlıq, quşçuluq və arıçılıq məhsulları ilə təminatına imkan verir.
Son illər muxtar respublikanın rayonlarında baytarlıq idarələri üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların da fəaliyyət göstərdiyi yeni binaların tikilməsi, süni mayalanma məntəqələrinin yaradılması, kəndlərdə inşa olunan kənd mərkəzlərində baytarlıq xidməti üçün otaqların ayrılması bu sahədə qarşıya qoyulan vəzifələrin uğurla icrasına şərait yaratmışdır.
Yanvarın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının istifadəyə verilməsi də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov açılış mərasimində iştirak etmiş, binaya baxmış, baytarlıq sahəsində Dövlət Proqramının hazırlanması və xidmətin təşkilində maarifləndirməyə diqqətin artırılması barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Naxçıvanın ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, misilsiz dühası ilə təməli qoyulan inkişaf mərhələsinin uğurla və sədaqətlə davam etdirilməsi yeni ilin ilk ayında da həyata keçirilən çoxşaxəli işlərin xronikasında özünü göstərməkdədir. Nəticələr isə onu deməyə əsas verir ki, bu il də muxtar respublikamızda inkişaf davamlı xarakter alacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR