22 Dekabr 2024, Bazar

Bu sərlövhə hər kəsin diqqətini çəkə, hələ “Bu yaşda tələbə olar?”, sualını yarada da bilər. 20 Yanvar 1990-cı il, 30 il bundan əvvəl Bakıda günahsız insanlara qarşı törədilmiş faciə. Zaman ötsə də, illər bir-birinə əlvida deyib tarixi bir yaş yaşlandırsa da, həmin gün ömrü tamamlananların hər biri yaddaşlarımıza o gündəki kimi həkk olunub: uşaq elə uşaqdır, heç böyüməyib, gənc heç yaşlaşmayıb, ahıl elə ahıldır, müəllim müəllim, həkimsə həkim. Eləcə də şəhid tələbələr. Yazı oxunduqca söhbətin həmişə xəyallarımızda Azərbaycan Tibb Universitetinin tələbəsi kimi qalan 20 Yanvar şəhidi Teymur Alməmmədovdan getdiyini biləndə hər kəsin ürəyi yenidən sızlayacaq, bu nakam tələbəni yanğı hissi ilə xatırlayacaqdır. 18 yaşda tələbə adını qazanıb, cəmi 4 ay tələbə həyatı yaşayan, 30 ilin tələbəsinə çevrilərək hər il yaddaşlarda təzələnən şəhid Teymuru… Onun ömür kitabına həkk olunan və ondan bu dünyaya xatirə qalan, sadəcə bu tarixlərdir: 1972, 1989, 1990, bir də bu 30 il. 1972-də doğuldu, 1989-da arzusuna çatdı, tələbə adını qazandı, 1990-da ömrü kimi arzuları da yarımçıq qaldı. 30 ildir, şəhid olub. Lakin bu 30 ilbəil dəyişəcək, bir gün 100, 200 olacaq, Teymurun Vətən uğrunda şəhidlik salnaməsini qərinələrdən qərinələrə, əsrlərdən əsrlərə daşıyacaq.

 Şahbuz rayonunun Keçili kəndində kasıb bir ailədə dünyaya göz açmışdı Teymur. Valideynlərinin hər ikisi sağlamlıq imkanları məhdud insanlar idilər. İki bacının bir qardaşı olan Teymur bacısı Bəstinin dediyi kimi, ata-anaları qeyri-sağlam olduqları üçün onların tək ümid yeri, arxa, dayaqları idi. Lap kiçik yaşlarından ailənin bütün qayğılarını çiyinlərində daşımaqdan vaxtından əvvəl yaşlaşmışdı sanki o. “Atamın bitib-tükənməyən tapşırıqları qarşısında nə dinər, nə danışar, başını aşağı salıb sakitcə dinləyər, sonra məktəbə gedər, gələr, axşamadək evin işindən-gücündən baş açmazdı. İşini bitirib evə girəndən gecə saatlarınadək dərs oxuyar, əlindən kitab düşməzdi. O vaxtlar kəndin mal-heyvanını hər gün bir nəfər çölə aparardı, atam xəstə olduğu üçün bizim evdən həmişə Teymur gedərdi, axşamdan kitablarını çöl çantasına yığıb hazırlayardı, özü ilə aparardı”, – deyir Bəsti.

Keçili kənd məktəbi rayonun təhsil ənənələri olan məktəblərindəndir. Bu gün ölkəmizin ictimai həyatında mövqe qazanmış onlarla hüquqşünas, müəllim, həkim və digər ixtisas sahibləri bu məktəbin yetirmələridir. Teymurun müəllimləri onu da bu yetirmələr arasında gördüklərini hələ o aşağı siniflərdə təhsil alarkən söyləyirmişlər. Teymur təhsildə sinif yoldaşlarından fərqləndiyi kimi, səmimiyyəti, tərbiyəsi ilə də bütün müəllim və şagird kollektivinin sevimlisi imiş.

Teymurun biologiya müəllimi, hazırda təqaüddə olan Vaqif Kərimovun dediklərindən: – O, tamamilə fərqli bir şagird, özünəməxsus xarakteri olan uşaq idi. Bu özünəməxsusluq onun susqunluğunda, sakitliyində, adını çəkəndə, sual verəndə adamın gözünün içinə baxmadan, başıaşağı cavab verməyində idi. Bir də ki onun üzündə-gözündə daim bir kədər var idi. Bunu müəllimlərin hamısı duymuşdu, öz aramızda söhbət edəndə baxırdım ki, hər kəs eyni fikirdədir. Bu kədəri onun ailə vəziyyəti ilə əlaqələndirirdik. Məktəbdə hamımız bilirdik ki, evdə yük Teymurun çiynindədir. Lakin sonralar, o şəhid olanda bu kədər nə kədərmiş, anladıq. Onun şəhid olmasını çox yanğı ilə qarşıladıq. Çünki Teymur sağ qalsaydı, çox gözəl, hər birimizin qürur duyduğumuz bir həkim olacaqdı.

“Sən saydığını say, gör Fələk nə sayır”, – deyir atalarımız. Hər kəs Teymurun gələcəyinə böyük ümidlər bəslədiyi halda, sən demə, onun ömür payı çoxdan 1990-cı ilə nöqtələnibmiş. O müdhiş 20 Yanvar gününə. Birinci imtahan sessiyasını uğurla başa vuran Teymur doğma kəndinə getmək istəyirdi. İki dostu ilə aerokassadan Naxçıvana bilet alıb geri qayıdarkən elə aerokassanın qabağındaca başından güllə yarası alır. O, xəstəxanaya gətirilir. Güllə onun əmgəyindən dəyib, üst çənəsində ilişib qalıbmış. Həkimlərin yeddi gün yaralını həyata qaytarmaq üçün səylə çalışmalarına baxmayaraq, Teymur özünə gəlmədən canını tapşırır. Şəhid tələbə bir neçə gündən sonra Keçili kənd qəbiristanlığında dəfn edilir. Bakı şəhərindəki Şəhidlər xiyabanında və Şahbuz şəhərindəki Şəhidlər Abidə Kompleksində xatirə lövhəsi var.

Teymur tək Alməmmədovlar ailəsinin deyil, bütün kеçililərin yaddaşından silinməyən, unudulmaz 20 Yanvar şəhididir. O, təkcə öz ailəsinin deyil, bütövlükdə, Keçili kəndinin övladıdır. Çünki onun itkisinə bütün kənd yandı, sızladı. Günlərlə, aylarla onun xəstə valideynlərinin təsəllivericilərinə çevrildilər. Lakin bu itki onsuz da sağlamlıqları yerində olmayan ata-ananın qəddini əydi, bu dərd onları için-için yeyib sonlarını gətirdi. Teymurun şəhid olmasından bir neçə il sonra bir-birinin ardınca həyatla vidalaşdılar.

 Teymurun ailəsinə yaхşı yaşayışı üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bu məqsədlə şəhid ailəsi üçün 2010-cu ildə fərdi mənzil də tikilib və hər bir şərait yaradılıb. İndi o evdə şəhidin bacısı Bəsti yaşayır. İllərdir ki, Teymurun bacıları da, onu sevən keçililər də, ümumilikdə, yüzlərlə şəhidi olan bu xalq tək təsəlli ilə yaşayır. Bu təsəlli şəhidlərimizin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatlarını itirmələridir. Vətən üçün təbii ki, şəhid olmağa dəyər. Dünən olduğu kimi, hər birimiz bu gün də, sabah da torpaqlarımızın qorunması, müstəqilliyimizin daimiliyi üçün şəhid olmağa hazırıq. Çünki bu müstəqillik bizə şəhidlərimizin qanından, ümummilli liderimiz Heydər Əliyevin gərgin gündüzlərindən, yuxusuz gecələrindən ərməğandır, əmanətdir.

Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR