30 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər bəhrələrini verməkdədir


Bu il də muxtar respublikanın torpaq mülkiyyətçilərinin çəkdikləri zəhmət hədər getməyib. Günü-gündən yetişdirilib ərsəyə gətirilən kənd təsərrüfatı məhsulları dükan-bazarlarımızı, ticarət obyektlərimizi zənginləşdirməkdədir. Bu zənginliyi yaradan insanlar onlara göstərilən dövlət qayğısının davamlı olduğunu görərək daha həvəslə çalışır, daha çox məhsul istehsal etməyə səy göstərirlər. 

Həyata keçirilən tədbirlərin ifadəsi kimi, qeyd etmək yerinə düşər ki, cari ilin ilk rübündə muxtar respublikada 31 milyon 270 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu isə əvvəlki illə müqayisədə 4,2 faiz çox deməkdir. Bəhs olunan dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara dövlət qayğısı davam etdirilib, onlara, ümumilikdə, 4 milyon 156 min 800 manat məbləğində kredit verilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çox deməkdir.

Kənd təsərrüfatı məhsullarının ilbəil artımının davamlı xarakter almasının təməlində yerli ərzaq məhsullarından istifadənin, sənayenin xammalla təchizatının təmin edilməsinə nail olmaq dayanır. Bunun üçün torpaqların münbitliyinin qorunması vacib şərt kimi mühüm əhəmiyyət kəsb edir. İllərdir ki, muxtar respublikada diqqətdə saxlanılan bu məsələ qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Sözsüz ki, buna görə də qəbul edilmiş, icrasına böyük önəm verilən müxtəlif layihə və proqramlar, tədbirlər planları böyük və strateji əhəmiyyət kəsb edir. Həmin proqram və layihələrdə çox düzgün olaraq torpaqların münbitləşdirilməsi, onlardan səmərəli istifadə olunması, bunun üçün meliorasiya və irriqasiya tədbirlərinə geniş yer verilməsi, torpaqların şoranlaşmasının qarşısının alınması və qida maddələri ilə təchiz edilməsi, muxtar respublikaya müxtəlif kənd təsərrüfatı texnikaları gətirilərək lizinq yolu ilə satışının təşkil olunması, kreditlərlə təminat, soyuducu anbarların qurulması öz əksini tapır.
Ümumi halda bəhs etdiyimiz dövlət sənədlərinin bəzilərinə diqqət edək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” uğurla icra olunmaqdadır. Adıçəkilən planda icrası nəzərdə tutulmuş vəzifələrin coğrafiyası genişdir. Əvvəlki yazılarımızda da bu barədə ətraflı məlumat vermişik.
Bu istiqamətdə həyata keçirilən ən böyük tədbirlərdən biri 340 hektar torpaq sahəsinin əkin dövriyyəsinə qatılması üçün Şahbuz rayonunda yeni nasos stansiyasının istifadəyə verilməsidir. Məlumat üçün bildirək ki, bu nasos stansiyası Şahbuzçaydan qidalanır və suyu 510 metr yüksəklikdə yerləşən sahəyə vurur. Nasos stansiyasında su sərfi saatda 300 kubmetr olan nasos və gücü 800 kilovat elektrik mühərrikindən ibarət nasos stansiyası tikilib. Stansiya vakuum sistemi ilə təmin edilib. Suyun sahəyə verilməsi üçün geniş quruculuq tədbirləri həyata keçirilib.
Qeyd edək ki, sahəyə suyun paylanması üçün 5200 metr su arxı da çəkilib və ərazi daşdan təmizlənib. Əkin dövriyyəsinə daxil edilən torpaq sahəsinin 211 hektarı bələdiyyə, 129 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir. Bunun 288 hektarı Külüs, 37 hektarı Mahmudoba, 15 hektarı isə Nursu bələdiyyələrinə daxildir. Ərazi Mahmudoba bələdiyyəsindən 1850 metr hündürlükdən başlayaraq Külüs və Nursu bələdiyyələrinə doğru 2100 metr hündürlüyədək 6 kilometr boyunca davam edir. Bu ilin məhsulu üçün ötən ilin payızında 274 hektar sahədə arpa, buğda və xaşa əkilib ki, onun 121 hektarı xüsusi, 153 hektarı bələdiyyə mülkiyyətində olan torpaqlardır. Həmçinin 45 hektar sahədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti əkin aparıb.
Onu da vurğulayaq ki, əkin dövriyyəsinə qatılan torpaq sahələrinə sakinlərin və kənd təsərrüfatı texnikalarının rahat gediş-gəlişinin təmin olunması məqsədilə 7,6 kilometrlik yeni yol çəkilib. Qeyd edək ki, əkin dövriyyəsinə qatılan sahədə qapalı suvarma şəbəkəsi də qurulacaq.
Nasos stansiyasının istifadəyə verilməsi münasibətilə kənd sakinləri ilə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şahbuz rayonunun əkin dövriyyəsinə suvarılan 340 hektar torpaq sahəsinin əlavə olunmasının əhəmiyyətini vurğulayaraq deyib: “Ölkəmizin iqtisadi inkişafı, torpaq sahələrinin suvarılmasının dayanıqlılığının artırılması sahəsində görülən tədbirlər, qəbul olunan Dövlət pro­qramlarına uyğun olaraq bu ərazinin də əkin dövriyyəsinə daxil olunması üçün plan hazırlandı və həyata keçirildi. İlk növbədə, 11 kilometrə yaxın yeni elektrik xətti çəkildi və 2 yarımstansiya yaradıldı. Daha sonra nasos stansiyasının qurulması ilə yeni torpaqlar əkin dövriyyəsinə qatıldı. Əraziyə gələn yolun da əkinçilər üçün vacibliyi nəzərə alınaraq buraya tam yararlı yol çəkildi. Qısa müddətdə burada böyük işlər görülüb. Bu işlərin görülməsi üçün muxtar respublikanın büdcəsindən 1 milyon manata yaxın vəsait sərf olunub ki, torpaq mülkiyyətçiləri, bələdiyyə torpaqlarını icarəyə götürənlər torpaqlardan səmərəli istifadə edə, bol məhsul götürə bilsinlər”.
Bu da sirr deyil ki, muxtar respublikanın təbii-coğrafi iqlim şəraiti burada istehsal edilən məhsulların keyfiyyət göstəriciləri onların ixracyönümlülüyünü şərtləndirən başlıca amildir. Ona görə də diyarımızda hasilə gələn belə məhsulların həcminin artırılması və ixracının stimullaşdırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” isə bu istiqamətdə atılan növbəti addımdır. Bu proqram məhsul istehsalçılarına torpaqlardan daha səmərəli istifadə etmək, ərzaq təhlükəsizliyinə yardımçı olmaq, daxili bazarda yerli istehsalın çəkisini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Adıçəkilən yeni dövlət sənədində qeyd olunur ki, kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş və icrası uğurla başa çatdırılmış müxtəlif proqramlar aqrar sahədə istehsalın həcmini artırıb, əkin sahələri genişlənib, torpaq mülkiyyətçiləri, fermerlər, ailə təsərrüfatları formalaşıb, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub. Məhsul istehsalının artması isə emal sənayesinin inkişafına təkan verib, ixrac potensialı formalaşıb.
Yeni proqramın məqsədi isə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq, bu sahə ilə məşğul olan ailə təsərrüfatlarını formalaşdırmaq, özünüməşğulluğu təmin etməkdən ibarətdir.
Proqramın həyata keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlər planı müxtəlifşaxəlidir. İlk olaraq onu diqqətə çatdıraq ki, proqrama əsasən kənd təsərrüfatında müxtəlif istehsal sahələrinin yaradılmasında rayonların sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınacaq. Bu istiqamətdə görüləcək işlər sırasında yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin, kompost gübrə istehsalı sahəsinin yaradılması, qarğıdalı yağı istehsalına başlanılması, qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi nəzərdə tutulub.
Qarşıya qoyulan vəzifələrdən biri müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması, bu sahədə fəaliyyətin təşviq edilməsidir. Bu məsələnin reallaşması isə o deməkdir ki, muxtar respublikamızda əhalinin ilboyu belə məhsullardan istifadəsinə imkan yaranacaq.
Proqramda ailə təsərrüfatlarının gələcək fəaliyyətləri ilə bağlı vəzifələr də var. Belə ki, onların ixracyönümlü məhsul istehsalına təşviq edilməsi, ixrac bazarları haqqında sahibkarlar və ailə təsərrüfatlarının məlumatlandırılması, ixracyönümlü məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi, həmçinin xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulub. Göründüyü kimi, qarşıdakı beş ildə çox mühüm məsələlərin həllinə nail olunacaq.
Məhsul istehsalının bazarın tələbatına uyğun planlaşdırılması kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsində də başlıca səbəblərdən biri olduğundan bu istiqamətdə tədbirlər həyata keçirilməsi, elektron uçot-informasiya sisteminin qurulması diqqət mərkəzindədir. Emal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidinin və əmtəəlik göstəricilərinin yüksəldilməsinə də ciddi önəm verilir. Proqramda daxili ba­za­­r­ın tələbatının və ixrac imkanlarının təhlil edilməsi, yeni yaradılan müəssisələrin rentabellik göstəricilərinin müəyyənləşdirilməsi, ixracyönümlü məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi məsələləri də öz əksini tapıb.
Bütün bunlar kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunmasını sürətləndirəcək və xəritələşdirilməsi istiqamətində tədbirlər diqqətdə saxlanılacaq. Deməli, özünüməşğulluq proqramı yeni müstəvidə davam etdiriləcək, bu da aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsinə stimul olacaq.
Gəlinən nəticə odur ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” hər birimizə qayğının daha bir ifadəsi olmaqla, kənd təsərrüfatının dayanıqlı inkişafının tam təmin edilməsini, istehsal olunan məhsulların ixrac potensialının artırılmasını, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasını, muxtar respublika iqtisadiyyatına yeni töhfələr verilməsini daha da sürətləndirəcək.
Son olaraq onu qeyd edək ki, bəhs olunan hər iki dövlət sənədinin muxtar respublika iqtisadiyyatına, həmçinin kənd təsərrüfatında çalışanlara böyük perspektivlər vəd etməsi, ilkin nəticələr göz qabağındadır. Diyarımızın zəhmətsevər və torpağa bağlı insanları hər iki dövlət sənədinin yaratdığı imkanlardan bəhrələnməkdə, iqtisadiyyatımızın güclənməsinə töhfəsini vermək üçün səylərini göstərməkdədirlər.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR