22 Dekabr 2024, Bazar

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatımızın bütün sahələri ilə yanaşı, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsini  də vacib və həyati əhəmiyyətli məsələ sayırdı. Çünki hər bir dövlətin iqtisadiyyatının gücləndirilməsində kənd təsərrüfatı mühüm yerə malikdir. Bu sahənin hərtərəfli inkişafında bir neçə amil başlıca rol oynayır. Həmin amillərdən biri də kənd təsərrüfatında suvarma suyuna olan tələbatın ödənilməsidir. Məhsuldar torpaq sahələrimizin hər qarışının əkilməsi, şoranlaşmanın qarşısının alınması, əhalinin yerli əkinçilik məhsullarına tələbatının daxili imkanlar hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılırdı. Bu tədbirlər ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə edirdi. O dövrə qısa ekskurs etsək, görərik ki, əgər 1970-ci ilə qədər muxtar respublikada kiçik və az əhəmiyyətli bir neçə su anbarı yaradılıbsa, həmin ildən sonra ümumi tutumu 1 milyard 544 milyon kubmetr olan 20 su anbarı tikilib. Bütövlükdə, muxtar respublikada 1970-ci ildən sonra istifadəyə verilmiş su anbarları min hektarlarla torpaq sahəsinin suvarılmasına xidmət edib. 

Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə edir: “Muxtar respublikada istifadəyə verilən su anbarları və başqa əhəmiyyətli suvarma obyektləri məhsuldar qüvvələrin inkişafında mühüm rol oynamışdır... Həmin dövrdə görülən irimiqyaslı meliorasiya-irriqasiya tədbirləri məhsul bolluğuna təminat yaratmış, muxtar respublikanın kəndləri simasını dəyişmiş, adamların güzəranı yaxşılaşmışdır. Bir sözlə, muxtar respublikada iri sututarların, dəryaçaların inşa olunması, sadəcə, tikinti proqramlarının yerinə yetirilməsi demək deyildi. Bu, eyni zamanda uzun müddətə hesablanmış strateji proqram idi”.

Ötən dövr ərzində muxtar respublikanın su təsərrüfatında həyata keçirilən tədbirlərin bəhrələrindən bəhs etmişik. Bu yazıda artıq başa çatmaqda olan 2020-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülmüş işlər barədə məlumat vermək istəyirik. Bəhs olunan dövrdə suvarma mövsümünün mütəşəkkil təşkili, suyun istifadəçilərə itkisiz çatdırılması məqsədilə cəmiyyətin tabe təşkilatları tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq tədbirləri diqqətdə saxlanılıb. Hidrotexniki qurğularda təmir-bərpa işləri yerinə yetirilib, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəsində imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilib.
Yanvar-noyabr ayları ərzində torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə Babək rayonunda Heydər Əliyev Su Anbarından başlayan Yeni Sağ Sahil magistral kanalında təmir işləri yekunlaşdırılıb. Təmir işlərinin keyfiyyətlə aparılması diqqətdə saxlanılıb.
Muxtar respublikada mütərəqqi suvarma sistemlərinin tətbiqinə ciddi önəm verilir. Ötən illərdə bu istiqamətdə xeyli iş görülüb və cari ildə də həmin tədbirlər davam etdirilib. Bunun ifadəsidir ki, son illər Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında dövlət vəsaiti hesabına 5 min hektardan artıq qapalı suvarma şəbəkəsi qurulub.

Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Şahbuz rayonunun Türkeş kəndi ərazisində 275 hektar sahədə qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Burada görülən işlərlə bağlı Ali Məclisin Sədri deyib: “Şahbuz rayonunda torpaqların su təminatının yaxşılaşdırılması üçün, ümumilikdə, 3 milyon 200 min manata yaxın vəsait sərf olunmuşdur. Dövlətin bu sərmayəni yatırmaqda məqsədi torpaqlardan səmərəli istifadə etmək, məhsul bolluğu yaratmaq və yeni iş yerləri açmaqdır”.
Cari ilin noyabr ayının 16-da isə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 810 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “ Hər il qurulan qapalı suvarma sistemləri, nasos stansiyaları, eləcə də müxtəlif suvarma metodlarından – damcı və çiləmə üsullarından istifadə muxtar respublikada müasir suvarma şəbəkələrinin yaradılmasına imkan vermişdir. Müasir suvarma şəbəkələri məhsuldarlığın və gəlirlərin artması, torpaqların şoranlaşmasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması deməkdir. Torpaqların əkin dövriyyəsinə qatılması ailə təsərrüfatlarının inkişafına da böyük dəstək verəcəkdir”.
Bu işlərin davamı kimi Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə də qapalı suvarma şəbəkəsinin tikintisini aparmaq üçün müvafiq tədbirlər həyata keçirilib. Belə ki, tikinti aparılacaq sahənin sərhədlərinin müəyyənləşdirilməsinə, əraziyə müxtəlif diametrli boruların daşınmasına və digər hazırlıq işlərinə başlanılıb.
Bu dövrdə su istifadəçilərinə 256,56 milyon kubmetr su verilib, bunun müqabilində 216639 hektar torpaq sahəsi suvarılıb. Hazırda sututarlarda 60,09 milyon kubmetr su ehtiyatı var.
Bəhs olunan dövrdə 180,55 kilometr beton və torpaq kanal, 189 kilometr ara arxlar, 43,9 kilometr kollektor lildən təmizlənib, 23,5 kilometr içməli su, 1,1 kilometr kanalizasiya, 123,5 kilometr suvarma boru, 1 kilometr təzyiqli boru xətləri, 0,1 kilometr kaptaj, 2,9 kilometr açıq, 0,35 kilometr isə qapalı drenaj çəkilib, 48,2 kilometr mövcud içməli su, 0,81 kilometr kanalizasiya, 32,4 kilometr suvarma boru, 41 kilometr təzyiqli boru xətlərində, 2,6 kilometr kaptajda, 4,4 kilometr açıq, 0,4 kilometr qapalı drenajda təmir-bərpa işləri aparılıb.
Şahbuz rayonunda Daylaqlı-Şahbuz avtomobil yolunun kənarında, “Böyrək suyu” bulağının yaxınlığında salınmış yaşıllıq ərazisinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 200 metr, Külüs düzü ərazisində əkin üçün hazırlanan yeni torpaq sahəsində 5,2 kilometr yeni arx çəkilib. Həmin yaşayış məntəqəsinin ərazisində yeni nasos stansiyasının tikintisi və təzyiqli boru xəttinin quraşdırılması işləri davam etdirilib.
Son illərdə su təsərrüfatında həyata keçirilən tədbirlərin bir qolunu qrunt sularının, şoranlaşmanın qarşısının alınması, sahilbərkitmə işlərinin görülməsi təşkil edir. Bu baxımdan bəhs etdiyimiz dövr də istisna deyil. Həmin tədbirlərin nəticəsidir ki, Şərur rayonunda 231,4, Babək rayonunda 388,5, Sədərək rayonunda 10 hektar olmaqla, ümumilikdə, 629,9 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınıb, şoranlaşmanın qarşısının alınmasına nail olunub.
Arpaçay, Cəhriçay, Naxçıvançay vadilərində, Payız, Qahab və Axura selovlarında, ümumilikdə, 9,84 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib; bu isə həmin ərazilərdə olan torpaq sahələrinin sel sularının zərərli təsirindən qorunmasını təmin edib.
Qeyd edək ki, ötən dövr ərzində həyata keçirilən təmir-bərpa işləri mexaniki suvarma sahəsini də əhatə edib. Bunun ifadəsidir ki, mexaniki suvarma sahəsində müxtəlif markalı 3 yeni nasos, 2 vakuum nasosu, 8 elektrik mühərriki, 8 kompensator, 1 əks-klapan quraşdırılıb.
Muxtar respublikanın su təsərrüfatında istifadə etmək üçün yeni texnika və texnoloji avadanlıqlar gətirilməsi davamlı xarakter alıb. Həmin texnikalar meliorasiya-irriqasiya sistemlərinin müasirləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi sahələrində mühüm və həlledici rola malikdir. Su təsərrüfatı cari ildə də qayğı ilə əhatə olunub. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən Çin Xalq Respublikasından gətirilərək Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 texnika və texnoloji avadanlıq verilib. Həmin avadanlıqlardan muxtar respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi, yeni hidrotexniki qurğuların tikintisi, mütərəqqi suvarma şəbəkələrinin qurulması, meliorativ tədbirlərin genişləndirilməsi və digər işlərin həyata keçirilməsi məqsədilə istifadə olunacaqdır.
Muxtar respublikamızda tarixi abidələr olan kəhrizlərimizdən səmərəli istifadə edilməsi diqqət mərkəzində saxlanılır, hər il həmin su mənbələrinin təmir edilməsinə böyük önəm verilir. Həmin tədbirlər bu ilin yanvar-noyabr aylarında da həyata keçirilərək 10 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə isə həmin işlər davam etdirilib.
Həm əkin sahələrinin suvarılmasında, həm də içməli su mənbəyi kimi istifadə edilən subartezian quyuları mühüm əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq ötən 11 ay ərzində 56 subartezian quyusuna yeni nasos quraşdırılmaqla 764-ü təmir olunub. Bundan əlavə, 3 subartezian quyusu balansa alınıb, 9 yeni subartezian quyusu tikilərək istifadəyə verilib.
Yanvar-noyabr ayları ərzində cəmiyyətin təmir sexləri də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylə çalışıb. Bu dövrdə 10 avtomaşın, 11 avtokran, 2 traktor, 18 ekskavator, 1 buldozer, 1 generator, 4 qazma aqreqatı, 190 su sayğacı, 15 elektrik mühərriki, 96 nasos hissəsi, 2 siyirtmə təmir edilib, 608 nasos və 8 müxtəlif maşın-mexanizm hissələri hazırlanıb.
Bir neçə ildir, inşasına başlanılan “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunda Cəlilkənddə içməli su sisteminin tikintisi başa çatdırılıb, müxtəlif diametrli plastik borularla 18,3 kilometr içməli su xətti çəkilib, ev birləşmələri aparılıb. 342 abonentlə müqavilə bağlanaraq sayğac quraşdırılıb, 2222 sakin fasiləsiz olaraq içməli su ilə təmin olunub. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisi başa çatıb. Sutəmizləyici qurğu saniyədə 236 litr sutəmizləmə gücünə malikdir və 27 min 700 istifadəçiyə xidmət edir.
Şərur rayonunun Sərxanlı kəndində 5,1 kilometr su, Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 50,46 kilometr su və 48 kilometr kanalizasiya, Ordubad rayonunda 0,7 kilometr su, 0,6 kilometr kanalizasiya, Sədərək rayonunda 26,24 kilometr su, 30,89 kilometr kanalizasiya, Kəngərli rayonunun Qarabağlar, Qabıllı, Yurdçu və Xok kəndlərində 74,4 kilometr su xətti çəkilib, 3 subartezian quyusu qazılıb.
Cəmiyyətin ötən dövrdəki fəaliyyəti torpaq mülkiyyətçilərinin kənd təsərrüfatının müxtəlif sahələrində yeni uğurlar qazanmasına, daxili bazarda yerli məhsulların bolluğunun yaradılmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 27 noyabr tarixli Sərəncamı, həmin sərəncamla təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların artırılmasına dair Tədbirlər Planı” cəmiyyətin də qarşısında mühüm vəzifələr qoyub. Həmin vəzifələrin yerinə yetirilməsi isə daha böyük nailiyyətlərin əldə edilməsinə stimul olacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR