22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...” Bu gün  hər bir şərurlu təsdiq edər ki,  ulu öndərin bu arzusu reallığa çevrilib, dahi şəxsiyyətin  müəyyənləşdirdiyi yenilənmə, quruculuq siyasəti uğurla həyata keçirilib – illərdir ki, Şərur müasir Azərbaycan rayonu timsalındadır. Bu həm də muxtar respublikada belə bir ifadənin aforizmə çevrilməsinin bariz təcəssümüdür: Yol düzgün seçiləndə... Və qədim diyarımızın hansı ünvanını – istər rayon mərkəzlərini, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrini gəzib-dolaşsaq, bu aforizmin bəhrələrinin saysız-hesabsız olduğunu görərik. Təbiidir ki, bu bölgədə də reallaşdırılan bütün layihələr bir neçə məqsədə söykənib: rayon sakinlərinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Şərurlular da bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar. Elə yaşadığımız ilin ilk altı ayı da tarixə öz izlərini yazdı.

 

Bölgənin quruculuq xəritəsində düzgün seçilmiş yolun bəhrələri

Faktlara müraciət edək. Bəhs olunan dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 38 milyon 912 min 700 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 36 milyon 802 min 100 manat təşkil edib.
Bu dövrdə Şərur şəhərində 35/10 kilovoltluq “Subartezian” yarım­stansiyasının tikintisi, 3 yaşayış binasının əsaslı təmiri, Mərasim evinin yenidən qurulması, Məmmədsabirdə kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi, Muğancıq-Mehrab kəndində məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin tikintisi, eyni zamanda Məmmədsabir, Muğancıq-Mehrab və Qarxun yaşayış məntəqələrini birləşdirən avtomobil yoluna asfalt örtüyün salınması şərurlular tərəfindən sevinc hissləri ilə qarşılanıb.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülüb, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində inşa olunmuş iyul ayının 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin və Cəlilkənddə içməli su xəttinin istifadəyə verilməsi rayon sakinlərinə növbəti qayğı kimi dəyərləndirilib. Bu dövrdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, Təqaüdçülər Klubunun, Musiqili fəvvarənin istifadəyə verilməsi şərurlulara daha bir sevinc hissi yaşadıb.

Hazırda rayon mərkəzində zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, Mədəniyyət Sarayının, Avtovağzal binasının, Saat və Bayraq meydanlarının, Şərur Sənaye Məhəlləsinin tikintisi, 1 yaşayış binasının əsaslı təmiri, Qaraburc kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, feldşer-mama məntəqəsinin, Şəhriyar kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, musiqi məktəbinin tikintisi və yenidən qurulması davam etdirilir. Quruculuq tədbirlərindən hərbçilərə də pay düşüb. Belə ki, Qarxun kəndində “N” hərbi hissə üçün infrastruktur obyektlərinin və Təzəkənddə Sərhəd Zastavasının tikintisində sürətli iş ahəngi müşahidə olunur.
Rayonun yol təsərrüfatı da quruculuq tədbirlərindən kənarda qalmayıb. Şərur şəhəri ilə Naxçıvan-Sədərək magistralını birləşdirən avtomobil yolunun çəkilişi, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd­lərini birləşdirən avtomobil yoluna asfalt örtüyün salınması, Püsyan-Təzəkənd yolunun yenidən qurulması davam etdirilir.

İlin ilk 6 ayı aqrar sahədə də uğurlu nəticələrlə zəngindir

Cari ilin məhsulu üçün rayonda 17 min 115 hektar torpaq sahəsində əkin aparılıb. Əkin sahələrində taxılçılıq üstün istiqamət kimi saxlanılıb, 4 min 865 hektar sahədə taxıl əkilib ki, bunun da 4 min 315 hektarı buğda, 550 hektarı isə arpa olub. Artıq taxıl tədarükü başa çatıb. Rayon muxtar respublika üzrə liderliyi ələ alaraq, həmin sahələrdən 19 min 185 ton məhsul tədarükünə nail olub. Bu isə orta məhsuldarlığın 39,4 sentner olması deməkdir.
Rayon adamlarının kartofçuluqda zəngin təcrübəsi var. Hər il bölgədə yaradılmış şəraitdən lazımınca istifadə edən torpaq adamları bu il də kartof əkinlərinə üstünlük veriblər – 1350 hektar sahədə əkin aparıblar. Artıq məhsul tədarükünə başlanılıb.
Tarixən Şərurda tütünçülük geniş həcmdə inkişaf etdirilib. İqtisadi cəhətdən xeyli səmərəli olan bu sahəyə qayıdışın ifadəsidir ki, rayonda 2,7 hektar sahədə tütün əkini aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün bölgədə əlverişli şərait mövcuddur. Hazırda rayonda 586 arı təsərrüfatında 12 min 935 arı ailəsi vardır.

Muxtar respublikamızda illərdir ki, davam etdirilən ekoloji siyasət qədim diyarımızın təbii zənginliklərinin qorunmasında, xüsusilə yaşıl­lıq sahələrinin xeyli artırılmasında əhəmiyyətli rol oynayıb. Aparılan genişmiqyaslı yaşıllaşdırma tədbirləri sayəsində rayonun siması tamamilə dəyişib. Bəhs olunan dövrdə 8,5 hektar sahədə yeni meyvə bağları salınıb, 1 hektar meyvə bağında isə bərpa işləri aparılıb. Yaşıllaşdırma tədbirlərində 49 min 890 ədəd müxtəlif sortda ağac tingləri və gül kolları əkilib. Sahibkarlar tərəfindən isə xüsusi mülkiyyətdə olan və həyətyanı torpaq sahələrində 34,2 hektar sahədə müxtəlif növlər üzrə meyvə bağları salınıb.
Əhalinin ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlərlə təmin edilməsində, xüsusilə kənd təsərrüfatı məhsullarının saxlanılmasında soyuducu anbarların və istixanaların mühüm rolu vardır. Bunun üçün rayonun Arpaçay, Kosacan, Məmmədsabir, Siyaqut və Ələkli kəndlərində ümumi olaraq 15 min 600 kvadratmetrlik müasirtipli istixana kompleksləri, istehsal olunan meyvə və tərəvəz məhsullarının tələbatdan artıq hissəsinin saxlanılması üçün rayonun müxtəlif kəndlərində ümumi tutumu 6 min 430 ton olan 19 soyuducu anbar fəaliyyət göstərir.
Aqrar sahənin inkişafında texnika mühüm rola malikdir. Bunu nəzərə alaraq hər il rayonda yeni texnikalarla təchizat diqqətdə saxlanılır. Cari ilin ötən dövrü ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə 1 milyon 831 min 100 manat dəyərində 55 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.

Ümumilikdə, 2020-ci ilin ötən dövründə rayonda 54 milyon 265 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Son illər Şərurda sahibkarlığın inkişafına da ciddi önəm verilir. Birinci yarımildə 2 hüquqi və 272 fiziki şəxsin qeydiyyata alınması bunun ifadəsidir. Bir məsələni də qeyd edək ki, rayonda yeni istehsal sahələrinin fəaliyyətə başlaması əhalinin məşğulluğunun təmin edilməsinə öz təsirini göstərir. Birinci yarımildə rayonda 37 yeni iş yerinin açılması məhz bu hesaba mümkün olub.

Bütün sahələrdə qarşıya qoyulan vəzifələr uğurla icra edilir

Rayonda digər sahələrdə olduğu kimi, bəhs olunan dövrdə təhsil, səhiyyə və mədəniyyət sahəsində də mühüm işlər görülüb, reallaşdırılan tədbirlər təhsilin səmərə və keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb. 2019-2020-ci tədris ilində rayonun tam orta məktəblərini 524 məzun bitirib, onlardan 471 nəfəri ali məktəblərə sənəd verib. Bu, ümumi məzunların 89,9 faizi deməkdir.
Rayonda əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə xeyli iş görülüb. Ötən dövrdə Şərur Rayon Mərkəzi Xəstəxanasına 1 stasionar süni tənəffüs aparatı, 2 infuziya pompası, 2 kardiomonitor verilib.
Məlumat üçün bildirək ki, ötən ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb və Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır ki, həmin xidmətlərin 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir. Rayon Mərkəzi və Uşaq xəstəxanalarında 2020-ci ilin 6 ayı ərzində, ümumilikdə, 38 min 36 xəstəyə icbari tibbi sığorta üzrə tibbi xidmət göstərilib, 3 min 488 pasiyentə isə Naxçıvan Muxtar Respublikasının müxtəlif xəstəxanalarına müayinə, müalicə, əməliyyat üçün göndəriş verilib.
Müvafiq dövr ərzində Mədəniyyət Şöbəsi də qarşıya qoyulan vəzifələrin həllində fəallıq göstərib, öz işini pandemiya rejiminin tələbləri istiqamətində qurub. Bu dövrdə rayonun uşaq musiqi məktəbləri də öz fəaliyyətlərini onlayn şəkildə davam etdiriblər. Ümumilikdə, şöbənin tabeliyində olan 6 uşaq musiqi məktəbi tərəfindən 976 onlayn dərs keçilib.
Əhalinin yaşayış səviyyəsinin yüksəlməsi ilbəil demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərib, rayon əhalisinin sayı ötən dövrlə müqayisədə 844 nəfər artaraq 117 min 722 nəfər olub. (1 iyun 2020-ci il tarixə).

Xidmət sahələrinin fəaliyyəti razılıq doğurur

Naxçıvan-Şərur magistralında və rayondaxili yollarda həyata keçirilən genişhəcmli quruculuq tədbirləri öz bəhrələrini verməkdədir. Bunun ifadəsidir ki, bəhs olunan dövrdə rayonda 964,4 ton yük , 6062,5 nəfər sərnişin daşınıb.
Digər xidmət sahələrində də qazanılan uğurlar az deyil. Bu müddət ərzində informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 3 milyon 805 min 100 manat olub.

Elektrik təsərrüfatı da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşıb, rayonun transformator təmiri sexində 49 transformator təmir olunub. Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi və smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam edir. Maye qazdoldurma stansiyasının tikintisi başa çatdırılıb. Hazırda yanacaqdoldurma stansiyası yenidən qurulur. Bu dövrdə rayonda 19 002 əhali abonenti mavi yanacaqla təmin edilib.

Şərurlular 2020-ci ili daha yüksək nailiyyətlərlə
başa vuracaqlarına əmindirlər

Şərurun növbəti yarımilə də yüksək əhval-ruhiyyə ilə qədəm qoymasını həmsöhbət olduğumuz insanların çöhrələrindən, söhbətlərindən, həyatın öz axarı ilə davam etməsindən görmək mümkün idi. Tikinti-quruculuq işləri davam etdirilir, emal və sənaye müəssisələri yeni uğurlar qazanmaq əzmi ilə çalışır, insanlar rayonun daha da çiçəklənməsi, iqtisadi cəhətdən güclənməsi üçün səy və bacarıqlarını əsirgəmirlər. Qazanılanları son hədd hesab etməyən rayon sakinləri 2020-ci ilin ikinci yarısında da yüksək göstəricilərə nail olacaqlarına inanırlar. Çünki arxalarında güclü dövlətin durduğunu görürlər. Belə dövlətin vətəndaşları olmaqla qürur duyurlar. Bilirlər ki, nail olunan hər bir uğurun təməlində insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb.

 Muxtar MƏMMƏDOV
Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR