Ağlım kəsəndən kəndimizdə taxıl tədarükü başlanan günün insanlara əsl bayram sevinci yaşatdığını görmüşəm. Kənd ağsaqqalları taxılı biçiləcək sahənin kənarına yığışar, biçinin başlanmasını gözləyərdilər. Uşaq marağı ilə biz də sahənin kənarına toplaşardıq. Yaşlılar çörəyin müqəddəsliyindən danışardılar.
1941-1945-ci illərdə və bir qədər də sonrakı dövrdə insanların çörəklə imtahana çəkilməsi ilə bağlı söhbətlərə hamımız maraqla qulaq asardıq. Nə isə... Zəmilərdə işləyən kombaynların səsi ətrafın sükutunu pozur, çörək ətri verən taxılın tezliklə tədarük olunması, sahələrin sarı sünbülünü vaxtında toplamaq üçün qüvvələr səfərbərliyə alınırdı. O dövrdə tədarük olunan taxıl ictimai təsərrüfatların anbarına daşınırdı. Bu günün torpaq mülkiyyətçisi isə taxılı tədarük edən kimi özünün illik ruzisini, gələn təsərrüfat ilində əkəcəyi toxumu götürmək, yerdə qalanını isə dəyirmana satmaq imkanları qazanıb və minnətdarlıq hisslərini gizlətmir ki, ona belə şərait yaradılıb.
Bu günün həqiqəti odur ki, artıq muxtar respublikamızda strateji məhsul sayılan taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi şəkildə nizama salınıb. Hər il muxtar respublikaya yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına dükan-bazarlarımızda çörək bolluğu yaranıb. Öz istehsalımız olan belə çoxçeşidli məhsulların keyfiyyətinə, dadına-tamına söz ola bilməz. Bütün bunlar digər yerlərdən muxtar respublikaya gətirilən taxıl məhsullarının qarşısını birdəfəlik alıb. İndi muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir.
Bu günlər qədim diyarımızda artıq daha bir məhsul dövrü yaşanır. Belə ki, bir neçə gündür, taxıl tədarükünə başlanılıb. Mövsüm ərzində əkin sahələrinə aqrotexniki qulluq diqqət mərkəzində saxlanılıb, zəmilər vaxtlı-vaxtında suvarılıb, məhsuldarlığı yüksəltmək üçün gübrələr verilib.
17 iyul 2017-ci il tarixə olan məlumata görə, 21 min 392 hektardan artıq sahənin taxılı tədarük olunub. Taxıl tədarükünə kifayət qədər kombayn cəlb edilib. Toplanmış məhsulun daşınması üçün də tədbirlər həyata keçirilib, kifayət qədər texnika ayrılıb. Məhsul tədarükünə və daşınmasına cəlb edilən texnikalar əvvəlcədən işlək vəziyyətə gətirilib, kifayət qədər yanacaq və ehtiyat hissələri əldə olunub. Bu isə min bir zəhmətlə hasilə gətirilən məhsulun vaxtında toplanacağına əminlik yaradıb.
Ordubad rayonunun Dəstə, Vənənd, Düylün, Aza kəndlərində ilk günlərin nəticələri belə deməyə əsas verir ki, sahələrdə bol məhsul yetişdirilib, çəkilən zəhmət hədər getməyib. Culfa rayonunun Yaycı, Gülüstan, Ərəzin, Camaldın, Bənəniyar, Babək rayonunun Nehrəm, Çeşməbasar, Yarımca, Güznüt, Kərimbəyli, Araz, Nəcəfəlidizə, Qahab, Cəhri, Kəngərli rayonunun Böyükdüz, Şahtaxtı, Qıvraq, Xok, Təzəkənd, Çalxanqala, Şərur rayonunun Aşağı Daşarx və başqa yaşayış məntəqələrində taxıl tədarükü sürətlə davam etdirilir.
Muxtar respublikanın ən çox taxıl əkilən bölgələrindən biri Şərur rayonudur. Ötən ilin payızında və cari ilin yazında şərurlular 4144 hektarda əkin keçiriblər. Mövsüm ərzində bütün aqrotexniki tədbirlərə əməl olunub. Bunun nəticəsidir ki, muxtar respublika üzrə yüksək məhsuldarlıq sayıla biləcək rəqəm qeydə alınıb: 31,7 sentner. İyulun 17-nə olan məlumata görə, sahələrdən 7674 ton taxıl tədarük edilib.
Havaların kəskin istiləşdiyi bir vaxtda zəmilərdə məhsul tədarük olunmasının çətinliyini, yəqin ki, oxucularımız da təsəvvür edər. Ancaq bir məsələ var ki, yetişmiş məhsulun yığılmasını bir an da yubatmaq olmaz. Bunu sərhəd bölgəsi Sədərək rayonunun timsalında da görmək olar. Bu bölgədə də taxıl tədarükü kampaniyası sürətlə davam etdirilir. Sədərəklilər 2440 hektar sahədə məhsul yetişdiriblər. Artıq 1571 hektar sahədə taxıl tədarükü başa çatıb. Bu rayonda da məhsuldarlıq 32 sentner təşkil edib.
Məhsul yığımında üzləşilə biləcək çətinliklərin tezliklə aradan qaldırılmasını təmin etmək üçün rayonlarda qərargahlar yaradılıb.
Taxıl tədarükü prosesi ilə yaxından tanış olmaq üçün Babək rayonunun Nehrəm kəndində olduq. Torpaq mülkiyyətçiləri, mexanizatorlar, kənd ağsaqqalları ilə görüşdük. Nehrəm bələdiyyəsinin sədri Tofiq Abutalıbov uzun illər kənddəki ictimai təsərrüfata rəhbərlik edib. Torpağın dilini yaxşı bilir. Söhbətə doğma kəndi haqda məlumatla başlayır. Deyir ki, torpağa halal ruzi-bərəkət mənbəyi kimi baxan nehrəmlilər zəhmətkeş insanlardır. Onlar torpağın hər qarışından səmərəli istifadə edir, bəhrələrini də görürlər. Nehrəm torpaqları müxtəlif bitkiçilik məhsullarının əkilib-becərilməsi üçün çox əlverişlidir. Ona görə də uzun illərdir ki, kənd adamları əkinçilikdə, strateji sahə olan taxılçılıqda zəngin təcrübəyə malikdirlər. Qazanılan təcrübə, bu gün taxılçılığın inkişafına göstərilən qayğı ilbəil məhsuldarlığın yüksəldilməsinə, insanların həyat tərzinin yaxşılaşmasına təsir göstərən başlıca amillərdir.
Bu rayonda 10420 hektar sahədə məhsul yetişdirilib. İyulun 17-nə olan məlumata görə, 7982 hektar sahənin məhsulu tədarük olunub, məhsuldarlıq 30,7 sentner təşkil edib.
Muxtar respublikanın digər rayonlarında da taxıl tədarükü kampaniyası mütəşəkkil surətdə davam etdirilir.
Bu yazını hazırlayarkən yadıma Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun sözləri düşdü:
Torpağa düşməsin havayı bir dən
Çörək bol olarsa, basılmaz Vətən.
Bu həqiqət artıq dərindən dərk edilən aksiomdur. Ona görə də taxıl tədarükünə cəlb edilənlər elin varını vaxtında və itkisiz toplamağa səy göstərirlər. Bilirlər ki, bu gün toplanılan məhsul sabah süfrəmizin çörəyidir.
Muxtar MƏMMƏDOV