22 Dekabr 2024, Bazar

Ən böyük tarixi nailiyyətimiz olan muxtariyyətimizin 93 ili arxada qaldı. Bunun 25 ili müstəqilliyimiz dövrünə təsadüf edir. Müstəqillik dövründə qərinələrə bərabər yol keçilib, muxtar respublikamız inkişafa qovuşub. Muxtar diyarın bütün bölgələri bu gün müasir görkəm alıb. Şahbuz rayonu da öz simasını əsaslı surətdə dəyişən bölgələrimizdən biridir.

Şahbuz şəhər sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev deyir ki, görülən işlər həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyindən və yeniliklərə gözlərimiz qarşısında nail olunduğundan onların fərqinə çox da vara bilmirik. Doğma diyardan bir-iki ay ayrılan insan yenidən buraya qayıdanda gördükləri onu təəccübləndirir və düşünəndə ki, bunlar neçə illərdir, davamlı xarakter alıb, onda yaşadığın yurd yerinin belə inkişafı bir daha qəlbini sevinc hissləri ilə doldurur. Ulu Tanrının səxavətini əsirgəmədiyi Şahbuz rayonu da bu gün müasir və abad görkəmi ilə göz oxşayır. Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınan rayonun təbiət abidələri Şahbuza bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb.

Rayonun son illərdə keçdiyi sürətli inkişaf yolu on illərə bərabərdir. Bu barədə danışmazdan əvvəl qədim yurd yerinin tarixi ilə bağlı Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırovun verdiyi məlumatı oxuculara çatdıraq. Mənbələrdə XVI əsrdə burada 27 kəndi, Oyuqlucaqaya, Bazaryurd, Dərəbaş gədiyi, Qaçdaş, Nərkeçi və Armudlu yaylaqlarını əhatə edən Dərəşahbuz nahiyəsinin yaradılması, XIX əsrin 40-cı illərinə qədər fəaliyyət göstərməsi barədə məlumatlar yer alıb. 1925-ci ildə Naxçıvan inzibati ərazi vahidində Nərimanov rayonu adlandırılıb (30 kəndi əhatə edib), 1930-cu ildən “Şahbuz” adı bərpa olunub. Rayon 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək) rayonuna birləşdirilib, 1965-ci ildə yenidən təşkil olunub. Şahbuz qəsəbəsinə 2007-ci ildə şəhər statusu verilib.

* * *

Şahbuz rayonunun 2016-cı ildə nail olduğu sosial-iqtisadi inkişafla bağlı hazırlayacağım yazı üçün qeydlərimə baxanda bir anlığa fikrimdən bir sual keçdi: inkişafın təməlində duran amillər hansılardır? Hiss etdim ki, ilk olaraq bu suallara cavab tapmasam, yazı istədiyim kimi alınmayacaq...
... Gələcəyə nikbin baxış, sabaha məsuliyyət və cavabdehlik hissi, əzmkarlıq və quruculuq iradəsi, düzgün seçilən yol – bu gün Şahbuzun müasir rayona çevrilməsində bunların başlıca amillər olduğu qənaətinə gəlsək, səhv etmərik. Bir qədər geriyə qayıdaq, yaxın tarixi vərəqləyək. Bir vaxtlar bu yurd yeri gözdənuzaq, könüldən­iraq bir ünvan olub. Bunu orta və yaşlı nəsil yaxşı xatırlayır. Muxtar respublikada ilk quruculuq tədbirlərinə start veriləndə bu bölgə digər yaşayış məntəqələri ilə müqayisədə, sözün həqiqi mənasında, miskin bir görkəmdə idi. Rayonun füsunkar mənzərələri, təbiət abidələri də bu görkəmi ört-basdır edə bilmirdi.
Ötən illər ərzində Şahbuz sürətli inkişaf yolu keçib. Bölgədə ilk quruculuq tədbirlərinə rayon mərkəzi ilə paralel olaraq ucqar dağ və sərhəd kəndlərindən başlanılıb. Dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən belə yaşayış məntəqələrinə gedən yolların əvvəlki vəziyyətini bu gün təsvir etsək, bəlkə də, çoxları inanmaz. Kəndlərdə həyata keçirilən kompleks quruculuq tədbirləri həmin ünvanlara çox böyük həcmdə tikinti materialları aparılmasını tələb edirdi. Ancaq həmin yollar elə bir vəziyyətdə idi ki, quruculuq işlərini yubadırdı. Elə o vaxt yolların təmiri, yenidən qurulması üstün istiqamət kimi qəbul edildiyindən çətinliklər aradan qaldırıldı.

* * *

Ötən 2016-cı ildə də davam etdirilən quruculuq tədbirləri müxtəlif sahələri əhatə edib. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 1,2 faiz artaraq 29 milyon 768,9 min manat olub. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 1,8 faiz artaraq 26 milyon 306 min manata çatıb. Bəhs olunan dövrdə Daylaqlıda tam orta məktəbin binası, kənd və xidmət mərkəzləri, Kiçikobada kənd və xidmət mərkəzləri istifadəyə verilib, hər iki kənddə kənddaxili yollara asfalt örtük salınıb.
Qeyd edək ki, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün inşa edilən inzibati binada, eləcə də Kolanı kəndində 360 şagird yerlik məktəb binasında tikinti işləri başa çatdırılıb. Bundan başqa, Kükü, Güney Qışlaq, Şahbuzkənd, Keçili kəndlərinin yollarında təmir işləri aparılıb. Daylaqlı kəndində 3,5 kilometr, Kiçikoba kəndində isə 3,6 kilometr məsafədə kənddaxili yollara asfalt salınıb. Rayonun sosial-iqtisadi inkişafı bölgədə fərdi yaşayış evlərinin artmasına səbəb olur. Bəhs olunan dövrdə əhalinin şəxsi vəsaitləri hesabına 16 yeni fərdi ev tikilib.
Ötən il rayonda həyata keçirilən tikinti-quruculuq və digər tədbirlərə Daylaqlı kənd sakini Valeh İbrahim­ov münasibətini belə bildirir:
– Şahbuz rayonu sovet dönəmində baxımsız bir yer olub. O dövrdə bölgənin füsunkar gözəlliyi, suyu, havası, təbii nemətləri rayona ölkəmizin digər bölgələrindən də qonaqlar cəlb etsə də, burada qonaq qabağına çıxarmalı bir iş görülmürdü. Rayonda bu gün gördüklərimizin hamısı son illərdə tikilib, yollar, körpülər salınıb. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün, demək olar ki, bütün mümkün tədbirlər həyata keçirilib. Bildiyimiz kimi, Şahbuz dağlıq rayondur. Kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti belə ərazilərdə yerləşir. Lakin bu çətinliyə baxmayaraq, quruculuq tədbirlərinə məhz həmin ünvanlardan başlanıldı. Keçən il isə belə kompleks tikinti işləri Daylaqlıda da aparıldı. Bu gün yaşadığım həmin kənd qəsəbə timsallıdır. Bizə göstərilən belə qayğıya görə bir ağsaqqal və ziyalı kimi dövlətimizə minnətdarlığımı bildirirəm.

* * *

Rayon İcra Hakimiyyətinin əməkdaşı İmran Məmişov Şahbuzda iqtisadiyyatın əsasını təşkil edən və əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafı məqsədilə əhalinin şəxsi mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsinə göstərilən dövlət qayğısı barədə danışır. Deyir ki, belə qayğı sayəsində aqrar sahəyə maraq xeyli artıb, 1337 hektar sahədə taxıl, 242 hektar sahədə paxlalı, 7 hektar sahədə qarğıdalı, 9 hektar sahədə günəbaxan, 463 hektar sahədə kartof, 286 hektar sahədə tərəvəz, 11 hektar sahədə bostan bitkilərinin əkini keçirilib. Rayonda 4570 ton dənli və dənli-paxlalılar, 29 ton qarğıdalı, 20,5 ton günəbaxan, 8084 ton kartof, 5004 ton tərəvəz, 138 ton bostan məhsulları, 8076,4 ton meyvə, 176,2 ton üzüm istehsal edilib. İl ərzində 9,6 hektar sahədə yeni bağ salınıb, 1,4 hektarda bərpa tədbirləri həyata keçirilib, 10550 ədəd meyvə, 1800 ədəd meşə, 588 ədəd bəzək tingləri, Şahbuz şəhərində Heydər Əliyev prospekti boyunca 1218 ədəd gül kolu əkilib.

* * *

Rayonda həmsöhbət olduğum müəllim Xanlar Səfərəliyev Şahbuzun bu günündən qürur duyduğunu bildirir: “Bu günlərin qədrini bilmək lazımdır. 20 il əvvəli gözləriniz önünə gətirin. Saatlarla işıqsız qalmışıq, uzun illər evlərimizdə qaz olmayıb. Artıq bu problemlər həllini tapıb. Məktəblərimiz, səhiyyə ocaqlarımız yenidir. Yollarımız müasir standartlar səviyyəsindədir. İnsanların həyata baxışları dəyişib, qurub-yaratmaq əzmi yüksəlib. Bu gün bir qarış torpağı əkilməmiş qoymayan kənd adamları belə tədbirlərdən xeyli razılıq edir, məhsul bolluğu yaradılmasına çalışır, gün-güzəranlarını yaxşılaşdırırlar. Bu, sosial-iqtisadi inkişafın ən bariz göstəricisidir və Şahbuz rayonu da bu inkişafdan yetərincə bəhrələnib, rayon sakinləri ötən ili uğurla başa vuraraq cari ildə daha böyük nailiyyətlər qazanmaq əzmi ilə çalışırlar”.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR