30 Dekabr 2024, Bazar ertəsi

İlk dəfə olaraq Naçıvanda təşkil edilən şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında artıq iki tur geridə qalıb. Keçirilən görüşlərdən sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və muxtar diyarımızda mübarizə aparan zəka sahiblərinin fikirlərini öyrəndik.
Faiq HƏSƏNOV – Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti: – Bakıdan kənarda keçirilən ilk Azərbaycan çempionatının belə yüksək səviyyədə təşkilinə görə muxtar respublika rəhbərinə, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədrinə öz minnətdarlığımızı bildiririk. Burada qonaqlar və şahmatçılar üçün hər bir şərait yaradılıb. Xüsusilə oyunların səhnədə keçirilməsi şahmatımız üçün yenilikdir. Uzun illərdir ki, biz Naxçıvanda təşkil olunan beynəlxalq turnirdə iştirak edirik və buraya dünyanın 20-dən çox ölkəsindən qonaqlar, şahmatçılar gəlir, dəvət olunurlar. Həmin turnirlərin yüksək səviyyədə təşkil edilməsi Naxçıvanda şahmata olan diqqətin nə dərəcədə olduğunun göstəricisidir. Bunu mən hər zaman digər yarışlarda da deyirəm və muxtar respublikanı nümunə göstərirəm. Şadam ki, növbəti Azərbaycan çempionatına Naxçıvan ev sahibliyi edir və bunun öhdəsindən layiqincə gəlir. Bir daha yarışın yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.

Vasif DURARBƏYLİ – qrossmeyster: – Artıq bir ildən çoxdur ki, şahmat yarışlarında iştirak etmirdik. Şadam ki, geri döndük və mübarizə qaldığı yerdən davam edir. Ötən il Azərbaycan çempionatı keçirilmədi, hazırkı yarışda isə ilk turdan etibarən gərgin mübarizə gedir, iştirakçıların hər biri bir-birilə rəqabət aparacaq gücdədirlər. Ümid edirəm ki, idman mübarizəsi ən yüksək səviyyədə olacaq. Bu turda beynəlxalq qrossmeyster Fərid Abbasov üzərində qələbə qazandım və burada bəxtimin gətirdiyini də deyə bilərəm. Çünki Fərid Abbasov mənim hazırlığıma düşdü. Digər oyunlarda şansı dəyərləndirmək çətin olar. Yarış yeni başlayıb, “bir güllə bahar olmaz”, – deyirlər. Bu turda qələbə qazandımsa, bu o demək deyil ki, digər oyunlarda da bu sevinci yaşayacağam. Çox ağır və gərgin oyunlar bizi gözləyir. Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalı barədə məlumatım var. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar olaraq keçirilmir. Azərbaycan çempionatının təşkilatçılığından çox razıyam və yüksək səviyyədədir.
Nicat MƏMMƏDOV – qrossmeyster: – Azərbaycan çempionatının Bakıda keçirilməyinə artıq öyrənmişdik. Naxçıvanda təşkil olunması isə həm sürpriz, həm də xoş oldu. Bilirdik ki, burada təşkil olunan bütün yarışlar yüksək səviyyədə olur. Bundan öncə dəfələrlə Naxmıvan Beynəlxalq Şahmat Festivalında iştirak etmişəm və 2018-ci ildə qalib adını qazanmışam. Hər zaman gözəl və yüksək səviyyədə təşkil olunub. Buna görə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına öz minnətdarlığımı bildirirəm. Azərbaycan çempionatında zəif rəqiblər iştirak etmir. Burada seçilmiş 12 zəka sahibi mübarizə aparır və şahmat tariximizdə ilk dəfədir ki, bir yarışda 8 qrossmeyster və 4 beynəlxalq usta iştirak edir. Hər bir oyun mürəkkəb keçir və buna artıq alışmışıq. Son turda qələbə qazandım və bunu digər turlarda da davam etdirmək istəyirəm.
Eltac SƏFƏRLİ – qrossmeyster: – Digər yarışlarda olduğu kimi şahmat üzrə Azərbaycan çempionatı da Naxçıvanda yüksək səviyyədə təşkil olunub. Ümumiyyətlə, dünyanın çox az ölkələrində çempionatlar bu cür keçirilir. İlk turda naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyevlə qarşılaşdım. Oyun elə də asan keçmədi, üstünlüyü ələ ala bildim və qələbə qazandım. İkinci turda isə heç-heçə etdim. Hələ turnirin başa çatmasına bir neçə tur var və burada rəqiblərin hamısı bir-birindən güclüdür. Bir ildən çoxdur, yarışlarda iştirak etmirəm. Çalışacağam digər oyunlarda da qələbə qazanam və Naxçıvanı titulla tərk edəm.
Vüqar ƏSƏDLİ – qrossmeyster: – Naxçıvanda təşkil olunan çempionat şahmat tariximizdə ən güclü çempionatdır və ilk dəfədir ki, Bakıdan kənarda keçirilir. Hər şey yüksək səviyyədə təşkil olunub və ümid edirəm, bu təkcə mənim üçün yox, digər şahmatçılarımız üçün də uğurlu alınar. Bir ildən çoxdur, böyük yarışlarda iştirak etmirdik. Düzdür, onlayn olaraq yarışlara, turnirlərə qatılır, oyunlar oynayırdıq. Lakin bir az passivlik hiss olunur və bu da oyunlarımıza təsirsiz ötüşmür. Çox şadam ki, nəhayət, belə bir ölkə çempionatı, özü də Naxçıvanda çox yüksək səviyyədə təşkil olundu. Bütün iştirakçılara uğurlar arzu edirəm.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR