22 Dekabr 2024, Bazar

Neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən və 1960-cı ildən bəri ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub. Məlumdur ki, fiziki imkanları məhdud şəxslərin başqaları kimi cəmiyyətin tamhüquqlu üzvləri olmaq haqları var – təhsil almalı, işləməli, hər hansı bir sahə üzrə peşəkar mütəxəssisə çevrilərək dövlət və cəmiyyət üçün yararlı insanlar olmalıdırlar.

 Azərbaycanda paralimpiya hərəkatı ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir. Belə ki, 1996-cı ilin fevralın 9-u idman salnaməmizə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub. Məhz həmin gün ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib. Ötən dövr ərzində komitə tərəfindən xeyli iş görülüb, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb. Fərəhli haldır ki, ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sağlamlıq imkanları məhdud insanların idmana cəlbi yönündə mühüm işlər görülüb. Ali Məclis Sədrinin diqqəti nəticəsində 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əsası qoyulub.

Bu qəbildən olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Ona görə də muxtar respublikada ötən dövrdə sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib və keçirilməkdədir.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bizimlə söhbətində bildirdi ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı bu qəbildən olan insanlara qayğının ən böyük nümunəsidir. Son illər Naxçıvanda paralimpiya hərəkatının daha geniş vüsət almasından danışan müsahibimin sözlərinə görə muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın, xüsusilə də uşaqların cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada idmanın müxtəlif sahələri ilə məşğul olan paralimpiyaçılara müxtəlif idman tədbirlərinin keçirilməsi üçün əlverişli şərait yaradılıb. Əvvəllər valideynlər fiziki cəhətdən qüsurlu olan uşaqlarını idmana buraxmırdılar. Bəzi valideynlər hətta uşaqlarını ictimaiyyət içərisinə çıxarmağa utanırdılar. Amma federasiyamız muxtar respublika rəhbərinin qayğısı nəticəsində həmin uşaqları tapıb üzə çıxardı, idmana cəlb etdi.
Müasir dövrümüzdə idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu dəyərlər Naxçıvanda da yüksək səviyyədə qorunaraq təbliğ edilir. Vüqar Məmmədov qeyd etdi ki, hazırda federasiyanın Naxçıvan şəhərində və bütün rayonlarda boccia, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarında stolüstü tennis, Naxçıvan şəhərində qolbol və ağırlıqqaldırma bölmələri, eyni zamanda Naxçıvan və Şərur rayonunda üzgüçülük bölmələri də fəaliyyət göstərir. Yeni bölmələrin yaradılması istiqamətində işlərin aparılması davam etdirilir. Məqsəd sağ­lamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Vüqar Məmmədov vurğuladı ki, paralimpiyaçılarımız hər zaman Ali Məclisin Sədri cənab Vasif Talıbovun qayğıkeş münasibətini öz üzərlərində hiss ediblər: “Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlb olunması işi geniş mərhələdə aparılıb. İlk olaraq federasiyanın rəsmi internet saytında paralimpiyaçı idmançıların vahid məlumat bazası yaradılıb, şəhər və rayonlarda olan istedadlı idmançılar daim diqqətdə saxlanılıb, onların yarışlarda iştirakı təmin edilib. Federasiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın və 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasını diqqətdə saxlayır, Dövlət proqramlarının icrası istiqamətində fəaliyyətini davam etdirməyə çalışır. Federasiya və idmançılarımız adından muxtar respublika rəhbərinə minnətdarlığımızı bildirir, əmin edirik ki, bu hərəkatın diyarımızda geniş vüsət alması üçün mütəmadi olaraq çalışacaq və fəaliyyətimizi daha da genişləndirəcəyik”.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR