22 Dekabr 2024, Bazar

Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2 fevral – Gənclər Günü ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirib. Qeyd edib ki, göstərilən hərtərəfli qayğı nəticəsində bu gün Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ölkəmizin gələcəyinin təminatına çevrilən gənclik formalaşıb, gənclər cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Muxtar respublikada onların potensialından düzgün istifadə olunması, faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştiraklarının gerçəkləşdirilməsi, irəli çəkilməsi, xidmətlərinin qiymətləndirilməsi diqqətdə saxlanılır.

Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqları artırılıb, onların işə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi həyata keçirilib. Eyni zamanda muxtar respublikada pedaqoji profilli ixtisasları bitirərək ucqar dağ kəndlərində fəaliyyətə başlayan gənclərlə stimullaşdırıcı tədbirlər aparılıb. Təhsil müəssisələrində müvafiq vəzifələrə təyinat zamanı innovativ və müasir düşüncəli gənclərə üstünlük verilməsi muxtar respublikada gənc­liyə göstərilən dövlət qayğısının bariz ­nümunəsidir.
Vurğulanıb ki, muxtar respublikada təhsil sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artıb, onlar arasında sağlam rəqabət və motivasiya güclənib. Ötən tədris ilində 500 və daha artıq bal toplayanlardan 104-nün, ümumilikdə isə 740 məzunun pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir.
Qeyd edilib ki, hazırda muxtar respublikanın təhsil müəssisələrində, ümumilikdə, yaşı 29-dək 1293 gənc kadr fəaliyyət göstərir.
Diqqətə çatdırlıb ki, ümumtəhsil müəssisələrinə işə qəbul üçün 6 müsabiqə keçirilib, həmin vəzifələrə ən yüksək bal toplayan 279 müəllim və 85 gənc kadr təyin olunub. Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün keçirilən ikinci müsabiqə yanvar ayında olub, müsabiqəyə 229 yer çıxarılıb. 9-24 yanvar 2020-ci il tarixlərdə reallaşdırılan imtahanlarda 65 gənc kadr ən yüksək keçid balını toplayıb. Onlar fevralın 3-dən etibarən ixtisasları üzrə müəllim kimi fəaliyyətə başlayacaqlar.
Tədbirdə gənc müəllimlərdən Surə Ağayeva və müsabiqədə yüksək bal toplayaraq yeni işə qəbul olan Ramilə Həsənova çıxış edərək muxtar respublikada təhsilin inkişafı və gənclərin işlə təmin olunması üçün yaradılan yüksək şəraitdən, göstərilən qayğıdan danışıblar, gənclər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Səmərəli fəaliyyəti ilə fərqlənən gənc dövlət qulluqçularına, məktəb rəhbərlərinə və gənc müəllimlərə diplom və hədiyyələr verilib.
Tədbir bədii hissə ilə davam edib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR