Qədim Şərur diyarı... Tarixin o üzündən bəri boylanan, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan yurd yerimiz... Tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən doğma diyarımın tarixindən əzəmət, mərdlik, mədəniyyətindən, ədəbiyyatından milli-mənəvi, əxlaqi dəyərlər mənimsəyən insanları, tarixdə iz qoyan böyük şəxsiyyətləri barədə düşünərkən görürük ki, yüz illərdir, Azərbaycan ədəbiyyatına, incəsənətinə dahilər ərməğan edən Şərur rayonu bu gün də öz təhsil ənənələrini uğurla davam etdirir. Muxtar respublikanın hər yerində olduğu kimi, Şərurda da təhsilin inkişafının diqqət mərkəzində saxlanılması uğurların qazanılmasına səbəb olur. Hər bir şagirdin müvəffəqiyyətlərinə görə müəllimlər də, valideynlər də sevinir, çünki onların da etimadları doğrulur, çəkdikləri zəhmət hədər getmir. Elə bugünkü müsahiblərim də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə qazanaraq rayonun köklü təhsil ənənələrini layiqincə davam etdirən şərurlu gənclərdən bir neçəsidir.
Məleykə Cəfərli Dərvişlər kənd tam orta məktəbinin məzunudur. O, məktəbi qızıl medalla bitirib. Respublika olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə birinci yeri tutub, qızıl medala layiq görülüb. Ali məktəbə qəbul imtahanının birinci turunda 664 bal toplayan Məleykə bununla kifayətlənməyib. İkinci turda iştirak edərək 670 bal toplayıb. Onunla həmsöhbət oluruq:
– Bu gün ölkələrin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, təhsilin inkişaf dinamikası, elmi potensialın olması ilə də ölçülür. Təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq və vərdişləri əldə etmək imkanı yaradır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin də dediyi kimi: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!” Dahi şair bu qiymətli misralarla həm zamanının insanlarını, həm də gələcək nəsilləri elmə, biliyə yiyələnməyə səsləyib. Biz doğma Vətənimizin xoşbəxt gəncləriyik. Çünki yaxşı təhsil alıb gələcəkdə Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyət göstərməyimiz üçün bütün imkanlar mövcuddur. Gözəl, işıqlı sinif otaqları, müasir avadanlıqlarla təchiz edilmiş fənn laboratoriyaları, kompüter zalları, bir sözlə, yaxşı təhsilimiz üçün hər cür şərait yaradılıb. Bizə qalan isə oxumaq, layiqli ziyalı olub gələcəkdə xalqımızın rifahı üçün çalışmaqdır.
Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasını seçmək fikrində olan Məleykə onu da qeyd edir ki, orta məktəbdə qazandığım nailiyyətləri ali təhsil ocağında da davam etdirməyə, doğma diyarımız Naxçıvanın adını hər yerdə uca tutmağa çalışacağam.
Oruc Vəliyev Dizə kənd tam orta məktəbinin məzunudur. O, üçüncü qrup üzrə 633 bal toplayıb: – Bu gün muxtar respublikamızda təhsil sahəsinə xüsusi diqqət yetirilir. Bunun ifadəsidir ki, kəndimizin məktəbi də şəhər məktəblərindən heç də geri qalmır. Burada da şəhər məktəblərində olan imkanların hamısı mövcuddur. Bütün bunlar isə ona xidmət edir ki, hər bir şagird yaxşı oxuya və gələcəyin müəlliminə, vəkilinə, hakiminə çevrilə bilsin.
Naxçıvan Dövlət Universitetini seçmək fikrində olan tələbəyə: “Topladığın yüksək balla müxtəlif universitetləri seçmək imkanın vardır. Niyə məhz bu ali məktəbə üstünlük verirsən?” – sualını ünvanlayanda aldığımız cavab məni çox fərəhləndirdi. Oruc Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını heç kimin təsiri və məsafə yaxınlığına görə seçmədiyini dedi və bildirdi ki, təhsil ocağını öz istəyi ilə seçib. Naxçıvanda yüksək səviyyədə təhsil üçün hərtərəfli şərait yaradılıb, bu təhsil ocağının dünyanın məşhur universitetləri ilə əlaqələri mövcuddur. Naxçıvan Dövlət Universiteti son illər tədrisdə ən müasir informasiya texnologiyalarının tətbiq olunduğu, beynəlxalq elmi konfransların keçirildiyi ünvana çevrilib.
Digər müsahibim Nərmin Əsgərova isə Çomaxtur kənd tam orta məktəbini bitirib. O, ikinci qrup üzrə 622 bal toplayıb:
– Tələbə adını qazanacağım üçün özümü çox xoşbəxt hesab edirəm. Valideynlərimin, müəllimlərimin, bir sözlə, məndən uğurlu nəticə gözləyənlərin ümidlərini doğrultduğum üçün sevinirəm. Sevincimin səbəbləri sırasına fərqli mühitə düşmə, yeni-yeni dostlar, tanışlar qazanma duyğusu da daxildir. Həm də yuxusuz, gərgin gecə və gündüzlərin, stress və narahatlıqların artıq arxada qalması düşüncəsi də məni fərəhləndirir. Topladığım bal istədiyim ixtisası seçməyimə imkan verəcək. Çalışacağam ki, universitetdə də yaxşı oxuyub müəllimlərimin və valideynlərimin etimadını doğruldum.
Nərmin onu da deyir ki, ölkəmizdə insan amilinə, təhsilə çox ciddi diqqət yetirilir. Uğurlarımızın təməlində, ilk növbədə, dövlət qayğısı dayanır. Məktəbimizdə şagirdlərin müasir informasiya texnologiyalarının sirlərinə mükəmməl yiyələnmələri üçün yaxşı şərait vardır. Yeni nəsil kompüterlər, elektron lövhəli sinif otaqları şagirdlərin ixtiyarına verilib ki, bu da təhsildə keyfiyyət dəyişikliklərinə zəmin yaradıb. Bu diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq.
Bəli, onlar tələbə adını qazanmaq şərəfini və sevincini yaşayırlar. Bütün bunlar isə dövlətimizin hər sahədə olduğu kimi, təhsildə də öz vətəndaşının yanında olduğunun göstəricisidir.
Ramiyyə ƏKBƏROVA