Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Nümunəvi və vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda təbliği, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır.
Muxtar respublikamızda gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamına əsasən daha 3 istedadlı gəncin adının Gənc İstedadların “Qızıl kitabı”na salınması yetişməkdə olan gəncliyə növbəti dövlət qayğısının təzahürüdür.
1994-cü ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verib. Bu gün muxtar respublikada mövcud idman bazaları, komplekslər, stadionlar, idman zallarının bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman infrastrukturunun yaradılması gənclər tərəfindən yüksək dəyərləndirilir. Bu sırada stadionların tikilməsini, idman obyektlərinin zəruri avadanlıqlarla təchizatını, idman klublarının açılmasını, idman mütəxəssislərinin yetişdirilməsini də qeyd etmək lazımdır. O da xüsusi vurğulanmalıdır ki, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması sahəsində məqsədyönlü işlər davamlı xarakter alıb. Yaradılan belə şəraitin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bu da idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Digər bir tərəfdən, idman sahəsində yaradılan şərait, maddi-texniki bazanın formalaşdırılması yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə səbəb olub. Həmin idmançılar muxtar respublikanın müasir infrastruktura malik, gözoxşayan olimpiya idman komplekslərində, idman mərkəzlərində məşğul olur, idmanın müxtəlif növləri üzrə yüksək nəticələr qazanırlar. Görülən tədbirlərin, yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, muxtar respublika idmançıları 2019-cu ilin I yarım ilində ölkə birinciliklərində 130, beynəlxalq turnirlərdə 102, dünya çempionatında 2, Avropa çempionatında 1 medal olmaqla, cəmi 235 medal qazanıblar. Bütün bu uğurlar onu göstərir ki, muxtar respublika idmançıları mötəbər yarışlarda müntəzəm olaraq iştirak edir, beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar. Muxtar respublikanın Gənclər və İdman Nazirliyi isə ümummilli lider Heydər Əliyevin “Hər kim ki idmana və idmançıya dəstək olur, sanki mənə dəstək olur, hər kim ki idmana və idmançıya mane olur, sanki mənə mane olur” ideyasına və muxtar respublika rəhbərinin tapşırıq və tövsiyələrinə əməl etmək üçün gənc idmançılara layiqincə dəstək olmağa çalışır, onların uğur qazanmalarında stimul rolunu oynayır.
Bu gün muxtar respublikamızda Gənclər və İdman Nazirliyi tərəfindən təkcə idman sahəsində deyil, gənclərin bir çox sahələr üzrə də uğurlu nailiyyətlər əldə etmələri üçün mühüm addımlar atılır. Belə ki, muxtar respublika gənclərinin intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvər ruhda tərbiyə olunması, beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirak etmələri istiqamətində nazirlik tərəfindən məqsədyönlü işlər görülür.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində vətənpərvərlik mövzusunda nümayiş olunan filmlər, məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması məqsədilə keçirilən “Şahin”, “Sərhəd” hərbi idman oyunları və bu il yeni bir layihə olaraq həyata keçirilən “Hədəf” adlı yeni atış təlimi, bu mənada, böyük əhəmiyyət kəsb edir.
Gənclərin zərərli vərdişlərdən uzaq olması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra əhəmiyyətli layihələr də reallaşdırılır. İstedadlı gənclərin stimullaşdırılmasına, onların təhsilə, elmə, mədəniyyətə, incəsənətə marağının artırılmasına daim diqqət yetirilir. Tələbə-gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması, intellektual səviyyələrinin artırılması üçün yeniyetmə və gənclər arasında mütəmadi olaraq “Kim? Nə? Hara?”, həmçinin “Azərbaycanın intellektual birincisi” layihəsi çərçivəsində “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” intellektual oyunları keçirilir.
Nazirlik tərəfindən gənclərin intellektual potensialının yüksəldilməsi ilə yanaşı, muxtar respublikadakı yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması sahəsində də bir sıra tədbirlər görülür. Belə ki, cari ilin ötən dövründə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində rəsm, foto, musiqi, rəqs, memarlıq, teatr yaradıcılığı sahələri üzrə “Yaradıcı gənclər festivalı”nın keçirilməsi muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan yaradıcı gənclərin tanıdılması və yeni stimulun yaradılması üçün əsl fürsət olub.
Bütün bu sadalananlarla yanaşı, “Naxçıvanı tanıyaq” devizi altında gənclərin mütəmadi olaraq muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, muzeylərə, tarixi yerlərə ekskursiyaları da təşkil edilir. Bu da muxtar respublikanın turizm potensialının təbliği ilə yanaşı, gənclərin tarixi keçmişimizi öyrənməsi işində də böyük əhəmiyyət kəsb edir. Bununla da gənclərin Vətənə bağlılıqları artır, onlara Vətən naminə çalışmaq əzmi aşılanır.
Bəli, bu gün muxtar respublikada ümummilli liderin dövlət və gənclər siyasətinin məqsədyönlü şəkildə, uğurla həyata keçirilməsindən, gənclər üçün yaradılan şəraitdən, onların inkişafına, əsl vətəndaş kimi formalaşmasına kömək edən tədbirlərdən, xüsusilə də bu sahədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətindən çox danışmaq olar. Əminik ki, gənclərə göstərilən bu qayğı onların öz üzərlərində daha səylə çalışmalarına, qabiliyyətlərindən səmərəli istifadə olunmasına daha da güclü təkan verəcəkdir. Çünki gənclər onlara göstərilən hər bir qayğını dərindən dərk edir və buna cavab olaraq özlərini cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşdırmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməyə çalışırlar. İnanırıq ki, onlar ölkəmizin adını daim zirvədə saxlayacaqlar.
Ceyhun MƏMMƏDOV