22 Dekabr 2024, Bazar

Karateçilərimizin son zamanlar ölkədaxili və beynəlxalq turnirlərdəki uğurlu çıxışları gələcək üçün böyük ümidlər verir. Xüsusilə bu idman növünün olimpiya oyunlarının proqramına daxil edilməsi idmançılarda əlavə ruh yüksəkliyi yaradıb. Muxtar respublikamızda idmana və idmançılara göstərilən qayğıdan bəhrələnən federasiyalardan biri kimi, Karate-do Federasiyasında da bu idman növünün diyarımızda kütləvi hal alması üçün addımlar atılır, rayonlarda bölmələrin səmərəli fəaliyyəti təmin edilir. Məhz bunun nəticəsidir ki, idmançılar keçirilən beynəlxalq turnirlərdə Naxçıvan idman ənənələrini layiqincə nümayiş etdirir, mükafatlandırılırlar. Bu gün haqqında bəhs edəcəyimiz idmançılardan biri də məhz uğurları ilə tanınan Rafiq Hüseynlidir.

İlk məşq

Rafiq Hüseynli 2011-ci il iyulun 1-də Naxçıvan şəhərində dünya­ya gəlib. Yaşadığı məhəllədə uşaqların idmanla məşğul olması onu da həvəsləndirir və 2017-ci ildə keçirilən karate məşqlərinə qatılır. Rafiqin bu idman növünü seçməsi heç də əbəs yerə deyil. Belə ki, atası Anar Hüseynli muxtar respublikada keçirilən karate üzrə beynəlxalq turniri izləyir və oğlunun da gələcəkdə böyük idmançı olmasını arzulayır. Rafiq atasının seçiminə əsasən bu idman növü ilə məşğul olmağa başladığını, ilk məşqçisinin isə Nəriman Quliyev olduğunu belə xatırlayır: “İlk məşq günü yadımdadır, Nəriman müəllimin yanına atamla gəldik. Burada uşaqların necə həvəslə məşq etdiklərini gördüm. Tanışlıqdan sonra mənə məlum oldu ki, məşq yoldaşlarım arasında bir çox beynəlxalq turnirlərin qalibləri var. Bu, mənə əlavə güc ­verdi”.

Bu gün onun arzusu gələcəkdə böyüklər arasında dünya çempionu olmaqdır. “Artıq dünya çempionu olmusan” dedikdə idmançının cavabı bizləri qürurlandırır: “Öz yaş qrupumda dünya çempionu titu­luna yiyələnmişəm. Amma mənim indi əsas hədəfim gənclər və böyüklər arasında dünya çempionu olub Naxçıvanı olimpiya oyunlarında təmsil etməkdir”.

“Bürünc”lə başlayan yol…

Altı yaşından məşqlərə başlamasına baxmayaraq, Rafiq Hüseynlinin medal kolleksiyası zəngindir. İlk məşqlərdən heç səkkiz ay keçmir ki, o, Bakı şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə fərqlənir. Məqsəd “qızıl” olsa da, ilk yarışında “bürünc”lə kifayətlənir. İdmançımız bu nailiyyəti 6-7 yaş qrupunda qazanır.
Eyni yaş qrupunda idmançımız bu dəfə yenə beynəlxalq turnirə yollanır. Gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda şəhid olan qəhrəmanlarımızın təbliği məqsədilə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan Qara dəniz və Xəzəryanı ölkələr arasında keçirilən karate üzrə beynəlxalq turnirdə Rafiq Hüseynli ikinci yerə sahib çıxır. Təbii ki, bu müddət ərzində o, muxtar respublika daxilində keçirilən birinciliklərdə, yoldaşlıq görüşlərində öz istedadı ilə diqqəti cəlb edirdi: “Keçirilən hər iki beynəlxalq turnirdə mükafat qazanmağıma ən çox sevinən məşqçim və atam oldu. Çünki onlar mənim necə həvəslə hazırlaşdığımı görürdülər”. Rafiq Hüseynli bu uğurlarına karatenin kumite növündə nail olub. O, eyni zamanda kata yarışlarında da qüvvəsini sınayır. İdmançımızın fikrincə, katada çıxış etməyən karateçi kumitedə də özünü yaxşı göstərə bilməz.

… “qızıl”la davam edir

Rafiq Hüseynli üçün 2019-cu ilin əsl idman ili olduğunu desək, yanılmarıq. Belə ki, idmançımız cari il ərzində çıxış etdiyi bütün turnirlərdə mükafat qazanıb. İlk olaraq Bakı şəhərində uşaq, yeniyetmə və gənclər arasında keçirilən karate üzrə klublararası açıq çempionatda o, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Ardınca İran İslam Respublikasının Astara şəhərində karate üzrə keçirilən 4-cü beynəlxalq festivalda iştirak edən idmançımız bu dəfə tatamiyə kata növündə çıxır. Yekun nəticəyə əsasən o, beynəlxalq turniri bürünclə başa vurur. Mart ayında Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən 9-cu “Tbilisi Open” beynəlxalq turnirində də hamı onun uğurundan danışır. Belə ki, 6-7 yaş qrupunda Rafiq Hüseynli böyük məharət göstərərək qızıl medal qazanır. Naxçıvanda keçirilən beynəlxalq turnirdə də mükafatçılar sırasına düşən idmançımızın əsas hədəfi isə qarşıdakı dünya çempionatı olur. Təbii ki, onun bu uğurları millinin məşqçilərinin də nəzərindən yayınmır və o, Azərbaycan millisinin heyəti ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə yollanır. Dünya Şotakan Federasiyasının 10-cu dünya çempionatında mübarizə aparan Rafiq Hüseynli 6-7 yaş qrupunda tatami üzərinə iki qayda üzrə çıxır. Nəticədə, şobu-nihon və şobu-sanbon qaydaları üzrə dünya çempionu adına layiq görülür: “Bu, mənim üçün ən böyük uğurdur. Çünki məşqlər zamanı məşqçimiz hər zaman deyirdi ki, uğur qazanmaq istəyirsinizsə, ilk olaraq idmançı rejiminə riayət etməlisiniz. Məşqlərə ara vermək olmaz. Hər buraxdığınız məşq sizin gələcək yarışlardakı uğursuzluğunuza səbəb olacaq”.

Çəkilən zəhmətə verilən qiymət

Bəli, bu uğurlar bəhrəsiz qalmır. Hər zaman idmana və idmançılara qayğı ilə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Rafiq Hüseynlinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılır və o, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülür. İdmançının atası bu sərəncamı muxtar respublikada idmançılara göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirir: “Rafiqi bu növə yazdırarkən ilk məqsədim onu təkcə özünü qoruya bilən övlad yox, çempion kimi görmək olub. İndi fəxrlə deyə bilərəm ki, mən Naxçıvanda yaşayıram və övladım bu diyarı beynəlxalq yarışlarda təmsil edir. Karate-do Federasiyası turnirlərdə iştirak etməyimiz üçün hər bir şərait yaradıb. Həmin turnirlərdə qazanılan hər bir uğur isə muxtar respublika rəhbərinin diqqətindədir. Digər idmançılar kimi, Rafiqin də adının Gənc İstedadların “Qızıl kitabı”na yazılması bir valideyn kimi məni qürurlandırır. Hər zaman idmançılara dəstək olan muxtar respublika rəhbərinə ­minnətdarlığımı bildirirəm”.

Məşq yoldaşlarının dəstəyi

Ümumiyyətlə, Rafiq sözü mülayim olan, yumşaq davranan (diqqətli, yaradıcı, aktiv) deməkdir. Allahın “ər-Rafiq” adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun demişdir: “Allah mülayimdir və mülayimliyi sevir. Sərtliyə görə vermədiyini, mülayimliyə görə verir”.
Rafiq Hüseynlinin istiqanlılığı, mülayimliyi ilk gündən məşq yoldaşlarının da nəzərindən yayınmayıb. Uzun illərdir, bu növlə məşğul olan idmançımız Vüsal Seyidov deyir ki, Rafiqi digər idmançılardan fərqləndirən bir sıra xüsusiyyətləri var. İlk olaraq o, sakit və təmkinlidir. Məşqçinin dediyi, göstərdiyi hər bir fəndi vaxtında və düzgün icra edir. Bununla yanaşı, o, özündən böyük məşq yoldaşlarından hər hansı bir fəndi öyrənməyə çalışır.
Çinarə Cəlalova isə vurğulayır ki, onun çempion olmasında atasının böyük rolu var. Çünki atası övladını hər zaman dəstəkləyir, bəzi yarışlara belə, özü də gedir. Bundan başqa, o, istedadlı və güclü idmançıdır. Gələcəkdə Rafiqin olimpiya oyunlarında da uğur qazanacağına inanıram.
Rafiq Hüseynlinin məşqçisi Nəriman Quliyev qeyd edir ki, qazanılan bütün uğurlar məşqlərə düzgün yanaşmağın nəticəsidir: “Uzun illərdir ki, bu sahədə çalışıram və bir çox idmançının nəyə qadir olduğu ilk məşqdən bilinir. Rafiq ilk məşqinə gələrkən onun istedadlı bir idmançı olacağını atasına da bildirdim. Özünə isə “məşqlərə ara versən, heç bir nəticə gözləmə” dedim. İki il müddətində o, məşqlərdən yayınmadı və nəticəsi göz qabağındadır. İndi ondan daha böyük uğurlar gözləyirik. Gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcəyinə inanıram. İdmançıların uğur qazanması onlara yaradılan şəraitdən xeyli asılıdır. Bu gün Naxçıvanda idmançıların məşq etməsi üçün müasir standartlara cavab verən idman zalları, komplekslər tikilib istifadəyə verilib. Bunlardan səmərəli istifadə etmək isə bizim üzərimizə düşür. Federasiya olaraq yarışlarda iştirakımız təmin edilir. Yaradılan bu şəraitə görə federasiyamızın məşqçiləri adından muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk”.

Yolun sonu işıqlıdır

Adətən, idmançıların vaxt tərəfdən problemləri olur. Günün çox hissəsini məşqə və istirahətə yönəltdiklərindən, digər məsələlər bir qədər arxa planda qalır. Rafiq Hüseynli isə boş vaxtlarında velosiped sürməyi xoşlayır. Həmçinin quşlarına da vaxt ayırmağı unutmur. Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbin şagirdi olan karateçimiz dərslərində də müvəffəqiyyət qazanır.
İndi Rafiqin 8 yaşı var. Onun idmançı kimi formalaşması, daha böyük uğurlar qazanması üçün qarşısında uzun yol var. Rafiqdə idmançılardan tələb olunan nizam-intizam, həvəs, məqsəd var. Ən əsası isə çempionluq duyğusu onu hər zaman tatamidə güclü edir. Qazanılan uğurlar hələ yolun başlanğıcı, onun bu yolda ilk addımlarıdır. Yolunun açıq olacağı isə şübhəsizdir...

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR