Muxtar respublikamızda idman infrastrukturunun yenidən qurulması, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, gənclərin idmana marağının artırılmasına ciddi diqqət yetirilir. Bunun ifadəsidir ki, son illərdə muxtar respublikada olimpiya idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat və idman məktəbləri, Stend və Sportinq Atıcılıq Mərkəzi, peyntbol meydançası, məktəblərdə müasir idman zalları istifadəyə verilib. Boks, Güləş, Karate-do, Kikboksinq, Şahmat, Futbol, Voleybol, Basketbol, Yüngül Atletika, Paralimpiya, Hava və Ekstremal İdman Növləri, Atıcılıq federasiyaları yaradılıb.
Ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançıların mükafatlandırılması uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunmasına zəmin yaradıb. Qısa vaxt kəsiyində həyata keçirilən mühüm tədbirlərin nəticəsi kimi idmançılarımız mütəmadi olaraq ölkədaxili və beynəlxalq turnirlərdə uğurlar əldə ediblər.
İdmanın inkişafı və Naxçıvanda bədən tərbiyəsinin həyat tərzinə çevrilməsi həm də idman federasiyalarının öz işlərini necə qurmalarından asılıdır. Bəs federasiyalar yaradılan imkanlardan necə istifadə edirlər? Yaxud idman federasiyaları Naxçıvan idmanına kimləri qazandırıblar?
2002-ci ildən fəaliyyət göstərən federasiyalar bu yöndə gördükləri müsbət işlərlə seçilirlər. Belə ki, həmin federasiyalar 17 il ərzində muxtar respublikaya dünya və Avropa çempionları, beynəlxalq turnirlərin qalibləri olan idmançılar yetişdiriblər. Boks Federasiyasının yetirmələri bu günə kimi dəfələrlə ölkə birinciliklərinin qalibi, beynəlxalq turnirlərin əsas favoritləri olublar. Təsadüfi deyil ki, muxtar respublikaya hər il ən çox medal qazandıranlar sırasında boksçularımız öndə gedirlər. İndi dünyanın boks reytinqində naxçıvanlı dəri əlcək sahiblərinin adlarının olması muxtar respublikada bu növün xeyli inkişaf etdiyindən xəbər verir. Elə Karate-do Federasiyasının yetirmələrinin qazandıqları uğurlar da az deyil. Bu müddət ərzində federasiyanın idmançıları qara kəmər almaqla yanaşı, dünya kubokunu da Naxçıvana gətirməyə müvəffəq olublar. Azərbaycan birinciliklərinin daim qalibləri olan federasiyanın idmançıları çıxış etdikləri dünya və qitə birinciliklərində xeyli uğura imza atıblar. Federasiyanın qız idmançılarının beynəlxalq turnirlərdən qələbə ilə ayrılması, eyni zamanda “Naxçıvan” komandasının cari ildə “Heydər Əliyev kuboku” uğrunda beynəlxalq turnirin qalibi olması isə federasiyanın işini mükəmməl qurduğundan xəbər verir. Həmçinin cari ildə Rumıniyanın Buxarest şəhərində Dünya Şotakan Federasiyasının karate üzrə keçirdiyi X dünya çempionatında federasiyanın idmançısı Rafiq Hüseynli mundialın qalibi olub. Karateçilərimiz, həmçinin Gürcüstan Respublikasında keçirilən beynəlxalq turnirdə də böyük uğura imza atıblar.
Nəzdində sərbəst, yunan-Roma güləşi, sambo və cüdo bölmələri olan Güləş Federasiyası 17 il ərzində böyük nailiyyətlər qazanmaqla yanaşı, həm də Azərbaycan millisinə istedadlı güləşçilər bəxş edib. Elə bu məqamda Hacı Əliyevin adını çəkmək kifayətdir. İdman tarixində qazanmadığı uğur qalmayan idmançımız hazırda öz çəki dərəcəsində dünya güləş tarixində ilk pillədədir. Azərbaycan birinciliklərinin qalibləri olan federasiyanın digər idmançıları da mütəmadi olaraq çıxış etdikləri beynəlxalq turnirlərdə Vətənə medallarla qayıdıblar. Son olaraq Azərbaycan birinciliyində və beynəlxalq turnirdəki uğurlar buna nümunədir. Federasiyanın nəzdində olan digər bölmələrin qələbələrini də qeyd etmək yerinə düşər. Cüdoçularımız geridə qoyduğumuz illərdə çıxış etdikləri bütün turnirlərdə mükafat qazanıblar ki, bu da Azərbaycan millisinə yeni namizədlər bəxş etmək deməkdir. Eyni zamanda may ayında keçirilən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş cüdo üzrə 2002-2004-cü illər təvəllüdlü yeniyetmələr arasında “Heydər Əliyev kuboku” beynəlxalq komanda turnirində komandamız əsas mükafatı başı üzərinə qaldırmağa müvəffəq olub.
Sevindirici haldır ki, Naxçıvanda idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Bu baxımdan Kikboksinq Federasiyasını da qeyd etmək lazımdır. Federasiyanın nəzdində olan 14 qrupun idmançıları geridə qoyduğumuz dövrdə ölkə və beynəlxalq turnirlərdə uğurlara imza atıblar. Son olaraq Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr və kadetlər arasında kikboksinq üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika açıq turnirində idmançıların uğurlu çıxışı federasiyanın işinin düzgün qurulduğundan xəbər verir.
Zəka sahiblərimiz də muxtar respublikada nə qədər istedadlı yeniyetmə və gəncin olduğunu, onların idmana cəlbi yönündə aparılan işlərin düzgün qurulduğunu qazandıqları titullarla sübuta yetiriblər. Şahmat Federasiyası struktur dəyişikliyindən sonra muxtar respublikada istedadlı zəka sahiblərini bir araya toplamağı bacarıb. Bunun nəticəsidir ki, diyarımıza FİDE ustası, beynəlxalq usta və beynəlxalq qrossmeyster bəxş edən federasiyanın bir çox yetirməsinin beynəlxalq əmsalı 1900-dən çoxdur. Naxçıvan Şahmat Mərkəzində keçirilən şahmat üzrə “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalında federasiyanın şahmatçılarının iştirakı təmin edilib və bir çox təmsilçimiz mükafatçılar sırasına düşməyi bacarıb. Eyni zamanda şahmatçılarımız qitə birinciliyində də mükafatçılar sırasına düşməyi bacarıblar. Son olaraq FİDE ustamız Sadiq Məmmədovun Rumıniyanın Mamaia şəhərində keçirilən məktəblilərin Avropa çempionatındakı qələbəsi bunun bariz nümunəsidir.
Qeyd edək ki, federasiya sədrinin iştirakı ilə rayonların şahmat məktəblərində hər ay görüşlər keçirilməsi bir ənənə şəklini alıb. Bu isə şahmatın kütləviliyinə nail olunmasına stimul verir.
Cari ildə futbol üzrə keçirilən Azərbaycan Region Liqasında çıxış edən “Araz-Naxçıvan” 50-dən çox komanda arasında üçüncü olmağı bacarıb. Həmçinin “qırmızı-ağlar” ənənəvi olaraq təşkil edilən “Heydər Əliyev kuboku” turnirində eyni nəticəni təkrarlayıblar. May ayında daha bir əlamətdar hadisə isə Naxçıvan Muxtar Respublika Stadionunun Azərbaycan kubokunun final görüşünə ev sahibliyi etməsi olub. Eyni zamanda federasiyada struktur dəyişikliyindən sonra uşaq futbolunda dönüş yaradılıb, yeni idarə heyəti formalaşdırılıb.
Son illərdə uğurlarını artıran federasiyalardan biri də Yüngül Atletika Federasiyasıdır. Ardıcıl olaraq ölkə birinciliklərində mükafatçılar sırasına düşən idmançılar bu dəfə Bakı şəhərində keçirilən “Küləyə qalib gəl” devizi altında “Bakı marafonu – 2019” yarışında yüksək nəticə qazanıblar.
Bununla yanaşı, muxtar respublikada qadınların idmana cəlbi yönündə də mühüm işlər görülür. Artıq 4 ildən çoxdur ki, Gənclər və İdman Nazirliyinin nəzdində bədii gimnastika bölməsi fəaliyyət göstərir (Naxçıvan şəhəri və Şərur rayonunda). Adətən, elit idman növü kimi ad qazanan bədii gimnastika ilə indi muxtar respublikada 100-dən çox uşaq məşğul olur.
Nazirliyin nəzdində olan digər bölmənin – ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev isə qazandığı uğurlarla kifayətlənmək fikrində deyil. Bu dəfə idmançımız gənclər arasında keçirilən ölkə birinciliyində fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
Son aylara nəzər yetirdikdə Atıcılıq Federasiyasında da struktur dəyişikliyindən sonra xeyli irəliləyişin olduğunu görmək mümkündür. Düzdür, federasiyanın idmançıları ölkədaxili və beynəlxalq turnirlərdə uğur qazanmasalar da, muxtar respublikada bu növün kütləviliyinə nail olublar. Paralimpiya, Hava və Ekstremal İdman Növləri, Voleybol və Basketbol federasiyalarının isə cari ildə elə də böyük uğurları olmayıb. Bu federasiyalar yalnız yerli turnirlərlə kifayətləniblər.
Federasiyaların may ayı ərzində qazandıqları uğurlara nəzər yetirdikdə isə Güləş, Şahmat, Karate-do, Futbol, Yüngül Atletika federasiyalarının və Ağır atletika bölməsinin adına rast gəlmək mümkündür. Bu qurumlar geridə qoyduğumuz ay ərzində ölkə birinciliklərində 55, beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında 59 müxtəlif əyarlı medal qazanıblar.
Təbii ki, idmançılarımızın yarışlarda uğurlu çıxışları üçün, ilk növbədə, onların məşq şəraitinin yüksək səviyyədə olması vacibdir. Bu baxımdan muxtar respublika idmançıları heç nədən narazı qala bilməzlər. Üstəgəl, diyarımızda idman siyasətinin düzgün qurulması da başlıca şərt kimi diqqəti çəkir. İdman sahəsində qazanılan nailiyyətlər isə Naxçıvanın ümumi inkişaf səviyyəsinin, iqtisadi potensialının yüksək olduğunu bir daha nümayiş etdirir.
Ceyhun MƏMMƏDOV