22 Dekabr 2024, Bazar

Söhbət Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyət göstərən balıqçılıq təsərrüfatından gedir

Tarixən aqrar region kimi tanınan muxtar respublikamız hazırda sənayenin sürətlə inkişaf etdiyi bölgəyə çevrilmişdir. Bunu statistik rəqəmlər də təsdiqləyir. Bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun 2012-ci ildə Ümumi Daxili Məhsulun tərkibində 27 faizlik paya malik olması ilə nəticələnmişdir. Bu sektorda aparılan uğurlu islahatların nəticəsidir ki, 2012-ci ildə 2011-ci illə müqayisədə 15,7 faiz çox, yəni 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bunun da 92,6 faizi özəl bölmənin payına düşür.

Əsasən, kənd təsərrüfatı rayonu olan Kəngərli bölgəsində də sahibkarlıqla məşğul olanlar az deyil. İstər əkinçilik, istərsə də heyvandarlıqla məşğul olan fermerlər göstərilən dövlət qayğısından yetərincə bəhrələnərək öz uğurlarını daha da artırır, muxtar respublikamızın iqtisadi inkişafına müəyyən töhfələr verirlər. Son illər rayonda balıq yetişdirilməsinə də maraq artıb. Qarabağlar kəndində “Asnı” qızıl xallı ala balıq yetişdirmə təsərrüfatı yaratmış İnşallah Abbasov öz işgüzarlığı ilə daha çox seçilir. O, Sahibkarlığa Kömək Fondundan aldığı 217 min manat kredit hesabına 2008-ci ilin iyul ayında geniş təsərrüfat yaratmışdır.

Kəndin əlverişli coğrafi mövqeyi, xüsusən də burada çağlayan saf və bol sulu Asnı çayının imkanları sahibkara bu arzusunu gerçəkləşdirməyə imkan vermişdir. İnşallah Abbasov Asnı çayının hövzəsinə yaxın – suyun mənbəyindən təxminən 150 metr aşağıda münasib yer müəyyənləşdirmişdir. Asnı çayının hövzəsinə yaxın ərazidə əvvəlcə müxtəlif tutuma malik 18 hovuz tikilmişdir. Çayın suyu borularla davamlı olaraq hovuzlara axıdılır. Su hovuzlarda lazımi səviyyəni aldıqdan sonra öz axarı ilə hovuzların aşağı tərəfində qoyulmuş çıxıntılardan birbaşa arxa tökülür. Beləliklə, hovuzlarda suyun səviyyəsi daim sabit qalır. Digər tərəfdən, hovuzlardakı su davamlı olaraq təzələnir ki, bu da balıqların bəslənilməsi üçün zəruri amillərdən biridir. Hovuzları qidalandıran çayın suyu da itkiyə məruz qalmır, çayın bol suyundan Qarabağlarda on hektarlarla əkin sahələrinin suvarılmasında istifadə olunur.
Hovuzlardan 9-nun uzunluğu 6, eni 1 metr, dərinliyi 60 santimetrdir. Onların paralelində yerləşən 5 hovuzun isə hər birinin uzunluğu 20, eni 3 metr, dərinliyi 1 metr 10 santimetrdir. Sonrakı 4 hovuz daha böyükdür. Bu hovuzların hər birinin uzunluğu 50, eni 3 metr, dərinliyi isə 1 metr 20 santimetrdir. İlkin olaraq bu hovuzlara 60 min balıq ötürülmüşdür.
Təsərrüfatdan əldə olunan qazanc sahibkarı daha da ruhlandırmışdır. O, kreditin 57 min manatını qaytarmış və hovuzların sayını 50-yə çatdırmışdır. Forel balığının dünyada 300 növü var. Sahibkarın təsərrüfatında isə onların on növü yetişdirilir. Hazırda burada 2 kiloqram çəkiyə qədər 1 milyondan çox balıq bəslənilir. İlkin olaraq satışa 10 ton, keçən il isə 15 ton balıq çıxarılmışdır. Bu il həmin rəqəmin 18-20 ton olacağı gözlənilir.
İndi balıqçılıq təsərrüfatı 10 min kvadratmetr ərazini əhatə edir. Təsərrüfatın perspektiv inkişafı burada əlavə olaraq 8 min kvadratmetr ərazidə yeni hovuz və yardımçı binaların tikilməsini şərtləndirir. İnşallah Abbasov öz fəaliyyətində bütün bunları planlı şəkildə həyata keçirməyi qarşısına məqsəd qoymuşdur.
Sahibkar işçilərin məişət şəraitinin yaxşılaşdırılması qayğısına da qalmışdır. İstirahət otağında televizor, soyuducu qoyulmuş, kondisioner quraşdırılmışdır. Sahibkar Qarabağlar kəndindən 2 kilometr aralıda yerləşən balıqçılıq təsərrüfatına təbii qaz və elektrik xətti çəkdirmişdir.
Burada müasir tələblərə cavab verən laboratoriya da fəaliyyət göstərir. Hər cür texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyada balıq kürüləri üzərində süni mayalanma prosesi aparılır. Süni mayalanmadan 21 gün sonra nəticə bəlli olur. Laboratoriya şəraitində kiçik balıqlar 15 gün bəslənilir. Daha sonra onlar müvafiq hovuzlara buraxılır. Belə ki, həmin balıqlara 4 ay müddətində hər gün 8 dəfə yem verilir. Daha sonra yemləmə hər gün 3 dəfəyə keçirilir. Balıqlar qarğıdalı, buğda, arpa kəpəyi, balıq unu, sümük tozu və balıq yağı qarışığı ilə qidalanırlar. Yemlər qonşu İran İslam Respublikasından və Türkiyədən alınır. Balıqlar üçün lazım olan yemin yaxın gələcəkdə təsərrüfatın özündə istehsal olunması nəzərdə tutulmuşdur.
Təsərrüfatın balıq kürüsünə olan tələbatının artıq daxili imkanlar hesabına ödənilməsinə başlanmışdır. Bu il ən azı yarım milyon kürü istehsal olunması, 250 min kürünün isə Türkiyə Respublikasından satın alınması planlaşdırılmışdır. Bu isə təsərrüfatı əlavə xərclərdən qurtarmaqla yanaşı, yeni perspektivlər də açır. Təsərrüfatın nəzdində balıq konservi istehsal edən müəssisənin yaradılması da bunun nəticəsidir. Müəssisə 2010-cu ilin aprel ayından məhsul istehsalına başlamışdır. Burada müşahidə etdiyimiz təmizlik, səliqə-sahman ilk baxışdan diqqətimizi çəkdi. Gördüyümüz mənzərə müəssisədə sanitar-gigiyenik normalara tamamilə əməl olunmasından xəbər verirdi. Burada Rusiya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Müəssisə ilə tanış olarkən istehsal prosesini də izlədik. Qeyd edək ki, əvvəlcə təsərrüfatdakı hovuzlardan istehsala yararlı balıqlar tutularaq müvafiq qaydada təmizlənib yuyulur. Sonra həmin balıqlar standart ölçüdə doğranaraq dezinfeksiya edilmiş boş konserv qutularına yerləşdirilir. Bu zaman balıq konservi üçün müəyyənləşdirilmiş tərkib də qutulara əlavə olunur. Konserv məhsulunun dadlı-tamlı və eyni zamanda keyfiyyətli olmasında bu tərkib xüsusi əhəmiyyət daşıyır. Odur ki, konserv qutularına əlavə olunan tərkibin normaya uyğun olmasına ciddi fikir verilir. Bu proseslər başa çatdıqdan sonra konserv qutuları avtomatik avadanlıq vasitəsilə bir-bir nömrələnir və onların ağızları bağlanır. Daha sonra isə konserv qutuları bişirmə qazanına yerləşdirilir. Bişirmə qazanının işə düşməsi nəticəsində lazım olan istilik dərəcəsi alınır və buxar konservləri bişirir. Bişirmə başa çatdıqda burada quraşdırılmış cihazlar avtomatik olaraq siqnal verir. Bişirmə qazanından çıxarılan konservlər bir müddət adi temperaturda saxlandıqdan sonra etiketlənərək müəssisədəki soyuducuya yerləşdirilir.

Məlumat üçün bildirək ki, müəssisə iki növdə – zeytun yağı və tomat məhlulunda bişirilmiş konserv istehsal edir. Konservlərin hər birinin çəkisi 200 qramdır. Müəssisədə, hələlik, ayda on min ədəd konserv istehsal olunur. Lakin bu, son hədd deyil. Yaxın gələcəkdə alıcıların tələbatı nəzərə alınaraq müəssisənin aylıq gücü daha da artırılacaqdır: sözsüz ki, istehlakçıların marağını cəlb etməklə... Bunun üçün müəssisədə istehsal edilən məhsulun keyfiyyətinə ciddi diqqət yetirilir. Təbii ki, belə olduqda məhsulun alıcıları da çoxalacaqdır. Nəticədə, müəssisənin qazancı artacaq ki, bu da onun inkişafına yeni stimul verəcəkdir. Əvvəllər “Asnı” qızıl xallı ala balıq yetişdirən təsərrüfatda 4 nəfər çalışırdısa, indi onların sayı  8-ə çatmışdır. Kollektiv keyfiyyətli məhsul istehsal etmək üçün səy və bacarığını əsirgəmir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR