23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada müasir tələblərə uyğun çevik idarəetmə nəticəsində yerlərdə vətəndaşlara göstərilən hüquqi xidmətlərin sayı artırılıb, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilib, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına nail olunub.
Ötən il 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən aidiyyəti qurumlara müvafiq xidmətlərin səyyari qaydada göstərilməsinin təmin edilməsi ilə bağlı verilən tapşırıqlar vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib, maddi-texniki baza yaradılıb. Səyyari xidmətin göstərilməsi üçün komitənin mərkəzi aparatından və rayon idarələrindən mütəxəssislər cəlb edilib.
Səyyari xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçü­sünün hazırlanması üçün sənədlərin qəbulu aparılır.

Yaşadıqları ərazidə vətəndaşların ərizələri qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilir. Qəbul edilmiş sənədlər komitənin rayon idarələri tərəfindən elektron sistemə daxil edilir, texniki sənədlər hazırlanır. Mülkiyyət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır, çıxarışlar hazırlanır və qısa müddət ərzində yerlərdə vətəndaşlara çatdırılır.
Fəaliyyət göstərdiyi dövr ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyari xidmət qrupu muxtar respublikanın ucqar kənd yaşayış məntəqələrində əhaliyə səyyari xidmət göstərilməsini təmin edib. Ümumilikdə, 2015-ci ildə səyyari xidmət vasitəsilə muxtar respublikanın 85 yaşayış məntəqəsindən 1502 müraciət qəbul edilib. 2016-cı ilin ötən dövrü ərzində isə muxtar respublikanın 37 yaşayış məntəqəsində vətəndaşlara səyyari xidmət göstərilib, xidmət zamanı 443 müraciət qəbul edilərək müvafiq qaydada baxılıb.
Səyyari xidmət zamanı işlərin planauyğun və operativ təşkili məqsədilə hər ay üçün iş qrafiki tərtib edilir, rayon icra hakimiyyətlərinə göndərilir, xidmət göstəriləcək ünvanlarda 5 gün əvvəl elanlar vurulması təmin edilir və sakinlər arasında maarifləndirmə işləri aparılır.
Səyyari xidmət zamanı ahıl, sağlamlıq imkanları məhdud insanlara onların yaşadıqları ünvanlarda xidmət göstərilir. Qeyd etmək lazımdır ki, əhaliyə səyyari xidmətlərin göstərilməsi muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir. Bundan başqa, səyyari xidmətin təşkili yerlərdə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, vaxta qənaət etməyə, vətəndaşların şəhər və ya rayon mərkəzlərinə getmədən müraciətlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradıb. 

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR